Car - Balakən camaatlığı. Ərazisi Azərbaycanın şimal-qərbindəki Balakən, Zaqatala bölgələrini əhatə edirdi. Yaranma prinsipi – qan qohumluğu prinsipi əsasında formalaşmışdı. Əhalisi əsasən muğallardan (türklərdən) və avarlardan ibarət idi. Burada, həmçinin ləzgilər və ingiloylar da yaşayırdılar. Əhalinin əsas məşğuliyyəti - əkinçilik, maldarlıq və sənətkarlıq idi. İdarəetmə sistemi belə idi ki, hər kənd icması Ağsaqqallar tərəfindən şəriət qanunları əsasında idarə olunurdu. Car - Balakən camaatlıqlarının Ali orqanı – Xalq yığıncağı idi. Bu yığıncaqda camaatlıqlara aid olan bütün müharibə və sülh məsələləri müzakirə olunur, qəbul edilən qərarlar qanuni qüvvəsini alırdı. Xalq yığıncağında yetkinlik yaşına çatmış bütün kişilər iştirak edə bilərdi. Car - Balakən camaatlıqları 1750-ci illərdən 1803-cü ilə qədər Şəki xanlığından asılı olmuşdur.
Azərbaycan torpaqlarında, həmçinin Qazax, Şəmşəddil, Qəbələ,Ərəş,İlisu, Borçalı sultanlıqları yaranmışdı.Qazax sultanlığı XVII əsrin sonlarında, Səfəvilər dövrü yaranıb, Qarabağ bəylərbəyliyinə daxil idi. Əhalisi – qazax tayfalarından ibarət olmuşdur.Sultanlıq hakim tərəfindən idarə olunurdu. Hakimlərin hakimiyyəti irsən ötürülürdü və hakimlər sultan titulu daşıyırdılar. Qazax sultanlığı 1743-cü ildən Nadir şahın əmri ilə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi və 1752-ci ildə Şəki xanlığına birləşdirildi. 1755-ci ildə Çələbi xanın ölümündən sonra Qazax sultanlığı gürcü çarı II İraklinin hakimiyyətinə keçdi. 1801-ci ildə Gürcüstanla birlikdə Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
Dostları ilə paylaş: |