İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


XV əsrdə Azərbaycanda sosial – iqtisadi və mədəni inkişaf



Yüklə 436,25 Kb.
səhifə49/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   45   46   47   48   49   50   51   52   ...   109
tarix

3.XV əsrdə Azərbaycanda sosial – iqtisadi və mədəni inkişaf.

XV əsrdə Azərbaycamn iqtisadi həyatının müxtəlif sahələri qeyri-bərabər nisbətlərdə inkişaf etmişdi.

Şirvanın iqtisadiyyatında baş vermiş yüksəliş Avropa səyyahlarının (xüsusilə Şiltbergerin) diqqətini cəlb etmişdir. 1475-ci ildə Şirvanda olmuş Venesiya səyyahı Kontarini Şirvanşah mülklərinin səciyyəsini belə vermişdir: "Bu ölkə başlıca olaraq gözəl, məhsuldar düzənlikdən ibarətdir və Uzun Həsənin mülklərindən daha yaxşı, daha məhsuldardır". Şirvanda kənd təsərrüfatı əmtəələrinin ucuz qiyməti venesiyalını heyran etmişdi. Şamaxı və Dərbənd arasındakı ərazidə yerləşmiş Şabran, onun ətrafı Kontarininin diqqətini xüsusilə cəlb etmişdi: "Yolun yarısında biz yaxşı bir şəhərciyə təsadüf etdik. Burada xeyli meyvənin, xüsusilə almanın yetişdiyinin şahidi olduq. Biz əla keyfiyyəti olan almanın bu cür bolluğuna inana bilmirdik".

Dərbəndilər sülaləsindən olan ilk üç şirvanşahın ( I İbrahim. I Xəlilullah və Fərrux Yəsar) hakimiyyəti illərində Şirvan iqtisadi yüksəliş mərhələsində olmuşdur. Bu dövrdə Şirvan kəndlilərinin vəziyyəti Azərbaycanın başqa vilayətlərinə nisbətən yüngül idi. Azərbaycanın bu vilayətində kənd təsərrüfatının yüksək inkişaf səviyyəsi daxili siyasi şəraitin sabitliyi ilə əlaqədar olmuşdur.

Azərbaycamn cənub vilayətlərində viranedici müharibələr və feodal çəkişmələri davam edirdi. Bu hadisələr kənd təsərrüfatının inkişafına əngəl törədirdi. Teymuri hökmdarlarının yerli əhali hesabına hərbi hissələri təchiz etmək sahəsindəki soyğunçu tədbirləri, Cəlairi və Qaraqoyunlular arasında baş verən hərbi toqquşmalar geniş əhali kütlələrini müflisləşdirirdi.

Mənbələrdən məlum olur ki, bu dövrdə ölkənin cənub vilayətlərində dəhşətli aclıq və dağıntı hökm sürmüş, 1413-cü ildə baş vermiş aclıq zamanı çörəyin qiyməti görünməmiş dərəcədə artmışdı.

Ağqoyunluların hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi vəziyyətində müəyyən dirçəliş baş verdi. XV əsrin 70-ci illərində Cənubi Azərbaycanda və İranın mərkəzi vilayətlərində olmuş Kontarini göstərirdi ki, "bu yerlər həyat üçün zəruri olan müxtəlif ərzaqla, meyvələrlə zəngindir". Lakin səyyah əlavə edirdi ki, "Ağqoyunlu dövlətinin ərazilərində ərzaq və başqa məhsullar çox baha idi".

Azərbaycan feodal dövlətlərində monqol hökmdarlığı dövründə formalaşmış torpaq mülkiyyəti növləri mövcud idi (divani, xassə, mülk, vəqf). Müsəlman və xristian dini idarələrinə məxsus olan vəqf mülkləri vəqfi-xeyri adlanırdı. Seyidlərə, dərviş şeyxlərinə, müqəddəs hesab olunan şəxslərə məxsus vəqflər isə vəqfi-əhli adı ilə tanınırdı.

