İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Birinci və ikinci Rusiya-İran müharibələri. Azərbaycanın bölüşdürülməsi



Yüklə 436,25 Kb.
səhifə76/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   72   73   74   75   76   77   78   79   ...   109
tarix

2.Birinci və ikinci Rusiya-İran müharibələri. Azərbaycanın bölüşdürülməsi.

Gəncə alınandan sonra Rusiya ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın Rusiyadan qoşunlarını Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 1804-cü il iyulun 10-da I Rusiya - Qacar savaşı başladı. Bütün Qafqazı «kafir ruslardan təmizləyəcəyini» bəyan edən Fətəli şah şahzadə Abbas Mirzənin başçılığı altında olan 50 minlik ordunu Araz çayından şimala göndərdi. Bu ordu demək olar ki, Cənubi Azərbaycan türklərindən təşkil olunmuşdu. Mənbələrdə Qacar ordusu Səfəvilər dövründə olduğu kimi türklüyün rəmzi olan qızılbaş ordusu və yaxud "Azərbaycan ordusu" adlandırılırdı. Bu ordu ilə rus qoşunları arasında Eçmiədzin (Üçkilsə) yaxınlığında baş verən döyüşdə ruslar uğur qazandılar. Qəmərlidə baş verən qanlı döyüşdən sonra Sisianov başda olmaqla rus qoşunları İrəvanı tərk etməyə məcbur oldular.

Qafqazdakı rus komandanlığının əsas məqsədi nəyin bahasına olursa, olsun Azərbaycanın şimal xanlıqlarının ruslara qarşı Qacar şahzadəsi Abbas Mirzə ilə birləşməsinə yol verməməkdən ibarət idi. Şimal xanlarının bir çoxu onlarla eyni türk soyundan olan Qacarlara doğma münasibət bəsləyir və bir "xilaskar" kimi baxırdı. Ancaq bəzi xanlar Rusiyanın hərbi - siyasi və diplomatik təzyiqlərinin güclənməsi şəraitində "Gəncə faciəsinin" təsiri altında ruslara qarşı açıq şəkildə çıxış etməkdən çəkinirdilər. Bütün bunların nəticəsidir ki, 1805-ci ildə Qarabağ hakimi İbrahimxəlil xan, Şəki hakimi Səlim xan Rusiyanın hədə-qorxulu tələbləri qarşısında general Sisianovun Kürəkçay yaxınlığındakı düşərgəsinə gəlməyə məcbur oldular. 1805-ci il mayın 14-də rus komandanı Sisianovla İbrahimxəlil xan arasında müqavilə - “Andlı öhdəlik" bağlandı. 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın vassal asılılığına keçir, xan özü və varisləri Üzərinidə Rusıya imperatorunun ali və yeganə hakimiyyətini tanıdığına and içməklə söz verirdi. Xanın və varislərinin xanlıq üzərində hakimiyyəti dəyişməz olaraq saxlanılmalıydı. Daxili idarəetmə, məhkəmə və divanxana işləri, xanlıqdan gəlirlərin yığılması xanın səlahiyyətində qalırdı. Şuşa qalasında 500 nəfərlik rus qoşunu yerləşirdi. Xanlıq ildə rus xəzinəsinə 8 min çervon (1 çervon 3,14 manata bərabər idi) bac verməyi öhdəsinə götürürdü. Müqavilənin 10-cu maddəsində andlaşmanın əbədi müddətə bağlandığı göstərilmişdi. 1805-ci il mayın 21-də Kürəkçayda Şəki hakimi Səlim xan da təxminən eyni məzmun daşıyan müqavilə bağlamağa məcbur edildi. Əsas fərq ondan ibarət idi ki, ruslar 500 nəfərlik qoşunun yerləşməsi üçün xanlıqda özləri qala tikməli idilər. Bu şərti əməl etməyən ruslar memarlıq incisi olan Şəki xan sarayını kazarmaya çevirmişdilər. Xanlığın əhalisinin sayı nəzərə alınaraq üzərinə 7 min çervon bac qoyulmuşdu. Qarabağ və Şəki xanlıqları Rusiyanın razılığı olmadan heç bir dövlətlə əlaqələr saxlaya bilməzdilər. Bu, əslində xanlıqların müstəqil xarici siyasət hüququndan məhrum edilməsi demək idi.

