İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix03.02.2017
ölçüsü1,31 Mb.
#7509
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Kərəm 
 
 
 
Sıldırım qayalarda, dərin vadilərdə çağlaya-çağlaya  yorulan çay Arpaçayı həsrətlə qucaq-
layanda sevdiyinə qovuşan bir igid kimi ram olur, kəndin önündəki geniş düzənlikdə qıvrılaraq 
sakit-sakit axardı. Yay gecələrində Araz kərpic evləri işıqlandıran qaz lampalarının közərən işıq-
larıyla, o biri sahildə tikilmiş dəbdəbəli daş binalardan süzülən pırıl-pırıl elektrik işıqlarıyla ikiyə 
bölünər, işıqlanan səsini götürüb gedərdi. 
Arazın  kənarındakı  düzənliyin  söykəndiyi  çılpaq  təpənin  yamaclarında  yerləşirdi  kənd. 
Araz baharın əvvəllərində coşub sahillərini selə qərq eləsə də, hər yay bərəkət gətirər, nazlı-nazlı 
axardı kəndin kənarından. 
Uşaqlığı bu kənddə keçdi Kərəmin, cavanlığı bu kənddə. Quru qamışları bir-birinə bağla-
yıb  gəmilər,  ərzaq  torbalarının  kənarını  cıraraq  o  gəmilərə  bayraqlar  düzəltdi.  Gəmilərin  içinə 
ümidlə salamlar doldurub Xəzərə göndərdi illərcə. 
- Buuuu, su! Xəzərə qucaq dolusu salam apar. 
Araz  başını  qayalara  vura-vura  həsrətində  olduğu  bir  diyara  axıb  getdi  illərcə.  Hər  bahar 
yenə də sahillərində qamışlar  qalxdı. Neçə bahar durnalar gəldi, neçə payız durnalar getdi. Əkin-
lər sahillərində boy atdı, Kərəmlə bərabər. Göybaşlar, gəlinciklər, sümbüllər yenidən bitdi. Əkin-
lərə, çiçəklərə qarışdı, boy atdı, böyüdü Kərəm. 
*** 
Kəndə iki jandarma gəldi, əllərində bir dəstə kağız var idi. Muxtarı çağırıb bir-bir oxudular 
zərflərin üstünü. Jandarmalar adları oxuyur, Muxtar cavab verirdi: 
- Kənddə yoxdu, komandanım. 
- O da yox, Istanbuldadır. 
- Kərəm Dəmir, - dedi jandarma. 
- Burdadır, bax, ordakı cavandır, - muxtar Kərəmi göstərərək dedi. 
Əskərlərin ətrafındakı kiçik qələbəliyə doğru gəldi Kərəm: 
- Ay Hüseyin əmi, məni niyə axtarırlar? – dedi. 
- Ay Kərəm, sən hələ böyümədin? Yaşın iyirmi olub. Sənin tayların evlənib arvad-uşaq sa-
hibi oldu. Sən hələ də Arazın qırağında quzu otarırsan. Komandan deyir, əskərilik yaşın çatıbdı. 
Muxtarın  söylədkilrini  eşidincə  Kərəmin  gözləri  işıldadı.  Qürurlandlı,  əliylə  kəkilini  dü-
zəltdi,  pencəyinin  içində  çiyinləri  genişləndi.  Pencəyi  indi  ona  dar  gəlirdi.    Çiyinlərini  yuxarı 
qaldırıb bir neçə dəfə endirdi. Cəld irəliyə doğru qaçdı, adamları araladı: 
- Ver görüm, Hüseyin əmi, əskəriliyim hara çıxıb? 
Muxtarın əlindəki zərfi aldı, səbirsizliklə açdı. Yazılanların hamısını oxumadı. Böyük hərf-
lərlə yazılan «Istanbul»u görüncə sevindi. 
- Istanbul! Istanbul! Təvəkkül əmimin yanına gedirəm! - gülərək dedi. 
Əmi, dayı, bibi, xala, qohum-əqrəba  bir-bir dəvət etdilər Kərəmi. Yemədiklərini Kərəmə 
yedizdirdilər, geymədiklərini geydirdilər, imkanlarının məhdudluğuna baxmayaraq cibinə xərclik 
qoydular. 
Bir sabah anası ağlayaraq arxasınca bir qab su atdı: 
- Araz kimi çağla, get, Araz kimi çağla, gəl! – dedi. 
Bir zamanlar önündə insanlar qaynaşan uçuq su dəyirmanının qabağından yola düşdü ma-
şın.  Geridə  ayrılığın  acısıyla  yellənən  əllər,  bir  də  Kərəmin  daha  kimsələrə  söyləmədiyi  könül 
ağrısı qaldı. 
Maşın  dönə-dönə  kəndin  arxasındakı  təpənin  üzərinə  çıxanda  aşağıda  qalan  kəndə  uzun-
uzadı  baxdı  Kərəm.  Qovaqlar  yamyaşıl  zoğlar  bağlamış,  alçalar  ağappaq  çiçəyə  bürünmüşdü. 
Xəfifcə əsən külək əkinləri, otları bir yatırıb, bir qaldırır, toxunduğu çobanyastıqlarından, gəlin-
ciklərdən aldığı qoxunu dörd bir yana yayırdı. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Qışda  kənd  kiçilirdi.  Evlər  üstünə-üstünə  gəlirdi.  Getmək,  uzaq  yerlərə  getmək  istəyirdi 
Kərəm. Əskərilik hesabında yox idi. Baharda kənddən ayrılmaq fikri qoca bir dağ kimi siənəsinə 
çökdü birdən. Boz, bulanıq Araz bir yanardağ axıntısı, közdən bir çay olub axdı içinə. 
Az irəlidəki düzdə kiçik bir uşaq gördü. Əlində dəyənəyi, yanında iti, önündəki körpə qu-
zularını otarırdı.  Birdən  maşını dayandırıb enmək istədi.  «Ah, mən də bu düzənlikdə bir çoban 
olsaydım!»  deyə  ani  olaraq  düşündü.  Birdən  böyüdüyünə  min  peşiman  oldu.  Kənd  avtobusu 
onun bədənini sürətlə apararkən, sanki sinəsindən ruhunu çıxartdı və   kiçik bir çoban eləyib o 
uşağın yanına buraxdı Kərəmi. 
