Ağqoyunlu dövlətinin xarici siyasəti. Teymurilər və Osmanlı dövləti ilə mübarizə. Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyasət Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdılar. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu.
Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrdə Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi olan Trabzon krallığı üzərinə hücuma keçdi.
Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın şərq ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırdı. Bu şəhər Ağqoyunlu tacirləri üçün də Qara dənizə ən əlverişli çıxış yolu idi.
Azərbaycanda hakimiyyətə gəlməmişdən xeyli əvvəl Ağqoyunlu bəyləri Trabzon hökmdarları ilə dostluq, hətta qohumluq əlaqələri yaratmışdılar.
II Mehmed Ağqoyunlulara zərbə vurmaq məqsədilə öncə Trabzon krallığı ilə hesablaşmaq qərarına gəldi. Vəziyyəti anlayan Trabzon hakimi 1457-ci ildə elçisini Diyarbəkirə, Uzun Həsənin yanına yolladı, Trabzonu Osmanlı sultanının hücumundan xilas etmək naminə hər sazişə hazır olduğunu bildirdi.
Uzun Həsən vəziyyətin çətinliyini görərək osmanlılarla sülh yaratmaq qərarına gəldi və sultanı Trabzon yürüşü fikrindən uzaqlaşdırmaq məqsədilə anası Saray xatunu II Mehmedin düşərgəsinə göndərdi. Saray xatun II Mehmedlə görüşərək onu Trabzon yürüşündən daşındırmağa çalışdı, lakin bir nəticə əldə edə bilmədi. Nəhayət, Trabzon şəhəri bir aylıq mühasirədən sonra sultan qoşunu tərəfindən tutuldu və Xıdır bəy adlı Osmanlı sərkərdəsi Trabzona canişin təyin olundu. Beləliklə, Bizans imperiyasının Kiçik Asiyada son qalığı olan Trabzon çarlığı 1461-ci ildə süqut etdi.
Uzun Həsənin qaynı, son Trabzon hakimi David Komnen İstanbula göndərilərək edam edildi.
Trabzonu fəth etdikdən sonra II Mehmed işğalçılıq siyasətini davam etdirdi. O, Azərbaycan ərazisini də öz əlinə keçirmək üçün Ağqoyunlulara qarşı qəti mübarizəyə hazırlaşdı. Uzun Həsən isə Azərbaycana soxulmağa çalışan Osmanlı qoşununa sərhəddən uzaqlarda zərbə vurmaq niyyəti ilə tədbir görməyə başladı. O, bir sıra dövlətlərin (Venesiya, Polşa, Macarıstan, Neapol krallığı, habelə Kipr və Qaraman) köməyi ilə qüdrətli Osmanlı imperiyasını darmadağın etmək üçün plan hazırladı.
1473-cü il avqust ayının 4-də Malatiya yaxnlığında II Mehmedin sərkərdəsi Xasmuradın qoşunları ilə Uzun Həsənin hərbi qüvvələri arasında döyüş başlandı. Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü. Lakin Uzun Həsənin osmanlılara qarşı apardığı hərbi əməliyyatlar nəticə etibarilə uğursuz oldu. 1473-cü il avqustun 11-də Tərcanda (Otluqbeli adlanan yerdə) Osmanlı qüvvələri Ağqoyunluları məğlub etdi.
Ağqoyunlu qüvvələrinin məğlubiyyətinin bir səbəbi Uzun Həsənin ordusunda kifayət qədər odlu silahın olmaması idi. Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Uzun Həsənə kömək edə bilmədi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarşı mübarizə aparmaqda olan Misir və Suriya qüvvələrindən istifadə edə bilməməsi ilə izah olunmalıdır. O, hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan qonşu Gürcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilmədi.
1471-ci ildə Ġosafat Barbaronun başçılığı ilə Azərbaycana yola düşmüş Venetsiya səfarəti (elçilik heyəti) üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onu hörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venesiya Respublikası öz vədinə əməl etməmişdi və buna görə də Uzun Həsən Ġosafat Barbaro ilə yeni danışığa girmək istəmədi. Barbaronun nəticə əldə edə bilmədiyini anlayan Venetsiya senatı Ambroco Kontarinini fövqəladə səfir kimi Uzun Həsənin yanına yola saldı. Kontarinin heyəti Almaniya, Polşa, Moskva dövlətləri və Krımdan keçərək beş ay yol qət etdikdən sonra, 1474-cü il avqustun 4-də Təbrizə çatdı. O, Təbrizə yetişərkən Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Ağqoyunlu dövlətinə qarşı qiyam qaldırmışdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. ġəhərin vəziyyəti çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı".
