İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix03.02.2017
ölçüsü1,31 Mb.
#7509
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
Türkcədən çevirən: Eyvaz Zeynalov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Anamın saatları 
 
 
 
Zavallı anam hardan biləydi Saatlı Maarif Təqvimi nədi?.. 
Şəmsi tarixi ilə illər neçə gündü, Qəməri tarixi ilə aylar neçə gecə?.. 
Adı Sultandı, özü qurub-qoşduğu təqvimdən istifadə edərdi, evin də, çölün də hər işini adı 
kimi bilərdi, vaxtı, saatı bilməzdi. Bəxtinin ələ gələn ipliyini əzab-əziyyət yumağına dolayıb ya-
şayardı... 
Qarçiçəkləri xırman yerində şam yandırıb baş qaldıranda təqvimi sıfırdan başlanar, fəsillər 
dövr edərdi… 
Onun miladı ilk bahardan başlanardı… 
Qarçiçəkləri, novruzgülləri açanda çölə gedər, qovaqlar yarpağını tökəndə, ya da durnalar 
köç edəndə evə dönərdi… 
Hicri min üç yüz altmış beşmi? Miladi min doqquz yüz qırx doqquzmu? Nəyinə gərəkdi, 
zamanın fərqində deyildi. İllər kürəyində şələ, çiyinində yük, saçında ağdı... 
İstər mart, aprel, may əsrləri arşınlayıb getsin, istərsə dekabr, yanvar, fevral nəfəsi dondur-
sun… Keçən zamana nə möhnət? Əziyyətdə keçən hər an, hər gün, gələn həftəyə, aya, ilə qovu-
şur, anamın ömrünü yeyə-yeyə axıb gedirdi… 
Bahar çiçəklərlə, novruzgülləri ilə gələrdi… Budaqlarda yarpaq-yarpaq əylənər, xəzəllərlə 
çıxıb gedər, qarşıdan qara qış gələr, anamın ilk baharını qarda basdırardı. Günləri qar-çovğuna 
tutulanda qanadları islanmış bir xınalı kəklik kimi çarəsiz, qərib, təkbaşına qalardı… 
Anamın təqvimində illər, aylar olmazdı. Həftələr, günlər, saatlar da yoxdu. Vaxtı naməlum, 
işıqsız, kölgəli, kimsəsizdi. Anamın təqviminə görə, uşaqlar çiçəklər açılarkən,  ya da toxumlar 
cücərərkən doğulardı. Sürgün dövrünün sonası (nənəmiz) yayın axırında, arpa orağa gəlməzdən 
əvvəl ölərdi həmişə. Və Avşar gözəlləri xırman sovulanda, qışın əvvəlində gəlin köçərdi. Atala-
rımız qar yağanda qürbətdən qayıdardılar… 
Damlara çorak (torpaq) atılanda, qurdlar qoyuna soxulanda, durnalar çayıra-çəmənə gələn-
də… hər hadisə müəyyən bir tarixə işarəydi. Ancaq o tarixlər anamın yaddaşında əlçatmaz, ün-
yetməz bir yerdəydi. Hadisələrin hansı ildə, hansı ayda olduğunu onun yaddaşının dərinliklərin-
dən, yaşadığı məhrumiyyətlər arasından üzə çıxartmaq, hətta təxmin etmək mümkün deyildi. Bə-
zən ocağın başında közü eşə-eşə hansısa hadisəni xatırlayardı. Dalınca neçə hadisəni sadalayar, 
ailəmizin tarixçəsini danışardı. Amma filan hadisə nə vaxt olub, soruşsaq da, öyrənə bilməzdik… 
-  …O  il  də  çox  qar  yağmışdı.  Qar-çovğundan  çölə  çıxa  bilmədik.  Dam  boyu  qar  yığıldı. 
Bahar gələndə də bu qar əriməmiş yağışlar yağdı, dərələr doldu-daşdı, Ziyamı sel apardı o il, ev-
lərdən iraq… 
- Böyük qardaşımı nə vaxt sel apardı, ana? 
- Bəkir yanan ili! 
- O nə vaxt yandı? 
- Meralı quduz it dalayanda! 
- Bacımı quduz it daladımı? Nə vaxt? 
- Hakanım doğulanda… 
- Hakan nə vaxt doğuldu? 
- Böyük qardaşını sel aparanda!!! 
Anamın təqvimi üç mövsümlü, doqquz aylı, çoxhadisəli idi və anamın ayları qırx gündən 
artıq  çəkərdi.  Payızın  xəzəl  çağını  yayın  axırına  keçirər,  payızın  son  ayını  dekabra  əlavə  edər, 
qışın fevral ayını da ilk bahardan sayardı... 