Araz hər bahar olduğu kimi üsyankar idi, qəzəblə kükrəyib yatağından daşaraq axırdı. Ram 
olmayan bir  ayğır olurdu, bu mövsüm  qabağında durmaq olmazdı.  Torpaq  yol  bitdikdən sonra 
avtobus asfalt yolda sürətlə irəliləyərkən Arazdan dönə-dönə  havalanan bir durna qatarına sataş-
dı gözləri. Yoldaşından ayrılmış bir yaralı durnayı  Kərəm. Qanadlandırdı ürəyini, qatıldı durna-
lara və son dəfə süzdü göy üzündə. 
- Durnalar, durnalar gəlir, - zümzümə eləyərək dedi. 
Avtovağzalda avtobusun yanına gələrkən ətrafıdakı əskər yola salan qələbəliyə baxdı. Ara-
larında tanıdığı birini axtardı. «Istanbul!» deyəcəkdi qürurla. Tanıdığı birini görə bilmədi. Ürəyi 
sıxıldı və kəndinə doğru baxtı. Kırac təpə görünmürdü. Kənd uzaqda qalmışdı. Köydən tək gəl-
mişdi, burda ona əl eləyən də yoxdu. Bir qəriblik çökdü içinə. Qələbəlikdə yaşlı bir qadını tutdu 
gözü: «Hesab elə ki, mənim anamdı» - dedi. Əllərini şüşəyə söykəyib asta-asta yellədi. 
Avtobus Sıla torpaqlarını sürətlə keçdi. Kərəm çağlayıb Arazın tərsinə sürətlə qürbətə doğ-
ru axıb getdi. 
*** 
Soraqlaşa-soraqlaşa hərbi hissəni tapdı. Bu mövzuda haqlı olduğu anlaşırılırmış kimi növ-
bətçiyə uzatdı kağızını. 
- Burdan gedəcəksən, ikinci bölük yazılan yer, - hisssənin növbətçisi dedi. 
Üzü  yaya  gedirdi. Kərəmə  yüngül  əskər paltarları verdilər. Güzgülərdə uzun-uzadı  özünə 
tamaşa elədi. Güzgülərə salam verdi, güldü… 
Hazır  ol,  azad,  yat,  qalx,  sürün,  qaç,  dur,  hoppan...  Rahat  otur,  siqaret  çəkmək  sərbəstdi. 
Qısa vaxtda Kərəm əskəriliyə alışdı. 
Hissədə universitet məzunları, qısa müddətə əsəkərilik çəkən təhsilli gənclər də vardı. Kə-
rəm bu qısa müddətli əskərlər içində Sərvəti çox sevirdi. Yataqları da yan-yanaydı. Bütün sual-
ları Sərvətdən soruşardı. Sərvət bezib usanmadan başa salardı. 
Bir gecə Sərvət iki qat olub gəldi,  Kərəmi oyatdı. Ayaq üstə dura bilmirdi. Sifəti saralmış, 
ara-sıra titrəyirdi. Kərəmi səslədi: 
- Saat 3-lə 5 arası növbətçiyəm, xəstələndim, növbədə dayanacaq halım yoxdu, mənim ye-
rimə… 
Təlaşla,  həyəcanla  ayağa  qalxdı,  cəld  geyindi.  «Sən  get,  yat,  -  dedi,  -  mən  sənin  yerinə   
növbədə dayanaram». 
Səssiz, sakit gecəydi. Növbətçilər qarşılıqlı fit çalır, Kərəm  yoldaşının yerinə vaxtı keçir-
dirdi. Uzaqdan üç nəfər göründü. Yaxınlaşdılar. Gələn komandandı. Komandan əlindəki kağıza 
baxdı, Kərəmə baxdı, qaşlarını çatı: 
-    Sərvət,  bərk  xəstədyi,  komandanım,  -  deyə  bildi,  amma  komandan  söz  anlayacaq  kimi 
görünmürdü. 
- Eləmi? Mənim niyə xəbərim yoxdu? – dedi.- Növbə qurtaran kimi yoldaşını da götür, ya-
nıma gəlin. 
Qarşıdakı dağların zirvələri xəfifcə qızarırdı, növbəni  dəyişdirənlər gəldi, Kərəm növbəni 
təhvil verib kazarmaya gəldi. Sərvət hələ də oyanmamışdı, vəziyyəti başa saldı, geyinməsinə kö-
mək elədi. Sərvətin qoluna girdi və komandanın yanına getdilər. 
Komandan əsəbiydi. Sərvətin vəziyyətinin ağır olduğunu başa düşdü, ona bir söz demədi, 
amma Kərəmə üzünü tutub: 
- Niyə mənə xəbər vermədin? – deyə ona bir yumruq vurdu. – Indi bayıra çıxın! – dedi və 
əlavə elədi. -  Sən də dərhal tibb məntəqəsinə get. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Sərvət  daha  böyük  bir  acı  duydu.  Kərəm  tutmasa  yıxılacaqdı.  Ikisi  də  danışa  bilmədilər. 
Lal-kar gəldilər kazarmaya. 
Yıxıldı Kərəm, evnəyə qədər hey o anı yenidən yaşadı. Günortadan sonra Sərvətin də xəs-
təxanaya aparıldığını eşitdi. Sərvət o gün getdi və bir daha gəlmədi. Gecələr yanındakı boş ya-
tağa baxdıqca Kərəmin qəlbi göynəyirdi. 
Siqaret fasilələrində eyni yerdə otururdu onunla. Boğazın mavi sularına baxardılar. Kərəm 
boğazın sularında bir gəmi kimi üzüb kəndə gedərdi. Sərvət də ona Istanbulu tərifləyər, sarayları, 
köşkləri, sahildəki evləri, qala divarlarını, bulaqları göstərir, bir-bir tanıdardı. 
Sərvətin  yoxluğunda  isə  daha  da  dolaşıq,  daha  da  anlaşılmaz  oldu  Istanbul.  Istiqamətini 
təyin  eləyə  bilmədi  Kərəm.  Uzaqdakı  köşklər,  saraylar,  camilər,  bulaqlar  mənasını  itirdi.  Yad-
daşında bir-birinə qarışdılar. 
Günlər su kimi  axıb  getdi. Kərəm  əskəriliyini bitirdi.  Paltarlarını geydi  və elə hey dönüb 
arxada qalan kazarmalara baxır, gedirdi. Buraxılış məntəqəsinə gələndə arxada qalan əskərlərin 
«Hər şey vətən üçün!» deyə söylədikləri mətin sözlər səsləndi qulaqlarında. Sanki o da əskərlərin 
içindəydi. «Hər şey vətən üçün!» fərqində olmadan zümzümə eləyirdi. Buraxılış  məntəqəsindən 
çıxıb getdiyi anda arxadan çiyninə bir əl qoyuldu. 
Döndü, Sərvət idi! Gülürdü. Qucaqdaşdılar, ayrıldılar, bir də qucaqlaşdılar. 
