QƏDİM ƏRƏBLƏRDƏ QADININ VƏZİYYƏTİ
Qadın məsələsinə islamiyyət nöqteyi-nəzərindən baxanlar nədənsə islamdan əvvəlki ərəb qadınını kişilərin zorbalıqları altında əzilən bir qul kibi göstərməyə çalışırlar.1 Halbuki tarixi həqiqət bu şəkildə deyil. Səhralarda kişilər ilə bərabər at və dəvə üstündə böyüyən, müharibələrdə, çapavullarda iştirak edən ərəb qadını heç bir qanun və adət ilə təhdid olunmamışdı. Qadın səhra yeli kibi hürr idi. Yalnız Məhəmməd bəni- İsrailin Adəm və Həvva əfsanəsini yeni dinin əsasına vəz’ etdikdən sonra Həvvanın “fitri qəbahəti” və Adəmin, “yüksəkliyi” ərəblərə təlqin olundu. Bir tərəfdən, “Əhdi-ətiq” xurafatı, o biri tərəfdən, fars mədəniyyətinin nüfuzu Qur’anın təsəttürə dair iki məruf ayəsinin vücuda gəlməsinə səbəb oldu. Əvvəlcə fars aristokrasi zümrəsinə məxsus çadra islam qılıncının ucunda kürreyi-ərzin üç qitəsinə yürüdülüb, böyük bir insan kütləsini əsarətə sövq etdi.
İslamçılar deyirlər ki, islamiyyət çoxarvadlılığı hüdud içinə aldı, qız çocuqlarını diri-diri toprağa gömmək adətini mən’ etdi, qadınların müsavatını elan etdi…
Bəli, yeniliklər oldu, lakin müsavat olmadı. “İki qadının şəhadəti bir kişiyə müsavidir” deyən dində müsavat olurmu?
Sonra islamiyyəti doğrultmağa çalışanlar Abbasilər dövrünün qadınlarından bəhs edir və Harunər-Rəşidin zövcəsi Zibeydənin min bir kəramətini anladarlar.2
Əvvəla, Bağdadda beş-üç mədəni qadının vücuda gəlməsi heç bir şey isbat etmir. İkinci, Bağdad mədəniyyəti islamiyyətin məhsulu deyil, islamiyyətdən uzaqlaşmanın meyvəsidir. Dünyada bir mədəniyyət yoxdur ki, din ilə mübarizə etmənin nəticəsi olmasın. Avropa mədəniyyəti xristianlıq ilə uruşaraq zühur etdi. Bu gün Şuralar İttifaqındakı türklər arasında, Əfqanıstanda, İranda və Türkiyədəki mədəni addımlar islamiyyət ilə şiddətlə çarpışaraq meydana çıxmırmı? Bağdad mədəniyyəti də böylə olmuş[dur].
Bu gün Mərakeşdən dutmuş Cava adasına qədər yayılmış islam arasında çarşaf hökmfərmadır. Başqa-başqa irqə mənsub, ayrı-ayrı dillərdə danışan, müəyyən bir tarixi, coğrafi və iqtisadi şəraitdə yaşayan milyonlarca xalqlar qadınlarına çarşaf geyindirməyi islamiyyətin nəticəsi deyilmi?..
Hər halda məsələ aydındır. Tarixi cəhət göz önündə[dir]. Bizi bu gün maraqlandıran başqa bir məsələdir: çarşaf bugünkü həyati şəraitə uyurmu, uymurmu? Təsərrüfatımıza zərər verirmi, vermirmi?
Az-çox sağlam düşüncəli hər bir fərdin cavabı bəlli[dir]: Çarşaf həyata uymur, çarşaf iqtisad, siyasiyyə, hətta “namus”a belə ziddir. Çarşaf hürriyyətə, adi insan hüququna düşməndir. Çarşaf tərəqqiyə böyük bir əngəl təşkil edir…
Bu qədər mənfi cəhətləri olan çarşafın, əlbəttə, ölməsi, cırılıb, atılması lazımdır.
Odur ki, təntənə ilə çarşaflarını atıb, həyata qarışmaq istəyən bütün türk qadınlarını təqdir və bütün səmimiyyətim ilə təbrik edirəm.
Yusif Vəzir
Dostları ilə paylaş: |