trassirovka adlanır. Trassirovka programı rastr təsvirdə yeni rəngə malik olan
piksellər qrupunu tapır və ona uyğun gələn vektor obyekt yaradır. Əksər hallarda
alınan nəticə üzərində işləmək lazım gəlir.
Vektor təsvirin əsas təşkilediciləri xətlər, çevrələr, ellipslər və digər sadə
fiqurlardır. Ona görə də son vaxtlara qədər vektor qrafikadan çertyojların,
diaqramların, qrafiklərin qurulması və eləcə də texniki illüstrasiyaların yaradılması
üçün istifadə edilirdi. Kompüter texnologiyasının inkişafı ilə vəziyyət xeyli dəyişdi.
Bu günkü vektor təsvirlər reallığa daha çox yaxındır. Lakin, vektor qrafika ilə
fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almaq mümkün deyil. Məsələ ondadır
ki, fotoqrafiya rənglərin və parlaqlıqların çox mürəkkəb bölündüyü mozaikadır.
Belə mozaikanı vektor primitivlər formasında təsvir etmək isə çox çətin məsələdir.
Vektor təsvirlər onlarla, bəzən də minlərlə əmrlərin köməyi ilə şərh edilir.
Çap prosesində bu əmrlər çıxış qurğusuna (məsələn, lazer printerə) verilir. Bu
zaman elə ola bilər ki, təsvir kağızda istifadəçinin istədiyindən tamam fərqli
formada çap edilsin və ya umumiyyətlə çap edilməsin. Belə vəziyyət ona görə baş
verir ki, printerin özünəməxsus prosessoru ona verilən əmrləri interpretasiya edir.
Ona görə də hər hansı sadə vektor təsviri çap etməklə printerin verilmiş standarta
uyğun olan vektor əmrləri yerinə yetirə bilib-bilmədiyini yoxlamaq lazımdır. Hər
şey normal olarsa həmin printerlə mürəkkəb vektor təsvirləri çap etmək olar.
Əgər printer hər hansı primitivi tanımasa, təsviri başqa printerdə çap etmək
lazımdır. Beləliklə, vektor təsvirlər bəzən kağıza çap edilə bilmir (və ya istənilən
kimi çap edilə bilmir).
RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların
köməyi ilə istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı
qrafik redaktorlar mövcuddur. Ona görə də konkret məsələ üçün hansı
redaktorun münasib olduğunu bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin
yaxşılaşdırılması və fotomontaj əməliyyatları rastr qrafik redaktorlarla aparılır.