Xəbərləri  gündüz  günəşdən,  gecələr  də  ay  və  ulduzlardan  alardı.  Kənddə  beş  dəfə  azan 
oxunardı. Azançı beş dəfə namaza çağırardı, üç öynə yemək yeyilərdi, iki dəfə suya gedilərdi… 
Amma anamın bir gündə qırx dönəmi vardı. Onun vaxtının çoxu görünməz bir iplə göydəki gü-
nəşə bağlı idi. Gün dağın başını qızartmamış oyanar, ocağı yandırar, gün doğarkən inəyi sağar, 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
səhər  erkən  tarlaya  gedər,  günortaya  qədər  bir  yekə  həyətlik  yerin  arpasını  biçər,  günorta  evə 
gəlib  qoyunları  sağar,  gün  günortanı  ötəndə  bulağa  gedər,  gün  əyiləndə  xəmir  yoğurar,  qürub 
çağı təndiri qalayar, gün batarkən dovğa bişirər, axşamtərəfi süfrəni bəzəyərdi... 
Axşamlar da ay doğanda kilim toxuyar, kilim toxuyarkən ağı deyər, ulduzlar göydə sayrı-
şarkən  qara  bəxtini  qarğayar,  gecəyarısı,  el-oba  yatıb  ilbizlər  batdıqdan  sonra  yuxulu  gözlərini 
yumar,  quş  yuxusuna  gedərdi….  Və  hər  səhər  dan  ulduzu  doğmamışdan,  xoruzlar  bir-birinin 
ardınca ötərkən oyanar, yatağından qalxardı… 
Qışda  çöllərin,  dağların  nitqi  tutular,  donar,  baharda  dili  açılar,  yenidən  çiçəklənərdi,  ya-
maclar, ağ, lümlüt bədənlərindən utanar,  novruzla birlikdə yamyaşıl bir şal bürünər, yaylalar sarı 
qarçiçəyi dövrünü sovub bənövşəyi dağ çiçəyinə bürünər, ağaclar gah yarpaqlayar, gah da xəzəli-
ni tökərdi… Və zaman bir çay kimi qıvrıla-qıvrıla axıb getdikcə çöldəki hər şey boy atar, bir az 
da böyüyərdi… Quzular qoç olar, çəmənlikdə doxlaşar, dəli daylar madyan olub qan-tər içində 
yarışar, ərgən qızlar gəlin olub oğul-uşağa qarışar, iməkləyən uşaqlar ayaq tutar, yeriyərdi… Ay 
dolanar, gün dolanar, fəsillər bir-birini əvəz edər, amma anamın günləri, saatları, hər  fəsil eyni 
qalardı, onun taleyi heç dəyişməzdi. Əziyyət içində, kərpic evdə üç fəsillik bir vaxt keçirər, qar 
əriyincə, əlinə kürəyi alıb həmişə eyni yerdən başlayardı həyata. İlk baharda ağaclar yenidən boy 
atar, yayda bar verər, hər payız solardı yenidən… Və hər qış daha bir az qar yağardı başına... O, 
bizim evin durnası idi ilk baharda, əhəng üzlü kərpic evin çardağından havalanar, qışdan əvvəl, 
yayda çöldən əl-ayaq çəkilər-çəkilməz süzə-süzə gələr, damın üstünə qonardı. 
Quşlar gələr, quşlar gedər, anam tarlaya gedər, yenidən evə dönərdi, amma atam gəlməz-
di…  Atam  yersiz-yurdsuzdu,  sürgündə  idi,  xəbəri  həmişə  Fizandan  gəlirdi…  Anam  atamın  nə 
vaxt  getdiyini,  nə  vaxt  gələcəyini  də  bilməzdi.  Anamın  əri  yoxdu,  Fizandakı  uşaqlarının  atası 
idi… Uşaqları atalarının nə vaxt getdiyini soruşanda öz təqvimindən bir zaman kəsimini dilə gə-
tirirdi. Di gəl bunu anla, anlaya bilsən… 
- Ana, atam nə vaxt getdi? 
- Ərik ağacları çiçəkləyəndə… 
- Martdamı? Apreldəmi? 
- Nə bilim, narın bir yağış yağırdı… 
O  ərik  ağacları  hansı  ilin  baharında  çiçəkləmişdi,  anamla  atamın  arasına  yağan  o  yağış 
hansı ildə yağmışdı, hansı baharın yağışı idi, məlum deyildi… 
Zalım aylar, şər illər, çətin günlər hamısı anamın çiyinlərində keçərdi. Həftəni, günü izlə-
məsinə gərək yoxdu, günləri bir-birindən yamandı. Saata, dəqiqəyə darılmazdı heç. Saat əqrəbi, 
dəqiqə əqrəbi, siferblat, dəqiqə, saniyə? Ədədləri bilməzdi ki... 
