Tam qanyaratmanın bərpası
Anatomo-fizioloji xüsusiyyətləri Embrion dövründə qanyaradan orqanlar qaraciyər, dalaq, sümük beyni və limfoid toxumalardır. Doğumdan sonra uşaqda qan yaranma əsasən bütün sümüklərdə, sümük beynində baş verir. Birinci ildən başlayaraq, qırmızı sümük beyninin sarı (yağ) sümük beyninə çevrilməsi başlayır. Cinsi yetişmə dövründə qan yaranma döş qəfəsində, qabırğalarda, onurğalarda, borulu sümüyün epifizində, habelə limfatik düyünlərdə və dalaqda baş verir. Periferik qan uşağın böyümə və inkişaf prosesində böyük dəyişikliklərə məruz qalır.
Limfatik düyünlərin yetişməməsi onların sədd yaratmaq funksiyasının çatışmamasına gətirir. 7-8 yaşlarından sonra limfatik düyünlərin inkişafı başa çatır və infeksiya törədicilərindən müdafiə olunmaq imkanı yaranır. İnfeksiyaya qarşı cavab reaksiyası limfatik düyünlərin böyüməsi, onları əlləşdirən zamanı ağrımasıdır. Sağlam uşaqlarda çənə və qoltuq altı, qasıqda limfatik düyünləri əllə hiss etmək olur. 1 yaşına qədər uşaqlarda limfoid toxumalar yetişmədiyindən onlar angina ilə çox nadir hallarda xəstələnirlər. 5-10 yaşında damaq badamcıqlarının böyüməsi müşahidə olunur. Cinsi yetişmə dövründə isə onların əks inkişafı baş verir.
Dalaq immunitet periferik orqanlarından biri sayılır. Onda limfositlərin əmələ gəlməsi baş verir, eritrositlərin və trombositlərin dağılması, dəmirin cəmlənməsi, immunoqlobulinin sintezi baş verir. O, qanın deposu sayılır.
Anemiya
Qan həcmi vahidində eritrositlərin sayının azalması nəticəsində orqanizmin patoloji vəziyyətidir. Qanın xəstəliyi olan anemiya uşaqlarda, xüsusən ilkin yaşlarda daha çox müşahidə olunur. Qırmızı qanın göstəricilərinin aşağı olması normal doğulmuş uşaqların 2,5 aylığında, yarımçıq doğulmuş uşaqların isə 1,5-2 aylığında müşahidə edilir. Bu, “ilkin” və ya “fizioloji” anemiya adlanır. Bu dövrdə uşaq orqanizmi xarici mühitə uyğunlaşır və anemiya yaransa da, müalicə tələb olunmur.
“Gec” anemiya normal doğulmuş uşaqlarda 6 aydan sonra, yarımçıq doğulmuş uşaqlarda isə 3-4 aydan sonra yaranır. Bu anemiyanın 90%-i infeksiya alimentar təbiətli çatışmamazlıqdır və müalicə edilməlidir.
Anemiyaya şərait yaradan amillərə aşağıdakılar aiddir: ilkin, süni qidalanma, əlavə yeməklərin gec verilməsi, uzunmüddətli bir tərəfli qidalanma, uşağın tez-tez xəstələnməsi, raxit, hipotrofiya, yarımçıqlıq. Xəstəlik müxtəlif mübadilələrin pozulması, xüsusi ilə də dəmirin pis mənimsəməsi ilə müşayət olunur.
Belə uşaqlarda əzginlik, adinamiya, ağlamaqlıq, iştahanın kəskin aşağı düşməsi halları olur. Epitel toxumalarının zədələnməsi əlamətləri: quruluq, dərinin cadar-cadar olması, dırnaqların kövrəkliyi, nazik və qırılan tüklər, ağız küncündə çatlamalar yaranır.
Uşağa qulluq zamanı onun faydalı yeməyinə xüsusi fikir verilməlidir. Belə ki, uşağa dəmirlə, mislə, manqanla, nikellə və vitaminlərlə zəngin ərzaqlar: yulaf unu, qarabaşaq yarması, yaşıl noxud, kartof, çuğundur, kələm, qarağat, alma, şor; yumurta, ciyər, ət və s. vermək lazımdır. Qidada süd məhsullarını ixtisar etmək lazımdır. Çünki onların tərkibində kalsium və fosfor vardır ki, bunlar da dəmirlə birlikdə çöküntü verən birləşmələr yaradır. Bundan başqa qidadan un məhsullarını da ixtisar etmək lazımdır. Onların tərkibində olan fitin dəmirin sorulmasını çətinləşdirir.
Dostları ilə paylaş: |