YeniyetmƏlƏr
Gənclərin mətbuat sütunlarına atılmağa böyük həvəsləri var. Bu təbiidir. Lakin bununla bərabər bəziləri ilk göstərişdən qorxaraq əsərlərinin üzərində işləmək istəməyir, bizə darılır və həqiqətə müğayir bir ifadədə də bulunurlar. “Bizi buraxmayırlar, bizə yol verməyirlər…” kibi şikayətlər də edirlər. Halbuki bütün göndərilən yazıları səbr ilə sonuna qədər oxuduğumuzu, hər kəlmədə neçə səhv düzəltdiyimizi, özləri ilə üz-üzə oturub uzun vaxt sərf edərək, göstərişlər verdiyimizi unudurlar…
Bunu bilməli[dirlər] ki, böyük yazıçılar belə, ilk başlanğıcında göstərişə möhtac olmuş[lar]. Mopassan ilk hekayələrini ustadı Floberə oxuduqda Flober onları bir müddət cırıb atmış və dərin işlənilməsini tövsiyə etmişdir. Mopassan bundan inciməz və Floberə qarşı hörmət bəsləyərək çalışarmış. Nəhayət, Flober onun mətbuata çıxa biləcəyini söyləmiş[dir]…
Biz də gənclərdən yüksək keyfiyyətli sənət tələb edirik. Bu bizim haqqımızdır.
Gənclərin iki ay bundan əvvəl bizə verdikləri yazılarda bir başdan sovmaqlıq vardı. Bu günkülərdə bir az irəli getdikləri görünür, yavaş-yavaş qramer və texnika səhvləri azalır.
İlərikinə nisbətən gənc müəlliflərin sayı da artmışdır. Mövzu etibarilə də yeniliklər var. Məsələn, M.Kazımovun “Yüngül yara” adlı hekayəsi bizi sosializm təsərrüfatının yeni bir sahəsinə aparır. Yoldaş düyüdən və oradakı ziyançılardan bəhs edir. Lakin Kazımovun da səhvi az deyildir, savadının dərinləşməsinə böyük ehtiyac görünür. Bədii cəhətdən də qüsuru var – hekayəni məqalə kibi başdan ayağa özü nağıl edir. Tiplərin özlərini hərəkətə gətirib, onları ətraflı olaraq oxucunun qabağına çıxarsaydı, daha gözəl olardı.
Kazımova tanınmış yazıçıların bir sıra hekayəsini tədqiq edib, texnikanı mənimsəməyi şiddətlə tövsiyə edirik.
X.Rəhimin “Müxbiri aldadanlar”ında çoxsözlülük gözə çarpır. Əsərdə təkrara, məsələyə dəxli olmayan söhbətlərə, hekayənin müvazinəsini pozan girişlərə lüzum yoxdur. Bunun əvəzində tiplərin tamamlanmasına fikir verilsəydi, daha da yaxşı olardı. Sonra tiplərin zahirini onlara rast gəldikdə təsvir edirlər, bir saat sonra gülünc olur. Rəhimin qəhrəmanı Rzazadə aktiv və səliqəli bir adamdır, müəllimlikdə və ictimai işlərdə böyük fəaliyyət göstərir. Böylə müsbət bir tipin otağı da gərək səliqəli olaydı. Rəhim əksinə düşünür: otaqda yağlı qablar yatağa, yataq da başqa şeylərə qarışmış, paltar, kağız və kitab döşəməyə səpilmişdir.
Ənvər Lütfi göstərişlərimizə diqqət verərək ciddi çalışmadadır. Son əsərində bir qədər irəli getdiyi görünür. Lakin çox çalışmalıdır.
Ə.Əkbərin başlıca qüsuru mövzu verə bilməməsində və texnikanı mənimsəməməsindədir. Mətbuata atılmağa çox tələsdiyi üçün keyfiyyət məsələsinə diqqət verə bilməyir. Bizcə, tələsməyə hacət yoxdur: mətbuata hazır gəlməli, bunun üçün də geniş məlumat əldə etməlidir. Göstərişlərimizi Əkbər qəbul edir və çalışır. “Yeni Naxçıvan”ı artıq onun irəliləməsini göstərir.
İşçi qadınlar arasından meydana gəlmiş Püstə Əsgərovanın ilk əsərini oxuduq. Yazıçılıq duyğusu var, müşahidəsi fəna deyil, ancaq çox işləməlidir, savad və texnikasını dərinləşdirməlidir. Yaşadığı kənddə ədəbiyyat dərnəyi varsa, mütləq ora yazılmalıdır.
Yazıçı
Dostları ilə paylaş: |