Ərəb mənbələrində Azərbaycan haqqında verilən məlumatlar xronoloji baxımdan VII əsrdən başlayır. Ərəb müəlliflərinin əsərlərini (Bəlazuri, İbn Xordadbeh, İbn Havgəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) fərqləndirən başlıca cəhət onlarda Azərbaycan haqqında daha müfəssəl məlumatların əks olunmasıdır. Bu mənbələrdə Azərbaycanın şəhərləri, əhalisi, əhalinin dili, dini, etnik mənsubiyyəti, siyasi hadisələr və sairə haqqında çox geniş bilgilər verilir. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud mülahizələr əks olunmuş, Azərbaycanın tarixən qədim zamanlardan türklər ölkəsi olduğu göstərilmişdir.