2. Ağqoyunlu dövləti.
XIV əsrdə Kiçik Asiyanın şərqində məskunlaşmış Qaraqoyunlulardan qərbdə Ağqoyunlular yaşayırdılar. Cənubda -Urfada, Mardində, şimalda - Bayburdda, Dəclə çayının müxtəlif qollara ayrıldığı sahələrdə qışlaq və yaylaq həyat tərzi keçirən Ağqoyunluların mənşəyi mübahisələr doğurur.
XIV əsrin sonu və XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqı daxilində gedən mübarizələr kəskinləşməyə başladı. Müxtəlif feodal qrupları Qutlu bəyin üç oğlu (Əhməd, Pirəli və Qara Osmanın) ətrafına toplaşaraq hakimiyyəti möhkəmləndirməyə çalışdılar. Əvvəl üstünlük qazanmış Əhməd və Pirəli qorxulu saydıqları Qara Osmanı məğlub edib həbsə aldılar. Lakin tezliklə Qaraqoyunlu Qara Yusifin böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücumu ilə əlaqədar olaraq Qara Osman həbsdən azad edildi və Qaraqoyunlular əleyhinə yaradılmış qoşunun başında durdu. O, Qaraqoyunlularla olan döyüşdə qələbə çalaraq Diyarbəkirdə möhkəmləndi və Ağqoyunlu bəyliyinin əsasını qoydu. Sonralar Ərzincan və Mardin əraziləri də Ağqoyunlu tayfa ittifaqının hakimiyyəti altına düşdü.
Qara Osman (1394-1435) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzinə çevirdi, öz adından pul kəsdirdi. O, həyata keçirdiyi bir sıra tədbirlər vasitəsilə Ağqoyunlu tayfa ittifaqını xeyli möhkəmləndirdi. Tabe olunmuş ərazilərdə Ağqoyunlu tayfa ittifaqı əleyhinə baş vermiş feodal çıxışları Qara Osmanm ağır zərbələri nəticəsində məğlub edilirdi.
Ömrünü müharibə və döyüşlərdə keçirmiş Qara Osman 1435-ci ildə, 90 yaşında ikən Qaraqoyunlu döyüşçüləri ilə vuruşmalardan birində ağır yaralandı və öldü.
XV əsrin 40-50-ci illərində Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən mübarizənin ardı-arası kəsilmədi. Qara Osmanın dövründə qüvvətli mövqe tutmuş Ağqoyunlu tayfa ittifaqında başlanan arasıkəsilməyən daxili mübarizə Osmanlı dövlətinin diqqətini yenidən cəlb etdi. Osmanlı sultanlığı Ağqoyunlular əleyhinə bir sıra tədbirlər həyata keçirməyə cəhd etdi, lakin əhəmiyyətli nəticələr əldə edə bilmədi.
Qara Osmandan sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olmuş oğlu Əli bəy (1443-1444) daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi, lakin təkbaşına tam qələbə çala bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə yaxınlaşmağa çalışdı. İki tərəf arasında başlanan danışıqlar müsbət nəticələndi. Ağqoyunlu tayfa ittifaqı ilə Misir sultanlığı arasında bağlanmış müqavilədə qarşılıqlı kömək məsələsi nəzərdə tutulurdu. Bu müqaviləyə əsasən Misir hakimi 82 olan Məlik Əşrəf (1453-1461) Ağqoyunlu tayfa ittifaqının köməyinə 50 min nəfərlik hərbi qüvvə göndərdi.
XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi və şöhrətləndi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında daha sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyarbəkirdə idi və Uzun Həsən əsas zərbəni öncə Diyarbəkirə vurmağa çalışdı. 1453-cü ilin yanvar ayında baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. O, sonralar qardaşı Uzun Həsənə qarşı mübarizədə özünə müttəfiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni olan Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi.
Uzun Həsənin Ağqoyunlu tayfa ittifaqına başçılıq etdiyi ilk dövrlərdə feodal mübarizələrinin arası kəsilmədi, lakin Ağqoyunlu əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldular.
Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu.
XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi. Bu zaman Qaraqoyunlu Cahanşah böyük qüvvə topladı, Uzun Həsənə qarşı hərbi yürüş təşkil etdi. Bundan xəbər tutan Uzun Həsən oğlu Xəlil Mirzəni iki min atlı ilə Cahanşahın qarşısına yolladı. 1467-ci il noyabrın 10-da Muş düzündə hər iki tərəf arasında başlanmış döyüş Cahanşahın öldürülməsi və Qaraqoyunlularm məğlubiyyəti ilə nəticələndi. Muş məğlubiyyətindən sonra Qaraqoyunlular bir daha öz qüvvələrini bərpa edə bilmədilər. Bağdada qədər olan geniş ərazilər Ağqoyunluların əlinə keçdi.
Cahanşahdan sonra onun oğlu Həsənəli Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərdi, lakin buna müvəffəq olmadı. 1468-ci ildə Uzun Həsən asanlıqla Cənubi Azərbaycanı və Qarabağı ələ keçirdi. Nəticədə Qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu dövlətinin tərkibinə daxil oldu. Uzun Həsən Təbriz şəhərini yeni dövlətin paytaxtı elan etdi.
Dostları ilə paylaş: |