Prinsip 3. Rasional insanlar marjinal faydanı düşünürlər. Həyatda qəbul etdiyimiz qərarlar hər zaman ağ- qara olmayıb, bir çox hallarda boz çalarlara malik olur. Nahar vaxtı üzləşdiyiniz seçim pəhriz saxlamaqla tort yemək arasında deyil, sadəcə əlavə bir qaşıq kartof püresi yeyib- yeməmək arasındakı bir qərardır. İmtahanlar vaxtı da düşündüyümüz alternativlər bütün imtahanlardan kəsilmək, yaxud 24 saat dərs oxumaq arasında yox, sadəcə asudə vaxtın bir saatını konspektlərinizi gözdən keçirmək, yaxud o saatı televizora baxmaqla keçirmək kimi seçimlərdir. İqtisadçılar mövcud fəaliyyət planında kiçik artımlara səbəb olan əlavələrə marjinal dəyişmə deyirlər. “Marjinal” kənara, qırağa yaxın olmanı ifadə edir və marjinal dəyişmələr etdiyimiz hər şeyin kənarı yaxınlığında baş verir.
Bir çox hallarda ən yaxşı qərarlar marjinal faydanı düşünməklə verilir. Fərz edək ki, təhsilinizi neçə il davam etdirmək istədiyinizi bilmirsiz və məsləhət üçün dostunuza müraciət etmisiniz. Əgər dostunuz bir arqument kimi elmlər namizədinin və orta məktəbi bitirə bilməyən insanın yaşam tərzlərini müqayisə etmək istəsə, belə bir müqayisənin sizin halınızda məqsədəuyğun olmadığını qeyd edə bilərsiniz. Sizin artıq bir neçə illik təhsiliniz var və çox güman ki, əlavə bir və ya iki il oxuyub oxumayacağınızı qərarlaşdıracaqsınız. Bu cür qərarı vermək üçün ali məktəbdə keçirilən əlavə bir ilin əvəzində hansı faydanı (ömrünüz boyunca daha yüksək əmək haqqı və oxumağın ləzzəti) əldə edəcəyinizi bilməli, həm də məruz qalacağınız əlavə məsrəfləri (təhsil haqqı və dərsdə olduğunuz zaman qazana bilməyəcəyiniz gəlir) nəzərə almalısınız. Bu cür marjinal fayda ilə məsrəfləri müqayisə etməklə siz ali məktəbdə əlavə ili keçirib keçirməməyə qərar verə bilərsiniz.
Başqa bir misal kimi, sərnişin biletlərinin qiymətlərini təyin edən bir aviaşirkəti təsəvvür edin. Fərz edək ki, 200 yerlik bir təyyarə ilə bir reysi yerinə yetirmək 100000 manata başa gəlir. Bu halda hər yerin orta maya dəyəri 100000man./200, yəni 500 manata bərabərdir. Elə bir təsəvvür yarana bilər ki, həmin şirkət heç bir halda öz biletlərini 500 manatdan aşağı satmamalıdır. Əslində isə aviaşirkət marjinal faydanı düşünməklə öz mənfəətini artıra bilər. Təsəvvür edin ki, təyyarə havaya qalxmazdan əvvəl 10 yer boşdur və hava limanında 300 manat ödəyib bu reys ilə səyahət etmək istəyən var. Sizcə aviaşirkət biletini ona satmalıdırmı? Təbii ki, satmalıdır. Əgər təyyarədə boş yerlər varsa, əlavə bir sərnişinin uçması ilə bağlı aviaşirkətin çəkdiyi məsrəflər cüzidir. Hər bir sərnişinin daşınmasının orta dəyəri 500 manata başa gəlsə də, marjinal maya dəyəri sadəcə uçuş vaxtı istəyəcəyi bir paket yer findığı ilə bir şüşə qazlı suyun dəyərindən ibarətdir. Bu sərnişin marjinal maya dəyərindən daha çox ödədiyindən, ona bilet satılması mənfəət gətirir.
Yuxarıdakı misallarda göründüyü kimi həm fərdlər, həm də şirkətlər marjinal fayda və məsrəfləri düşünməklə daha sağlam qərarlar qəbul edə bilərlər.