22.4.Müstəqil Azərbaycanda bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial tərəqqi. Bazar iqtisadiyyatı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası o vaxtdan etibarən bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müstəqil siyasət həyata keçirir. Bazar iqtisadiyyatına əsaslanan və dünya iqtisadi sisteminə inteqrasiya oluna bilən iqtisadiyyat yaratmaq üçün səhmləşdirmə və özəlləşdirmə ilə kifayətlənməyən Respublika rəhbərliyi həm də regional dövlət siyasəti həyata keçirməklə ölkədə çoxşaxəli islahatlara başlamışdır. Yenicə müstəqillik qazanmış dövlətə digər dövlətlərin təzyiqi, Ermənistan tərəfindən ərazilərimizin işğalı, bununla regionlara vurulan zərər, ölkədə hökm sürən qeyri-siyasi sabitlik, eləcə də hakimiyyət uğrunda baş verən vətəndaş müharibəsi nəticəsində yaranmış xaos təbii olaraq iqtisadiyyatın tənəzzülünə və ölkədə iqtisadi böhrana gətirib çıxardı.