Azərbaycan Massaget şahlığı. Tarixi mənbələrdən məlumdur ki, e.ə. VII əsrin birinci rübündə Azərbaycan ərazisində iskit və sak tayfaları məskunlaşmışdılar. Araz çayından şimalda məskunlaşan massagetlər iskit və sak tayfa birliyinə daxil idi. İndiki Cənubi Azərbaycanın şimal - qərb ərazilərində mövcud olmuş İskit padşahlığı e.ə. 593-cü ildə Midiya tərəfindən ləğv edilsə də, Arazdan şimalda möhtəşəm Massaget padşahlığı öz fəaliyyətini davam etdirirdi. Qədim Yunan və Roma mənbələrində massagetlər müxtəlif adlarla qeyd olunmuşlar. E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodotun (b.e.ə. 484-425) doqquz hissədən ibarət "Tarix" (yun. Ἱστορίαι) əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırmışdır.Onun yazdığına görə, massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq,onlarda sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massagetlər ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxslərin qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar - qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu. Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu. Həmçinin, qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi
Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget adlandırmışdı. Starabonun da əsərlərində qeyd olunur ki, iskitlərin bir qismi massaget və sak adını daşıyırdılar. Hətta, erkən orta əsr mənbələrində Şimali Azərbaycan əhalisinin bir hissəsi, xüsusən, Dərbənd – Beşbarmaq aralığında yaşayan əhali, massaget (maskut) kimi göstərilmişdir. E.ə. VI əsrdə massagetlər yaylaq kimi köç etdikləri şimal torpaqlarında, Xəzər dənizi sahilində yaşayış məntəqəsinin əsasını qoymuşlar ki, burada da sonralar Dərbənd şəhəri salındı.
Bəzi əcnəbi ölkələrin tarixşünaslığında massagetlərin vətəni kimi Mərkəzi Asiya göstərilir. Lakin ən qədim yazılı mənbələrə görə massagetlərin yaşadığı məkanı ayırd etmək o qədər də çətin deyil. Məsələn, tarixin atası Herodot massagetlər haqqında yazırdı ki, “ bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issedonlar ilə üzbəüz yaşayır. Bəzilərinin fikrincə bu “skit xalqıdır”. Əhəməni çarı II Kirin massagetlərə qarşı yürüşü zamanı onun Araz çayını keçdiyini söyləyən Herodot daha sonra yazır ki, “Araz çayı matiyenlərin ölkəsindən axır”. Antik mənbələrdən isə məlumdur ki, matiyenlər Urmiya gölündən qərbdəki torpaqlarda yaşayırdılar.
E.ə. 547-ci ildə qərbdə Lidiya dövlətini və e.ə. 538-ci ildə Babilistanı işğal etdikdən sonra II Kir şimali – şərq istiqamətində - Arazdan şimalda mövcud olan Massaget padşahlığına qarşı hərbi yürüşə başlayır. E.ə. 530-cu ildə baş tutan bu yürüş zamanı massaget padşahlığına Tomiris adında hökmdar-qadın rəhbərlik edirdi.
E.ə 530-cu ildə II Kir Massaget padşahlığına hücum etdi. Massagetlər II Kiri məğlub edib öldürdülər. Onun başını kəsib qanla dolu tuluğa atıb dedilər: “Sən qan istəyirdin doyunca iç”. Beləliklə, Əhəmənilərin Arazdan şimaldakı əraziləri işğal etmək cəhdi boşa çıxdı.
II Kirin oğlu II Kambiz (e.ə. 530 - e.ə. 522-ci illər) e.ə. 525-ci ildə Misiri işğal etdi. II Kambiz Misirdə olarkən özünü II Kirin oğlu Bardi kimi qələmə verən maq Qaumatın başçılığı altında dövlət çevrilişi baş verdi.Mənbələrdə onun əslən midiyalı olması və əsas məqsədinin Midiya dövlətini yenidən bərpa etmək olduğu haqqında məlumatlar vardır. 7 ay hakimiyyəti dövründə Qaumatın Midiyanın bərpası üçün heç bir tədbir görməməsi onun midiyalı olması haqqında məlumatlara şübhə etməyə əsas verir. Qaumatın qiyamı xəbərini alan II Kambiz təcili Misir yürüşündən geri qayıdan zaman yolda müəmmalı şəkildə öldürülmüşdür. Qaumat isə II Kambizin oğlu I Daranın qurduğu sui-qəsd nəticəsində öldürüldü. Əhəmənilərin hakimiyyəti bərpa olundu və I Daranın hakimiyyəti dövrü (e.ə.522-486-cı illər). başladı. I Dara ölkəni satraplığa (canişinliklərə) böldü. I Daranın dövründə Şimali Azərbaycan torpaqları Əhəmənilər dövlətinə qatılmasa da, ondan asılı olmuşdur. Bu səbəbdəndir ki, İran-Yunan müharibələrində Azərbaycanda yaşayan tayfalar Əhəmənilərin tərəfində iştirak etmişlər.
Dostları ilə paylaş: |