İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur



Yüklə 436,25 Kb.
səhifə79/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   75   76   77   78   79   80   81   82   ...   109
tarix

Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.

Protokol №8, 14.02.2018

Bakı-2018

1.Kapitalist münasibətlərinin yaranması. Neft sənayesinin tərəqqisi.

Rusiya tərəfindən Şimali Azərbaycanın iqtisadi cəhətdən mənimsənilməsinə başlanması. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə (1801 - 1828) çar hökuməti hələ düşünülmüş iqtisadi siyasət hazırlayıb həyata keçirə bilməmişdi. Şimali Azərbaycanın siyasi fəthi başa çatdıqdan sonra Rusiyanın hakimiyyət dairələrində bütün Cənubi Qafqazın bir müstəmləkə kimi iqtisadi baxımdan mənimsənilməsi üzrə iki əsas baxış formalaşmışdı. Birinci baxışın tərəfdarları Rusiyanın Qacar dövlətindəki səfiri A.Qriboyedov və Tiflisin mülkü qubernatoru P.Zaveleyski "Rusiya - Zaqafqaziya ticarət şirkəti" layihəsini hazırlayıb hökumətə təqdim etmişdilər. Bu layihədə Cənubi Qafqaz ölkələrində, o cümlədən Şimali Azərbaycanda kənd təsərrüfatı istehsalının əsas sahələrinin (üzümçülük, baramaçılıq, tütünçülük və s.) inkişaf etdirilməsi və burada yerli xammal istehsalına əsaslanan emaledici fabrik sənayesi (şərabçılıq, şəkər, mahud, gön -dəri, şüşə və s.) yaradılması nəzərdə tutulurdu. Layihənin müəllifləri şirkətin normal fəaliyyəti üçün ona 120 min desyatin (1 desyatin 1,0925 hektara bərabər idi.) yararlı torpaq sahəsi ayrılmasını, şirkərə qonşu ölkələrlə müstəqil ticarət aparmaq hüququ verilməsini hökumətdən xahiş edirdilər. Təəccüblü deyil ki, Azərbaycanlı əyanların və tacirlərin iştirakına yer verilməyən layihədə erməni və gürcü tacirlərinin xüsusi kapitalının şirkətin fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulmuşdu. Bu siyasətdə Azərbaycanda yalnız xammal istehsalına və mədən sənayesinin inkişafına diqqət yetirilirdi.

XIX əsrin 30 - 60-cı illərində ölkənin təsərrüfat həyatı. Türkmənçay müqaviləsidən (1828) sonra Şimali Azərbaycanın təsərrüfat həyatı dirçəlməyə başladı. Müharibə nəticəsində qaçqın düşmüş sakinlərin geri qayıtması, çarizm tərəfindən erməni, rus və almanların köçürülməsi və təbii artım hesabına əhalinin sayı ildən-ilə çoxalırdı. Şimali Azərbaycanda əhalinin sayı 1832 - 1833-cü illərdəki 700 min nəfərdən, artaraq 1850-ci ildə 1 milyon nəfərə çatmışdı. Əhalinin 90%-ə yaxını kəndlərdə yaşayırdı. 1832 - 1833-cü illərdə şəhər əhalisinin sayı 70 min, 1850-ci ildə 95 min, 1856-cı ildə isə 110 min nəfər olmuşdu. Şamaxı, Nuxa, Şuşa və Gəncə şəhərlərinin hər birində 10 min nəfərdən çox əhali yaşayirdi.

Yeyinti istehsalı və sənətkarlığın vəziyyəti. XIX əsrin 30 - 60-cı illərində Şimali Azərbaycanda yeyinti istehsalının əsas sahələri balıqçılıq və duz çıxarılması idi. Çar hökuməti 1829-cu ildə balıqçılıqda iltizam sistemini ləğv edərək, bu sahəni dövlət xəzinəsinin idarəçiliyinə vermişdi. Salyan, Şirvan və Şəki balıq vətəgələri birləşdirilərək "Salyan xəzinə cəmiyyəti" şirkəti yaradılmışdı. 40-cı illərin əvvəllərində Lənkəran balıq vətəgələri də buşirkətin ixtiyarına verilmişdi. Balıqçılıq sahəsində muzdlu əmək geniş yayılmışdı. Salyan balıq vətəgəsində muzdlu işçilərin sayı 600 - 1000 nəfərə çatırdı.