Atam  kənarlarında  qırmızı  və  mavi  naxışları  olan,  naxışları  bir-birinə  dolanmış  qırmızı, 
mavi  iplərə  bənzəyən  zərflərlə  məktublar  göndərərdi.  Əvvəldən  axıracan  böyük  hərflərlə  yazıl-
mış, duyğulu, ümidli, sevincli, kədərli məktublar… Bəzən uzaq bir çöldə yazılmış o məktubların 
sətirləri arasından sərt bir külək əsər, sözə çevrilən hərflər bir qum fırtınası qoparardı. Nə hüznü-
nü yaşaya bilirdi, nə də sevincini. O məktubları anam özü oxuya bilməz, dilini başa düşməzdi… 
Çölün yazdığı qədim kitabı, hər fəsil dəyişən əlifbasını əzbərdən oxuyardı. Neynəsə də sov-
xaya qalmış hərfləri bir-birinə calaya, ərinin ürək sözlərini heç cür səsləndirə bilməzdi. Məktəb-
də bir gün, molla məktəbində on beş gün oxumuş, molladan öyrəndiklərini hələ də unutmamışdı. 
-  Elə  gözəl  oxuyardıq  ki…  -  deyər,  zülfləri  dolaşıq  bir  kiçik  qız  olar,  düz  kəndinə  gələr, 
hocasının rəhili önündə diz çökərək oxumağa başlardı: - Əlifim çubuq kimi, Be, çanaq kimi, Te, 
ona bənzər, Se, ona bənzər. Cim, qarnında bir nöqtə, Ha, ona bənzər, Hı, ona bənzər. Kaf, qoyun 
başlı, Kef, quzu başlı. Tı, dovşan qulaqlı, Zı, ona bənzər. Sin, dəvə dodaqlı, Şın, ona bənzər… 
Atamın məktublarını təzəsi gəlincə oxudurdu. Mənim qiraətimi çox bəyənirdi, bacım mək-
tubu hıqqana-hıqqana höccələyərək oxuyana qədər barmaqları ilə qızcığazın başını dimdikləyər, 
məktubu ondan alıb mənim əlimə dürtərdi: 
-  Bu  qız  mənə  çəkmiş,  çəkməz  olaydı,  mənim  kimi  korafəhmdi...  Al  bu  məktubu,  gözəl-
gözəl oxu, quzum… 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Atam məktubunu "Sarı Sultanım" deyə başlayınca, anam bizi eşidirlərmiş kimi həyəcanla-
nır, narahat olur, yanaqları xəfifcə qızarır, tez qalxıb qapını-bacanı yoxlayırdı. Kimsənin eşitmə-
diyinə əmin olandan sonra mənim şəxsimdə atama hirslənirdi: 
- Sarı Sultanım nəymiş! El-obadan ayıbdı! Sus! Elə oxuma! 
- Bəs necə oxuyum, ana! Elə yazır!.. 
- Olsun, orasını oxuma! Korsanmı? 
- Hə, koram! Onda atam da belə yazmasın! Mən nə bilim? 
- Allah atanın canını alsın! Əvvəldən qədrimi-qiymətimi bilsəydi, nə vardı? Belə yazmasa 
kim küsər! 
- Oxuyummu, ana? 
- Əvvəlini oxuma! Keç, aşağısını oxu… 
Mən məktubun sətirlərini bir-bir sözə çevirib anamın könlünü aldıqca dodaqları  yaşmağı-
nın altında xəfifcə titrəyirdi. Gülümsəyirdimi? Bilmirəm. Oxuya-oxuya əzbərlədiyim məktubun 
satılan tarlanın geri alınacağını deyən hissəsinə çatanda nəfəsini çəkmədən dinləyər, sonra yaylı-
ğının ucuyla yanaqlarına düşən yaşı silərdi… 
Anamın təqviminə görə neçə il, neçə ay, neçə əsr keçmişdi, bilmirəm, amma atam çoxdan 
getmişdi və illərdi geri dönmürdü. Atamı ilk dəfə nə vaxt görmüşdüm? Xatırlamıram. Amma ata-
sız dil açıb atasız ayaq tutub yeriyən kiçik qardaşımın divardakı şəklə baxıb-baxıb anama suallar 
yağdırdığı yadımdadı. O soruşduqca anam da bir-bir öz təqvimini vərəqləyərdi. 
- Ana, atam gələcəkmi? 
- Ölməyə getmədi ki! Gələcək, əlbət... 
- Nə vaxt gələcək? 
"Nə vaxt" sualı çətin sualdı, anam o anda bir az düşünər və Sultan təqvimini (yəni öz təqvi-
mini) işə salaraq tarixi bir hadisənin adını çəkərdi: 
- Dağlara qırov düşəndə. 
- Qırov nə vaxt düşəcək? 
- Qovaqlar xəzəlini tökəndə. 
- Qovaqlar xəzəlini niyə tökmür? 
-  Yarpaqlar  beləcə  dayanıb-durası  deyil  ki,  guzum,  vaxtı  çatanda  töküləcək.  Durnalar  kö-
çəndə yarpaqlar da töküləcək. 
- Durnalar nə vaxt köçəcək? 
- Bostanlar sovulanda. 
- Bostanlar sovuldumu? 
- Yox. 
- Nə vaxt sovulacaq? 
- Qoç qatımından əvvəl… 
- Qoçlar hara qatılacaq? 
- Qoyunların içinə. 
- Niyə? 
- Onlardan quzular doğulacaq. 
- Quzular nə vaxt doğulacaq? 
- Qarçiçəyi çıxanda. 
- Qarçiçəyi nə vaxt çıxacaq? 
- Atan gələndə!!! 
- Atam nə vaxt gələcək?.. 
… 
Sultanın təqviminə görə, dağlara qırov düşəndən az sonra düzənliyə qar yağar, qaraqış qa-
pını alardı. Qarayel adamı buz kimi, köz kimi kəsəndə isə qar dağın ətəklərindən yuxarı dırma-
şar,  havaya,  suya,  torpağa  və  anamın  içinə  od  düşərdi.  Qarçiçəkləri  şam  kimi  yanaraq  çəmənə 
çıxanda, ilk bahar gələrdi, ardınca da döl tökümü… Mart - doqquzu, aprel - beşi, leylək - qışı, 
Xıdırilyas… sonra gilas ağacları çiçəkləyir, tutlar yetişir və çölə-düzə yay gəlirdi. Yay gəlincə də 
arpa, buğda orağa, öküzlər xırman yerinə, saman bir tərəfə, dən bir tərəfə… Durnalar ikiyə bölər-

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
di anamın illərini, durnaların köçü yay ilə qışı bir-birindən ayırardı… Xəzəl dəmini, qoç qatımını 
yaydan, avarayı (fevralı - xalq deyimi) da qaraqışdan sayardı anam və durnalar gedərkən dağlara 
qırov düşərdi… 
Evin ən kiçik oğlu Hakan atasının nə vaxt getdiyini, nə vaxt gələcəyini bilmədən məktəbə 
getdi, mən isə nə vaxt doğulduğumu… Bürcüm  oğlaqdımı? Quzumu? Qoyunmu? Qoçmu? Xoş 
bir xəyalla qəzetdən bu falı oxuya bilmədim… 
Anam  ocağın  başında  dovğanı  bulayarkən  qatıq  çürüməsin  deyə  qazan  qaynayana  qədər 
yanında  gözləyər,  uzun  saplı  çömçəsiylə  çoxlu  qarışdırardı.  Mən  də  bürcümü  öyrənmək  üçün 
anamın qarşısına keçib əbəs yerə ili, ayı, günü axtarardım… 
- Ana, mən haçan doğuldum? 
- Sənmi? Eee, vergiyığanlar xırmanı müsadirəyə gəldiyi il! 
- Xırman zamanımı doğuldum? 
- Yox, o ilki xırman zamanı sənin hələ iyin-tozun da yoxdu… 
- Bəs vergiyığanlar xırmanı müsadirəyə nə vaxt gelmişdi, ana? 
- Atan tutulan il. 
- Atam nə vaxt tutuldu? 
- Öküzlərimizin ikisi birdən öldüyü il. 
- Öküzümüz nə vaxt öldü, ana? 
- Bağlar sovulanda. 
- Mən bağlar sovulandamı doğuldum? 
- Yox! 
- Soruşuram, bəs nə vaxt, ana? 
- Bağlar sovulandan çox sonraydı, çöldən əl-ayaq çəkilmişdi. Çox soyuq idi, qar yağırdı… 
- Yaxşı də, ana, qar hər il yağır! Sən yadına sal bir…. Payız idimi? Qışdımı? Qar vardısa, 
qış idi, yaxşı, qışın hansı ayında doğuldum? 
- Qar yağırdı!!! 
- Tamam, qış idi, qar nə vaxt yağırdı? 
- Hə, sən doğulanda kənddə bir dava oldu! 
- Dava nə vaxt oldu? 
- Atanın kəndxudalığa namizəd olduğu il. 
- Atam nə vaxt namizəd oldu? 
- Kənd mollasının öldüyü il. 
- Molla nə vaxt öldü? 
- Kənddəki davada, ara yerdə güllə dəydi. 
- Molla öləndə qış idimi? 
- Molla atanın tutulduğu il öldü! 
- Ana, deyirsən, qışda, mən qışdamı doğuldum? 
- Qaraqışmı, deyim, yanvarmı, fevralmı? Allahım, nə bilim, qaraqışın içindəydik. 
- Qaraqışmı? Qaraqışın hansı ayı? Dekabrmı? 
- Mən nə bilim, o dekabrdı, dekabr hələ yoxdu… 
- Dekabr, yanvar ayı deyilmi? Yanvar ayının əvvəli idimi? Sonu idimi? 
- Ocağa bir qazan dovğa qoymuşdum. Oxlovla onu qarışdırarkən belimdən bir sancı tutdu. 
Böyük qardaşına, qaç, dedim, qaç, Naciyə bibini çağır... 
- Ay ana, məni necə doğduğunu soruşmuram! Nə vaxt anadan olmuşam! Haçan? 
-  Sən  doğulmamışdan  bir  gün  əvvəl  ala  inəyimiz  buzovlamışdı,  axşama  yaxın  bir  sərnic 
ağzınacan süd sağıb gəldim. İndiki kimi yadımdadı! Özü kimi ala bir buzovu vardı, sən o buzov-
la yaşıdsan! 
- Yaxşı də, ana, indi ala inəyin buzovunu haradan tapıb soruşaq, kim bilir hansı ilin qurban 
bayramında boğazına bıçaq çəkilib. Sən yenə bir düşün, xatırla… 
- Nə bilim? Mənim ayım, günüm bəlliydimi? Bəxtiqaranın biriydim. Böyük bacın doğulan-
da, dedilər, qış yarıdı… 
- Bəs mən?.. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Aman, guzum, məni yorma, ayı, günü, vaxtı, saatı hardan bilim... 
- Ay anaa! 
- Dərdim atandı! Sus! Keşkə doğulmayaydınız! Sizə görə atanızın qəhrini çəkdim… Doğul-
masaydınız mən də bu uçuq divar dibində oturmazdım heç olmasa. Qalx, mənə bir tas su gətir, 
ürəyim yandı… 
… 
Gəlinlər nazlanaraq yaşmağını sıyırıb üzünü azca göstərəndə anam əvvəl uşaqlarını rahatla-
yar, sonra köçəri quşlar kimi əhənglənmiş kərpic evimizin çardağından uçardı. Leyləklər yuvaya 
dönəndə o, çölə gedərdi. Anam çölün ən qərib quşu idi, torpaqsız, arxasız, kölgəsiz, kimsəsiz… 
Belə kişi kimi güc vurar, kürəyi əlinə götürdümü torpağı küləyin qarı sovurduğu kimi sovu-
rardı. Gah başının üstündə, gah da şitillərin dibində ahənglə qalxıb-enən kətməni əllərinə necə də 
yaraşardı. Oraqla işləyəndə başağı əlinə dəstə-dəstə yığar, onu çalanda başaqlar dərz-dərz olar-
dı… 
Çöldəki  otların,  çiçəklərin,  quşların,  ağacların  diliylə  danışardı.  Qar  düzənlikdən  çəkilib 
dağların  döşünə  doğru  gedəndə  çölün  bahar  fəsli  yetişər,  yaşıl  çəmənlərə  rəngarəng  çiçəklər 
səpilərdi.  Anam  yol  boyunca  gördüyü  çiçəklərin  adlarını  bir-bir  sadalayar,  qarçiçəyi  sümbüllü 
türkülər  zümzümə  edərdi.  Mən  anamın  dalınca  tarlaya  gedərkən,  onun  dilində  min  bir  rəngə 
bürünən bu çöl qızlarının bir neçə günlük zərif rənglərini və incə, xəfif, kövrək adlarını öyrənər, 
yaddaşımın ağ vərəqinə yazardım… 
Anamın əzablı, əziyyətli Sultani illəri ilə bizim hazırkı təqvimimizin kədərli illəri bir-biri-
nin  ardınca  keçib  getdi.  Sürgün  kimi  ayrıldığımız  o  kənd,  bağımız-bağçamız,  ala  inək,  boğazı 
yoluq toyuq, qarabaş, muncuq… hamısı çox uzaqda qaldı. Beş uşaqlı, əhəngli kərpic evi isə ya-
ğışlar əritdi, sellər yuyub apardı… 
Şəhərdə yaşayırdıq... 
Süfrədə hərənin bir qaşığı vardı və səhərlər düyü aşı əvəzinə çay içər, nazik yuxa əvəzinə 
sobadan təzə çıxmış baton çörək yeyərdik... Salonda, vitrinli şkafın içində ağ-qara bir televizor, 
mətbəxdə soyuducu, yerdə fabrik xalçaları, pəncərələrdə tül pərdə və divarda böyük bir ayna ilə 
atamın Fizandan gələrkən gətirdiyi batareyalı bir saat vardı… 
Anamın saçları  günbəgün ağarırdı, bacımı köçürdü, böyük qardaşlarımı da yan-yön elədi. 
Atam yenə uzaq bir ölkəyə getdi, bu dəfə anamın çox istədiyi zəngli saatlardan gətirəcəkdi. Kiçik 
qardaşımla mən artıq anamın can yoldaşlarıydıq… 
O il litseyə birinci sinfə getdim, Hakan da beşinci sinifdə oxuyurdu. İkimiz də səhər öynəy-
dik. Məktəb uzaq idi, bir səhər fizika dərsinə gecikdim. Üstəlik tələsikdə fizika kitabımı da unut-
muşdum, fizika müəllimi zalım adamdı, bir də musiqi müəllimindən qorxardım… 
O axşam evdə anama divardakı tık-tak, tık-tak işləyən saatı göstərib bərk-bərk tapşırdım: 
- Ana, səhər saat yeddinin yarısında məni oyat, bu dəfə də geciksəm, qayıb yazacaqlar... 
- Yaxşı, quzum, yaxşı, - dedi, - ananın gözünə yuxumu gedər, sən narahat olma, mən yemə-
yini hazırlayar, səni tezdən oyadaram… 
Elə o gündən sonra yuxu mənə haram oldu. O gündən sonra anam isti yatağımdakı rəngli 
yuxularıma qənim kəsildi. Həftənin beş günü bəs eləmirdi, şənbə, bazar günləri də başımın üstü-
nü  kəsdirirdi.  Hər  gün,  hər  səhər  dan  yeri  ağarmamış  alıcı  quşlar  kimi  yorğanımı  qapır,  məni 
silkələyirdi: 
- Qalx, guzum! Qalx bir! Məhəllənin uşaqları məktəbə getmiş, küçədə ins-cins yoxdu, qalx! 
Məktəbə gecikərsən, yenə sənə qayıb yazarlar... 
- Ana, bu gün istirahət günüdü! Məktəb yoxdu… 
İstirahət günü məni oyatdığına görə min dəfə peşiman olub deyinərdi. 
- Əvvəl malın, davarın dərdindən  yata bilmədi quzularım, indi də məktəb… Mən  başıbat-
mış ayı, günü, saatı bilsəydim nə vardı! 
Şənbə, bazar günləri anamın əlindən qurtarmaq üçün fikirləşib bir çarə tapdım. Yatağımın 
baş tərəfinə süpürgəni və xəkəndazı qoyurdum. Anam bunları görəndə məni durquzmaqdan vaz 
keçirdi. Şənbə, bazar günlərini beləcə öyrəndi. Amma qış səhərlərində saatın neçə olduğunu nə 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
bilsin. Kənddəki kimi günəş doğulmadan qalxırdı, küçədə kimsənin olmadığını görən kimi təlaş-
la məni oyadır, məktəbə özü gedəcəkmiş kimi tələsdirirdi: 
-Qalx, guzum, qalx! Xalxın uşaqları çoxdan getmiş, məhlədə məktəb uşağı qalmamış, sən 
yenə gecikdin, qalx! 
Köz basılmış abdal kimi yatağımdan atılır, gözlərimi ovaraq divardakı saata baxıb donqul-
danırdım: 
- Ana, hələ səhər açılmayıb! Allahı sevərsən, burax, xoruzlar oyanmamış sən oyanırsan! Bu 
saatda təbii ki, küçədə kimsə olmaz! Bir saat sonra oyat, yaxşımı? 
- Yarım saatmı? Yaxşı, guzum, yat, yaxşı. 
On dəqiqə sonra anam yenə gəlirdi: 
- Yarım saat oldumu, guzum, qalx, saata bir də bax, amandı gecikmə… 
- Ay Allah, ana! Hələ çox tezdi, qurban olum, qaranlıqda durquzma məni, yeddinin yarısın-
da oyat, yeddinin yarısında… 
Qadın çarəsizdi: 
-  Mən  saatı  bilmirəm,  quzum,  oyanıb  qalxıram,  küçəyə  baxıram,  kimsə  yoxdu,  camaatın 
uşağının məktəbə getdiyini düşünürəm… 
Bir gün məni lap səhər azanında oyatdı. Yataqdan qalxdıqda məhəllənin imamı azana baş-
ladı. O gün qərar verdim: anama sovxaya qalmış saatı öyrətmək lazımdı, amma necə… 
Anama  bir  dəftər  aldım,  əvvəl  ədədlərdən  başladım...  Anam  artıq  kiçik  bir  qız  idi,  mən 
onun müəllimi… 
- Ana, əvvəl ədədləri öyrənməyin lazımdı. İndi on ikiyə qədər say baxaq… 
- Sayaram, canım, burda nə var. Bir, iki, üç … on bir, on iki.. 
-  Yetər,  on  ikiyə  qədər  saydınmı,  yetər.  İndi  bunların  necə  yazıldığını  öyrənəcəyik.  Bax, 
indi, bu neçədi? 
- Saymağa sayıram, yazmağı bilmirəm, oğulum. 
- Bax, bu "bir", ana, söylə görüm, "bir" nəyə bənzəyir? 
- Birmi? Oxlova bənzəyir... 
- Yaxşı, bunu unutma, "bir" oxlova bənzəyir. Bu neçədi? Birdən sonra hansı ədəd gəlirdi? 
- İki… 
- Yaxşı, "iki" neyə bənzəyir, ana? 
- Bu sovxanı heç nəyə bənzədə bilmirəm, guzum. 
- Sağ qolunu göstər, hansıdı? 
- Bax, budu. 
- Saata bax, bir hansıydı? 
- Bax, budu, oxlova bənzəyən. 
-  Bəs  oxlovun  yanındakı?  Bax,  bu  da  "iki".  Birin  yanından  sağ  qoluna  doğru  get,  "iki"di. 
Yaxşımı? Necə oldu? 
- Birin yanından sağ qoluma doğru gedəndə ikidi. 
- İkidən sonra sağa doğru get. Bu da "üç"dü. Say görüm. 
- Bir, iki, üç… 
- Birdən başlayıb hansı tərəfə doğru sayacaqsan? 
- Sağ tərəfə doğru. 
… 
- Oxlovun yanında bir də bir yuvarlaq xəmir kündəsi olsa, "on" olar. Elə deyilmi, guzum? 
Cüt oxlov olsa, on bir, yanındakı da on iki… On ikidən sonra, yenə bir gəlir… 
- Bəli, ana, indi oxlovdan başla, say baxaq, sağ tərəfə doğru… 
- Bir, iki, üç, dörd… on bir, on iki? 
- Bax, öyrəndin ana, gördünmü? 
- Atam başı batmış o il müəllimlə dalaşmasaydı, öyrənərdim, oğlum. Əlif xalan üç il getdi 
məktəbə, hər şeyi öyrəndi, saatı da bilir, pulu da... Denən, atan boynu sınmış, kafir kimi hər şeyi 
bilsə də otuz ildə mənə bir şey öyrətdimi... 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir  oxlov  kimi,  iki  heç bir  şeyə  bənzəməz!  Üç  qəssab  çəngəli…  Yeddi  oraq  kimi,  səkkiz 
gözlüyə bənzər… ədədlər qurtarmışdı, daha nə qalmışdı ki... yalnız bir dəfə göstərdim, əzbərlədi, 
su kimi içdi anam… 
- Bax, ana, bu saat əqrəbi, bu dəqiqə əqrəbi, bu da saniyə… 
-  Tamam,  oğulum,  -  dedi  və  dərhal  da  öz  dilinə  çevirdi:  kiçik,  iri  başlı  olanı  saat  əqrəbi, 
uzun, qara olanı dəqiqə əqrəbi, dəli kimi fırlananı da saniyə... 
Saatı əlimə aldım, burmacını burub-burub soruşurdum: 
- Saat əqrəbi birin üstündə, dəqiqə əqrəbi də on ikidə, saat neçədi, ana? 
- Saat bir! 
Hər dəfə dəqiqə əqrəbini bir dövrə artırıb soruşurdum: 
- Dəqiqə əqrəbi daha bir dəfə fırlandı, indi neçədi? 
- İki. 
- …Neçədi? 
- …Üç 
Hərdənbir karıxsa da bütöv saatları öyrəndi. Bir-iki gün ara verdik. Bazar axşamı saatı di-
vardan çıxardıb burmacını burdum. Saat yeddi idi. Möhkəm-möhkəm tapşırdım: 
- Məni saat yeddidə durquz… 
Bir az tərəddüd etdi: 
- Olar, yaxşı, saat əqrəbi yeddiyə, dəqiqə əqrəbi də on ikinin üstünə gəlincə durquzaram. 
Səhər anam çiynimdən tutub silkələdi: 
- Qalx, oğulum, qalx, fikrim qarışıb, hələ bir saata bax! 
Saata baxdım, yeddiyə iyirmi dəqiqə vardı. 
- Bax ana, - dedim, - bax, o dəqiqə əqrəbi var ha, on ikinin üstündə olanda durquz məni… 
Aradan bir neçə dəqiqə keçmişdi, təlaşla məni silkələdi. 
- Anan qurban, oğlum, bu sovxa saniyə var ha?.. 
- Bəli, ana! 
- Oğlum, saniyə məni çaşdırır. Dəqiqədə bir on ikinin üstündən keçir! 
- Ana, sən saniyəyə fikir vermə! Qoy gəlib keçsin, sən dəqiqə əqrəbinə bax! 
Bu dəfə anam hər dəqiqə başı gəlirdi: 
- Oğlum, saniyə sovxa məni çaşdırdı, bax gör yeddi oldumu? Saniyə əqrəbi gəlib keçir, gə-
lib keçir, dəqiqə əqrəbi isə yerindən tərpənmir. Bu sovxa sürətlə fırlanan kimi çaşıram, bu olma-
sa daha yaxşı öyrənərdim... 
Saatın saniyəölçəni  gözümdən düşdü. Səhərisi  saatı da qoltuğuma vurub saatsazın  yanına 
getdim. İçəri girən kimi soruşdum: 
- Usta, bu saniyəölçəni çıxartsaq, saat yenə işləyərmi? 
- İşləyər, işləyər… - dedi, - niyə çıxardım? 
- Sən çıxart, usta, çıxart, çıxart! - Dedim. 
Deyə bilmədim ki, bu sovxa anamın fikrini qarışdırır. Usta başını bulayaraq saatın içini aç-
dı, saniyəölçəni ehmallıca tutub çıxartdı. Batareyasını təzədən taxdı, qulaq verdi. Saat işləyirdi, 
yenə həmin səs gəlirdi: Tıq-tıq, tıq-tıq… 
Saniyəölçəni çıxardandan sonra anamın fikrini qarışdıran olmadı. Hər saatbaşı soruşurdum, 
həmişə də doğru cavab verirdi. Növbə yarımları öyrətməyə çatdı. Bir yarım! İki yarım! Yox, alı-
şa, yadında saxlaya bilmədi. Qarşısına aşılmaz bir dağ itələmiş, özünü də bərk qısnamışdım... 
- Ana, çətin deyil, yarımları da öyrənəcəksən. 
- Amaan! Yarımı yerə batsın! Yarım olmasa, kim küsəcək... 
- Bax, belə olsa, bir yarım… - dedim, anam gileyləndi: 
- Yarımı icad edənin evi başına uçsun, yaxşıca öyrənmişdim saatı... 
Saatın içində saat əqrəbi ilə dəqiqə əqrəbi qalanda anam təzədən həvəsləndi. Saat, saat ya-
rım… dəqiqə əqrəbi 6-nın üstündə, saat əqrəbi 1 ilə 2-nin arasında, əqrəb 8 ilə 9-un arasında, də-
qiqə  əqrəbi  6-nın  üstündə…  Sovxa  yarımlar  heç  cür  ağlına  batmırdı.  Xeyli  təkrarladım,  amma 
yarımları tam öyrənə bilmədi. Hərdənbir yarımı icad edənlərə hirslənsə də, neçə aydan sonra öy-
rənməyə başladı. Saatı göstərib deyirdi: bir, bir yarım, iki, iki yarım… 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir gün güldü. 
- Məsələ dəqiqə əqrəbindəymiş, - dedi. - Dəqiqə əqrəbi fırlanıb 12-nin üstünə gələndə, saat 
əqrəbi də başqalarının üstünə gəlir. Dəqiqə əqrəbi fırlanıb 6-nın üstünə gedəndə saat əqrəbi də iki 
ədədin arasına gəlir. O zaman yarım olur… 
Anam artıq saatı öyrənmişdi, dəqiqə əqrəbi necə olsa fırlanıb-fırlanıb gəlir, saat da ya üç, 
ya üç yarım, ya dörd, ya da dörd yarım olurdu. Dörddəbir, dörddəbirdən keçdi, iyirmi var, iyirmi 
beşi keçir… deyə öyrətməyə başlasam, fikri yenə qarışacaqdı. Məni hər səhər yeddi yarımda dur-
quzurdu və ikimiz də xoşbəxt idik… 
Bir axşam dərsimi hazırlayarkən anamı sınamaq istədim. Saata baxdım. Nə saat tamdı, nə 
yarım, səkkizdən on keçmişdi. 
- Ana, - dedim, - de görüm, saat neçədi? 
Anam  saata baxdı...  Saat əqrəbi ilə dəqiqə əqrəbi onun öyrəndiyi  vəziyyətdə deyildi. De-
yinməyə başladı: 
- Səkkiz desəm, səkkiz deyil, səkkiz yarım desəm, o da deyil… 
- Söyləsənə, ana, - dedim, - öyrəndin də, de görüm… 
Uzun-uzadı saata bir də baxdı, dodağının altında nəsə mızıldadı və boynunu büküb gözlə-
rimə baxdı: 
- Saat indi çox dağınıqdı, oğlum, - dedi, - dəqiqə əqrəbi bir az özünü toplasın, ondan sonra 
deyərəm… 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin