8. Verilənlər bazasının konsepsiyası Müasir informasiya sistemləri verilənlər bazası konsepsiyası əsasında qurulur.
Verilənlər bazası (VB) bir-birilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və vasitələrlə
təsvir olunan, saxlanılan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif
məqsədlər üçün istifadə olunan verilənlər toplusudur. Verilənlər adətən fayllarda
(cədvəllərdə)
saxlanılır. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri
aşağıdakılardır:
1. Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması. Eyni verilənlər
bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanılmaqla, digər fayllardan
çıxarılır və fayllar arasında əlaqə yaratmaqla onlara müraciət təmin olunur.
2. Verilənlərin mərkəzləşdirilmiş idarə olunması. Faylların emalından fərqli
olaraq, mərkəzləşdirilmiş idarəolunma verilənlərin bazaya daxil edilməsi, dəyişdirilməsi,
silinməsi və axtarışı əməliyyatlarının VB daxilində eyni üsul və vasitələrlə (proqramlarla)
aparılmasını nəzərdə tutur.
3. Verilənlərin müstəqilliyi. Verilənlərin tətbiqi proqramlardan və əksinə, tətbiqi
proqramların verilənlərdən asılı olmaması çox vacib məsələdir. VB-də bu məsələ
verilənlərin çoxsəviyyəli müstəqil təsviri və bu təsvirlərin yaradılma mexanizmlərinin
müstəqilliyi ilə əldə edilir. Nəticədə, verilənlərin məntiqi və fiziki səviyyələrdə
dəyidirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırılır.
4. Verilənlərin tamlığının təmin edilməsi. Təkrarlanmaların aradan qaldırılması
eyni verilənlərin müxtəlif fayllarda yol verilən uyğunsuzluqlarını aradan qaldırmağa
imkan verir. Lakin bəzi hallarda təkrarlanmaları tam aradan qaldırmaq mümkün olmur.
Bu halda eyni verilənlərin müxtəlif fayllardakı qiymətləri arasında uyğunluğun təmini
üçün VB-də lazımi vasitələr nəzərdə tutulur.