BİZDƏ XALIÇILIQ
Yunan qədim coğrafiyonu Strabonun şahədətinə görə, İran bütün mədəniyyətini Midiyadan alıb. Midiya isə Həmədan mərkəz olaraq Aras çayının şimalına qədər uzanıb gəlirdi. Herodotun məlumatına görə, muğlar (Muğanın qədim sakinləri) Midiya ilə ittifaqa girib, məmləkət təşkil etmişlər və bu məmləkətin bütün mənəviyyatını muğlar düzəltdiyini qədim müvərrixlərdən öyrənirik. Muğların təqribən 3000 il əvvəl yaratdığı “Avesta” kitabı mədəniyyətin əsaslarını zərdüştilərə hökm edərkən gözəl təfrişatdan və xalılardan bəhs edir. Bu məlumata bir də 9-cu əsr müvərrixi Təbərinin Bakı civarı xalılarının aləmdə məşhur olduğunu əlavə edəriksə, qədim Azərbaycanın Şərq xalıçılığı beşiyi olduğu meydana çıxar.
Bu gün Şərqdə xalıçılıq sahəsində birincilik İranın öhdəsinə düşürsə, bunun ümdə səbəblərini tarixdə aramalıdır.
Əsrlərdən bəri şimaldan axıb gələn xalqlar Azərbaycan mədəniyyətini yıxmışlar və buranın elm adamları və sənətkarları yavaş-yavaş cənuba doğru çəkilib, sənətlərini də orada inkişaf etdirməyə çalışmışlar. Əgər Azərbaycan üçün bu qədər tarixi axınlara meydan olmasaydı, şübhəsiz ki, mədəniyyəti ilə Şərqə örnək ola bilərdi. Bərəkətlər ki, yüz ildən bəri şimal vasitəsilə Avropa mədəniyyətinə qovuşmuş Azərbaycan bu gün yeni bir şəkildə yenə Şərqə mədəni və inqilabi rəhbər olmağa başlayır.
Böyük İmperialist müharibəsi, sonra vətəndaş davaları hər bir işimizi alt-üst etdiyi kibi, xalıçılığa da böyük zərbələr vurmuş[dur]. Bu zərbələrin zərərlərini düzəltmək üçün uzun müddət çalışmaq icab edəcək və xalıçılığımızı müharibədən əvvəlki halətə qoymağa ən azı on il lazımdır.
Azərbaycan Baş Təsərrüfat Şurasının xırda sənət şöbəsinin tədqiqatına görə, hana toxuyan arvadların sayı 1913-cü ildə 39.139 imiş, 24-25-ci illərdə isə 13.399 qədərə enmiş[dir], yəni, müharibədən əvvəlki miqdarın yalnız 34%-ni təşkil edir. Bu qədər arvadların xalıçılıqdan ayrılmasının səbəblərini yalnız müharibə və vətəndaş davalarında aramalıdır.
Burada ümdə səbəb arvadlarımızın siyasi vəziyyətinin dəyişilməsidir. Müharibədən əvvəl Azərbaycan qadını ev dairəsində çalışırdı, imdi isə Şura idarəsi onları ev dairəsindən çıxarıb, ümumi təsərrüfata qarışdırmış[dır]. Bu gün türk qadını məmləkət idarəsində, maarif işlərində iştirak edir, sənaye sahəsində də kişilərdən geri durmur. Deməli, işçi qadının böyük bir hissəsi başqa bir sahədə çalışmadadır.
İkinci, müharibədən əvvəl yün tədarükü daha qolay idi. Xalıçılığa sərf olunan yunun təqribən yarısını Azərbaycan hasil edirdisə də, o biri yarısını Dağıstan və Gürcüstan təmin edirdi. Dava zamanları yun tədarükü çətinləşdi, bir tərəfdən də, qoyunçuluğumuzun böhran keçirməsi məsələni ağırlaşdırdı.
Get-gedə həyat yoluna girir və müharibənin izləri yavaş-yavaş silinib gedir. Xalıçılığın da keçirdiyi böhrandan çıxacağı təbiidir.
Azərsənət Birliyinin layihəsinə görə, xalıçılıq ilə məşğul olan arvadların sayı önümüzdəki beş ildə bu minval ilə artırılacaq: (Aydın olmaq üçün rəqəmlər 1913-cü ilə nisbətə tərtib olunmuş[dur])
1913
24–25
26–27
27–28
28–29
29–30
30–31
|
100%
34%
41%
46%
53%
60%
66%
|
39.139 adam
13.399 “
16.000 “
18.000 “
20.600 “
23.300 “
26.000 “
|
Baş Xalq Təsərrüfat Şurasının xırda sənət şöbəsinin məlumatına görə, müharibədən əvvəl Azərbaycanda 108.774 ədəd xalı toxunurdu. Bu xalıların qiyməti təqribən 2.894.000 qızıl manat edirdi. 24–25-ci illərdə isə 16.119 ədəd və 990.000 qiymətində xalı hasil olmuş[dur]. Toxunacaq xalıların tədricən artırılması layihəsi böylədir:
1913-cü il
24–25
26–27
27–28
28–29
29–30
30–31
|
100%
15%
22%
26%
37%
52%
72%
|
108.774 ədəd
16.119 “
24.050 “
31.000 “
40.000 “
57.000 “
78.000 “
|
2.894.000 manat
990.000 “
1.440.000 “
1.440.000 “
2.400.000 “
3.420.000 “
4.080.000 “
|
Deməli, dörd ildən sonra xalıçılığımız 4 milyon hasilat verəcək və sayca müharibədən əvvəlki rəqəmin 72% ödəyə biləcək.
İmdi yun tədarükü bəhsinə keçdikdə, xırda sənət şöbəsinin məlumatına görə, hər bir xalıya 8-36 kiloqram yun gedir. Əl’an yunun tonu təqribən 900 manatdır. Müharibədən əvvəl 300 qızıl manat idi. Bu rəqəmləri əsas edəriksə, beş illik layihə böylə şəkil alır:
13-cü il
24–25
26–27
27–28
28–29
29–30
30–31
|
3.481 ton
466 “
768 “
992 “
1.288 “
1.829 “
2.496 “
|
1.044.000 manat
437.000 “
720.000 “
893.000 “
1.152.000 “
1.642.000 “
2.240.000 “
|
Azərbaycan beş illik bu layihənin yunun yalnız 50-85 faizini təmin edə biləcək. Dağıstan və Gürcüstandan gələn yunun miqdarı nəzərə alınarsa, lazım olan miqdar təmin olunmuşdur, deməkdir.
Azərbaycan xalıçılığını təşkilatlı bir şəklə salmaq üçün Azərsənət Birliyi var qüvvəsini sərf etmədədir. Xalıçılığı inkişaf və xalıçılara kömək etmək Sənət Birliyinin başlıca məqsədlərindən biridir. Təşkilatın gözəl şəkli kooperativ olduğu üçün Sənət Birliyi xalıçılarımızı da kooperativ dairəsinə çəkmək istəyir. Bu sahədə Sənət Birliyinin beş illik layihəsi bu şəkildədir:
26–27-ci il
|
6%
|
1.100 adam
|
27-28-ci il
28-29 “
29-30 “
30-31 “
|
18%
32%
47%
67%
|
3.250 adam
6.600 “
10.950 “
17.400 “
|
Azərsənət Birliyi yeni bir təşkilat olduğu üçün önündə həlli zəruri olan bir çox məsələlər durur. Toxunan xalıların sayını artırmaq kibi mühüm iş ilə bərabər, malın gözəlləşməsini ciddi olaraq düşünməlidir. Xalının gözəlliyi düz-doğru toxunmasından başqa, bir də onun xas rəngli olmasındadır. Halbuki Azərbaycan xalısı bu barədə get-gedə xarablaşır. Xalq nəbati boyaları yavaş-yavaş unudaraq ucuz kimyayi "cövhər"lərə keçir. Nəticədə xalılarımız solğun olurlar. Azərsənət Birliyi bu cəhətə əhəmiyyət verməlidir. Nəbati boyaları tədqiq edib, onları ucuzlaşdırmağa və ümumun malı etməyə çalışmalıdır. Əl'an Türkmənistanda nəbati boyalar işlənmədədir. Türkmən xalıçılığını incədən-incəyə tədqiq etmək faidəsiz olmazdı. Bizdə də Quba və Qazax qəzaları xas boyalar işlətmədədir. Qarabağ isə "cövhər"ə keçdiyindən əhəmiyyətini çoxdan itirmiş[dir]. O biri xalı mərkəzlərimiz də xarabolmadan tədbirlər görməlidir.
Zərəsb
Dostları ilə paylaş: |