Hər bir elm öz predmetini müəyyən metodlar vasitəsilə öyrənir. Metod yunanca “Methodos” sözündən olub tədqiqat yolu deməkdir. Metodologiya dərketmənin prinsipləri, forma və üsulları haqqında elmdir. Məşhur ingilis filosofu F.Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işiqlandıran bir fanardır. İqtisadiyyat bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. İqtisadiyyat elminin metodları iki qrupa ayrılır:
Ümumi elmi metodlar- bu qrupa bütün elmlərdə istifadə olunan metodlar daxildir (dialektik, materialist, idealist metod).
İqtisadiyyat elminin spesifik metodları:
Təhlil və sintez- tədqiqat obyektinin müxtəlif hissələrə parçalanaraq təhlili əsasında onun sintez edilməsi və bütövlükdə öyrənilməsidir. Təhlil metodunda iqtisadi münasibətlər vahid sistem halında götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni, vahid iqtisadi sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik əldə edə bilirik.
İnduksiya və deduksiya- induksiya iqtisadi faktlardan nəzəriyyəyə doğru hərəkətdir. Deduksiya nəzəriyyədən faktlara doğru hərəkətdir. İnduksiya latınca “yönəltmə” mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu hələ “iqtisadi qanun”, “prinsip” və modellər çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadiyyat elminin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya latın dilindən alınan və “hasiletmə” mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarna, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm induksiya, həm də deduksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir.
Elmi abstraksiya metodu- araşdırmalardan təsadüfi keçici olanların sərf nəzər edilməsi, sabit, tipik və daimi proseslər üzərində tədqiqatın cəmləşdirilməsidir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün elmi abstraksiya metodundan istifadə olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir. Məsələn, istehsal, əmək, məhsul, əmtəə kimi abstrakt anlayışlar öz konkret cəhətlərindən və növlərindən təcrid edilmiş və sadələşdirilmiş şəkildə ifadə olunmuş kateqoriyalardır. Həyatda minlərlə əmək, istehsal və məhsul növləri mövcuddur. Elmi ədəbiyyatda bunların hamısını sadalmaq, təkrarlamaq mümkün deyil. Buna görə də istehsal, əmək, məhsul, əmtəə kimi anlayışlarda dəfələrlə təkrar olunan müxtəlif formalarda özünü göstərən hadisələrin ümumi mahiyyəti ifadə edilmişdir.
Tarixi və məntiqi metod- iqtisadiyyat elminin istifadə etdiyi metodlardan biridir. Bu metod vasitəsilə iqtisadi anlayışlar, kateqoriyalar onların yarandığı tarixi ardıcıllıqla şərh edilir. İqtisadiyyat elmi bu metodla iqtisadi hadisələrin yaranması, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla, onları məntiqi metod vasitəsilə araşdırır. Bununla bağlı F.Engels göstərir ki, “tarix nədən başlayırsa, fikir cərəyanı da bundan başlamalıdır və onun sonrakı hərəkəti tarixi prosesin abstrakt və nəzəri cəhətcə ardıcıl inikasından başqa bir şey deyildir”. İqtisadi həyat hadisələri müəyyən tarixi şərait zəminində meydana gəlir, inkişaf edir və dəyişikliyə uğrayırlar. Məsələn, əmək bölgüsü, mübadilə, bazar kimi iqtisadi formalar müəyyən tarixi şəraitdə yaranan və fəaliyyət göstərən hadisələrdir. Bu hadisələr tarixi şərait baxımından nəzərdən keçirilir və məntiqi metodla təhlil edilir. Burada tarixi metodla məntiqi metod bir- birini tamamlayır.
İqtisadi modelləşmə- iqtisadi proseslərin sadələşdirilməsi, bəsitləşdirilməsi nəticəsində cəmiyyətdə qarşıya çıxan problemlərin sadə həllindən ibarətdir.
Pozitiv və normativ metod- pozitiv metod dünyanın necə olduğunu təsvir etməyə çalışan fikirlədir. Pozitiv yanaşma- iqtisadiyyatın fəaliyyətinə obyektiv və ya elmi izahı axtarır. Normativ metod dünyanın necə olduğunu tövsiyyə edən fikirlədir. Normativ yanaşma- şəxsi qiymətləndirmə mülahizələrinə əsaslanan hərəkət qaydaları təklif edir.