Əvvəllər mövcud olmuş iqta institurunu soyurqal əvəz etməkdə idi (monqol mənşəli soyurqamışi istilahındandır və bəxşiş mənasını verir). Azərbaycanda soyurqallara dair ilkin məlumatlar XIV əsrin ikinci yarısına, Cəlairilərin hakimiyyəti dövrünə təsadüf edir. Soyurqal feodallara sultan tərəfindən bağışlanırdı. Hərbi və mülki xidmət müqabilində bağışlanmış bu mülklər feodalların irsi istifadəsində olurdu. İqtaya nisbətən soyurqal sahibinin hüquqları daha geniş idi. Soyurqal sahibi vergi tədbirlərində və məhkəmə-inzibati fəaliyyətində müstəqil olmuşdur. Vergi toxunulmazlığı hüququ soyurqal sahibinin zənginləşmə vasitəsi idi; əvvəllər dövlət xəzinəsinə daxil olan vergilər mülk sahibinin ixtiyarına keçmişdi. Soyurqal sahibinin öz torpaq sahəsində vəzifəyə təyin etdiyi şəxslər yalnız onun qarşısında hesabat verirdilər.

Soyurqal institutunun geniş yayılması mərkəzi hakimiyyətin maddi əsasını məhdudlaşdırır, onun gəlirlərini xeyli dərəcədə azaldırdı. Soyurqalın irsiliyi soyurqal sahibini mərkəzi hakimiyyət üçün təhlükəli ünsürə çevirməkdə idi. İri soyurqal sahibləri artıq özlərindən asılı olan şəxslərə xırda soyurqallar bağışlamağa başlamışdılar. Feodalların siyasi təsiri torpaq sahələrinin kəmiyyəti və məhsuldarlığı ilə deyil, onların sahib olduğu nökərlərin (soyurqal almış xırda feodalların) sayı ilə müəyyən edilirdi. XV əsrin ikinci yarısından mərkəzi hökumət soyurqal sistemini sarsıtmaq üçün mübarizəyə başladı. Əgər XV əsrin birinci yarısında (Qaraqoyunlu hakimiyyəti illərində) soyurqallar əsasən hərbi-köçəri əyanların nümayəndələrinə verilirdisə, Ağqoyunlu hakimiyyəti dövründə bu mülklər başlıca olaraq ruhanilərə və mülki bürokratiya nümayəndələrinə bağışlanırdı. Ağqoyunlu Yaqub və Əhməd güclənmiş soyurqal sahiblərinə qarşı qəti mübarizəyə başlamağa cəhd etdilər. Lakin mərkəzi hökumətin bu əməli feodal qiyamlarına səbəb oldu və XV əsrin sonlarında Ağqoyunlu dövlətinin süqutu ilə nəticələndi.

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində hakim sinif tərkib baxımından müxtəlif idi. Bu sinif əsasən aşağıdakı qruplardan ibarət olmuşdur:

a) padşah (sultan) başda olmaqla hakim sülalə; b) Barani, Sədli, Baharlı, Bayandur, Pörnak, Mosullu və Qacar tayfalarının hərbi-köçəri əyanlar kütləsi; c) yerli, oturaq əyanlar (məliklər); ç) ali mülki bürokratiya nümayəndələri; d) ali müsəlman (sünni) ruhaniləri. Ali xristian ruhaniləri təbəqəsi Azərbaycanın bəzi vilayətlərində torpaq sahələrinin mülkiyyətçisi idi. Azərbaycan tayfalarının hərbi-feodal əyanları göstərilən qruplar arasında aparıcı yer tutmurdular.

Şirvanşahlar dövlətində feodal sinfinin strukturu problemi az öyrənilmişdir. Lakin qeyd etmək lazımdır ki, yerli oturaq feodalların nümayəndələri Şirvanın hakim sinfinin aparıcı qüvvəsi idi.

XV əsrin rəsmi sənədlərindən məlum olur ki, bu dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. Malcəhət (və yaxud bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin "Qanunnamə"sinə əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu ixracat adı ilə tanınmışdı. Qeyri-qanuni surətdə, özbaşına şəkildə toplanan vergilər şiltaqat adlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını da çəkməli olurdular (şilənbəha, süfrəbəha və başqa mükəlləfiyyətlər). Yerli inzibati-polis məmurunun (dəruğəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların (rəsm əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Feodallar müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün mürəkkəb vergi sistemi yaratmışdılar. Maldarlardan çobanbəyi vergisi alınmırdı.