- Gəl, - Sərvət dedi, - gəl. Qoy Istanbul bir igid görsün. 
Bir  az  qabaqda  qara  bir  maşın  dayanmışdı.  Maşına  doğru  getdilər,  sürücü  düşüb  qapıları 
açdı, mindilər. Maşın buraxılış məntəqəsindən sürətlə uzaqlaşırdı, yarım saat sonra bir fabrikin 
qabağında dayandılar. 
- Sən mənim qardaşımsan, Kərəm. Burda istədiyin işdə çalış, qalacaq yer də var, burda işlə, 
getmə, - dedi. 
Kərəm bir kəndi düşündü, bir burdakı imkanları. «Getsəm, kənddə neyləyəcəyəm ki?» deyə 
düşündü. 
- Tamam, - dedi,- işlərəm. 
Beş il sədaqətlə işlədi fabrikdə, hər şeyi qaydasıncaydı, amma məmləkət həsrəti keçmirdi. 
Bəzi gecələr Araz düz sinəsinin  ortasından çağlayıb axırdı. Hər bazar həmkəndlilərinin olduğu 
yerlərə  gedib  tanıdığı  adamları  görür,  bir  gün  də  olsa  öz  məmləkətinin  diliylə  danışır, 
rahatlanırdı. 
Bir gün Sərvət yanına gəldi: 
- Kərəm, - dedi, - bu fabriki satırıq. Mən də xaricə gedəcəyəm. 
Bura  alışmışdı  Kərəm.  Sanki  baharda  Araz  daşmış,  tarlaları  sel  basmışdı.  Hər  şeyi 
itirəcəyini düşündü, ağlamaq istəyirdi. 
Sərvət davam elədi: 
- Sənə bir iş tapaq. Bacardığın bir iş varsa de, sənə o işi təşkil eləyib gedəcəyəm. 
Kərəm fabrikdən yağları doldurub getdiyi günlərdə belə fürsət tapıb həmyerliləri olan yerə 
baş çəkərdi. Vurğundu o yerə. Oraya gedincə kəndə getmiş kimi olurdu. Orda tanıdığı çox həm-
kəndliləri vardı. Son dəfə gedəndə bir qaz balonu dükanının satıldığını görmüşdü. «Bu işi baca-
raram», - deyə düşündü, amma udqundu, deyə bilmədi. 
-  Bir  şeylər  düşündün.  Nə  isə  söylə,  yoxsa  kəndəmi  gedəcəksən?  Göndərmərəm  səni!  – 
Sərvət gülərək dedi. 
Qəlbindən keçənləri dedi Kərəm. 
- Qaz balonu dükanı görmüşdüm, satılırdı. 
-Gəl, - Sərvət dedi, - min maşina. 
Birlikdə taksiyə mindilər. Kərəmin tərif etdiyi qaz balonu dükanını tapdılar. Caminin tam 
qarşısında gediş-gəlişli küçədəydi dükan. Kərəm olanlara inana bilmirdi. Birdən xəyal kimi dü-
kandakı kresloda oturmuş halda gördü özünü. 
Bir neçə gündən sonra Sərvət gəldi, bir qədər də pul verdi Kərəmə: «Haqqını halal elə, dos-
tum!» dedi və dükandan çıxdı. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Ətrafı  yaxşıca tanıyan bir şagird  götürdü işə, bu  tərəflərdə bir ev də tutdu. Artıq öz işini 
qurmuşdu,  sinəsini  gərərək  kresloda  otururdu.  Üstəlik  tanıdığı  mühitdi  burası,  həmkəndliləri 
vardı. 
Ertəsi gün dükanı tezdən açdı, bir də kardon kağıza bir elan yazıb asdı qapıdan: «Sərvət qaz 
balonu ticarəti». 
Saatlar keçdikcə küçədən kəlib keçənlər də artırdı. Kərəm dükanın qabağını süpürür, şüşə-
ləri silir, bir içəri keçib kresloda oturur, bir çölə çıxıb ətrafı sey eləyirdi. 
Qarşıdakı səkidə uzun boylu, üst-başı dağınıq, saçı-saqqalı uzanmış bir adam gördü. Diq-
qətlə baxdı, birdən özünü itirdi. «Bu Təvəkkül əmi deyilmi?» özü-özünə dedi. Bu tərəflərə çox 
gəlib getmişdi, amma Təvəkkül əmi ilə heç qarşılaşmamışdı. Sadəcə bir neçə tanışla salam gön-
dərmişdi. Həyəcanla qışqırmağa başladı. 
- Təvəkkül əmiiiii! Təvəkkül əmiiii! 
Dəli-dolu bir gənclik yaşamışdı Təvəkkül əmi. Bir qızla sevişmiş, könlü Araz kimi çağla-
yıb axmışdı. Bir ramazan ayında kəndə gələn molla da o qızı istəmiş, Təvəkkülün qarşısına bir 
divar olub  dikilmişdi.   Molla o qızla evlənincə  də Təvəkkül  kəndi tərk  eləmişdi.  Dəli-dolu  bir 
həyat sürdüyü, heç evlənmədiyi xəbərləri gəlirdi kəndə. 
Təvəkkül əmi səs gələn tərəfə baxdı, yaxınlaşıb tanıdı Kərəmi. 
- Ay Kərəm! Sənsəəən?! Niyə heç yanıma gəlmədin? 
- Gəlmişəm, amma səni heç görmədim Təvəkkül əmi. 
Təvəkkül əmi ətrafı süzdü. Qarşıdakı yarısı tikilmiş caminin önündə üç saqqallı adam otur-
muşdu, birdən yerə tüpürdü: 
- Demək, bu dükan sənindi hə? De keç içəri, keç, bu mollaları gözüm görməsin. 
Təvəkkül əmi içəri keçdi, bir balonun üzərində əyləşdi, pəncərədən çöldəki mollalara bax-
dı: 
- Ay Kərəm. – dedi. – Qoca Istanbulu yordun? Qoca şəhərdə yer qəhətdi? Qaça-qaça gəlib 
bu caminin qabağına niyə ilişdin? 
- Niyə ki, Təvəkkül əmi? 
- Aha, bu caminin qabağındakı mollalar var ha? 
- Bəli, ötən gün gəldilər dükana. 
- Yaxşı, bir ildən artıq çəkməz, səni də soğan-çörəyə möhtac elərlər. 
- Nə olub, Təvəkkül əmi? 
- Otuz il öncəsini heç demirəm. Bax, qarşıdakı dayanacaqda mənim də bir avtobusum var 
idi. 
- Hə, dedilər. 
- Satmışam. 