1474-cü il sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi. Kontarini Təbrizdə rast gəldiyi ağır vəziyyət haqqında topladığı məlumatı Liompardo vasitəsilə Venesiyaya göndərdi. Sonra o, Uzun Həsənin olduğu İsfahan şəhərinə tərəf yollandı və ay yarımdan sonra oraya çatdı. O vaxtlar Barbaro da İsfahana gəlmişdi. Uzun Həsən 1474-cü il noyabrın 4-də Venesiya elçilərinin hər ikisini öz sarayına çağırdı və onları qəbul etdi.
1475-ci il iyunun 11-də Uzun Həsən Təbrizə gəldi. O, bir neçə dəfə Venesiya və Burqundiya səfirlərini qəbul etdi. Uzun Həsən osmanlılara qarşı çıxış etmək barədə onlarla danışıq apardı və baş verə biləcək Osmanlı basqınlarından müdafiə üçün hazırlıq işləri görməyə başladı.
Uzun Həsən Şirvanşah Fərrux Yəsarla və Ərdəbil şeyxi Heydər Səfəvi ilə ömrünün sonuna kimi dostluq əlaqəsi saxlamışdır. Hələ hakimiyyətə qədərki dövrdə o, qızını ġeyx Heydərə ərə vermişdi. Bu, Trabzon imperatoru Kalo Ġohann Komnenin vaxtilə Uzun Həsənə verdiyi Katerinanın qızı idi.
Üç dövlət arasında olan dostluq ittifaqı ölkənin daxilində sabitlik yaranmasını təmin etmişdi. Uzun Həsənin vəfatından sonra ölkənin sabit həyatı pozuldu, onun daxilində kəskinləşmiş feodal mübarizəsi Azərbaycanın iqtisadi və mədəni inkişafına olduqca ağır təsir etdi.
Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər).
1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər qənimət əldə etməsinə şərait yaratmışdı.
Uzun Həsən müxtəlif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil etmişdi.
Uzun Həsənin ölümündən sonra (5 yanvar 1478-ci il) Ağqoyunlu dövlətinin daxili zəifliyi özünü göstərdi. Köçəri əyanların tələbatını ödəmək məqsədilə onlara böyük güzəştlər etmiş və geniş ərazi ələ keçirmiş Uzun Həsənin yaratdığı Ağqoyunlu dövləti daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradı.
Uzun Həsənin nəslindən yalnız oğlu Sultan Yaqubun hakimiyyəti uzun sürdü (1478-1490). O, ziyalı hökmdar idi, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq edirdi. Sultan Yaqubun hərbi qələbələrində lələsi Süleyman bəy Bicənoğlunun rolu olmuşdur. Süleyman bəyin sərkərdəlik məharəti xüsusilə Misir və Suriya sultanı Qayıt bəyin ordusu ilə müharibədə özünü göstərdi. 1480-ci ildə 40 minlik Məmlük ordusu Ağqoyunlu sərhədlərini keçərək Urfanı (Ruhanı) almağa cəhd etdi. Lakin Süleyman bəy və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu düşmənə ağır zərbə endirərək onu darmadağın etdi. Məmlük ordusunun başçısı Yaşbəy qətl edildi, bir sıra Məmlük sərkərdələri isə əsir düşdü. Sultan Yaqubun qəfil ölümü əyanlar arasında taxt-tac uğrunda qanlı toqquşmalara səbəb oldu. Sultan Yaqubun (Şirvanşah Fərrux Yəsarın qızından olan) 9 yaşlı oğlu Baysunqur lələsi Sufi Xəlil Mosullunun köməyi ilə taxta çıxarıldı (1460-1492).Sufi Xəlil Süleyman bəy Bicənoğlu tərəfindən məğlub edildi və hakimiyyət onun əlinə keçdi. Lakin çox çəkmədi ki, Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu Ġbrahim Uzun Həsənin Əlincə qaladakı nəvəsi Rüstəmi həbsdən azad edib onu Təbriz taxtına çıxartdı. Baysunqur babası Fərrux Yəsarın sarayında sığınacaq tapdı. Süleyman bəy isə Diyarbəkirə qaçdı və orada öldürüldü.
Rüstəm beş il hakimiyyətdə qaldı (1492-1497). Türkiyədən gələn Uzun Həsənin başqa nəvəsi (Uğurlu Məhəmmədin oğlu) Gödək Əhməd Eybə Sultanın xəyanəti nəticəsində Rüstəmə qalib gəldi və Təbrizdə taxta çıxdı. Lakin altı aydan sonra Gödək Əhməd Eybə Sultanın növbəti xəyanəti və qiyamı nəticəsində öldürüldü. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü, iki ildən sonra isə öz yerini Uzun Həsənin nəvəsi İsmayılın qurduğu Səfəvi-Qızılbaş dövlətinə verdi.
Dostları ilə paylaş: |