Azərbaycan feodalları, adətən, şəhərlərdə yaşayır, vergiləri xüsusi məmurlar vasitəsilə toplayır, əldə olunan nemətləri israfçılıqla istehlak edirdilər. Bir çox hallarda feodallar vergilərin toplanması hüququnu icarəyə verirdilər (müqatiə). İcarədarlar mülkiyyət sahibinin mənimsəyəcəyi vergilərin bütün məbləğini əvvəlcədən ödəyir, kəndlilərin dilənçi halına düşməsi, müflisləşməsi prosesini sürətləndirirdilər.

XIV əsrin 70-ci illərindən XV əsrin 30-cu illərinədək Azərbaycanda şəhər həyatının, ticarətin və xüsusilə sənətkarlığın tədricən tənəzzül etməsi prosesi baş vermişdir. Sosial-iqtisadi, hərbi, siyasi, ideoloji hadisələrin zənginliyi baxımından bu dövr Azərbaycan tarixinin əlamətdar gerçəkliklərindən biri olmuşdur. Ən əhəmiyyətli şəhərlərin iqtisadi səviyyəsinin enməsi, həmin mərkəzlərin xırdalaşması, onların kənd təsərrüfatı təmayülündə tərəqqisi, bəzən bir sıra orta və kiçik miqyaslı şəhərlərin məhv olması bu dövrün səciyyəvi əlamətlərindəndir. Bu proseslər Teymurun yürüşlərinədək olan tarixi mərhələdə başlanmışdı. Azərbaycan ərazisində baş vermiş hərbi-siyasi səciyyəli proseslər şəhərlərin dağılmasına, əhalinin kütləvi şəkildə miqrasiyasına səbəb olurdu. Bu dövrdə Şirvan daha əlverişli sosial-iqtisadi və siyasi şəraitdə inkişaf edirdi. Lakin 1434-cü ildə Ġskəndər Qaraqoyunlunun qoşunu ġirvana hücum etdi, ipək istehsalı üçün zəruri olan tut bağları amansızlıqla məhv olundu. Şamaxı şəhəri qarət, dağıntı və talanlara məruz qaldı. Bu, monqol yürüşlərindən sonra ən viranedici basqın olmuşdur.

XV əsrin 30-80-ci illəri ölkənin nisbətən sabit siyasi şəraitdə inkişaf etməsi ilə əlamətdardır. Cahanşah Qaraqoyunlunun, Uzun Həsən Ağqoyunlunun və Sultan Yaqubun hakimiyyətləri dövründə şəhər həyatı daha yüksək inkişaf səviyyəsində olmuşdur. Uzun Həsənin islahatı (vergi və mükəlləfıyyətlərin qeydə alınması) şəhərlərin yüksəlişini təmin edən rəsmi tədbir idi. Şirvan, xüsusilə onun paytaxtı Şamaxı şəhər təsərrüfatının inkişaf prosesində yeni mərhələyə daxil oldu.

XV əsrin sonları - XVI əsrin başlanğıcında Azərbaycanda feodal müharibələri yenidən gücləndi və bunun nəticəsində şəhərlərin inkişafı prosesi də ləngidi. Bütövlükdə XV əsr (əsrin əvvəli və sonu istisna olunmaqla) Azərbaycanda şəhər həyatının nəzərəçarpacaq dərəcədə canlanması, şəhərlərin ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilə bilər. Şəhərlərin inkişafı həm daxili, həm də xarici bazarda əmtəələrə olan tələbatın artması ilə əlaqədar idi. Kapitalın ilkin yığımı prosesinin xeyli sürətləndiyi Avropa ölkələrində və Asiyada əmtəə-pul münasibətlərinin inkişafı hər iki qitə arasında tranzit ticarətin genişlənməsinə şərait yaratmışdı. Azərbaycan şəhərləri (xüsusilə Təbriz) bu inteqrasiya prosesində mühüm rol oynamışdı.

Bakı XV əsrin ikinci yarısında Xəzərdə başlıca limana çevrilmişdi. Şəhər Həştərxanı, Orta Asiyanı, Moskva dövlətini ticarət əlaqələri ilə bağlayan mühüm mərkəz olmuşdu. Burada neft hasil olunur, sənətkarlıq və ticarət inkişaf edirdi. Bakıda sikkəxana fəaliyyət göstərirdi. Şəhər daşdan tikilmiş ikiqat qala divarları ilə əhatə olunmuşdu. XV əsrdə Bakı şəhəri Şirvanşahlar dövlətinin siyasi, iqtisadi mərkəzi olmuş, bu gerçəklik isə öz ifadəsini Şirvanşahlar sarayının gözəl memarlıq ansamblında tapmışdır. Bakının ictimai-iqtisadi, siyasi, ticarət əhəmiyyətinin artması ilə Dərbənd şəhəri özünün keçmişdəki təsərrüfat əhəmiyyətini itirməyə başlamışdı.

Şamaxı bu dövrdə də Azərbaycanın mühüm şəhərlərindən biri olmuşdur. Barbaronun verdiyi məlumatlara əsasən belə nəticəyə gəlmək olar ki, XV əsrdə Şamaxıda 30-60 min nəfər yaşamışdır. Bu şəhər Azərbaycan miqyasında ən iri, Yaxın Şərq miqyasında isə orta səviyyəli iqtisadi mərkəz idi. Kontarini Təbriz və Şamaxını müqayisə edərək belə qənaətə gəlmişdi ki, ġamaxı həyat üçün əlverişli məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur.

Marağa, Ərdəbil, Gəncə və Xoy şəhərləri XV əsrdə də iri ticarət-sənətkarlıq mərkəzləri idi. Klavixo qeyd edir ki, "Xoy ətrafında xeyli bağ və bostan vardı. Şəhərə çoxlu kəhriz çəkilmişdi". XV əsrdə Sultaniyyə şəhəri özünün çiçəklənmə mərhələsini yaşamışdır. Klavixo Sultaniyyəni iri ticarət mərkəzi kimi təqdim edir və göstərirdi ki, bu şəhər ticarət əməliyyatlarından xeyli gəlir əldə edir və dövlətin xəzinəsini zənginləşdirirdi. Coğrafi cəhətdən bir-birinə yaxın olan Təbriz və Sultaniyyə şəhərləri XIV-XV əsrlərdə rəqabət aparmışlar. XIV əsrin sonu - XV əsrin əvvəllərində Sultaniyyə hərbi-siyasi çəkişmələrdən xeyli zərər çəkmişdi. Qara Yusif Qaraqoyunlu ara müharibələrində Sultaniyyəni müdafiə edəcəyinə inamını itirdi, əhalinin bir hissəsini Təbrizə və Marağaya köçürməli oldu. Bu dövrdən etibarən Təbriz yenidən Azərbaycan və qonşu ərazilərdə yaranan dövlətlərin paytaxtına çevrildi. XV əsrin 70-ci illərində Sultaniyyədə olmuş Kontarini şəhərin ticarət-iqtisadi əhəmiyyətindən könülsüz danışmışdır. Venesiya səyyahı qeyd edirdi ki, " şəhərdə Ulcaytu türbəsindən başqa diqqətəlayiq olan bir şey yoxdur". Kontarini Təbriz haqqında daha həvəslə söhbət açmış, şəhər əhalisinin çoxluğunu, ərzaq bolluğunu, şəhərin abadlığını, ticarət fəaliyyətinin genişliyini xüsusilə qeyd etmişdir.

XV əsrdə Azərbaycanın digər şəhərləri haqqında mənbə məlumatları səthidir. Bəzi hallarda şəhərlərin yalnız adları çəkilir: ġabran, Mahmudabad, Beyləqan, Ucan, Səidabad, Cavad, Miyanə və s.

