Orta əsr yazılı mənbələri (XI-XVIII əsrlər). Bu dövrün ərəb, fars və türkdilli qaynaqlarında Azərbaycan tarixinə aid qiymətli məlumatlar əks olunmuşdur. Ərəb müəlliflərindən İbn Əl-Əsir Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatlar qeydə almışdır. Həmdullah Qəzvini orta əsr Azərbaycan şəhərləri, dağları, çayları və təbii sərvətləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti barədə məlumat verir. Fəzlullah Rəşidəddin də əsərlərində, Hülakilər dövləti dövründə Azərbaycanın iqtisadi, siyasi, demoqrafik məsələlərini işıqlandırmışdır. Sədrəddin Hüseyninin əsəri isə Səlcuq sülaləsinə, Səlcuqların Azərbaycana yürüşləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. Əslən Bakıdan olan Rəşid Əl-Bakuvinin əsərlərində Azərbaycanın coğrafi şəraiti və əhalisi haqqında qiymətli məlumatlar verilir.
Orta əsrlərdə yazıb yaratmış Cuveyni,Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Ən-Nəsəvi, Xondəmir (Qiyasəddin Hüseynli), Mir Yəhya Qəzvini, Şərəfxan Bitlisi, İsgəndər Münşi, Hüseyn Bürhan, Mirzəbəy Həsən Hüseynli, Məhəmməd Tahir, Əylisli Zəkəriyyə, Mustafa Əfəndi, Övliya Çələbi və sair müəlliflərin yazdığı əsərlərdə də Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair fraqmentar məlumatlar verilmişdir.
Orta əsr yazılı mənbələrinin bir qismini avropalı müəlliflərin əsərləri təşkil edir. Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Yan Şardın, Kempfer, J.Lerx, Tomas Herbert, Jan Batist Tavernye, Rafael dü Man və başqalarının əsərlərində Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatına dair müxtəlif məlumatlar yer almışdır.
Dostları ilə paylaş: |