- Niyə ki? 
-  Bu  mollaların  ucbatından  satmışam  axı,  özümü  zor  qurtardım.  Boş  ver,  məni  burda  çox 
görməsinlər, - deyə çayını içib dükandan çıxdı. 
Çölə çıxandan sonra bir daha tüpürdü yerə və uzun qollarını yelləyə-yelləyə yoxuş aşağıya 
getməyə başladı. Təvəkkül əmi qələbəliyə qarışana kimi Kərəm arxasınca baxdı. 
Bir neçə gündən sonra səhər tezdən iki gənc gəldi dükana. Salam verib: «Xeyirli olsun!» 
dedilər. Gənclərdən iri cüssəli olanı: 
- Molla əminin salamı var, caminin balonu qurtarıbdı, camiyə balon versin, - dedi. 
- Olar, - Kərəm dedi, - cami bizim camidi. 
O gündən sonra caminin balonunu onun boynuna yıxdılar. 
- Molla əmi balon istədi. 
- Nesə dənə. 
- Üç dənə. 
- Molla əmi balon istədi. 
Molla əmilərin istəkləri bitmək bilmədi o gündən sonra, onlar istədi, Kərəm verdi. 
Gənclər ara vermədən gəlirdilər: 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Məhərrəm ayı  gəlib, caminin üst mərtəbəsi də xidmətə açılacaq. Molla əmi deyir ki, ca-
maat üşüməsin. Kərəm balon göndərsin. 
- Aşurə günü üçün ərzaq alınacaq, aşurə bişirəcəklər. Molla əmi deyir beş min versin. 
- Molla əmi deyir ki, çay dəsti alsın, stəkanların üstündə on iki imamın şəkli olandan, cami-
yə yardım üçün. 
- Molla əmi deyir üstünə Həzrəti Əlinin rəsmi toxunmuş xalı alsın. 
Həzrəti  Əlinin  rəsmi  toxunmuş  xalılar,  on  iki  imamlı  çay-kofe  dətsləri,  Kərbalanı  təsvir 
edən toxunma odeyallar,  Imam Hüseynin  təqvimləri, Zülfüqarlı şamdanlar, düldüllü  dəsmallar, 
jurnallar,  qəzetlər,  kitablar,  nisyə  verilən  balonlar,  ödənməyən  borclar.  Iki  gündən  bir:  «Molla 
əmi deyir ki…» deyə dükanın qabağını kəsən gənclər. Kərəm dükanı açdığına peşiman oldu, bir-
dən Təvəkkül əminin dediklərini xatırladı. 
Yenə  iki gənc gəldi.- Molla əmi deyir ki… 
Gənclər hələ sözlərini bitirməmiş Kərəm ayağa sıçradı: 
- Molla  əminiz bu camini mənəmi güvənib tikdi? Həzrəti Əli də desəniz almaram,  Imam 
Hüseyin də desəniz almıram, bir şey almıram, daha camiyə də yardım eləmirəm. Get denən mol-
lə əmiyə, məni soğan-çörəyə möhtac elədilər axı! 
Gənclər özlərini itirmişdilər, dabanları üstə döndülər, camiyə doğru getdilər. 
Ertəsi gün başqa iki gənc gəldi dükana. Ikisi də iri cüssəli, güclü, qüvvətliydilər. Biri Kə-
rəmdən soruşdu: 
- Denən görüm Həzrəti Əli Heybər qalasında neçə dənə kafirin başını vurdu? 
Üç  yüzdümü,  beş  yüzdümü? Bir dəfə vuranda neçə dənə kafirin  başını kəsərdi Zülfüqar? 
Kərəm cavab verə bilmədi. Çaşıb qaldı, nə olduğunu başa düşə bilmədi. 
- Yaz,- dedi,- iri cüssəli oğlan, - buna cəza yaz. 
Bir qəbz çıxarıb yazdı o biri gənc. 
- On min lirə! Camimizə yardım, - dedi. 
Kərəm neyləyəcyini bilmədi, çətinliklə düzəltdi, ürəyi ağrıyaraq verdi pulu. 
Gənclər çıxdı, Kərəm dükanın içində donub qaldı. Deyinməyə başladı. 
«Hələ kopoyoğlanlarına bax! Mən nə bilim Həzrəti Əlinin atının örtüyü nə rəngdədi? Zül-
füqarın  uzunluğu  neçə  metrədi?  Imam  Tağının  qəbri  hardadı?  Mən  nə  bilim  Heybər  qalasında 
Həzrəti  Əlinin  neçə  kafir  öldürdüyünü?  Mən  çörəyimin  dalısınca  düşmüşəm,  kopoyoğlanları 
qoymur bir tikə çörək yeyəm!» 
Artıq Kərəm ümidini əməllicə itirdi. Dükanı satıb kəndə qayıtmağı düşünürdü artıq. 
Bir həftə sonra eyni gənclər yenə gəldi. 
Kərəmdən biri soruşdu: 
- Imam Hüseyn şəhid olanda başı üstə dolanan atın yerişi nə təhərdi? 
Kərəm dişlərini bir-birinə sıxaraq cavab verdi: 
- Mən Həzrəti Hüseynin atına çox minmişəm. Örtüyü al rəngdəydi, özü də löhrəm yerişliy-
di,  heç xoşuma gəlmeyib. 
Əvvəlcə səslər yüksəldi, balonlar devrildi, şüşələr qırıldı. Sonra dükanın içində bir qiyamət 
qopdu… 
Ertəsi gün Kərəm dükanın şüşəsinə bir lövhə asdı. 
«Mövsümü satılır» 
Ramazan ayının girdiyi üç gün olmuşdu. Bayramdan əvvəl dükanı satıb kəndə dönmək is-
təyirdi Kərəm. Artıq dükandan tamam soyumuşdu, içərisinə girmək istəmirdi. 
Mollalar yenə caminin qabağında oturmuşdular. Kərəm stulunu başqa tərəfə çevirib oturdu. 
Birdən yuxarıdan yenə saç-saqqalla, əynində rəngi solmuş   dəri  pencək  pərişan vəziyyətdə gə-
lən Təvəkkül əmini gördü. Təvəkkül əmi əlində iri bir dürməni dişləyərək gəlirdi. 
- Eyvah, - dedi, - Təvəkkül əmi düz mollaların üzərinə gedir. Üstəlik də Ramazandır. 
Bir yandan səsini mollalar eşitməsin deyə səsini aşağı salır, bir yandan da Təvəkkül əmini 
dayandırmağa çalışırdı. 
- Təvəkkül əmiiii! Təvəkkül əmiii! 
