Prinsip 6. Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur. Bugün bir vaxtlar iqtisadiyyatı mərkəzi planlaşdırma üsulu ilə idarə olunan ölkələrin əksəriyyəti artıq bu sistemi tərk edib bazar iqtisadiyyatını inkişaf etdirməyə çalışır. Bazar iqtisadiyyatında mərkəzi planlaşdırıcıların qərarları milyonlarla ailə və müəssisələrin qərarları ilə əvəz olunur. Şirkətlər kimi işə götürəcəklərinə və nə istehsal edəcəklərinə özləri qərar verirlər. Ailələr isə hansı müəssisələrdə işləyəcəklərinə, öz gəlirləri hesabına nə alacaqlarına qərar verirlər. Bu müəssisələr və ailələr qiymət v ə şəxsi maraqların qərarlara təsir etdiyi bazarda qarşılıqlı münasibətlər qururlar.
İlk baxışda bazar iqtisadiyyatının müvəffəqiyyəti çaşdırıcı görünür. Axı bazar iqtisadiyyatında heç kəs cəmiyyətin bütövlükdə iqtisadi rifahını düşünmür. Bununla belə, mərkəzi planlaşdırma sisteminin olmamağına və bütün qərarların şəxsi maraqlara xidmət etməsinə baxmayaraq, bazar iqtisadiyyatı cəmiyyətin ümumi iqtisadi rifahını artıran iqtisadiyyat sistemləri qurmaqda əhəmiyyətli müvəffəqiyyətlərə nail ola bilmişdir.
1776- cı ildə Adam Smit özünün “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində iqtisadi nəzəriyyədəki ən məşhur fikri irəli sürmüşdür: Bazarlarda qarşılıqlı əlaqədə olan təsərrüfat və şirkətlər sanki “gözəgörünməz əl” tərəfindən arzu olunan nəticələrə doğru yönəldilir. Nəyi alıb nəyi satmaq kimi qərarları qəbul edərkən ailə və müəssisələr qiymətə nəzər saldıqlarına görə özləri də bilmədən öz hərəkətlərinin ictimai fayda və məsrəflərini nəzərə almış olurlar. Nəticə etibarilə, qiymətlər həmin fərdi qərar verənlərin hərəkətlərini elə şəkildə yönləndirir ki, cəmiyyətin bütövlükdə rifahı maksimal dərəcədə artmış olsun.
“Gözəgörünməz əlin” iqtisadi fəaliyyəti idarə etmək bacarığının olduqca mühüm nəticəsi vardır: Dövlət qiymətlərin tələb və təklif səviyyələrinə təbii bir surətdə uyğunlaşmasının qarşısını aldıqda, “gözəgörünməz əlin” iqtisadiyyatı təşkil edən milyonlarla ailə və müəssisələri əlaqələndirmək qabiliyyətinə maneə törədir. Bu nəticə vergilərin sərvətlərin bölüşdürülməsinə mənfi təsir göstərməyinin səbəbini açıqlayır. Vergilər qiymətlərin, bununla da ailə və müəssisələrin qərarlarının dəyişməsinə səbəb olur. Bu, kommunizmin süqutunun səbəblərini də izah edir. Kommunist ölkələrində qiymətlər bazarlarda müəyyən edilmir, mərkəzi planlaşdırıcı tərəfindən diktə olunurdu. Mərkəzi planlaşdırıcılar sərbəst bazar iqtisadiyyatı şəraitində qiymətlərdə əks olunan bütün məlumata malik deyildilər. Mərkəzi planlaşdırıcılar iqtisadiyyatı məhz bazardakı “gözəgörünməz əli” nəzərə almadan idarə etməyə çalışdıqlarına görə uğursuzluğa düçar oldular.