Xalq ƏdƏbiyyatının tƏhlili
I. Vəsfi-hal
Xalqımız arasında Novruz bayramına bir ay qalmışdan başlayaraq hər çərşənbə axşamı vəsif-hal salmaq kibi bir adət vardı. Qadın və qızlar toplanar, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.
Vəsfi-hal adəti ruslarda da var. Afanasyev “Poetiçeskie vozzreniya slavyan na prirodu” adlı əsərində bu adəti böylə təsvir edir: “Bir qab çeşmə suyu gətirirlər, içinə bir parça çörək, bir çimdik duz, kömür və bir az kül töküb, qabı ağ örtü ilə örtürlər. Sonra qısa olaraq gələcəyi xəbər verən mahnılar oxuyurlar. Oxuduqdan sonra suya salınmış metalik şeylərdən ilk ələ gələnini çıxarırlar. Şey sahibi mahnının sözlərini qədərlənmiş hökm kibi qəbul edər” (C.II, səhifə 194). Ruslar bu mahnılara “podolyudnıe pesni” deyirlər.
Məsələ ilə məşğul olmuş alimlər fal açma adətini ikiyə ayırırlar: biri sırf fal açma (kleromantiya), ikincisi su ilə falabaxma (hidromantiya). Bu adətlərin bəsit şəklinə ibtidai xalqlar arasında rast gəlirik, mürəkkəb şəkli isə qədim Yunanıstanda və Bizansda olmuş[dur].
Bizim vəsfi-hal da hidromantiya qismindən olaraq, Azərbaycanın bəzi nöqtələrində icra olunur. Badya başında söylənilən mahnıya gəldikdə, bu adi üzrə bayatı deyə tanıdığımız dörd misralı xalq şeridir. Halbuki bayatı, ağı və vəsfi-halın bir-birinə bənzəyişi zahiridir. Ağı daima kədərli olan kibi, vəsfi-hal da ümid verən, nəşə doğuran və mətanət bağışlayandır. Bunlar bir-birindən yalnız məzmunca ayrılır. Quruluş etibarilə bir-birindən ayrılmaz: üçü də dörd misralıdır, üçündə də birinci iki misradakı fikir son iki misradakı məqsədi qüvvətləndirmək üçündür. Buna “paralelizm” deyilir.
Vəsfi-halların bəzilərində ən qədim etiqad və fəlsəfə izlərinə rast gəlirik. Bunların izahı üçün Yaxın Şərqin və bilxassə İranın ən qədim dövrünü öyrənmək icab edir. Fikrimizi izah etmək üçün bir vəsfi-hal alalım:
Ağ at gəlir yenişdən,
Sinəbəndi gümüşdən
Bizə də nəsib olsun
Heybədəki yemişdən.
Zahirən baxdıqda birinci sətirlərlə sonuncu iki misra arasında heç bir rabitə və əlaqə görünməyir. Halbuki burada üzvü bir rabitə var: birinci misralardakı fikir həsrətində bulunan arzunu qüvvətləndirir və ümid verir. Burada işlənən ayrı-ayrı sözlərin belə böyük bir tarixi var. Məsələn, at. At qədim İranda qüdsiyyət daşıyan bir heyvan sayılırdı. Atın hətta padşah seçkisində də böyük rolu vardı. Yunan müvərrixi Herodotun rəvayətinə görə, farslardan yeddi zadəgan nəsli maqlarla mübarizə edib, onları devirdikdən sonra yeddi üsyançı İran təxtinə namizəd oldu. Dara da bunların arasında imiş. İran adətincə, bunlar ata minib, günəş doğmadan şəhərdən kənara çıxmalı idilər, günəşin ilk şüası gözə çarpar-çarpmaz kimin atı kişnəsəymiş, o padşah sayılarmış. Daranın atı kişnədiyi üçün onu təxtə oturtmuşlar.
Bu bir əfsanə də olsa, onda bir həqiqət var. Bu gün bizdə belə yuxuda at görülsə, onu murada çatmaq sayırlar. Bu gün belə bəziləri qapısına, ya dükanın kandarına bir at nalı çalmaqla arzusuna çatmaq istəyir. İran tarixində rast gəldiyimiz adların çoxunda əsb (at) sözü var. Məsələn: Gişdasb, Damasb, Camasb, Ardızasb, Farnasb, Ariasb və i.a. Sahilində yaşadığımız dənizin adında da “asb” sözü var, bunlarda yaşayan “Qasb” xalqının adıyla adlanmış. “Qafqaz” kəlməsində də eyni söz var: əsli “Qafqasb” olmalıdır (“Qasb dağı” deməkdir…)
Vəsfi-halda murad və arzu mənasında işlədilən “at” kəlməsinə bir “ağ” sifəti də qoşulmuşdur. Ağ xalq arasında xoşbaxtlığa işarədir. “Ağ günlü” xoşbaxta deyərlər. Vəsfi-haldakı “gümüş sinəbənd” də mənasız deyildir: xalq arasında bütün parlaq şeylər, gümüş, su, od, şam, nur – xoşbaxtlığa və parlaq gələcəyə aiddir.
Vəsfi-halda ifadə olunan əsl arzu məcazi olaraq, “heybədəki yemişdən” ibarətdir. Xalq şeri müəllifi bu arzunu bir sıra səadət rumuzları ilə əhatə etmişdir.
İkinci bir vəsfi-hal alalım:
Güzgünü atdım bayıra,
Şoqi şəfəqi çayıra.
Yığılın, qohum-qardaş,
İşimiz dönüb xeyirə.
Yenə paralelizm: Güzgünün şəfəqi çayırı nurlandıran kibi işlər də xeyrə dönür. Güzgü xoşbaxtlıq rumuzudur. Gəlin köçürüldükdə, ya xonça aparanda həmişə ön tərəfdə güzgü aparırlar ki, bu da gəlinin xoşbaxt olmasını arzulamaqdır.
İslamiyyət dövründə meydana çıxmış vəsfi-hallarda, təbiidir ki, Zərdüşt fikirlərilə bərabər, müsəlman etiqadları da ifadə olunur. Ancaq vəsfi-halların xüsusiyyətini təşkil edən nikbinlik, ümid və səadət rumuzları yenə əsas olaraq qalır:
Bu məscidi mən yapdım,
Darvazasın gən yapdım.
Şax atdı budaq atdı,
Kölgəsində mən yatdım.
*
Göydə bir quzu gördüm,
Tükün qırmızı gördüm.
Açdım cənnət qapısın,
Sevdiyim qızı gördüm.
*
Ağlama, naçar ağlama,
Əlində haçar ağlama.
Qapını bağlayan Allah
Bir gün açar, ağlama.
*
Məscidin ocağında,
Şam yanar bucağında.
Allah muradın versin,
Ağ oğlan qucağında.
*
Qapıdan biri gəldi,
Gözümün nuru gəldi.
Bu arxı kim arıtdı,
Su belə duru gəldi.
*
Oturmuşdum səkidə,
Ürəyim səksəkidə.
Üç qızıl alma gəldi
Bir gümüş nəlbəkidə.1
Dostları ilə paylaş: |