ÖLKƏŞÜNASLIQ
Ölkəşünaslıq bu gün şura idarəsi tərəfindən əhəmiyyət verilən məsələlərdən biridir. İttihadda yaşayan bütün millətlərin birər-birər həyat və tarixi öyrənilir, hər yerdə tədqiq və tətəbbö cəmiyyətləri təsis olunub, ölkəşünas məcmuələri nəşr olunur. Rus alimlərinin səyləri sayəsində həfriyyat yapılır, bilmədiyimiz zamanların abidələri meydana çıxır və ilax. və ilax. Böyləcə axır vaxtlar meydana bir çox əsərlər çıxdı. Lakin ölkəşünaslıq imdiyə qədər son sözünü söyləmədi və axtarışı sahəsindən çıxıb, müəyyən və qəti hökmlər verməyə hələ çox zamanlar var. Məsələlərin qaranlıq nöqtələrini işıqlandırmaq üçün məhəlli alimlərə çox ehtiyac görünür; xalqın dil, adət, ayin və etiqadlarını lazımınca bilməyənlərin tədqiqi təbiidir ki, səthi və yarımçıq olur. Mərkəzdən gələn alimlərin əsərləri bilaistisna qüsurdan xali deyil. Çünki xalqın içində böyüməyən, onun yaşayışına ətraflı aşina olmayan bir alim bütün məlumatına rəğmən xalqın hazırını və keçmişini lazımınca qavraya bilmir.
Azərbaycanda da eyni halı görürük. Məmləkətimiz öyrənilir, lakin əsl azəri alimlərinin hələ yetişməməsi elmi surətdə tədqiq və tətəbbödə iştirak edə bilməməsi ölkəşünaslıqda bir boşluq doğurur. Məmləkətimizdə tədqiqlərilə xidmət edən rus alimləri bu qüsuru etiraf edirlər. Odur ki, türk gənclərindən elm adamları yetişdirməyə var qüvvələri ilə çalışırlar. Bu gün, az da olsa, elm sahəsində ümidbəxş gənclərimiz var və məhəlli xüsusiyyətlərə incədən-incəyə vaqif olduqları üçün iləridə bir çox qaranlıq nöqtələri işıqlandıracaqlarına əminik. İmdilik ölkəmiz haqqındakı bütün məlumatlar material olaraq mətbuat sütununa atılmalıdır. Bütün təsəvvürlər, nəzəriyyələr qarşı-qarşıya götürülüb, istinad etdikləri mənbələr göstərilməlidir. Böylə olursa, həqiqət daha da əvvəl zühur edər və məmləkətimiz haqqındakı doğru məlumatı əldə etməyə müvəffəq olarıq.
Ölkəşünaslıqda tarixi kitabların və tarixi abidələrin tədqiqi kafi deyil. Tarixi təhqiq etmək üçün filoloji təhlil, xalq ədəbiyyatına, el adət və etiqadlarına müraciət etmək birinci məsələlərdən olmalıdır.1
Bunları bilmədən Azərbaycan kibi çox qədim və qarışıq bir tarixə malik bir ölkəni öyrənmək mümkün deyil. Təsəvvürlərimizin doğru olduğu üçün bir kərə Azərbaycandakı coğrafi təbirlərə diqqət etməlidir: Azərbangan, Muğan, Aran, Lənkəran, Mərdəkan, Abşoran, Belağan, Nargan, Türkan kibi sözlərin "an" və "gan" ilə qurtarması pəhləvi və farsın cəmini göstərir. Arilərin Azərbaycanda böyük rol oynamış olmalarını kitablar və qədim abidələr göstərməsə belə, bunu biz bugünkü coğrafi təbirlərin təhlili ilə də bilirik; hər bir təbir başlı-başına bir tarixdir. Mağların midiyalılar ilə ittifaqda olduğunu Herodot yazır, lakin mağların yaşadığı toprağı nişan vermir. Halbuki "mağ"ın cəmi "Mağan" – "Muğan" olduğunu nəzərə aldıqda bunların Şimal Azərbaycanda yaşadığı meydana çıxır.
Qədim yunan müvərrixləri "mərd" adlı bir millətin Qaspi dənizinin Qafqasiya sahilində yaşadığını yazırlar. Mərdəgan "mərd"in cəmi olduğunu bildikdə, Mərdəkan qədim mərdlərin vətəni olduğu aşkar olur. Nar ərəbcə "od" deməkdir. Farslar ərəb sözünü cəmləşdirib, Nargan şəklində işlətmişlər (Bizlərdə zatən böylə farslaşmış və ərəbləşmiş cəmlərə tez-tez təsadüf olunur: el-elat; bağ-bağat; qız-qızan-qıtan; mağ-mamağ-mamağan və ilax. və ilax.). Narganın1 vulkanik bir cəzirə olmaq ehtimalı var və bu ehtimalı tarixi həqiqətə yaxınlaşdıran bir də ərəb müvərrixi Məsudinin şəhadətini bilirik: Məsudi Bakının qarşısında yanar dağlı cəzirələrdən bəhs eləyir və atəşin gecə uzaqlardan görünməsini söyləyir.
Coğrafi təbirlərimizdə gözə çarpan başqa bir nöqtəyə də təsadüf edirik – bu da bəzi şəhərlərimizin Ord sözü ilə başlanmasıdır: Ərdəbil, Ordubad, Ərdəhan kibi. Ərd Avestanın "Aşa" sözündən gəlir: "doğruluq, təmizlik və paklıq" mənasındadır.2 "Aşa Vahista" (Acha Vahista) zərdüştlərdə od pərisidir, mənası "ən doğru və sadiq" deməkdir. Pəhləvi dilində "Arta vaşhita" və farsidə "Ordubehişt" olmuş ki, Şərq şairləri mənasını bilmədən işlədirlər.3
Tədqiqlərimiz əsasında irqi rəqəmlərin də bizə yol göstər-
diklərini nağıllarımız haqqındakı məqaləmdə qeyd etmişdim. Bu üsul təmamilə yenidir və məndən əvvəl tətbiq edilməsini bilmirəm. Rəqəm haqqında ayrıca yazacağımdan burada bəhsə lüzum görmədim. Suraqxanə atəşgədəsini tədqiq edərkən rəqəm üsulunun mənə yeni ehtimallar öyrətdiyini də ayrıca qeyd edəcəyəm.
Azəri adət və ayinlərinin və xalq ədəbiyyatının keçmiş tariximiz ilə sıxı əlaqədə olduğunu "Azəri nağıllarının əhvali-ruhiyyəsi" və "Azərbaycanda zərdüşti adətləri" ünvanlı məqalələrimdə göstərmişdim. Lakin adətlərimizin ancaq bir hissəsindən bəhs etmişdim; uzun izaha möhtac olanlarını başqa zamana tərk etdim. Məsələn, qapıya at nalı çalmaq, həna qoymaq adəti, hənanın xalqca qüdsiyyəti kibi mühüm və başlı-başına bir tarixə malik məsələlərin təfsilatlı izahı üçün gələcək məqalələrimə müraciət etməli. Ən əvvəl "Azərbaycan" ləfzi və onun ətrafında yürüdülən nəzəriyyədən bəhs etməliyik. Çünki əsl ipin ucu oradadır. Uc açıldıqdan sonra yerdə qalan məsələlərin həlli asanlaşır, zənnindəyəm.
Dostları ilə paylaş: |