5. Kreditlərin hədləri 5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən (bu Qaydanın 8.1.1-ci yarımbəndi istisna olmaqla) aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
5.1.2. 50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;
5.1.3. 1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.
5.2. Hər bir investisiya layihəsi üzrə Fondun ayırdığı vəsaitin maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.
6. Kreditlərin müddəti və faizləri 6.1. Fondun güzəştli kreditlərinin müddətləri (bu Qaydanın 8.1.2-ci yarımbəndi istisna olmaqla) aşağıdakı kimi müəyyən edilir:
6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyükhəcmli kreditlər üçün -10 (on) ilədək.
6.2. Kənd təsərrüfatı məhsullarının istehsalında Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən uzunmüddətli investisiya tələb edən sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi zamanı kiçikhəcmli və ortahəcmli kreditlər üçün kreditin müddəti 2 (iki) il artırılır.
6.3. Bu Qaydanın 8.1.3-cü yarımbəndi istisna olmaqla, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.
6.4. Fondun digər mənbələrdən cəlb etdiyi vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 6.3-cü bəndi tətbiq edilir.
7. Güzəşt müddəti Kreditlərdən istifadə üzrə güzəşt müddəti (bu Qaydanın 8.1.4-cü yarımbəndi istisna olmaqla) sahibkarlıq subyektinin investisiya layihəsi üzrə nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulan investisiya layihələri üzrə güzəşt müddəti isə kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə etməlidir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəməlidirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.