Danışıqların dörd mərhələsini qeyd etmək olar: 1)danışıqlara hazırlıq;
2)danışıqların aparılma prosesi;
3)danışıqların nəticələrinin təhlili;
4)əldə edilmiş razılaşmaların yerinə yetirilməsi.
Sırf texniki vasitələrdən istifadə – danışıqlarda fasilə elan edilməsi çox səmərəli ola bilər. Bu, iştirakçılara danışıqların gedişini təhlil etməyə, işlərin vəziyyətini qiymətləndirməyə, nümayəndə heyətinin daxilində və ya hər hansı bir tərəfdən məsləhətləşmələr aparmağa, danışıqlarda atmosferin emosional gərginliyini azaltmağa, onların gərgin vəziyyətdən çıxmağın mümkün variantlarını düşünməyə imkan verir. Nəticədə danışıqlar prosesini bərpa etmək üçün real şans yaranır. Təcrübənizə müraciət edərək, danışıqlarda fasilənin rolunu qiymətləndirə bilərsiniz.
Danışmaq bacarığı Danışmaq nitq mənimsənildiyi andan başlayır və bunu hər kəs bacarır. Lakin hamının başa düşəcəyi səviyyədə, düzgün, məntiqli, savadlı danışmaq bacarığı natiqlik ustalığıdır. Xüsusilə işgüzar kommunikasiyada həddindən artıq emosionallıqdan və bədiiliyindən uzaq, faktlara əsaslanaraq sadə, aydın və dəqiq sözlərdən istifadə etmək, fikri düzgün formalaşdırmaq lazımdır, bununla nitqin effektivliyi müəyyən edilir; sönük nitqin dinləyicilərə təsir qüvvəsi zəif, quru olur, emosionallıq nitqin təsir qüvvəsini artırır. Şifahi nitq səsli olduğundan qavrayış və intonasiya nəzərə alınmalıdır. Yalnız bütün səslərin düzgün artikulyasiyası danışanın dinləyicilər tərəfindən düzgün başa düşülməsinə təminat verir. Danışmaq bacarığı özünü işgüzar ortağı ilə mövqelərinin psixoloji bərabərliyinə əsaslanan və bir-birindən asılı olan mülahizə-replikalardan ibarət spesifik ünsiyyət kimi dialoqda göstərir. Dialoq prosesi məlumat mübadiləsidir, burada sual vermək bacarığı mühüm rol oynayır. İşgüzar kommunikasiyanın bütün formalarında istifadə olunduğu üçün sual vermək bacarığı böyük praktik əhəmiyyətə malikdir. Sualların köməyi ilə yalnız həmsöhbətin maraqlarını müəyyənləşdirmək və onun diqqətini söhbətin vacib məqamlarına yönəltmək yox, həm də fikirlərini həmsöhbətə çatdırmaqla onu bu və ya digər əsassız inamsızlıqdan daşındırmaq, tutarlı sualların köməyi ilə həqiqi tərəfdaşlıq, sağlam münasibət qurmaq olar.
İşgüzar kommunikasiyada sualın müxtəlif növlərindən istifadə olunur:
1)Qapalı suallar. Bunlara qarşı tərəf ya bəli ya da xeyr cavabı verir Məsələn: Bizimlə əməkdaşlığa razısınızmı? Şərtlərimiz sizi qane edirmi? Bu layihəyə qoşulmaq istərdinizmi? 2)Açıq suallar. Qarşı tərəf konkret bəli, xeyr yox, əhatəli şəkildə nə? harada? nə zaman? hansı? nə üçün? suallarına cavab verməli olur. Məsələn: Bizim şirkətlə əməkdaşlıqda məqsədiniz nədər? Nə zaman fikrinizi deyəcəksiniz? Daha hansı əməkdaşlıq təklifləriniz var? Nə üçün məhz bizi seçdiniz? 3)Həmsöhbətin sizi başa düşdüyünə əmin olmaq üçün yoxlama suallar. Məsələn: Deyilənlərə aid sualınız varmı? Sizi nə qane etmədi? Fikrinizdə qalırsınızmı? Təkliflərimizin nəticəsi sizə aydındırmı? 4)Alternativ suallar. Bu suallar qarşı tərəfə seçim və daha tez qərar qəbul etmə imkanı, nitqə emosionallıq verir, sualdan daha çox dinləyicinin laqeyd qalmamağı məqsədi daşıyır. Məsələn: Qərarınızda bir dəyişiklik yoxdur? Nəyə isə ola bilər ki, doğru izah vermədim? Yormadım sizi? 5)Ritorik suallar. Təsdiq və inkar formada ifadə edilsə də, cavab tələb olunmur. Belə suallar rəqibi söylədiklərini səmimiliyə sövq edir. Amma kimdi səsimizi eşidən, haqqımızı tanıyan? (Anar). 6)İstiqamətverici suallar. Tərkibində tələb olunan cavabların elementi də olduğu üçün, lazım gəldikdə danışığı müəyyən istiqamətə yönəltmək mümkündür: Nə güzəşt? Torpaqlarımızın 10 faizini güzəştə gedək ki, o biri on faizini dava-şavasız qaytarsınlar? Hər altı halda qarşı tərəfin münasibəti soruşulur, razılıq əldə edildikdə həlledici suala ehtiyac qalmır.
Səhvə yol verməmək üçün qınaq, ittihamlarvarı suallardan yayınmaq, niyə? sualından az istifadə etmək lazımdır. Məsələn: Niyə belə qərara gəldiniz? – əvəzinə: Nəticəniz mənim üçün qaranlıq qaldı, bir qədər aydınlıq gətirə bilərsinizmi?; Niyə əlavə məlumat vermədiniz? – əvəzinə: Əlavə məlumat versəydiniz, daha yaxşı olmazdımı? Uyğun cavab almaq üçün sual inkar və ya təsdiq formada verilə bilər. Məsələn: Bu işdə mənə kömək edə bilməzsiniz? və ya Problemləri həll etməkdə, yəqin ki, bizə kömək edərsiniz? Bu etiket formalarına imtina cavabı vermək çətindir.