Şimali Azərbaycanda əsas duz mədənləri Abşeron və Naxçıvanda yerləşirdi. 40-cı illərdə Abşeronda 27 göldən ildə 400 min pud duz çıxarılırdı.

1864 - 1868-ci illərdə duz mədənlərinə təhkim olunmuş kəndlilərin məcburi əməyinin ləğv edilməsi və 1868-ci ildən həmin mədənlərin hərracla açıq satışa çıxarılması bu yeyinti sənayesində kapitalist münasibətlərinin inkişafına şərait yaradırdı.

XIX əsrin 50 - 60-cı illərində Bakıda neft emalı sənayesi yaranmışdı. 1859-cu ildə rus kapitalistləri Kokoryev və Qubonin Suraxanıda ilk ağ neft emalı zavodu, Tiflis əczaçısı Vitte 1861-ci ildə Pirallahı adasında 150 min manata başa gələn parafin şamı zavodu, 1863-cü ildə azərbaycanlı Cavad Məlikov öz layihəsi əsasında Bakıda ağ neft zavodunu tikdirmişdi. Bütün bunlar Bakıda sənaye istehsalının böyüyərək manufaktura mərhələsindən fabrik - zavod mərhələsinə keçməyə başlandığını göstərir.

1864-cü ildə Balaxanı neft mədənlərində quyulara təhkim olunmuş kəndli icbari əməyinin ləğv edilməsi, 1864 - 1868-ci illərdə Zəylik zavodunda və Naxçıvan daş duz mədənlərində eyni icbari əmək şəraitinə sonqoyulması azad muzdlu əməyin tətbiqinə geniş yol açmışdı.

50-ci illərin ortalarında kapitalist münasibətləri metallurgiya sahəsinədə daxil olmağa başlamışdı. 1855 - 1856-cı illərdə yunan Mexov qardaşlarıGədəbəydə kiçik bir misəritmə zavodu inşa etmişdilər. İldə 1,2 min pudməhsul verən və əl əməyi ilə işləyən bu zavodun bütün səhmlərini almanSimens qardaşları almışdılar. Simens qardaşları şirkəti 1865-ci ildəGədəbəy misəritmə zavodunun inşasını başa çatdırdılar. Bu zavod Rusiyanınən böyük misəritmə zavoduna çevrilmişdi. Bundan başqa, MexovlardanDaşkəsən kobalt mədənini də satın alan Simens qardaşları 1865-ci ildəburada kobalt zavodunu tikdirmişdilər.
Beləliklə, XIX əsrin birinci yarısında Şimali Azərbaycanda əməkbölgüsünə və muzdlu əməyə əsaslanan manufaktura istehsalı təşəkkül tapmış,50 - 60-cı illərdə ölkədə buxar maşınlarından istifadə edilən iri fabrikistehsalına keçid baş vermişdi. 60-cı illərdə Şimali Azərbaycanın sənaye vəkənd təsərrüfatında yeni kapitalist meyllərinin güclənməsinə baxmayaraq,ölkənin iqtisadi potensialı Rusiya sənayesinin xammal təlabatının ödənilməsinə yönəldilmişdi. Bu da Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterini müəyyən edirdi.

1850-ci ildən 1870-ci ilə qədər iltizama verilən neftçıxarmada yeni texnika tətbiq etmək və bu sahəyə iri həcmli kapital qoymaq mümkün deyildi. Neft sənayesində iltizam sisteminin ləğv edilməsi haqqında 17 fevral 1872-ci il qanunu qəbul olunduqdan sonra neft yataqları hərrac yolu ilə, xüsusi adamlara uzun müddətə icarəyə verilməyə başlandı. 70-ci illərin sonlarından neft sənayesinə xarici kapitalın axını başlamışdı. 1879-cu ildə Bakıda İsveç təbəələri tərəfindən "Nobel qardaşları şirkəti"nin əsası qoyulmuşdu. 80-ci illərdə fransız kapitalını təmsil edən Rotşild, 90-cı illərdə isə ingilis kapitalının nümayəndəsi Vişau neft sənayesində müəyyən nüfuz qazanmışdılar. Bakı neft sənayesində Azərbaycan kapitalının Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları, rus kapitalını Kokarev, Qubonin, Şibayev və başqaları təmsil edirdilər. Bakıda 1873-cü ildə cəmi 12 neft şirkəti fəaliyyət göstərirdisə, 1899-cu ildə bunların sayı 140-a çatmışdı.

Neft hasilatına iri kapital qoyuluşları, bu sahədə sənaye-texniki çevrilişin baş verməsinə gətirib çıxartmışdı. 70-ci illərdə neft quyularının yeni buruq və zərbə üsulları ilə qazılmasına başlanılmışdı. 1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Bu texniki yeniliklər neft sənayesində manufaktura mərhələsinin fabrik - zavod mərhələsi ilə əvəz olunması demək idi.

Hesablamalara görə, 1865-ci ildən - 1901-ci ilədək Bakıda neft çıxarılması 1200 dəfəyə qədər artmışdı. Azərbaycanın neftçıxarma sənayesi 1898-ci ildə 489 milyon pud neft hasil etməklə bu sahədə dünyada birinci yerdə olan ABŞ-ı ötüb keçmişdi. 1901-ci ildə dünya üzrə bütün neftin yarıdan çoxu, Rusiya neftinin isə 90%-dın çoxu Bakıda çıxarılırdı.

Neft hasilatının çoxalması neft sənayesinin həm də yeni, neft emal edən sahələrinin yaranması və inkişafına təkan vermişdi. Belə ki, 1873-cü ildən sonra Bakının Qaraşəhər, Keşlə və Ağşəhər rayonlarında neftayırma zavodlarının tikintisinə başlanmışdı. Artıq 1890-cı ildə Bakıda 148 neft emal edən zavod var idi.

Bu dövrdə ağ neft məhsullarının daşınmasını asanlaşdırmaq üçün 1897-ci ildə Bakı - Batum neft kəmərinin çəkilişinə başlanılmış, ancaq bu tikinti 10 il sonra başa çatmışdı.

Azərbaycanın digər şəhər və qəzalarında kapitalist sənaye müəssisələri Bakıdan da xeyli əvvəl yaranmışdı. Zəngin filiz mədənlərinə malik Gədəbəydə Simens qardaşlarına məxsus mis əritmə zavodu və 1884-cü ildə onların tikdirdiyi Qalakənd misəritmə - missaflaşdırma zavodu 80 - 90-cı illərdə orta hesabla hər il 50 - 130 min pud mis istehsal edirdi. Simens qardaşları bu iki zavodu bir-biri ilə bağlamaq üçün darxətli dəmir yolu və Dəllər stansiyasından həmin müəssisələrə 21 verst uzunluğunda neft kəməri çəkdirmişdilər.

Azərbaycanın iri sənayeçisi və böyük xeyriyyəçisi H.Z.Tağıyev neft sənayesində əldə etdiyi kapitalın bir hissəsini ölkə iqtisadiyyatının balıqçılıq, gəmiçilik və toxuculuq sənayesi sahələrinə yönəldirdi. H.Z.Tağıyev 1897-ci ildə əsas kapitalı 2 milyon manat olan "Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti"ni yaratmışdı. Rusiya hökuməti Azərbaycanda xammalı hazır məhsula çevirən hər hansı müəssisənin açılmasına heç cürə imkan vermək istəmir, ölkə iqtisadiyyatının müstəmləkəçi xarakterini qoruyub saxlamağa çalışırdı. Tağıyev böyük zəhmət hesabına 1900-cü ildə hazır məhsul istehsal edən ilk toxuculuq fabrikini açmaqla, Azərbaycan iqtisadiyyatının heç olmasa, bir sahəsində Rusiyanın inhisarını zəiflədə bilmişdi.

Bütün Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa qəzası idi. Nuxa, Şuşa və Ordubadda fəaliyyət göstərən ipək emalı fabrikləri buxar mühərrikləri ilə hərəkətə gətirilən dəzgahlarla təchiz edilmişdi. XIX əsrin axırlarında ölkədə 450 - dən çox ipək emalı müəssisəsi fəaliyyət göstərirdi ki, bunların içərisində 60 iri fabrik bütün ipək məhsulunun 3/5 hissəsini emal edirdi. Sənayeçilərdən A.Məmmədov, L.Lətifov, R.Rzayev, K.Babayev və başqalarının şirkət və müəssisələrində çox yüksək keyfiyyətli ipək istehsal olunurdu. K.Babayevin müəssisəsi əla ipək istehsalına görə 13 dəfə qızıl medal almışdı.

80-ci illərdə Bakıda yeyinti sənayesi sahəsində unüyütmə və çəltiktəmizləmə üzrə ilk kapitalist müəssisələri meydana çıxmışdı.

1879-cu ildə Bakıda cəmi bir, 1891-ci ildə isə dörd tütün fabriki, 1885-ci il məlumatına görə, Yelizavetpolda üç tütün fabriki işləyirdi. Cənubi Qafqaz üzrə demək olar, bütün tənbəki fabrikləri Azərbaycanda yerləşirdi.

1883-cü il mayın 8-də Bakı - Tiflis dəmir yolu xətti işə salınmışdı. 514 verst (1 verst 1 kilometrdən bir az çoxdur) uzunluğunda olan bu yol Bakını Tiflis və Qara dəniz sahilindəki Batum şəhəri ilə birləşdirirdi. 1900-cü ildə Petrovsk (Mahaçqala) - Dərbənd - Biləcəri dəmir yolu xəttinin işə salınması ilə Cənubi Qafqaz dəmir yolu Ümumrusiya dəmir yoluna birləşdirilmişdi. Dəmir yollarının çəkilməsi ayrı-ayrı şəhər və məntəqələrin kapitalist sənayesi və ticarəti mərkəzinə çevrilməsinə, daxili bazarın daha da genişlənməsinə və xarici ticarətin inkişafına güclü təsir göstərmişdi.

1899-cu ilin məlumatına görə, dənizdə neft daşıyan 345 gəmidən 133- ü buxarla hərəkət edirdi. 1898-ci ilin əvvəllərində Rusiyanın bütün dəniz donanmasının ümumi yükdaşıma dövriyyəsinin 40%-dən çoxu Xəzər dəniz donanmasının payına düşürdü.

Kapitalist təsərrüfat sisteminin inkişafı rabitə vasitələrinin yaradılmasını tələb edirdi. 1864-cü ildə Tiflisi Naxçıvanla, 1868-ci ildə isə Bakı, Nuxa və Gəncə ilə birləşdirən teleqraf xətləri çəkilmişdi. 1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakı -Krasnovodsk teleqraf kabel xəttinin çəkilişi başa çatdırılmışdı. 1886-cı ildə Bakı şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası işə salınmışdı.

XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın iqtisadi inkişafının əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, sənayenin bir çox sahələri (neftçıxarma, neft emalı, metallurgiya, yeyinti, yüngül sənaye sahələri və s.) kapitalist istehsalının fabrik - zavod mərhələsində olduğu halda, bəzi sənət və kustar sənaye sahələri (boyaqçılıq, ipəksanma, dulusçuluq, xalçaçılıq və s.) hələ də manufaktura mərhələsinə yüksələ bilməmişdi.

Kapitalist ticarətinin təşkilinin ali fonnası olan birja Cənubi Qafqazda ilk dəfə Bakıda açılmışdı. Ticarət kapitalının təmərküzləşməsi nəticəsində bu sahədə ilk inhisarlar da məhz Bakıda meydana çıxmışdı.

1873-cü ildə Azərbaycanda 1 milyon 272 min 520 nəfər əhali yaşayırdısa, 1897-ci ildə bu rəqəm 1 milyon 890 min 126 nəfərə çataraq 1,5 dəfə artmışdı. 1897-ci il Ümumrusiya əhali siyahıyaalınmasının materiallarına görə, Azərbaycanın şəhər əhalisi bütün əhalinin 14,6%-ni təşkil edirdi. Rusiyanın Avropa hissəsində bu göstərici 12,9%, Gürcüstanda isə 15,3% olmuşdu.

1897-ci il məlumatına görə, Azərbaycanda əhalisinin sayı 100 min nəfərdən çox olan yeganə şəhər Bakı idi. 1859-cu ildə Bakı şəhərində cəmi 12,2 min nəfər əhali yaşayırdısa, 1897-ci ildə bu rəqəm 112 min nəfərə çataraq 10 dəfəyə yaxın artmışdı. Azərbaycanda əhalisinin sayı 30 min nəfər¬dən çox olan yeganə şəhər isə Gəncə idi. Nuxa, Şuşa və Şamaxı şəhərlərinin hər birində 1897-ci ildə 20 min nəfərdən çox əhali yaşayırdı. Quba, Salyan şəhərlərinin hər birində 10 min nəfərdən çox, Lənkəran, Naxçıvan, Ordubad və Zaqatala şəhərlərində isə 10 min nəfərə qədər əhali var idi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin