1.2.Azərbaycanda mis-daş (eneolit), erkən və orta tunc dövrləri.
Daş dövründən sonra Mis – Tunc dövrü gəlir və bu dövr özü iki mərhələyə bölünür: 1) Eneolit və yaxud Mis – daş dövrü (e.ə. VI – IV minilliklərlər); 2) Tunc dövrü (e.ə. IV – II minilliklər).
Eneolit (Mis - daş) dövrü e.ə VI - IV minillikləri əhatə edir. Bu dövrdə ilk dəfə metalla tanış olan insanlar misdən müxtəlif alətlər və bəzək əşyaları düzəldir, istehsal təsərrüfatını daha da inkişaf etdirirdilər. Mis yumşaq olduğu üçün ondan hazırlanan əmək aləti tez xarab olur, sıradan çıxırdı. Buna görə də təsərrüfatda və məişətdə mis alətlərdən istifadə başlansa da, hələ də daş alətlər üstünlük təşkil edirdi. Eneolit dövrünə aid abidələr Qazax (Şomutəpə, Babadərviş, I Böyük Kəsik və s.), Mil-Qarabağ (Leylatəpə,Xantəpə, Meynətəpə, Çalağantəpə), Muğan (Əliköməktəpə), Naxçıvan (I Kültəpə), Cənubi Azərbaycan (Yanıqtəpə, Göytəpə) və s. yerlərdə aşkar edilmişdir. Bu dövrdə insanlar kiçik yaşayış məskənlərində qəbilə icması halında yaşayırdılar. Yaşayış evləri dairəvi planda, çaydaşı, çiy kərpic və möhrədən tikilir, kiçik otaqdan ibarət olurdu. Ocaq evin ortasında qurulurdu. Torpaq toxa ilə şumlanır, toxa əkinçiliyi inkişaf edirdi. Taxıl dişli oraq ilə biçilir, məhsul iri küplərdə və quyularda saxlanılırdı. Bu dövrdə atın əhilləşdirilməsi ilə ev heyvanlarının əhilləşdirilməsi prosesi başa çatdı. Cəlilabad rayonunun Əliköməktəpə arxeoloji abidəsindən e.ə.V minilliyin sonuna aid əhilləşdirilmiş at sümüyü tapılmışdır.
Əkinçi və maldar tayfaları qəbilə halında kiçik kəndlərdə yaşayır, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. “Toxa əkinçiliy”ndən istifadə olunurdu. Taxıl ehtiyatı iri saxsı küplərdə və quyu anbarlarda saxlanılırdı.
Dostları ilə paylaş: |