YeniyetmƏlƏr uğrunda
Dünya yazıçılarının yaradıcılıq tarixini, səthi də olsa, tədqiq etdikdə orada bir təsadüfilik olduğuna qane oluruq. Təsadüfən atılmış toxum kibi, talantların biri münbit torpağa düşür, kök atır, o biriləri isə daşa-kəsəyə rast gələrək, quruyub məhv olurdular. Böyük sosializm dövründə isə məsələ büsbütün başqa bir şəkil alır. Talanta təşkilatlı bir sürətdə yardım olunur. İttifaqın hər bir yerində olduğu kibi, bizdə də Şura Yazıçıları İttifaqının yanında yeniyetmələrə kömək etmək məqsədilə konsultasiya heyəti təşkil olunmuşdur. Hər gün sabah saat ondan başlayaraq, gənclərin əsərləri oxunur və onlara lazımi göstərişlər verilir. Şifahi göstərişlərlə bərabər, qəzetəmiz vasitəsilə də yazılıb, mülahizə və məsləhətlər söylənir.
Yeniyetmələrə qarşı göstərilən bu rəğbət sayəsində də ədəbiyyat sahəsinə bir çox ümid verən gənclər çəkilmişdir. Oxucularımızı bu ədəbi kadro ilə tanış etmək üçün arabir onların əsərlərini qəzetəmizdə nəşr edirik. Son beş ayın müddətində yalnız nəsr sahəsində qırx beş müəllifin altmış beş əsəri oxunmuş və göstərişlər verilmişdir. Bu əsərlərin içində iki-üç dəftərə yerləşən romanlar da az deyil.
Yeniyetmələrin əksər məhsulu lirik şerdən və hekayədən ibarətdir. Roman az yazılır, pyesə isə çox az təsadüf edilir. Gənclərin hekayə sənətinə sarılmaları, bizcə, çox düzgün yoldur. Xırda bir əsərdə qələmi yoxlayıb sənəti yüksəltməli, sonralar daha çətin və yüksək texnika tələb edən roman və pyesə keçməli[dirlər]. Mütaliə və göstərişlər vasitəsilə hər cür savadsızlığı ləğv edib, yüksək bədii texnikanı mənimsəmək kibi şüarımıza yeniyetmələr riayət edir və çalışır. Sərf edilən əməklər nəticəsi olaraq daha yüksək keyfiyyətli əsərlər meydana çıxacağına ümid edirik.
Yazıçı
* * *
Dostları ilə paylaş: |