İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu



Yüklə 436,25 Kb.
səhifə93/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   89   90   91   92   93   94   95   96   ...   109
tarix

2.Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.

Milli dövlət quruculuğu sahəsində tədbirlər. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. Qərbi Avropanın bütün demokratik dövlətlərində və ABŞ-da olduğu kimi, hakimiyyətin bölünməsi prinsipi tətbiq edilmişdi. Qanunverici hakimiyyət əvvəlcə Milli Şuraya, sonra isə Parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında tam məsuliyyət daşıyan hökumətə məxsus idi.

1918-ci ilin noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabnn 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Bu qanuna görə 120 nəfərdən ibarət olacaq təkpalatalı Parlamentə Milli Şuranın 44 üzvündən əlavə, Şimali Azərbaycanın 2 milyon 862 min nəfərə çatan ümumi əhalisinin 1 milyon 952 min nəfərini, yəni 68% -ni təşkil edən müsəlman türklərindən daha 36 nümayəndə seçilməsi (birlikdə cəmi 80 nəfər) nəzərdə tutulmuşdu. Cümhuriyyət hökuməti öz prinsiplərinə sadiq qalaraq ölkəmizdə sığınacaq tapmış 500 mindən çox erməniyə parlamentdə 21 yer, sayı 214 min nəfər olan ruslara 10 yer, milli azlıqların isə hərəsinə bir yer ayırmışdı. Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçib - seçilmək hüququ vermişdi.

Azərbaycan parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Böyük siyasi və dövlət xadimi, Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə ilk iclasda çıxış edərək bütün nümayəndələri "Vətən və millət qayəsindən qat-qat aşağıda duran partiya və şəxsi maraqları bir tərəfə tullayıb, Vətən qayğısı və Millət duyğusunu hər şeydən yüksək tutmağa çağırdı."

Bitərəf hüquqşünas və tanınmış siyasi xadim Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, "Müsavat" partiyasının üzvü Həsən bəy Ağayev isə onun müavini seçildi. Əvvəl İstanbulda Azərbaycan Cümhuriyyətininnümayəndəsi, sonra isə Paris konfransına göndərilən nümayəndə heyətinin başçısı olan Ə.Topçubaşov Vətənə dönmədiyindən parlamentə əvvəldən axıra qədər Həsən bəy Ağayev başçılıq etmişdir. Parlamentin təkidi ilə dekabrın 26-da təşkil edilən üçüncü hökumət kabinetinə də Fətəli xan Xoyski başçılıq edirdi. 1919-cu il martın 14-dən dekabrın 22-nə qədər mövcud olmuş dördüncü hökumət kabinetinə və 1919-cu il dekabrın 24-dən 1920-ci il aprelin 1-dək fəaliyyət göstərmiş beşinci hökumət kabinetinə isə "Müsavat" partiyasının liderlərindən biri Nəsib bəy Usubbəyli başçılıq etmişdir.

Azərbaycan Parlamenti M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, “hakimi - mütləq idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət millət məclisinin etimadını qazananda qalır, itirəndə isə düşürdü. "

1918-ci il 27 iyun tarixli fərmanla türk dili Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuşdu. Parlamentdə Azərbaycan türk dili işlənir və rəsmi sənədlərin hamısı bu dildə tərtib olunurdu. Azərbaycan Parlamenti mövcud olduğu dövrdə ölkəmizin sosial - iqtisadi, siyasi və mədəni həyatının ən vacib məsələləri ilə bağlı 300-dən çox qanun qəbul etmişdi.

Yeni dövlət quruculuğu sahəsində ən mühüm addımlardan biri, məşhur bəstəkarımız,Üzeyir Hacıbəyovun vətənpərvər şairimiz Əhməd Cavadın sözlərinə yazdığı Milli Marşın Cümhuriyyətin Himni kimi qəbul edilməsi oldu. Milli hökumətin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edflmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı kimi təsdiq edildi. 1918-ci il noyabr ayının 9-da bu bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. Dövlət bayrağımızın bu üç rəngi Türk milli mədəniyyətini, Müasir Avropa demokratiyasını və İslam sivilizasiyasının təcəssüm etdirirdi. Cümhuriyyət yaranışından elan etdiyi təməl prinsiplərinə sadiq qalaraq 1918-ci il avqustun 23-də o dövr üçün çox mütərəqqi sayılan "Azərbaycan vətəndaşlığı haqqında" qanunu qəbul etdi. Bu qanuna görə Azərbaycan ərazisində doğulan və valideynlərindən ən azı biri azərbaycanlı olan bütün şəxslər Azərbaycan vətəndaşı sayılırdılar.

Ordu quruculuğu. Milli ordunun yaradılması. Milli hökumətin öz daxili siyasətində xüsusi diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən biri ordu quruculuğu idi. Cümhuriyyət yarananda onun müsəlman könüllü dəstələrindən ibarət cəmi 600 nəfərlik kiçik bir hərbi qüvvəsi var idi. Daxili və xarici düşmənlərin çoxluğu şəraitində dövlətimiz bu kiçik qüvvə ilə istiqlaliyyətini və öz ərazi bütövlüyünü qoruyub saxlamaq iqtidarında deyildi. Bunu nəzərə alan hökumət 1918-ci il Batum müqaviləsinə əsasən Osmanlı dövlətindən təcili hərbi yardım alaraq öz milli ordusunu qurmağa başladı. Bu məqsədlə Osmanlıdan təcrübəli hərbi mütəxəssislər çağrıldı. Hökumətin 1918- ci il 26 iyun tarixli qərarı ilə Müsəlman korpusu "Azərbaycan korpusu" adlandırıldı. 1918-ci il avqustun 11-də verilmiş "Ümumi hərbi səfərbərlik" haqqında fərmana görə 1894 - 1899-cu illərdə doğulmuş müsəlman etiqadlı bütün Azərbaycan vətəndaşları hərbi qulluğa çağrılırdılar. Bu fərmana tabe olmayanlar müharibə dövrünün hərbi qanunları ilə mühakimə olunmalı idilər. 1918-ci il noyabrın 1-də Hərbi nazirliyin yaradılması haqqında qərar verildi. Hərbi nazirliyə rəhbərliyi baş nazir F.X.Xoyski öz üzərinə götürdü və general Səməd bəy Mehmandarov onun müavini təyin olundu. 1918-ci il dekabrın 26-da yaradılmiş üçüncü hökumət kabinetində hərbi nazir vəzifəsini tutan böyük sərkərdəmiz Səməd bəy Mehmandarovun rəhbərliyi altında Milli ordunun yaradılması prosesi sürətləndi. 1919-cu ildə 25 min nəfərdən ibarət ordu yaratmaq və 1920-ci ildə hərbi qüvvələrin sayını 40 minə çatdırmaq vəzifəsi irəli sürülmüşdü. Hökumət bu strateji sahəyə 400 milyon manata yaxın pul ayırmışdı ki, bu da illik dövlət büdcəsinin 24% -nə bərabər idi. Görülən tədbirlər nəticəsində artıq 1919-cu ilin sonlarında Azərbaycan milli ordusu iki piyada və bir süvari (atlı) diviziyadan ibarət idi. General S.Mehmandarovun orduda əmrlərin Azərbaycan türk dilində verilməsi və hərbi təlimin ana dilində aparılması haqqında əmrinin icrasına xüsusi diqqət yetirilirdi. Hərbi nazirin müavini görkəmli hərbiçimiz general Əliağa Şıxlinskinin rəhbərliyi ilə hazırlanan milli hərbi geyim forması 1919-cu ilin yanvarın 11 -də rəsmən qəbul edilmişdi. Azərbaycan ordusunda qulluq edib, ağqvardiyaçı rus generalı Denikinin xeyrinə cəsusluq edən bütün rus zabitləri hərbi qulluqdan uzaqlaşdınlaraq Azərbaycandan sürgün edildilər.

Milli ordunun yaranma prosesi uğurla davam etdirilirdi və 1920-ci ildə nizami Azərbaycan ordusunda 40 min nəfər əsgər və zabit Vətənimizə xidmət edirdi. Bunun 30 mini piyadalardan, 10 min nəfəri isə süvarilərdən ibarət idi.

Milli ordunu zabit kadrları ilə təmin etmək üçün Gəncədən Bakıya köçürülən Hərbi məktəb yenidən təşkil olundu. Bundan başqa, İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri açılmışdı. Cümhuriyyət hökuməti ordunun silah - sursatla təchiz edilməsində böyük çətinliklərlə üzləşirdi. Fransa, Polşa və İngiltərə bizə silah satmaqdan imtina etmiş, yalnız İtaliya Azərbaycana müəyyən silah - sursat və hərbi geyim satmağa razılıq vermişdi. Sazişə uyğun olaraq İtaliya hökumətinin 1920-ci ildə göndərdiyi bütün hərbi geyimlər, ləvazimatlar Azərbaycanı işğal edən Rusiyanın XI Qırmızı Ordusunun əlinə keçmişdi.

