İ N F O R M A T İ K A ____________________________________________________________ 171
F Ə S İ L IX. FƏRDİ KOMPÜTERİN PROQRAM TƏMİNATI PROQRAM TƏMİNATININ TƏSNİFATI. SİSTEM PROQRAM TƏMİNATI Fərdi kompüterlər proqramla idarə olunan hesablayıcı maşındır. Hər hansı
bir məsələni kompüterdə həll etmək üçün onun həll alqoritmi əsasında qurulmuş
proqram olmalıdır. Kompüterin fəaliyyəti onun yaddaşına yazılmış proqramla
təmin edilir. Proqram təkcə konkret məsələnin həlli üçün deyil, istifadəçi ilə
kompüter arasında əlverişli formada ünsiyyət yaratmaq, informasiyanın işlənməsi
prosesini idarə etmək, məsələlərin həllində proqramçıya kömək etmək,
proqramçının səhvlərini aşkar edib ona çatdırmaq və s. üçün istifadə edilir. Bu və
ya digər funksiyaları yerinə yetirmək məqsədilə kompüter uyğun proqramlar
kompleksi ilə təmin olunmalıdır.
Həmin proqramlar kompleksinə kompüterin proqram təminatı sistemi deyilir.
Müasir kompüterlər yalnız texniki göstəricilərlə deyil, proqram təminatının
zənginliyi ilə də bir-birindən fərqləndirilir və qiymətləndirilir.
Beləliklə, proqram təminatı kompüterdə məsələlərin həllini təşkil edən
proqramlar toplusudur. Proqram təminatı kompüterin vacib tərkib hissələrindən
biridir və onun müəyyən hissəsi texniki aparatla birlikdə alıcılara çatdırılır.
QEYD : Proqram təminatına aid ilk nəzəriyyə ingilis riyaziyyatçısı Alan
Tyurinq tərəfindən 1935-ci ildə “Decision problem” jurnalında dərc olunmuş
“Computable numbers with an application to the Entschcidungsproblem” adlı
oçerqdə təklif olunmuşdu. Müəllif məqalədə hesablama maşınını bir funksional
vəziyyətdən digərinə çevirə biləcək ibtidai şəkildə olan əməliyyatları ardıcıllıqla
yerinə yetirə bilən abstrakt maşının riyazı modelini vermişdi.
Müasir həyatda yeni informasiya texnologiyasının sürətlə inkişafı və onun
tətbiq sferasının geniş vüsət alması proqram təminatının intensiv inkişafına səbəb
oldu. Bununla əlaqədar qeyd etmək olar ki, son illərdə dünya miqyasında
proqram təminatının inkişaf etdirilməsi üçün 140 milyard dollara yaxın vəsait sərf
olunmuşdur. Bu vəsait hesabına proqram təminatının inkişaf meyli hər il
mütəmadi olaraq (ildə 20%) artır.