İ N F O R M A T İ K A ____________________________________________________________
402
Qreqori Benford
1970-ci ildə daha bir əhəmiyyətli
hadisə baş verdi. May ayında Venture
jurnalında Qreqori Benfordun (Gregory
Benford) fantastik “Üzü çapıqlı adam”
hekayəsi çap edildi. Həmin hekayədə Virus
və Vaccine adlı iki obraz var idi. Bu
obrazlardan biri virus, digəri antivirus
proqramının ilk təsvirləri idi. İki ildən sonra
Devid Gerroldun “Xarli bir yaşında olanda”
adlı fantastik romanında sistemi zəbt edən
qurda bənzər proqram təsvir edilmişdi.
“Qurd” termini ilk dəfə 1975-ci ildə Con Brannerin “Sarsıdıcı dalğada” adlı
romanında istifadə olunmuşdu.
“Kompüter virusu” termini ilk dəfə 1973-cü ildə Westworld adlı fantastik
filmdə istifadə edilmişdi. Bu sözbirləşməsi müasir adamların adət etdiyi mənada,
yəni “kompüter sisteminə soxulan ziyanverici proqram” kimi işlədilmişdi.
Nəhayət, 1977-ci il aprelin 20-də kütləvi istifadə üçün kompüter istehsal
edildi və bu hadisə özütörəyən proqramların özünü reallaşdırması şəraitini
əhəmiyyətli dərəcədə yaxşılaşdırdı.
1980-ci illərdə kompüterlər xeyli ucuzlaşdı və sayca çoxaldı. Bundan əlavə,
bu maşınlar daha məhsuldar idi. Böyük həvəskar entuziastlar bu maşınları daha
çox əldə etməyə başladılar. Nəticədə bu 10 illik kompüter dünyasında baş verən
hadisələrlə olduqca zəngin oldu. Özütörəyən proqramlar və qurd-proqramlar
yaratmaq sahəsində eksperimentlər aparıldı, nəticədə Elk Cloner və Virus adlı
proqramlar meydana çıxdı ki, bunlar da ilk kompüter virusları hesab edilir.
Əgər əvvəllər eksperimental nüsxələr yeridildiyi kompüteri heç vaxt tərk
etmirdisə, yeni proqramlar laboratoriyadan kənar kompüterlərdə, “azadlıqda”
görünməyə başladılar.
1981-ci ildə 15 yaşlı məktəbli Riçard Skrenta Apple II fərdi kompüteri üçün
ilk yükləmə virusunu hazırlayır. Virus çoxda böyük olmayan şeirdən ibarət idi və
fərdi kompüter istifadəçini salamlamaqla özünü biruzə verirdi.