Yeni yaranan milli ordu hissələri dövlətimizin və xalqımızın düşmənlərinə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanın cənub bölgəsində şovinist rus zabitləri vaxtilə Muğana köçürülmüş rus əhalisini cəlb etməklə, 1919-cu ilin fevralında qiyam qaldırmışdılar. Müstəqilliyimizə düşmən olan bu qüvvələr Lənkəran bölgəsini Azərbaycandan ayırmağa çalışırdılar. 1919-cu ilin may - iyun aylarında Sovet Rusiyasının əlaltısı olan kommunist bolşeviklər isə bölgədə "Muğan Sovet Respublikası" adlanan bədnam bir qurum yaratmışdılar. V.Leninin tapşırığı ilə Xəzər dənizi vasitəsilə bu quruma çoxlu sayda silah - sursat və hərbi qüvvə göndərilmişdi. Nəticədə Muğanda bolşevik silahlı qüvvələrinin ümumi sayı 5-6 minə çatdırılmışdı. Milli ordumuzun ümumi qərargah rəisi general Həbib bəy Səlimovun başçılığı ilə bölgəyə yeridilən qoşun 1919-cu il avqustun 13-dən sentyabrın 3-dək bütün rus hərbi dəstələrini darmadağın edib ölkəmizdən qovmuşdu. Nəticədə hərbi nazir S.Mehmandarovun əmrində deyildiyi kimi, "Lənkəran qəzası və Muğan doğma Azərbaycana qaytarıldı". Milli ordu hissələri görkəmli sərkərdəmiz Həbib bəy Səlimovun başçılığı altında 1920-ci ilin müqəddəs Novruz günündə separatçı erməni qüvvələrinin Qarabağda qaldırdığı qiyamı da yatırdı. Əsgəran savaşında qiyamçıları və Ermənistandan göndərilən nizami ordunu darmadağın etdi. Əsgəran qalası üzərində yenə də Azərbaycan bayrağı dalğalanmağa başladı. Milli ordu tərəfindən Şuşa qalası da düşməndən təmizləndi. Qarabağ savaşında qazanılan qələbə münasibəti ilə hərbi nazirimiz general Səməd bəy Mehmandarov əsgərlərə müraciətində demişdi: "Mən Almaniya cəbhəsində, bir çox savaşlarda olmuşam, lakin sizin kimi qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm... Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu qorudunuz!".

Cümhuriyyət hökuməti Azərbaycanın hərbi donanmasının yaradılması üçün də mühüm addımlar atmışdı. 1919-cu ilin yayında Bakını tərk edən ingilislərin Azərbaycan hökumətinə təhvil verdiyi hərbi sursat və hərbi gəmilər əsasında Xəzər Hərbi Donanması yaradıldı. Cənubi Rusiya ordusunun başçısı, çar generalı Denikinin qəti etirazlarına baxmayaraq, dəniz sərhədlərimizi qoruyan hərbi donanmamız şanlı Azərbaycan bayrağı altında üzürdü. 1919-cu ilin sonunda donanma üçün xaricdən 18 hərbi kater və 6 sualtı qayıq alınmışdı.

Azərbaycan Xala Cümhuriyyətinin tarixi torpaqlarimizi erməni təcavüzündən qorumaq uerunda mübarizəsi. Azərbaycanın Milli Şurasının 1918-ci il mayın 29-da məcburi addım kimi türk şəhəri İrəvanın ermənilərin yaratdığı Ermənistan (Ararat) respublikasının paytaxtına çevrilməsinə razılıq verilməsindən sonra da, bu nankor və məkrli toplumun Azərbaycana ərazi iddialarının ardı-arası kəsilmədi. Ermənistan respublikası cəmi 10 min kvadrat kilometr əraziyə malik olub, Cənubi Qafqazda ən kiçik dövlət qurumu idi. Kiçik olsa da, iştahası çox böyük idi və demək olar ki, bölgədəki türk - müsəlman əhalinin yaşadığı bütün əraziləri özününkü hesab edir və "böyük Ermənistan" arzusu ilə yaşayırdı. Bu dövrdə erməni təcavüzünün əsas hədəfində Azərbaycanın Zəngəzur, Naxçıvan və Qarabağ torpaqları idi.

Ermənistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlıqda yerləşən Zəngəzur və Naxçıvan torpaqlarına təcavüzə başladılar. Türk xalqının qəddar düşməni Andronikin daşnak quldur dəstələri birbaşa Ermənistan hökumətinin göstərişləri əsasında 1918-ci ilin yay - payız aylarında Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində Azərbaycan Cümhuriyyətinin sərhədlərini pozaraq dinc əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdilər. Nəticədə Zəngəzurda 115, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarında 21, İrəvan quberniyasında isə 60-dan çox Azərbaycan kəndi məhv edildi və 100 mindən çox türk - müsəlman əhalisi öz doğma yurdundan didərgin salınaraq qaçqın düşdü. Erməni təcavüzü nəticəsində yaranmış qaçqın problemi gənc Azərbaycan Respublikasının mövcud olduğu dövrdə ölkənin sosial - iqtisadi həyatına aid məsələlərə lazım olan qədər diqqət və qayğı göstərilməsinə imkan vermədi.

Cümhuriyyət hökuməti tarixi torpağımız olan Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda - qanun yaratmaq üçün 1919-cu ilin əvvəllərindən çox qətiyyətli addımlar atmağa başladı. 1919-cu il yanvar ayının 15-də Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ general qubernatorluğu yaradıldı və fövqəladə səlahiyyətlər verilməklə, Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovunun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çıxarıldı. Cümhuriyyət hökumətinin sülhsevər və humanist siyasəti nəticəsində bölgənin dinc erməni əhalisi Azərbaycan hökumətinin hakimiyyətini tanıdı. Beləliklə, Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu. Xosrov bəy Sultanovun qətiyyətli addımları və müttəfiq dövlətlərin təzyiqi altında Andronik nəinki Azərbaycan, hətta Cənubi Qafqazdan qaçmağa məcbur oldu.

30 oktyabr 1918-ci il Mudros sazişinə görə Osmanlı qoşunları Azərbaycanı, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanı tərk etməli oldu. Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü dövlət idarələrinə və nizami hərbi qüvvələrə malik deyildi. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin noyabr ayında Araz-Türk respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Mərkəzi isə Naxçıvan şəhəri idi. Araz - Türk respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu il fevralın 28-də Araz - Türk respublikasının yerində Naxçıvan general qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general qubernator təyin edildi.

Çox maraqlıdır ki, indikindən fərqli olaraq o dövrdə Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan respublikası bir-birini tanımışdı. Cümhuriyyətin Ermənistanda diplomatik nümayəndəliyi açılmış və 1919-cu il yanvann 29- da Məhəmməd xan Təkinski İrəvana səfir təyin edilmişdi.

1919-cu ildə Zəngəzur bölgəsində Azərbaycan və Ermənistanın silahlı qarşısdurmasmı aradan qaldırmaq və iki dövlət arasında normal dinc qonşuluq münasibətləri yaratmaq üçün ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar həmin ilin noyabrın 23-də Tiflisdə saziş bağlanması ilə nəticələndi. Tərəflər bir daha bir - birlərinə qarşı silah işlətməməyi və bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyi, sərhəd məsələsini isə növbəti sülh konfransında qəti şəkildə həll etməyi öhdələrinə götürmüşdülər. Cümhuriyyət hökuməti sazişə əsasən üzərinə götürdüyü öhdəliyə sadiq qaldı və xain erməni sözünə səmimi şəkildə inanaraq qısa müddətdə Zəngəzurdan öz qoşun hissələrini çıxartdı. Bu fürsətdən dərhal yararlanan Ermənistan höküməti bölgəyə əlavə olaraq 7 minlik nizami qoşun hissələri yeritdi. Nəticədə Zəngəzurda daha 40 Azərbaycan kəndi talan edildi, əhalisi isə qətlə yetirildi.

Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq üçün erməni daşnak hökuməti 1920-ci ildə Rusiyanın bolşevik hökuməti ilə gizli danışıqlar aparmağa başladı. Ermənistan 1920-ci ilin mart ayında Qarabağda milli hökumə¬timizə qarşı qiyamlar təşkil etdi və hərbi əməliyyatlara başladı. Nəticədə təcili surətdə əsas qoşun hissələrini Qarabağ bölgəsinə cəmləşdirməyə məcbur olan Azərbaycan respublikasının şimalsərhədləri tamamilə müdafiəsiz qaldı. Bu da 1920-ci ilin aprel ayında Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalını xeyli asanlaşdırdı.

Cümhuriyyət hökumətinin sosial-iqtisadi tədbirləri. Azərbaycan Cümhuriyyətinin, sərhədləri dəqiqliklə müəyyən olunmuş ərazisinin sahəsi 97.3 min kvadrat kilometr idi. Qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan və Cümhuriyyətin ona məxsusluğu haqqında iddia qaldırdığı 16,6 min kv. kilometrlik ərazi ilə birlikdə Azərbaycanın ümumi ərazisi 113,9 min kvadrat kilometrə çatırdı. Bütün bu ərazilərdə 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı.

Yarandığı gündən tarixi ərazilərimizə və milli sərvətlərimizə sahib çıxan Cümhuriyyət hökuməti dünya müharibəsi, bolşevik - daşnak talanları nəticəsində dağılmış iqtisadiyyatımızı bərpa etməyə başladı. Milli hökumət dövlətimizin inkişafı və millətimizin rifahına yönəlmiş iqtisadi siyasət yeritməyə çalışırdı. Cümhuriyyət Qərbi Avropa ölkələrində olduğu kimi, mülkiyyət formalarının müxtəlifliyinə və bütün vətəndaşlara bərabər iqtisadi imkanlar verən demokratik məzmunlu iqtisadiyyat qurmağa səy göstərirdi.

Milli hökumət ilk növbədə sərvətlərimizin xaricə daşınmasının qarşısını almaq üçün 1918-ci il 27 iyun fərmanı ilə taxıl məhsullarının, heyvanların və ət məhsullarının, pambıq, yun, ipək məmulatlarının Azərbaycandan kənara çıxarılmasını qadağan etdi. Bütün sərhəd keçid məntəqələrində gömrük xidmətinin yaradılmasına başlandı. 1918-ci il avqustun 27-də ölkə daxilində azad ticarətin aparılması haqqında fərman verildi.

Azərbaycan hökuməti ölkə iqtisadiyyatının əsas sahəsi olan neft sənayesini dirçəltmək üçün əks - milliləşdirmə tədbirlərinə əl atdı. 1918-ci il oktyabrın 1-də verilmiş fərmana görə hökümət Bakı XKS-nın neft sənayesi və Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqındakı dekretlərini ləğv edərək bütün mədənləri, zavodları və gəmiləri əvvəlki sahiblərinə qaytardı. Dövlət bu strateji sahəyə nəzarət qoymaqla yanaşı, daxili və xarici bazarda neft məhsullarının satış qiymətlərinin müəyyənləşdirilməsi hüququnu özündə saxlayırdı. 1919-cu ilin yayından hökumət xarici şirkətlərlə neftin satışına dair sazişlər bağlamağa başladı. Rusiya bazarı itirildiyindən Azərbaycan nefti əsasən qonşu ölkələrə və Avropaya ixrac olunurdu. Azərbaycandan Türkiyəyə, Gürcüstana, İngiltərə və İtaliyaya neft və neft məhsullan göndərilirdi. Neftin nəqli hələ 1907-ci ildə çəkilişi başa çatdırılmış Bakı- Batum kəməri və Bakı - Tiflis dəmir yolu xətti ilə həyata keçirilirdi. Neftin Rusiyanın deyil, müstəqil Azərbaycanın ixtiyarında olmasını istəyən Versal Ali Şurası Batum limanından istifadə hüququnun Azərbaycan Cümhuriyyətinə verilməsi haqqında qərar çıxarmışdı. Neftin qiymətinə gəlincə, İtaliyaya göndərilən hər ton neftin qiyməti 35 dollar, mazutun tonu isə 25 dolar müəyyən edilmişdi.

Azərbaycan hökumətinin maliyyə siyasəti dövlət büdcəsinin formalaşdınlmasına və milli valyutanın tətbiqinə yönəlmişdi. 1918-ci il sentyabrın 22-də hökumət Bakı bonu adlandırılan milli pul vahidinin dövriyyəyə buraxılması haqqında qərar verdi. İlkin olaraq 40 Bakı bonu 1 türk lirəsinə bərabər tutulmuşdu. Hökumət maliyyə - pul sistemini nizamlamaq üçün 1919- cu il sentyabrın 30-da Dövlət Bankı yaratdı. Görkəmli xeyriyyəçi sahibkar Hacı Zeynalabdin Tağıyev Azərbaycan Cümhuriyyətinin yaranmasını alqışlayaraq onu "doğma Vətənim üzərində parlayan müstəqillik günəşi" adlandırmışdı. Müstəqil dövlətinə bütün maddi və maliyyə imkanları ilə dayaq olan H.Z.Tağıyev eyni zamanda gənc hökuməti iqtisadi siyasətində təcrübəsizlikdən yol verdiyi səhvlər görə tənqid etməkdən çəkinmirdi. Azad sahibkarlıq, iqtisadi sərbəstlik və xüsusi mülkiyyətin toxunulmazlığı üzərində qurulan iqtisadi konsepsiyasını hökumətə təqdim edən H.Z.Tağıyev məhsul ixracına qoyulmuş qadağaların milli valyutanın qiymətdən düşməsinə, ixrac əməliyyatları üzərində sərt nəzarətə görə mal mübadiləsinin məhdudlaşdırılmasının isə kapital sahiblərinə ciddi ziyan vurulmasına gətirib çıxaracağını bildirmişdi. H.Z.Tağıyevə görə "iqtisadiyyatın dövlət tərəfindən nizamlama sistemini və sabit dövlət qiymətlərini tətbiq edən məmurlar belə hesab edirlər ki, guya sənayeçi yalnız öz marağını güddüyünə görə dövlətin və cəmiyyətin düşmənidir. Buna görə də cinayət törətmiş cani kimi onun üzərində sərt nəzarət lazımdır. Belə baxışların əsassız olmasını sübut etməyə ehtiyac yoxdur. Azad sahibkarlar dövlətin düşməni yox, dostu və dayağıdır."

Azərbaycanda əhalinin 76%-i kənd təsərrüfatı sahəsində çalışdığından torpaq məsələsi sosial - iqtisadi problemlər içərisində ilk yerdə dururdu. Parlamentin "Müsavat" fraksiyası tərəfindən hazırlanıb, 1920-ci il fevralın 16-da müzakirəyə təqdim edilən aqrar məsələ üzrə qanun layihəsində bır hissəsi sahibkarların ixtiyarında saxlanılmaqla, qalan torpaqların əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna daxil edilməsi, sonra isə əvəzi ödənilmədən pulsuz kəndlilərə paylanması nəzərdə tutulmuşdu. Parlamentin mart müzakirələrində də aqrar layihə qanun statusu qazanmadığından Cümhuriyyətin varlığı üçün ən vacib məsələlərdən biri həll olunmamış qaldı.

Cümhuriyyət hökumətinin sosial siyasəti "Müsavat" partiyasının təqdim etdiyi proqram əsasında həyata keçirilirdi. Bu proqramda əksini tapmış 8 saatlıq iş günü, həftədə bir gün istirahət, gecə növbəsinin ləğvi və məktəbyaşlı uşaqların işə cəlb olunmasının qadağan edilməsi, qadınlara ancaq onlarm sağlamlığına ziyan vurmayan işdə çalışmağa icazə verilməsi, qadınlar işləyən müəssisələrdə hökmən körpələr evinin olması, sosial sığortanın tətbiqi kimi çox mühüm tələblərin həyata keçirilməsinə Milli hökumət və onun yaratdığı Əmək Nazirliyi xüsusi diqqət yetirirdi. Əmək Nazirliyinin razılığı olmadan sahibkarlar işçiləri kütləvi şəkildə işdən çıxara bilməzdilər. Dövlət büdcəsinin gəlirlərinin ölkə üzrə ümumi xərclərin ödənilməsinə kifayət etmədiyi bir şəraitdə Cümhuriyyət hökuməti fəhlə və qulluqçuların əmək haqqı və müavinətlərlə təmin olunmasına xüsusi diqqət yetirirdi. 1919-cu ilin yanvarın 1-dən fəhlələrə maaşla yanaşı, ailəli vətəndaşlara ayda 300 manat, ailəsizlərə isə 120 manat pul vəsaitinin verilməsi haqqında qərar çıxarılmışdı.

Milli-mədəni quruculuq. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət ərzində milli mədəniyyətimizin inkişafı üçün çox böyük işlər görmüşdür.

Milli hökumətin mədəniyyət sahəsindəki siyasəti ilk növbədə milli təhsil sisteminin yaradılmasına, dövlət quruculuğu sahəsində ən kəskin problem olan milli kadrların hazırlanmasına, milli dövlətçiliyə sədaqətli və milli mənəviyyata malik olan yeni bir gənc nəsil yetişdirməyə yönəlmişdi.

Heç də təsadüfi deyil ki, Cümhuriyyət hökuməti bu sahədə fəaliyyətinə təhsil müəssisələrinin milliləşdirilməsindən başladı. Cümhuriyyət hökumətinin 1918-ci il 28 avqust tarixli qərarı ilə respublikanın ibtidai məktəblərində şagirdlər öz ana dilində təhsil almalı idilər. Rəsmi dövlət dili olan türk dili məktəblərdə məcburi fənn kimi öyrənilirdi. 1919-cu ilin sonuna kimi beş gimnaziyanı çıxmaqla, Azərbaycandakı bütün qalan orta məktəblərin milliləşdirilməsi başa çatdırılmışdı. Azərbaycanlı uşaqların rusdilli məktəbə qəbulu qadağan edilmişdi. Rus orta məktəblərində hökmən həftədə 3 - 4 saat türk dili fənni tədris olunurdu.

Orta məktəblərin yeni tədris proqramlarına “Rusiya tarixi” əvəzinə, “Türk xalqlarının tarixi“ fənni daxil edilmişdi.

Dövlət sənədlərinin yazılmasında ərəb əlifbasından istifadə edildiyi bir şəraitdə, 1919-cu ilin martında yaradılmış Xüsusi komissiya tərəfindən əlifba islahatı layihəsi bəyənilmişdi.

Milli məktəblərin pedaqoji kadrlara ehtiyacını ödəmək kimi birinci dərəcəli vəzifəni həyata keçirtmək üçün Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü və müstəqil seminariyaya çevrildi.

Cümhuriyyət hökuməti qarşısında duran ən vacib vəzifələrdən biri respublikada ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Odur ki, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun verdi. Hökumətin böyük dövlət əhəmiyyəti verdiyi bu məsələ ilə bağlı xüsusi bir komissiya da yaradıldı. Universitetin normal fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən beş milyon manat pul ayrılmışdı. Universitet qanununa görə 4 fakültə: tarix - filologiya, tibb, fizika - riyaziyyat və hüquq fakültələri açılmalı idi. Universitetdə tədrisin rus dilində aparılması nəzərdə tutulsa da, bütün fakültələrdə Azərbaycan türk dili məcburi fənn kimi keçilməli idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Milli kadrların azlığı şəraitində Universitetdə tədrisin rus dilində olması parlamentdə ciddi mübahisələr doğurmuşdu. Görkəmli maarifçi Məmmədağa Şaxtaxtinskinin haqlı olaraq göstərdiyi kimi, "Universitet tədricən milliləşdirilərək və türkləşdirilərək Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir". 1919-cu ilin noyabnn 15-də tarix - filologiya və tibb fakültələrində ilk dərslərin başlaması ilə Bakı Dövlət Universiteti açıldı. Bu hadisə milli hökumətin mədəniyyət sahəsində çox böyük qələbəsi hesab olunur.

Azərbaycan Parlamentinin qərarı ilə 1919 - 1920-ci tədris ili üçün xarici ölkələrin qabaqcıl ali məktəblərinə 100 azərbaycanlı gəncin göndərilməsi və bunun üçün büdcədən yeddi milyon manat pul ayrılması nəzərdə tutulmuşdu. Türkiyə, İngiltərə, İtaliya, Fransa və Rusiyanın ali məktəblərində təhsil alacaq həmin gənclər qayıdandan sonra hökumətin təyin etdiyi yerdə hökmən 4 il işləməli idilər. Vətənpərvər və millətpərəst sahibkar Hacı Zeynalabdin Tağıyev xaricə oxumağa göndərilən həmin tələbələrdən 20 nəfərinin bütün xərcini öz boynuna götürmüşdü. Hökumətin həmin tələbələr üçün ixtisas seçimi də xüsusi maraq doğurur. Onlar Avropanın ən yaxşı universitetlərində memarlıqdan gəmiqayırma və təyyarə düzəldilməsinədək ən müasir peşələrə yiyələnmək üçün göndərilmişdilər.

Xalqın milli ruhda maarifləndirilməsi, azərbaycançılıq və türkçülük ideyalarının geniş şəkildə təbliğ olunması işində H.Z.Tağıyevin sədrlik etdiyi "Nəşri - maarif' cəmiyyəti, 1918-ci ildə yaradılmış "Türk ocağı" cəmiyyəti böyük rol oynayırdı. 1919-cu ilin martında çoxlu sayda kitab fondu olan ilk Milli kitabxana açıldı. 1919-cu il dekabrın 7-də "İstiqlal” muzeyinin açılması milli mədəniyyətimizin tarixində böyük hadisə hesab edilir.

1919-cu ildə Bakı Universitetinin nəzdində yaradılmış "Müsəlman Şərqini öyrənən Cəmiyyət" Azərbaycan tarixinin araşdırılması və təbliğ olunmasında böyük iş görürdü. Milli hökumət Azərbaycanın tarixi yer adlarının özünə qaytarılması sahəsində də mühüm addımlar atmışdı. 1918-ci ildə Yelizavetpol yenidən Gəncə, Qaryagin isə Cəbrayıl qəzası adlandırılmışdı.

Milli hökumət respublikamızda söz, mətbuat və vicdan azadlığının təmin olunması sahəsində əvvəlcədən elan etdiyi demokratiya prinsiplərinə uyğun olan addımlar atmışdı. Belə ki mətbuat üzərindən senzura götürülmüş və 1919-cu ildə parlament mətbuat haqqında çox demokratik qanun qəbul etmişdi.

Cümhuriyyət dövründə (1918 - 1920) ideya istiqamətinə görə bir- birindən tamamilə fərqlənən 83 qəzet və jurnal nəşr olunurdu ki, bunun 39-u Azərbaycan türkcəsində, 44-ü isə rus və başqa dillərdə idi. Hökumətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti Azərbaycan və rus dillərində hər gün çıxırdı. "Azərbaycan" qəzeti ilə yanaşı, "İqbal", "Birlik" və "Açıq söz" qəzetləri xalqın milli şüurunun formalaşmasında mühüm rol oynayırdı. Azərbaycanın milli dövlətçiliyinə düşmən olub, Sovet Rusiyasının əlaltısı kimi çıxış edən bolşevik - kommunist ideologiyalı qüvvələr demokratik mühitin imkanlarından yararlanaraq sərbəst şəkildə müxtəlif qəzet və jurnallar çap etdirirdilər. Əli bəy Hüseynzadənin "qırmızı qaranlıq" adlandırdığı bolşevik mətbuat orqanları yalan, şəratma üsullarından və ideoloji təxribat taktikasından istifadə edərək Cümhuriyyətin bütün fəaliyyəti və onun xalqımızın xeyrinə atdığı mütərəqqi addımlar haqqında xalqda yanlış təsəvvürlər yaratmağa çalışırdı.

Hökumətin ciddi səyləri nəticəsində 1920-ci ilin mart ayında Azərbaycan Teleqraf Agentliyi (Azər TAC) yaradıldı.

1919-cu ildə fransız mütəxəssislərinin Gəncə radiostansiyasında quraşdırdıqları yeni qurğuların köməyi ilə ilk Azərbaycan radiosu fəaliyyətə başladı.

Cümhuriyyət dövründə Azərbaycan ədəbiyyatı və incəsənəti də öz milli kökünə bağlanmaqla milli zəmin üzərində inkişaf etdirilirdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov və başqalarının bədii əsərlərində müstəqillik ideyalarına və müstəqil dövlətimiz üçün milli qürur və vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edən mövzulara daha çox müraciət edilirdi.

1918 - 1920-ci illər Azərbaycanda milli teatrın inkişafında mühüm mərhələ hesab olunur. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının rəhbərlik etdiyi teatrtruppasının böyük səyləri nəticəsində 1919-cu ilin noyabrında Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı.

1919-cu ildə Bakıda musiqi və rəssamlıq studiyaları açılmışdı. 1918 -1920- ci illərdə bütövlükdə mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət milli dövlətin qayğısı və himayəsi nəticəsində öz yüksəliş dövrünü keçirirdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin