Üst Paleolit təqribən 40 min il bundan əvvəl başlayaraq, e.ə. 12-ci minillikdə başa çatmışdır. Azərbaycan ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniyyət nümunələri Qarabağ (Yataq yeri və Zar açıq yaşayış yerində) və Qazax bölgəsində (Damcılı mağarasında), aşkar olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmış qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli, gəzlidişli, üçbucaq formalı əmək alətləri qeydə alınmışdır.
Üst Paleolit dövründə nəhəng heyvanların və mağara ayılarının kökü kəsilmiş, insanlar, əsasən, Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi və s. ovlamışlar. Ağıllı insan (Homo Sapiens) tipi Azərbaycanda 40 min il bundan əvvəl formalaşmışdır. İbtidai insan sürüsü 30 min il bundan əvvəl qəbilə icması ilə əvəzlənmişdir. Nəsli qəbilə quruluşunda qadınların əsas işi uşaqlara baxmaq, yemək hazırlamaq, giləmeyvə, bitki toxumu toplamaq, odu qoruyub saxlamaq idi. Qəbilə icmasında insanlar biri-birilə qan qohumluğuna görə bağlı idilər və bu birlik nəsli qəbilə quruluşu adlanır. Anaxaqanlığında (ana nəsli) qohumluq ana xətti ilə müəyyən edilirdi.
Mezolit dövrü. Mezolit (Orta daş dövrü) e.ə. XII-VIII minillikləri əhatə edir və Mezolit mərhələlərə bölünmür. Azərbaycanda mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur.
Bu dövrdə iqlim istiləşmiş, buzlaşma qurtarmış, təbii şərait yaşayış üçün daha əlverişli olmuşdur. Ox və kaman ixtira edilmiş, ovçuluq əsas peşəyə çevrilmiş, heyvanların əhililəşdirilməsi, nəticədə ibtidai maldarlığın əsası qoyulmuş, yabanı dənli bitkilərin mədəni şəkildə becərilməsinə başlanmış, ibtidai əkinçilik vərdişləri yaranmışdı. Mənimsəmədən ibtidai istehsal təsərrüfatına keçidin əsası Mezolit dövründə qoyulmuşdur.
Azərbaycanda Mezolit dövründə yaşamış insanların yaşayış və məşğuliyyəti Bakı yaxınlığındakı Qobustan abidələri əsasında öyrənilmişdir. Ehtimal olunur ki, Qobustan düşərgələrində yaşayan sakinlər vahid (nəsli) icmalardan ibarət idi. Arazın o tayındakı ayrı-ayrı yaşayış yerlərinin sakinləri haqqında da eyni sözü demək olar. O dövrdə cəmiyyətin əsas özəyini kollektiv təsərrüfat aparan nəsli icmalar təşkil edirdi. Burada yaşamış insanların məşğuliyyəti ovçuluq, balıqçılıq və yığıcılıq olmuşdur. Öküzlər, Ana zağa, Firuzə kimi qədim insan düşərgələrində çaxmaqdaşı və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri tapılmışdır. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli daş alətləri, cilalanmış dişli lövhələr aşkar edilmişdir. Bu dövrdə daş nüvələrindən qoparılmış qəlpələrdən müxtəlif əmək alətləri hazırlanırdı. Mezolit dövründə oturaq həyata keçid başlamışdır.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdi. Qobustan qaya rəsmlərində qədim insanların ovsun-totem inamları, dini ayinlər, axirət dünyasına inam, ov səhnələri təsvir olunmuşdur. Axirət dünyasına inamla əlaqədar dəfn zamanı ölulərin yanına məişət əşyaları qoyulurdu. Ölülərin dolixokran və braxikran antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir.
Dostları ilə paylaş: |