XV əsrin əvvəllərində Teymurilər Beyləqan şəhərini bərpa etməyə başladılar. Əbdürrəzaq Səmərqəndinin məlumatlarından aydın olur ki, "Əmir Teymur Beyləqanı abadlaşdırmış, orada hamam, ibtidai ruhani məktəb (dəbistan) tikdirmiş, Beyləqanın kəhriz şəbəkəsinin bərpa olunmasına sərəncam vermişdi". Klavixo da bu barədə məlumat verir. Lakin onun məlumatları dəqiq deyildir. Əmir Teymur Beyləqanın dirçəldilməsinin qeyri-mümkün olduğunu anladı və bərpa işləri dayandırıldı. Teymuri hökmdarı Şahruxun dövründə Beyləqanda zəlzələ baş verdi və hökmdar dağılmış şəhəri tərk etməli oldu. Bu baxımdan Əbdürrəşid Bakuvinin Beyləqanı əhəmiyyətli, iri şəhər kimi təqdim etməsi gerçəklikdən uzaqdır.

Ucan şəhərinin də taleyi Beyləqan şəhərinin taleyinə bənzəyir. XIV əsrin sonu və XV əsrin əvvəllərində Ucan şəhəri adi kəndlərdən birinə çevrildi. Halbuki Elxani hökmdarı Qazan xanın dövründə bu şəhər ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynamışdır. 1489-cu ildə Yaqub Ağqoyunlu Qazan xanın "zamanın zərbələri altında viran qalmış" sarayın, Ucan şəhərinin digər mülklərini bərpa etmək haqqında əmr verdi. Bərpa işləri qısa müddətdə başa çatdı və Sultan Yaqub sarayı ziyarət etdi. Lakin şəhərdə bərpa işləri davam etdirilmədi. Ucan əhalisinin əksəriyyəti Təbrizə köçdü.

Bu dövrdə Miyanə xırda şəhər kimi tanınırdı. Klavixo öz qeydlərində çox zaman Miyanə adlanan yaşayış məntəqəsini kənd kimi təqdim edir.

XVəsrdə Təbriz, Gəncə, Ərdəbil və Şirvan şəhərləri (ilk növbədə Şamaxı) Azərbaycanın mühüm toxuculuq mərkəzləri sayılırdı. Bakuvi qeyd edirdi ki, Gəncə sakinləri ipək qurdunun yetişdirilməsində və ipəyin hazırlanmasında mahir idi. XV əsrin ikinci yarısından etibarən Şirvanın iqtisadiyyatı daha böyük sürətlə tərəqqi edirdi. Şirvanın ipək parçaları geniş beynəlxalq nüfuz qazanmışdı. Bütövlükdə XV əsri toxuculuqda, tikinti işində, dulusçuluqda, monqol işğalından sonra yaranmış bəzi sənətkarlıq sahələrində müxtəlif üslub və texniki üsulların təşəkkül tapması və möhkəmlənməsi dövrü hesab etmək olar. Hülakular dövlətinin paytaxtı Təbriz və onun ətrafı monqol hakimləri tərəfindən işğal olunmuş ölkələrdən məcburi şəkildə gətirilmiş on minlərlə sənətkarın toplaşdığı məkan idi. Bura İrandan, Çindən, Kiçik Asiyadan, Suriyadan və digər ölkələrdən minlərlə sənətkar köçürülmüşdü. Bu sənətkarlar özləri ilə rəngarəng bədii və texniki inşa üslubu, sənətkarlıq istehsalı vərdişləri də gətirmişdilər. Yerli sənətkarların nailiyyətləri ilə əlaqədar bu üsullar sənətkarlıqda və incəsənətdə XV əsrdə kamilliyə çatmış yeni istiqamətlərin meydana gəlməsinə şərait yaradırdı.

Fərrux Yəsarın hakimiyyəti illərində Şirvan dövləti yüksəliş və müstəqillik dövrünü yaşayırdı. Bunu onun hakimiyyətinin birinci ilində (1465-ci ildə) Şamaxıda, Şirvanşahların adı ilə zərb edilmiş gümüş sikkə (təngə) kimi numizmatik dəlil sübut edir. 1948-ci ildə İçərişəhərdə aşkara çıxarılmış dəfinədə aşağıdakı yazılı, Şamaxı zərbli mis sikkələr var idi: "Əlahəzrət sultan, Şirvanşah Fərrux Yəsar". Sikkənin arxa tərəfmdə isə tarix, məzhəbin adi simvolu və dörd xəlifənin adı həkk edilmişdir. Fərrux Yəsarın sikkələrində şirvanşah titulu da qeyd edilmişdi.