Nəhayət Təvəkkül əmi eşitdi. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Bura gəl! Bura gəl! – deyə işarə elədi. 
Təvəkkül əlindəki iri dürməyi dişləyərək gəldi. 
- Nə deyirsən, ay Kərəm? Sürüsünə canavar girmiş çoban kimi nə qışqırırsan? 
-Təvəkkül əmi, bu gün Ramazanının üçüncü günüdür, sən də əlində dürməklə gəzib dola-
şırsan. Bax, qarşıda mollalar səni görsələr, nə deyəcəksən? Onsuz da qoca Istanbulu bizə dar elə-
yiblər. 
Mollarlar da qarşıdan onlara baxırdı, mollalardan yanıqlı olan Təvəkkül əmi partladı: 
- Mən o mollaların… 
- Sərxoş hardan gəlib çıxdı, - deyə mollalar içəri qaçdılar. 
- Mən o mollaların… Hər şeyə qarışırlar da, niyə gəlib bir gün əvvəldən mənə demirlər ki, 
Təvəkkül Ramazan girib. Mənim ayıq vaxtım olurmu? Mən yazıq hardan bilim Məhərrəm ayıdı, 
Səfər ayıdı? Hardan bilim Ramazan gəlib çatıb? 
Təvəkkül əmi qayğısızcasına dürməydən dişləyib çıxıb getdi. 
Kərəm girib lövhəni dəyişdirdi. 
«Qaz balonu dükanı təcili satılır». 
 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Bəhri usta 
 
 
 
Əli Akbaşa 
 
 
Çölün sərin gecəsində ulduzlar titrək şamlar kimi yanırdı. Uzaqdan ara sıra nağara səsi gə-
lirdi… 
Birdən gecə silah səsləriylə inildədi, sarsıldı… 
Toyun masabəyisi Əli Çavuş əsasına dayanıb təlaşla ayağa qalxdı: 
«Eyvah!, -  dedi , -gəlirlər, qayın  dəstəsi gəlir!» 
Neçə toylar görmüşdü Əli Çavuş… Qoşa nağara ilə gələnləri qarşılar,  ağır qonaqların kön-
lünü alar, yola salardı. Neçə qapıya gözü yaşlı, ağ duvaqlı gəlin gətirmiş, neçə cavanı zifah gecə-
sinə yola salmışdı. Silah səslərini eşidincə həyəcanlandı, sağa-sola əmrlər yağdırmağa başladı. 
«Qayın  dəstəsi  gəlir!  Qəhvəçini  oyandın,  yemək  bişirənləri  çağırın  gəlsinlər,  kababçılar 
manqalı yandırsın, xidmətçilər   işə başlasın, aşıqlarıı yola çıxarın, aşıqlar hazırdır?» 
Əli Çavuş əsasını yerə vura-vura, oğlan evində  bir səliqə sahman yaratdı. Kimin neyləyə-
cəyini başa saldı. Xidmətçilərə qışqırdı. 
«Oğlan  evinin  əlli  metr  qabağına  çıxarın  nağara  zurnanı!  Gələn  qayının  dəstəsidi!  Yolda 
qarşılamaq  lazımdı.  Sabah  gəlini  gətirəcəyik.  Gəlinimizin  qardaşları  yolu  yoxuşa  dirəməsinlər. 
Haydı, üzümü qara eləməyin, gözünüzü sevim». 
Masabəyinin  gözləri  geniş  açılmışdı. Dəyənəyini sürüyərək nağaraçı  Aslanla zurnaçı  Ək-
rəmin yanına getdi: 
«Amandı  ha!  –  dedi.    Qız  evinin  nağarasının  səsini  batırın,     qarşılama  havasını  ürəkdən 
çalın. Aslan, gözünə dönüm, nağaranı Osmanın qabağında çal.  Bu Osmandı! Özün də bilirsən, 
qurbanı olduğum. Huylu at kimidir Osman, qabaqdan gələni qapar, arxadan gələni təpiklər». 
Əli Çavuş oğlan evinin xidmətçilərini də nağaranın arxasına düzdü. 
«Gələnlərə yer göstərin, - dedi, bir sözlərini iki eləməyin, uşaqlar, xidmətinizdə qüsur ol-
masın. Amandı ha! Dəli Osmanın könlünü alın, qurbanınız olum, toy evini başımıza uçurmasın». 
Qaynın dəstəsi oğlan evinə bir şey alacaqlarmış kimi gəlirdilər. Onları ağırlamaq Əli Çavu-
şun işiydi. Qayınların bitib tükənməz istəklərinə boyun əyər,  yaz günü əba, qış günü  yaba, av-
qustda qar, çilədə nar… nə istəsələr yerinə yetirərdi. Gəlini sağ salamat gətirmək üçün ələkdə su 
daşıyar, şam alovunda çay qaynadardı. 
Nağaraçını, zurnaçını, xidmətçiləri qaynın dəstəsini qarşılamaq üçün düzən masabəyi əsa-
sını sürüyə-sürüyə gəldi, qoz ağacının gövdəsinə söykəndi. Üzündə getdikcə artan bir təşviş var 
idi. 
«Qaynın  dəsdəsi  qapıya  dayandı!  Həzin  sazlar  hazırdımı?»  -  deyə  yenidən  guruldadı  və 
təndir damına doğru getdi. 
Beləcə neçə gecəni yola vermişdi Bəhri usta. Dərd ölçər, qəm biçərdi belə axşamlarda. Əli 
Çavuş təndir damının qapısını açar açmaz, diksinib yerindən qalxdı. Gözlərini Əli Çavuşa dikdi: 
- Hazırıq, Əli qağa, hazırıq. Təlaşlanma, qurbanı olduğum»  - dedi. Təndir damının kərpic 
divarına söykənmiş, başı çiyninə düşmüş mürküləyən oğlunu səslədi. -Tufan, qayın dəstəsi gəlir, 
qalx dəli oğla» -dedi və Əli Çavuşa tərəf döndü: 
-Əli qağa, Allah üzümüzə baxar qəzasız, bəlasız sovuşdurarıq inşallah. Indi bu dəli oğlanlar 
bağdan quduz olublarmış kimi  girərlər oğlan evinə. Sabah  göz-gözə baxacağıq  deməzlər, qırıb 
tökərlər  ortalığı.  Əvvəllər  beləydimi,  qurbanı  olduğum  ağam?  Ağalar  da,  ağaların  uşaqları  da 
əsilzadəydilər. Məclislər ağır, tünlük olurdu,  böyük kiçik bilirdilər. Aaah! Qədimidə sözü qılınc 
kimi kəsən bəylər vardı. Qan axsa, axan qanı bir-iki sözlə kəsərdilər… Toyların da bir dadı-duzu 
vardı. Ağa uşaqları zatıqırıq oldular. Babaları Dadaloğlu, Koroğlu, Kərəm dastanlarının oxunma-
sını istərdilər. Eşq ilə dilləndirərdik sazın tellərini. Sazda nə havalar çalınardı! Elə məclislər qu-

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
rulurdu ki, səhərlərə qədər saz yanar, söz əriyərdi. Əvvəldən də vardı könlü yaralı gənclər, amma 
sevda belə ötüb-keçən deyildi. Sevdanın ötürülən, könülün toxtayan olacağını bilirdi əvvəlkilər. 
Indi… 
- Bəhri usta, indi hər şey dəyişdi, əvvəlki toylar hardadı, əski sevdalar hardadı. 
- Qurbanı olduğum Əli qağa, üzüm ayağının altına… Bu dəli uşaq öz kökündən boy atma-
yıbmı? Sanki o babaların nəvələri, o ataların oğulları deyil bunlar. Bunlar elə zənn eləyir ağalıq 
verməknən  olür,  igitlik  vurmağnan.  Əvvəllər  xətirə,  könülə  dəyən  olmazdı.  Qədir  bilən,  könül 
alan qalmadı…. Aaaah! «Qırıldı bəylər, paşalar, keçəllərə qaldı dövran», deyərdi babam… 
- Haqlısan, usta, amma  adət budu, min illərdir davam eləyir, boyun əyəcəyik, başqa çarə-
mizmi var? 
Bəhri usta işini bilən, əzəldən ürəyinin bir tərəfi yaralı aşıqdı. Bir qartal kimi aldımı sazı si-
nəsinə, pəncəsində inləyən tellərdən qüssə qanadlanardı. Mizraba ürəyini qoyardı, könlünü qana-
dardı saz çalarkən. Bəhri usta oxuyarkən dodaqlarını örtən qapqara bığlarının arxasında yanıqlı, 
yorğun bir səs inildəyərdi. Sol əli sazın pərdələrində can çəkişən bir quş kimi çırpınar, sağ əli alı-
şıb yanan sazın sinəsinə bir pərvanə kimi dönər, dönər, dönərdi… O mizrablara vurduqca bir cüt 
durna havalanardı sevdalı ürəklərdən…. 
Bəhri usta oğlu Tufanı da qəm xəmirindən yoğurmuşdu. Tufan hələ uşaqdı, amma ən çətin 
havalar bir qəm seli kimi axırdı sazından. Bir uşaq anasına sarılan kimi sarılırdı qucağına sığma-
yan saza. Bəhri usta onun saz çalmasını qürurla seyr edər və: 
«Bu dəli oğlanın mizrabı kimsələrə bənzəməz», - deyərdi. 
Atası saz çalarkən Tufan körpə şahin kimi başını əsdirərək izlərdi onu. Babasının dayandığı 
yerdən o başlardı. Ondan aldığı qığılcımı kiçik ürəyində yeni bir atəşlə yandırardı məclislərdə… 
Əli Çavuş: 
- Mən gələnləri qarşılayım, sən də hazır ol, Bəhri usta, - dedi və çıxdı. 
Əzab çəkən bir mürid kimiydi Bəhri usta. Təslim olmuşdu. Üzündəki dərin cizgilərdən dü-
şüncələr yağırdı. Sazını alıb bir giriş elədi, Tufanın gözlərinə baxdı. 
Tufan atasının bir səs axtardığını başa düşdü. Öz sazının tellərini köklədi, atasına qoşuldu. 
Sazlar bir müddət  birlikdə çaldılar, səslər uyuşurdu, hazırdılar… 
Silah səsləri oğlan evinin qapısına qədər dayandı. Nağara, zurna səsi qoyun quzuya qarışan 
kimi qarışdı bir-birinə. Zurnanın qəmli, yanıqlı havaları pırıl-pırıl alışıb yanan göy üzünə yayılır-
dı.  Ulduzlar  sanki  halaya  durmuşdular.  Halayın  başındakı  çoban  ulduzu  dəsmalını  yelləyərək 
sanki türkü oxuyurdu: 
«Su gələr, lilləndirər…» 
Qız evinin nağarası  susar susmaz, oğlan evinin nağarası,   zurnası  çalmağa başladı. Aslan 
nağarasını dizi üstə qoymuş, rəqsin təranələri altında özünü unutmuşdu. Nağaranı Dəli Osmanın 
ayaqlarına kimi əyərək çalır, çubuqlarını ahəngə uyğun olaraq endirib qaldırırdı… Nağara halay 
çəkənlərin ayaqları havaya qalxıb yerə endikcə gur-gur guruldayır, halay çəkənlərə yol göstərir-
di. 
Qayın dəstəsinin qabağında havaya pullar səpərək bağıran Dəli Osmanın dili ağzında dön-
mür, nə dediyi heç anlaşılmırdı. Halaydan ayrılıb sağa-sola səntirləyərək getdi, belindən silahını 
çıxarıb xəzinəsini havaya boşaltdı. 
Osmanı bu halda görənlərin təşvişi daha da artmışdı. Dəvə üstündə adam öldürərdi Osman. 
Özünü apara bilməzdi. Bir-iki qədəh içincə alçak dağlardan hesab sorar, böyük yolları kəsərdi. 
Karsızın birisiydi, amma babası zəngindi, arxalı da adamdı. Qaynının kölkəsində gəzər, bununla 
da fəxr elərdi. Onun axşamdan qırıb tökdükləri  sabah tezdən unudulardı. Osman bu halda gələn-
də, məclisləri dağıdar, çox məclislər də özü dağılardı. 
Toyların qədim yemək bişirəni Mühacir qızı  bişirdiyi yeməkləri bəyənməyib dağıtmasının, 
yenidən qazan asdırıb yemək bişirtdirməsinin neçə dəfələrlə şahidi olmuşdu. Osmanı qarşısında 
görüncə deyinməyə başladı. 
«Ölümünü düşünməyən onun bunun artığı! Dağ dayısı, dovşan əmisiymiş bunun. Hər qa-
yın dəstəsinin başına bu keçməlidi. Kəlhüseynlərin buna nə yaxınlığı var? Qurbanınız olum, mə-
ni qınamayın. Bunu görəndə cin atına minirəm. Boynu sınmasa buna güc-qüvvət də çatmazdı». 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Oğlan evinin qoşalay qapısından girər girməz Osman əlini havaya qaldırdı. Bir nərə çəkə-
rək bağırdı. 
- Oğlan, qayın gəldi! Doldurun masaların üstünü! Əyər bir dostum narazı qalarsa, yandıra-
ram buraları! Balası itmiş eşşək kimi anqırdaram hamınızı! Xırda qüsur belə olmasın! 
Zurna  ahəngdar  bir  avazla  inildəyirdi.  Nağara  ara    vemədən  guruldayırdı…  Dəli  Osman 
əliylə işarə eləyərək zurnayla nağaranı susdurdu. Arxasındakı gənclərə bağırdı: 
- Oğlan, biz gəlmədikmi? 
Gənclər bir ağızdan omsmana cavab verdilər. 
- Heeeeeeeeeey! Hey! 
Dəli Osman əlini havadan endirər-endirməz nağara-zurna  yenidən coşmuştu ki, nağarayla 
zurnanın səsi qəfildən kəsildi. Aslanın əlindəki çubuq  Osmanın nərəsiylə havada donub qaldı. 
- Nağaranı buraya gətiriiiiiiin! 
Nağaraçı Aslanın çubuq tutan əli   çiynindən qırıldı sanki. Başına gələcəkləri bilirdi. Göz-
lərini qırparaq Osmana baxdı və yalvarış dolu səslə: 
- Ağam, çörək ağacımdı, qulun olum, cırma nağaranı!  - deyə bildi. 
- Nağaranı gətirin!-  deyə Osman kükrədi. 
Nağara Aslanın kürəyində, çomaq dəli Osmanın əlindəydi. Osman düşməni vururmuş kimi 
nağaranı döyəcləməyə başladı. Bir az öncə nağaradan çıxın o ahəngdar səs yerini anlamsız, qu-
laqları cırmaqlayan quru bir gurultuya buraxdı. Aslan gözlərini yummuş, üzü acıdan qıc olurmuş 
kimi gərilmişdi. Osman nağaranı deyil, Aslanın sinəsini döyəcləyirdi. Aslan çomaqla onu döyür-
müşlər kimi acı çəkirdi. 
Toyun masabəyisi Əli Çavuş Aslanın nələr çəkdiyini hiss eləmişdi. Qələbəliyin içinə daldı. 
Osmanın qoluna girdi: 
- Igid Osmanım, sən ağasan, ağa olan kəs nağara çalarmı? Sabah Osman çalmağa həvəslən-
miş deməzmi adamlar? Qoy Aslan çalsın, qurbanı olduğum, -  dedi. 
Osman hər sözə yatan deyildi, bir işarə ilə zurnanı susdurdu və barmağını havaya tuşladı: 
- Nağaraçı nağaranın üsğtündə oynayacak, oynasın oğlan!, - dedi və bağırdı. -   Nağaraçıya 
dəsmal  verin! 
Sonra başını qaldırıb gözlərini zurnaçı Əkrəmə dikdi. Əkrəm bir kəklik kimi çırpındı. Dəli 
Osman zurnaçının yaxasından tutub çəkdi və qarşısına gətirdi: 
- Sən də çal baxım, «Badi səba»nı. 
Aslan çarəsiz halda nağaranı yerə qoydu və zurnanın oynaq bir havasının müşaiyyəti ilə na-
ğaranın üstünə çıxdı. Körpəsini tapdalayan ana kimi narahatdı. Bir kəklik qayada səkən kimi na-
ğaranın üstündə səkib oynamağa başladı. Nağaraya zərər verməmək üçün nəfəsini tutur, qollarını 
yuxarı qaldırıb sanki havadan asıla qalırdı. Nağaranın dərisi bir müddətdən sonra Aslanın ağırlı-
ğına tab gətirməyib cırıldı. Aslanın ayaqları nağaranın cırılan dərisindən içəri girdi. Aslan yerdə 
bir ölü kimi səssizcə yatan nağaranı ağrıyla qucaqladı. Cırılan nağara yox, Aslanın ürəyiydi… 
Dəli Osman zurnanın da susdurdu. Bir qələbə qazanmış kimi qürurlandı. Yerdəki cırıq na-
ğaraya da bir təpik vurdu və arxasındakıları səslədi. 
- Qayını dəstəsi belə olur, gəlin görək aşağıda nə var. 
Dəli Osman bir neçə addım atandan sonra seyrək dişlərinin hamısını göstərərək: 
- Masalar düzülübmü? – deyə bağırdı. 
Masabəyi qayın dəstəsinə masaları göstərərək,  buyurun, dedi. 
Dəli  Osman  ayaq  üstə  çətinliklə  dururdu,  amma  əmrləri  bitib  tükənmək  bilmirdi.  Qayın 
dəstəsindəkilərin  hamısı yeniyetmə idi, hamısı da sərxoş idi. Ağlı başında olan, Osmanın təkəri-
nin altına daş qoyan, atəşi söndürə biləcək kimsə yoxdu içərilərində.  Oğlan evinin xidmətçiləri 
qayın dəstəsi lak desə ət, luk desə su verirdi. 
Əli Çavuş iki dəqiqədən bir xidmətçilərin yanına gedib: «Canınızı dişinizə tutun, gec gələn 
xidmətçi bitdi!» - deyirdi. 
Qayın  dəstəsi  əvvəldən  qurulmuş  masaların  arxasına  keçdi.  Masanın  başında  oturan  Dəli 
Osman bağırdı. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Açdı lala, vuraq bala-bala. Həzin sazlar gəlsin, oğlan, hardadı həzin sazlar? Bu aləmdə bi-
zi sayan biriləri qalmadımı? 
Bəhri usta, arxasınca da Tufan gəldi. Əlini sinəsinə qoyub salamladı qayınları. 
- Ayağınızın tozuyam, könlünüzün xidmətçisiyəm. Ağa nə deyər ki, aşıq onu eləməz? Sa-
baha  qədər  qulluğunuzda  durar,  canımı  sizə  qurban  elərəm.  Əmr  elə,  qurbanı  olduğum,  igidim 
Osman, - dedi. 
Bəhri usta və Tufan hərəsi Osmanın bir tərəfində oturdu. Osman artıq danışa bilmir, işarə 
verirdi. Bir hava ilə Bəhri usta sazı dilləndirdi… Qayın dəstəsindəkilərin istədiklərini bir-bir çal-
mağa başlamışdı ki, Dəli Osman sazları susdurdu. Ayağa qalxdı, ombasından yuxarısı ayaqların-
dan ayrılıbmış kimi irəli-geri yırğalanırdı. Qəlbinin dərinliyindəki bütün düşüncələri alkolun tə-
siri ilə çaş-baş olmuşdu. Işarət barmağını aşıqlara tuşlayaraq əmr elədi: 
- Mən aşiqəm, oğlan! Mənə Orxan babadan «Ayşəm»i çalacaqsınız! 
Bəhri ustanın dişinə daş dəydi. Bir qazan qaynar su töküldü başına. Belə bir türkünü  bil-
mirdi. Məhərrəm ustanı, Çəkici Alını, Hacı Taşanı, Necet Ertaşı adını bildiyi kimi bilirdi, amma 
kimdi  bu  Orxan  baba,  nə  çalar,  nə  söylərdi?  Televiziyalarda  oxuyan  sənətçilərdəndimi?  «Ay-
şəm» uzunmu havaydı, qırıqmı havaydı, halaydımı? Görəsən Tufan «Ayşəm»i bilirdimi? 
Bəhri ustanın sazı tutan əli soyudu, keyləşdi. Bir itiyini axtarırmış kimi Tufana doğru bax-
dı. Tufan qaşlarını qaldırıb atasına bu türkünü bilmədiyini işarə elədi. Bəhri usta Osmana tərəf 
döndü: 
- Ağam, üzünə durmaq kimi olmasın, mən bu türkünü bilmirəm, oğlan da bilmir. Qulun qü-
suru olarsa, sultan bağışlar, əmr  elə başqa bir hava çalım, - dedi. 
Dəli Osmanın damarlarından qan yox, alkolla qarışıq qəzəb axırdı, hiddətlənib bağırdı: 
- Oğlan, «Ayşəm»i çalacaqsız! Ağa nə desə, aşıq da onu çalar. Bilmirsinizsə, öyrənəcəksi-
niz, oğlan, aşıq deyilmisiniz? Işinizin adı nədi? Mən aşiqəm, oğlaaan, sevirəm! Mənə «Ayşəm»i 
çalacaqsız! 
Qayın dəstəsindən biri: 
- Osman qardaşımın könlü yaralı, - dedi, - nə desə, onu da eləyəcəksiniz. 
Bəhri usta Osmanı dilə tutmaq üçün yalvarmağa başladı. 
-  Qurbanı  olduğum  ağam,  valih bilmirəm,  qanım  da, canım da sənə halaldı.  Istəyirsən öl-
dür, amma bu türkünü heç eşitməmişəm. Bilsəm, ağam üçün sabahlara qədər çalmarammı? Əmr 
elə, başqa türkü çalım? 
Atasının bu itaətkar vəziyyəti Tufanın ürəyini yaraladı. Atasının çarəsizliyi bir bıçaq olub 
ürəyinə saplandı.Sazlar susmuşdu, hər kəs Osmanın ağzına baxırdı. Tufan Bəhri ustanın boynu-
nun ipdən qurtarmaq istəyirmiş kimi Dəli Osmana səsləndi: 
- Osman ağam, «Nə gözəl yaraşır xallar Ayşəyə» havasını çalaqmı? 
Birdən Osman ayağa sıçradı. 
- Mən hara qısqırdıram, sən haraya hürürsən! Ayşə kimə yaraşmış oğlaaaan?! O sadəcə mə-
nə yaraşır… Aşıqlarrrr! 
Osmanın gözü dönmüşdü, ağız dolusu küfürlər yağdırırdı. Dişlərini qıcırdaraq gözlərini qə-
zəblə Tufana dikdi. 
- Həm də sən nə zamandan söz sahibi oldun da, Osmana dil uzadırsan, oğlan, şərəfsiz! - de-
di və stulda möhkəmcə büzüşmüş, qorxudan titrəyən Tufanın üzünə var gücüylə bir sillə vurdu. 
Ağaclarda xışıldayan yarpaqlar, qayınlar, xidmətçilər, Əli Çavuş… Hamısı birdən səssizli-
yin sularında qərq oldular. 
Saz inləyərək bir yana. Tufan da bir yana düşdü. Bir əlini sillənin zərbəsindən qızaran ya-
nağına qoydu, digər əliylə sazını götürüb səssizcə ayağa qalxdı: 
- Ayağının tozuyam, qurbanın olum, bağışla, ağam, - dedi. 
Öz oğlunu vururlarmış kimi ürəyi yandı masabəyinin. Itliyi də, igidliyi də vardı Əli Çavu-
şun, amma əli qolu bağlıydı. Osmanın yanına getdi. 
-Osmanım, sənin kimi igidə bunlar yaraşarmı? Bizim havalara azarmı dəydi? Əl boyda uşa-
ğa necə qıydın? Bax hələ, əlinin yeri qalıb uşağın üzündə. Qurbanı olduğum Osman! Bunlar ol-
masa, bizim ağalığımız, bəyliyimiz harda qalır? – dedi. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Balasını qapdırmış sərçə kimi çırpındı Bəhri ustanın ürəyi. Toyda qazandığı pullar bir koz 
oldu cibində, ətini yandırmağa başladı. Əli yanına düşdü, sazı tuta bilmədi. Dodaqları ilə birlikdə 
bığı da titrədi. Biri qoluna girib kimsəsiz bir yerə aparsaydı, səhərə qədər ağlardı. Tufan Yusif 
olub böyüdü gözlərində. Bir Yaqubdu Bəhri usta. Içingəki ağrı iki damla göz yaşı olub yanaqla-
rıyla süzüldü. Və ağrıdan bir türkü doldu içinə… Sustu. Oxuya bilmədi…. 
Oğlan evinin bağçasına qısa bir səssizlik çökdü, qoz ağacının budaqlarına xəfifcə əsən yel 
toxundu. Ağac səssizliyi pozaraq inildədi. 
Osmanın başı bədəni üstə dayanmır, gözləri yumulurdu. 
- Başqa nə çalırsınız, çalın, oğlan, bura yas yeridimi? – deyə yenidən guruldadı. 
- Sən çal, bala, bildiyimiz havalardan çal. Anadan olanı o havaları dinlədik biz. O havalara 
ağladıq, o havalar ilə oynadıq, - masabəyi dedi. 
Tufan sazını yenidən sinəsinə basdı. Saz Bəhri ustanın və Tufanın ürəylərindəki alovu bö-
yüdərək inildəyirdi. Uzun-uzadı simləri köklədi, orta teli dilləndirərək başını göyə qaldırıb fərya-
da başladı Tufan: 
Bir yaratmış Allah bütün insanları 
Ayrılıq insanın sözündən olur 
Ayrı görmə gəl, bu insan oğlunu 
Hər əməl kişinin özündən olur. 
O yanıqlı səs dalğa-dalğa göy üzünə yayılır, göydə pırıl-pırıl alışıb yanan ulduzlara qədər 
çatırdı. Bütün ulduzlar titrəşirdilər… 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin