Orta əsr yazılı mənbələri (IV-XVIII əsrlər). Erkən orta əsrlərdə (IV-X əsrlər) Azərbaycan tarixinin yazılı mənbələri daha da genişlənmişdir. Bu dövrdə Azərbaycan tarixinə aid müfəssəl məlumatlar Bizans, qədim Alban, erməni və ərəb mənbələrində verilir.
Bizanslı müəlliflərin əsərlərində (Menandr, Prokopiy, Aqafi, Simokatta, İordan və başqaları) erkən orta əsrlərdə baş verən ictimai-siyasi hadisələr haqqında məlumatlar verilir. Xüsusən, hunların və sair türk mənşəli tayfaların Cənubi Qafqazda məskunlaşması, onların məşğuliyyəti, dini, inancları, dili və etnik adları haqqında məlumatlar bu mənbələrdə geniş yer almışdır.