Bu dəfinədən tapılmış külli miqdarda Şirvan sikkəsi ölkədə ticarətin və əmtəə-pul münasibətlərinin inkişafını göstərir.

Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir.

Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20) alınmağa başlandı. Buradan belə bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10 həcmində alınmırdı. Digər vergilərin də həcmi dəqiqləşdirildi. Məsələn, torpaq vergisi azaldılaraq məhsulun həcminin 1/6-i qədər oldu.

Sonuncu Ağqoyunlu padşahlarından Gödək Əhmədin dövründə, 1497-ci ildə vergi islahatını həyata keçirməyə yenidən cəhd göstərildi. Əhməd Uzun Həsənə qarşı üsyan qaldırmış və Türkiyəyə qaçmış Uğurlu Məhəmmədin oğlu idi. Uğurlu Məhəmməd Sultan Mehmedin qızı ilə evlənmiş və bu izdivac nəticəsində Əhməd doğulmuşdu. O, Sultan Bayazidin sarayında mükəmməl təhsil almış və Osmanlı hökmdarının qızlarından biri ilə evlənmişdi. Əhməd Uzun Həsənin nəvələri olan Baysunqurla (Yaqubun oğlu) Rüstəm (Maqsudun oğlu) arasında şiddətli mübarizə getdiyi zaman Azərbaycana gəlmişdi.

Hakimiyyətin mərkəzləşdirilməsinə yönəldilmiş islahat cəhdləri bu dəfə də nəticəsiz qaldı. Bu dövrdə islahatı həyata keçirməyə qarşı çıxmış siyasi qüvvələr daha güclü idi. Əhməd cəmi 7 ay hakimiyyətdə olmuş və əmirlərin qiyamı zamanı qətlə yetirilmişdi.

XV əsrdə istismar olunan kəndlilərin, şəhərlilərin feodal sinfinə qarşı mübarizəsi, adətən, Teymurilərin hakimiyyətinə qarşı azadlıq hərəkatı, işğalçıların qovulması və yerli, Azərbaycan dövlətlərinin yaranması prosesi ilə qovuşurdu. Teymurun ölümündən sonra baş vermiş daxili müharibələr Azərbaycan əhalisinə olmazın əzablar gətirmişdi. XV əsrin birinci rübündə ölkədə qoşunların fasiləsiz yerdəyişməsi və hərbi əməliyyatlar xalq kütlələrinin güzəranını ağırlaşdırdı. Dözülməz həyat şəraiti yoxsul, əzilən kütlələri fəaliyyətə cəlb etdi. Dövrün tarixçiləri bu gerçəklik haqqında az da olsa məlumat vermişlər.

Bu dövrdə antifeodal mübarizəsi dini müxalifət şəklində təzahür edirdi. Xalq narazılığı və həyəcanlarının artması haqqında Azərbaycanda, həmhüdud ölkələrdə radikal şiə məzhəbinin, hürufiliyin geniş yayılması əsasında mühakimə yürütmək olar. Şiələr, Hürufilər Teymurilərə və feodal özbaşınalığına qarşı inadlı, barışmaz mübarizə aparırdılar. Hürufilik təliminin banisi azərbaycanlı Məhəmməd Təbrizinin oğlu Fəzlullah Nəimi idi.

Əl-Hürufi təxəllüslü Fəzlullah Nəimi XV əsrin əvvəlində Əmir Teymurun oğlu Miranşah tərəfindən Şirvanda həbs olunmuş və bidətçi kimi edam edilmişdi. Teymurilər o dövrdə dərviş və zəvvar kimi çıxış etmiş xalq hərəkatı başçılarına amansız divan tururdular. Xalq arasında böyük nüfuza malik olan Baba Niki adlı bir dərvişin fəaliyyəti Teymuri hökmdarı Öməri vahiməyə salmışdı. Ömər hiylə ilə onu sarayına gətirib edam etdirmişdi. 1406-cı ildə Təbriz əhalisi onlardan böyük məbləğdə pul tələb etmiş Ömərin casuslarına qarşı silahlı mübarizə yoluna keçdi. Təbriz sənətkarları və yoxsullarının fəal iştirak etdiyi bu üsyana şəhərin yuxarı təbəqəsinin nümayəndələri Şeyx Əxi Qəssab və Qazi İmadəddin rəhbərlik edirdilər.