Abbas Mirzə 1805-ci ildə rusları Şimali Azərbaycandan çıxartmaq üçün döyüş əməliyyatlarını davam etdirdi. Şuşa yaxınlığında rusları məğlubiyyətə uğratsa da, onun Tiflis üzərinə yürüşü uğursuzluqla nəticələndi. Rusların isə əsas məqsədi Şamaxı və Bakı xanlıqlarını ələ keçirmək idi.

Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən Şamaxı hakimi Mustafa xan da rus qoşunlarının hücumu təhlükəsi qarşısında Kürəkçay müqaviləsinin şərtlərini bəzi fərqlərlə təkrar edən «Andlı öhdəliyi» imzalamağa məcbur oldu. 1805-ci il 22-dekabr müqaviləsi ilə Şamaxı xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala tikmək hüququ verilirdi.

1805-ci ilin yayında rus hərbi donanmasının dənizdən Bakıya hücumu şəhərin müdafiəçilərinin igidliyi və rusların qatı düşməni qubalı Şeyxəli xanın qoşunla köməyə gəlməsi nəticəsində uğursuz oldu.

Rus komandanı Sisianov 1806-cı ilin yanvar ayında Bakı xanlığının Rusiyanın tabeliyi altına keçməsi haqqında çox ağır şərtlərini Hüseynqulu xana göndərdi. Bu şərtlərə görə Bakı xanlığının bütün gəliri Rusiya xəzinəsinə verilməli, Bakı şəhəri tamamilə ruslardan ibarət xüsusi bir idarə orqanının tabeliyinə keçməli, qalada rus topları və minə yaxın əsgər yerləşdirilməli idi. Amansız, amansız olduğu qədər də şöhrətpərəst general Sisianovla Bakı hakimi Hüseynqulu xan arasında 1806-cı il fevralın 8-də Bakının Qoşa qala qapısı yaxınlığında görüş zamanı rus generalı xanın yaxın qohumu tərəfindən öldürülərək öz layiqli cəzasını aldı. Bu hadisə Bakının işğalının qarşısını almasa da, onu bir qədər ləngitdi.

1806-cı ilin yazında Abbas Mirzənin ordusunun Qarabağ istiqamətində ruslara savaş açması mənbələrdə deyildiyi kimi, bir çox Qarabağ əyanlarının qızılbaş qoşununa qoşulmasına səbəb olmuşdu. Gəncə hakimi Cavad xanın qatili mayor Lisaneviç çox ciddi nəzarət altında saxladığı İbrahimxəlil xanın da Qacarlarla birləşmək ehtimalını aradan qaldırmaq üçün böyük bir qətliam törətdi. İbrahimxəlil xan ailə üzvləri və yaxın adamları ilə birlikdə amansızlıqla qətlə yetirildi. Qarabağ xanlığında hakimiyyət onun oğlu Mehdiqulu xana verildi.

Rus zabiti Lisaneviçin vəhşiliyinə cavab olaraq Şəki hakimi Səlim xan 1806-cı ildə Rusiya ilə əlaqələri kəsdi və rus qoşunlarının xanlığından qovub çıxartdı. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə Səlim xanı məğlubiyyətə uğratdılar. Sonra Car - Balakənə yollanaraq oradakı üsyanları amansızlıqla yatırdılar. Qacarlardan üz döndərib Rusiyanın tərəfinə keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi.

1806-cı ildə Abbas Mirzənin Qarabağda, Şəkidə və digər bölgələrdə ruslarla apardığı döyüşlər müvəffəqiyyət qazanmadı. Ruslar isə əksinə 1806- cı ilin iyunun 22-də Dərbəndi, sentyabrın 3-də isə Bakını ələ keçirtdilər. Sonra isə Quba xanlığı tabe edildi.

1808 - 1809-cu illərdə Abbas Mirzənin ordusu ilə rus ordusu arasında hərbi əməliyyatlar ruslar üçün uğursuz oldu. 1809-cu il Qarababa döyüşündə ruslar məğlubiyyətə uğradılar.

Cənubi Qafqazda rus işğalına uzun müddət seyirçi mövqe tutan Osmanlı dövləti sükutu pozaraq 1806-cı ildə Rusiya ilə müharibəyə başladı. 1807-ci il Gümrü döyüşündə məğlubiyyətə uğradı. 1812-ci ildə Rusiya ilə bağlanan Buxarest sülhünə görə Osmanlı dövlətinin Qafqazdakı sərhədləri dəyişməz qalırdı, ancaq Osmanlı hökuməti Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğalı faktını tanımalı oldu.

1812-ci ilin əvvəllərində Qacarların Abbas Mirzənin başçılığı altında olan 20 minlik ordusu Qarabağ xanlığına daxil olsa da, burada möhkəmlənə bilmədi. Lənkəran xanlığında mövqe tutan Abbas Mirzənin qoşunu 1812-ci ilin oktyabrın 18-də Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət həm Birinci Rusiya - Qacar müharibəsinin, həm də Lənkəran xanlığının taleyini həll etdi. Rus ordusu 1813-cü ilin yanvarın 1-də Lənkəran qalasını ələ keçirtdi. İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Rusiya ilə Qacarlar arasında 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində barışıq müqaviləsi bağlandı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin şərtlərinə görə hər iki dövlət arasında savaşa son qoyulur (maddə 1), Fətəli şah Qacar Şimali Azərbaycan xanlıqları olan Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Quba, Bakı, Lənkəran, eyni zamanda Dağıstan və Gürcüstanın Rusiya imperatorluğunun tabeçiliyinə keçməsini təsdiq edirdi (maddə 3), Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olmalı idi (maddə 5), Qacar dövlətinə gələn rus tacirlərindən gətirdikləri mallara görə 5%-dən çox gömrük alınmamalı idi (maddə 9), Qacar dövlətinin təbəələri olan tacirlərdən də eyni qaydada 5%- lik gömrük tələb olunmalı idi.

Araz çayından şimaldakı Azərbaycan torpaqlarına iddialı olan Qacarlarla işğalçı Rusiya arasında bağlanmış bu ədalətsiz və qeyri - bərabər müqavilə nəticəsində Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanlıqları rus qoşunları tərəfindən tutulmadığından həmin ərazilərimiz müqavilədən kənarda qaldı. Şimali Azərbaycanın Rusiyanın tərkibinə daxil edilən torpaqları ilə həmin xanlıqlar arasındakı sərhədlər də Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmişdi.

Cənubi Azərbaycanın valisi Abbas Mirzə Qacar Gülüstan müqaviləsindən sonra bütün səylərini Azərbaycan ordusunun yenidən qurulmasına və müasir silahlarla təchiz edilməsinə yönəltmişdi. Bu işdə ona İngiltərə hökuməti köməklik göstərirdi. 1814-cü ildə bağlanan sazişə görə İngiltərə Qacarlara hər cür hərbi yardım göstərməli və şimal torpaqlarının geri qaytarılması üçün Rusiya ilə danışıqlar aparmalı idi. Qacarlar isə Hindistan üçün yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa söz vermişdilər.

1825-ci ildə Sankt - Peterburqda baş vermiş dekabristlər üsyanı haqqında ingilis diplomatlarından məlumat alan Fətəli şah Qacar bu əlverişli fürsətdən istifadə edərək Rusiya ilə yeni savaşa girməyi qərara aldı. Fətəli şah hərbi qüvvə, sursat, ərzaq və maliyyə təminatı baxımından bütün müharibənin ağırlığı və məsuliyyətini Cənubi Azərbaycanın valisi və Azərbaycan ordusunun komandanı vəliəhd Abbas Mirzənin üzərinə qoymuşdu. Abbas Mirzə isə yetərincə maliyyə dəstəyi olmadığından ordudakı islahatları başa çatdırmamışdı və Rusiya ilə savaşa girməyin hələ tez olduğunu düşünürdü. Abbas Mirzəyə sığınan Şimali Azərbaycan xanları da müharibəyə tez başlamağın tərəfdarı idilər və Abbas Mirzəyə bildirmişdilər ki, onun qoşunu Araz çayını keçərsə, xanlıqların bütün əhalisi kafirlərə qarşı üsyana tamamilə hazır vəziyyətdədir. Fətəli şahın qərarı ilə 1826-cı ildə Rusiya ilə yeni savaş başladı. 1826 - 1828-ci illər İkinci Rusiya - Qacar müharibəsinin başlanğıc mərhələsi ruslar üçün uğursuz oldu. Abbas Mirzənin başçılıq etdiyi ordu iyulun 26-da artıq Qarabağın böyük hissəsinə nəzarəti ələ keçirib, Şuşanı mühasirəyə aldı. Onun göstərişi ilə keçmiş Şamaxı hakimi Mustafa xan qoşunla Şirvana, Mirhəsən xan qoşunla Lənkərana, Uğurlu xan Ziyadoğlu - Gəncəyə, Səlim xanın oğlu Hüseyn xan - Şəkiyə yollandılar. İrəvanın sərdarı Hüseyn xan və Kartli-Kaxetiya çan II İraklinin ruslara qəti düşmən olan şahzadə oğlu Aleksandr qoşunla Tiflis üzərinə hücuma başladılar. Şimali Azərbaycan xanları demək olar ki, öz keçmiş xanlıqlarında hakimiyyətlərini bərpa etdilər. Rusiyanın müstəmləkə zülmündən bezmiş əhalinin üsyana qalxması da bu işdə az rol oynamadı. Məsələn, Gəncədə iyunun 17-də bəy və ruhanilərin başçılığı ilə böyük bir üsyan baş vermiş və ruslar Gəncədən qovulub çıxarılmışdılar. Lənkəran, Şamaxı və Şəkidə də ruslar əleyhinə üsyanlar baş vermişdi. 1826-cı ildə rus müstəmləkə rejiminə qarşı bütün Şimali Azərbaycanı bürüyən üsyan heç də təsadüfi deyil ki, rəsmi mənbələrdə «ümummüsəlman üsyanı» adlandırılmışdır. Bu üsyana görə çar Nikolay hətta 2 mart 1827-ci ildə imzaladığı Ali fərmana əsasən Qafqazın baş hakimi və baş komandanı general A.P.Yermolova şiddətli töhmət verərək vəzifəsindən uzaqlaşdırmışdı.

Lakin Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq halda olan rus qoşunlarını əzmək, bütün qüvvəsini rus qoşunlarının geri çəkildiyi Tiflisə yönəltmək əvəzinə, 48 gün Şuşanı mühasirədə saxlamaqla böyük vaxt itkisinə yol verdi. Rus komandanlığı bundan yararlanaraq dağınıq halda olan qoşunlarını birləşdirdi və strateji təşəbbüsü ələ keçirib, əks - hücuma başladı. 1826-cı il sentyabrın 3-də Abbas Mirzənin qoşunu Şəmkir yaxınlığında məğlubiyyətə uğrayaraq Gəncəyə çəkildi, ikinci döyüş sentyabnn 13-də Gəncə ətrafında baş verdi. İkinci Rusiya - Qacar müharibəsinin taleyində həlledici rol oynayan Gəncə döyüşündə Abbas Mirzə məğlubiyyətə uğradı. Beləliklə, düzgün hərbi taktika seçilmədiyindən Azərbaycanın şimal torpaqlarında kütləvi xalq üsyanlarının yaratdığı çox əlverişli imkan əldən verildi. Abbas Mirzənin ordusu və yenidən qaçqın düşən xanlar Şimali Azərbaycanı tərk edərək Arazdan cənuba mühacirət etməyə məcbur oldular.

Yermolovu əvəz etmiş yeni baş komandan general qraf Paskeviçin başçılığı ilə rus qoşunlarının 1827-ci il iyunun 26-da Naxçıvan qalasını ələ keçirməsi Qacar ordusunun komandanı Abbas Mirzəni hərəkətə gətirdi. Lakin 1827-ci iyulun 7-də Cavanbulaq döyüşündə onun məğlubiyyətə uğraması Abbasabad qalasının taleyini həll etdi. İrəvan xanlığının əhalisinin də Qacar qoşunu ilə birlikdə müqavimət göstərməsinə baxmayaraq, Abbasabadın ardınca Sərdarabad qalası da rusların əlinə keçdi. Nəticədə İrəvana yol açıldı. Sentyabnn 26-da rus qoşunlan İrəvan qalasını mühasirəyə aldılar. İrəvanın sərdarı Hüseyn xanın başçılığı ilə qalanın müdafiəçiləri ciddi müqavimət göstərsələr də, oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. İrəvanın alınması Rusiya imperiyasının paytaxtı Peterburqda böyük sevinclə qarşılandı. Çar I Nikolay İrəvanın fəthi şərəfinə 1827-ci il noyabrın 4-də Ali fərman imzaladı. Ali fərmanla "rus silahının müsəlman xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav - yunan - rus kilsəsinə çevrilməsi" qərara alınmışdı. "Erevanski" ləqəbi ilə mükafatlandırılan qraf Paskeviç yazırdı ki, şəhər alınarkən burada 10 min müsəlman ailəsi və 3 min erməni ailəsi yaşayırdı. Həmin ermənilər ruslara casusluq etməklə yanaşı, İrəvan qalasının qapılarından birini rus qoşununun üzünə açmışdı.

Rus qoşunları Cənubi Azərbaycan torpaqlarına daxil olaraq əvvəl Mərəndi, sonra isə Təbrizi ələ keçirtdilər. Təbrizin tutulması ilə Tehrana yol açıldı. 1828-ci il yanvarın 28-də Urmiyanın, fevralın 8-də isə Ərdəbilin tutulması Abbas Mirzə Qacar ilə Paskeviç arasında sülh danışıqlarının sürətlənməsinə səbəb oldu. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində müqavilə imzalandı. 16 maddədən ibarət Türkmənçay müqaviləsində Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Yəni əslində Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsi ilə əvəz olunduğu göstərilirdi (maddə 2). Müqavilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq edir (maddə 3), sərhədləri ayırır (maddə 4) və müqavilədə Qacar hökumətinin Rusiyaya 20 milyon gümüş manat təzminat ödəyəcəyi bildirilir (maddə 6), Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (maddə 8).

Türkmənçay müqaviləsinin 15-ci maddəsini xüsusi qeyd etmək lazımdır. Bu maddədə Qacar dövlətinin Azərbaycan vilayətinin (yəni Cənubi Azərbaycanın) əhalisinə Rusiyaya sərbəst keçə bilmək, keçərkən daşına bilən əmlakını gömrük və vergi qoyulmadan özü ilə aparmaq və ya bir il ərzində satmaq hüququ verilirdi. Onların daşınmaz əmlakının satılması üçün isə beş ililk müddət müəyyən edilirdi. Bu maddədə əlbəttə, söhbət Azərbaycan türklərindən deyil, ermənilərdən gedirdi. Açıq və konkret şəkildə müqavilədə ermənilərin adı çəkilməsə də, iki dövlət arasında ümumi razılıq belə idi.

1828 - 1829-cu illər Rusiya - Osmanlı müharibəsi də rusların qələbəsi ilə başa çatdı. 1829-cu il Ədirnə müqaviləsinə görə Osmanlı dövləti bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını hüquqi baxımdan təsdiq etdi. Rusiya Qara dəniz sahillərini, xüsusilə Axalsıx vilayətinin bir neçə şəhərini ələ keçirdi. Ədirnə müqaviləsi ilə Osmanlı dövlətindən erməni əhalisinin Rusiyaya sərbəst şəkildə keçməsinə icazə verildi.

Xalqımızın tarixi taleyində faciələrə yol açan Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı təsdiq olundu. Bu müqavilənin ən dəhşətli nəticəsi xalqımızı və Vətənimizi iki yerə parçalaması oldu.

Türkmənçay müqaviləsi 1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər tərəfindən qeyri - bərabər və ədalətsiz müqavilə elan olunsa da, 1921-ci ildə Sovet Rusiyası ilə Qacar dövləti arasında bağlanmış müqavilə ilə qüvvədən düşmüşdü. Ancaq yenə də tarixi ədalətsizliyə yol verilərək Azərbaycanın bölüşdürülməsi hər iki dövlət tərəfindən təsdiq edilmişdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin