İdarəetmə sistemi və inzibati quruluş. Xanlıqlar qeyri-məhdud hakimiyyətə malik xanlar tərəfindən idarə edilirdi. Şəki, Quba, Şirvan xamlıqlarında xanın yanında məşvərətçi hüquqa malik Divan və ya Xan Şurası var idi. Xanlığın idarəetmə aparatında vəzir mühüm rol oynayırdı. Maliyyə işlərinə sərkərəli, xanın şəxsi təsərrüfatına eşikağası, xəzinəyə sandıxdar ağası baxırdı. İdarəetmə sistemində naib, yasavul, kəndxuda, maaflar mühüm yer tuturdu. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onlar mahalbəyi və ya naiblər tərəfindən idarə edilirdi. Məhkəmələrə qazılar başçılıq edirdilər.
13.4. Azərbaycan xanlıqlarının xarici siyasəti.Rusiya və İran Qacarlar dövlətinin Azərbaycanı ələ keçirmək cəhdləri. XVIII əsrin ikinci yarısında natural təsarrüfatın hökmranlığı, daxili çəkismələr, beynəlxalq sərait Azərbaycanda vahid dövlətin yaranmasına imkan vermədi. Kərim xan Zəndin ölümündən (1779) sonra İranda hakimiyyət uğrunda başlanan mübarizədə Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar (1742-1797) qalib gəldi. O, 1781- ci ildə Tehranı, Şirazı, İsfahanı, Mazandaranı, Gilanı tutdu və bütün İran torpaqlarını birləşdirdi. İranda mərkəzi hakimiyyəti ələ aldı və 1785-ci ildə Tehranı paytaxt seçdi.1790-cı illərinin əvvəllərindən Ağa Məhəmməd xan Qacar Azəbaycanın cənub torpaqlarını tutmağa başladı. Bütün Cənubi Azərbaycan xanlıqları onun hakimiyyətini qəbul etdilər. Beləliklə, bütün Cənubi Azərbaycan torpaqları İran Qacarlar dövlətinə qatıldı və bu dövləti əslən Qaradağdan olan türk mənşəli Qacarlar idarə etməyə başladılar.Ağa Məhəmməd xan Qacarın xarici siyasətində ən ümdə vəzifəsi Şimali Azərbaycanı İran Qacarlar dövlətinə birləşdirmək idi.