Azərbaycan ərazisi Sultan Əhmədin əlinə keçərkən Qazi İmadəddin Naxçıvan mahalının idarəçiliyini ələ aldı. Qara Yusif İmadəddinin mahaldakı hakimiyyətini tanımağa məcbur oldu. Dövrün tarixçiləri məlumat vermişlər ki, bundan sonra Qazi əhalidən alınan vergilərin həcmini özü müəyyən etmiş və az vaxt ərzində xeyli sərvət yığmışdı. Şəhər sakinləri hakimin zülmünə qarşı üsyan etdilər, onu öldürdülər, məmurlarına isə divan tutdular. Hakimin əmlakı üsyançılar tərəfindən qarət olundu.

Hürufilərin fəaliyyətinin dövlət üçün təhlükəli olduğunu, onun antifeodal təmayülünü bu fakt da göstərir ki, Cahanşah Qaraqoyunlunun hakimiyyəti dövründə Təbrizdə onun əmri ilə 400 hürufi edam edilmişdi.

Cahanşahın məğlubiyyəti və ölümündən sonra başlanmış iğtişaşlar dövründə, 1467-ci ildə Təbrizdə üsyan baş verdi. Salnaməçinin məlumatına görə, "alçaqlıq və əclaflıqda məşhur olan Sarvanqulu adlı bir şəxs qaçqınlar dəstəsi ilə Təbrizə gəldi və pozğun ünsürlərin (ərazil) rəhbəri oldu". O, "zorakılığa geniş şərait yaratdı və pozğun ünsürləri, qara camaatı (ronud və ovbaş) özünə cəlb etdi, şəhəri ələ keçirməyə başladı". Məlumatdan aydın olur ki, söhbət "dəvə çarvadarı"nın (sarvanın) başçılıq etdiyi xalq üsyanından gedir. Güman etmək olar ki, Sarvanqulunun başçılıq etdiyi üsyanda Təbriz yoxsulları və sənətkarları da iştirak edirdilər. Üsyan Qara İskəndərin qızları Arayiş bəyim və ġahsaray bəyim tərəfindən yatırıldı. Onlar paytaxtda hakimiyyəti ələ keçirməyə çalışaraq, qoşunun bir hissəsi ilə həmlə etdilər. Salnaməçi Arayiş bəyimi cəsarətli bir qadın kimi səciyyələndirmişdir: "O, qadın bəzəklərini hərbi yaraqla, örpəyi isə dəbilqə ilə əvəz etmişdi. Qeyri-adi gücə malik olan Arayiş bəyim düşməni (yəni Sarvanqulunu) elə vurdu ki, ox onun sinəsindən çıxdı". Arayiş bəyim üsyanı yatırdı, müvəqqəti olaraq hakimiyyəti öz əlinə aldı.

XV əsrin ikinci yarısında xalq narazılığının artması Azərbaycanda şiəliyin və onun ifrat cərəyanlarının (qulat) geniş yayılmasında öz əksini tapırdı.

Aqrar islahatdakı uğursuzluqlar, zülmün artması Ağqoyunlu dövləti ərazisində şiə təlimləri əsasında inkişaf edən və Ərdəbilin Səfəvi feodalları tərəfindən idarə olunan geniş xalq hərəkatını doğurmuşdu. Qaradağ və Talış vilayətləri Səfəvi (qızılbaş) hərəkatının əsas mənbəyi sayılırdı. Bu vilayətlərdə Babəkin, xürrəmilərin ictimai bərabərlik, maddi sərvətlərin bərabər şəkildə bölünməsi ideyaları hələ də yaşamaqda idi. Feodal istismarına qarşı yönəlmiş xalq kütlələri hərəkatından Ərdəbil şeyxləri istifadə etdilər.





Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin