Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Fərdi və ya təşkilati məqsədlərə çatmağa istiqamətli mal, xidmət, fikir və ya hadisələrlə əlaqədar alış-verişi təmin məqsədilə məhsula, paylamaya, qiymətə və saxlamağa bağlı fəaliyyətlərin planlaşdırılması, həyata keçirilməsi və nəzarət müddətidir.
Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və onun gəliri də yüksək olar.
Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.
Marketinq sahəsində aparıcı mütəxəsislərdən hesab edilən P. Drükerin fikrincə: “Marketinqin məqsədi, satış üzrə qüvvə sərfini lüzumsuz etməkdir. Onun məqsədi, müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın”.
Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur.