ƏsƏri haqqında
Qoqol 1847-ci ildə öz avtoreferatında yazırdı: “Puşkinin dediyinə görə, “Ölü nüfus”un süjeti məndən ötrü ona görə yaxşıdır ki, o, qəhrəmanla bərabər bütün Rusiyanı gəzməyə və dürlü-dürlü ən müxtəlif xarakterlər meydana çıxarmağa tam imkan verir”.
Əvvəllər Qoqolu istehza etmək, bir sıra gülməli şəxsləri və hadisələri bir yerə toplamaq daha çox maraqlandırırdı. Lakin iş prosesində avtorun əvvəlki fikirləri sürətlə dərinləşməyə başladı. Qoqolda öz talantilə insanlara xidmət etmək, cəmiyyəti çirkin və alçaq adətlərdən qurtarmaq təşəbbüsü oyandı.
“Ölü nüfus” əsərinin I hissəsi 1842-ci ildə çıxmışdı, lakin bunda yazılanlar Qoqolu təmin etməyirdi. Ona görə avtor öz əsərini genişləndirmək və hər şeyi əhatə edə biləcək üç cilddən ibarət bir əsər yaratmaq istəyir. Bu əsər bir dərəcəyə qədər Dantenin “Cəhənnəm”, “Məhşər” və “Behişt”dən ibarət “İlahi komediya”sını andırır. Qoqol öz əsərinin birinci cildində Rusiyanı yalnız “bir tərəfdən” göstərmişdir.
İkinci və üçüncü cildlər başlıca olaraq rus həyatının müsbət cəhətlərini qavramalı, birinci cilddəki qəhrəmanların əxlaqi cəhətcə dəyişmələrini göstərməli idi.
İkinci cild hələ 1840-cı ildən başlamış və Qoqolun 1852-ci ildə ölümünə qədər davam etmişdir. Üçüncü cildə isə Qoqol heç girişməmişdir.
“Ölü nüfus” Qoqolun ən böyük əsəridir. Eyni zamanda bu əsər onun yaradıcılıq inkişafında sonuncudur. Avtor bu poema üzərində 17 il çalışmışdır. Böyük yazıçının həyat və yaradıcılığının axırlarında “Ölü nüfus” əsəri onun şəxsi ruhi bir işinə, geridə qalmış dünyagörüşü və realizmin mübarizə meydanına çevrilmişdi. Bu realizm Qoqolun öz bədii ədəbiyyat praktikasında bir sıra parlaq qələbələr çalmışdır və Qoqolun adını Çernışevski üçün rus ədəbiyyatının bayrağı etmişdir…*
“Ölü nüfus”un tarixi əhəmiyyəti poemanın dərin satirik məzmunda olmasıdır. Belinski poemanın birinci cildi haqqında öz məqaləsində yazırdı ki, bu əsər həqiqətin pərdəsini amansızcasına sıyırıb atır. Əsər konsepsiya və icrasına görə, iştirak edən şəxslərin və rus yaşayış mənzərələrinin xarakterlərinə görə nəhayət dərəcə[də] bədii yazılmışdır, eyni zamanda təfəkkür etibarilə ictimai və tarixidir.
Gertsen əsər xüsusunda belə yazırdı: “Qoqolun sayəsində biz, nəhayət, onların (dvoryanların) öz saraylarından və evlərindən maskasız, bəzəksiz, daima sərxoş və gödənbolluqla çıxdıqlarını gördük, onlar ləyaqətsiz, hakimiyyət kölələri və öz krepostnoylarına qarşı amansız olan, xalqın həyatını və qanını körpə uşaq öz anasının döşünü əmdiyi qədər təbii və sadəcə soran zalımlardır.
“Ölü nüfus” bütün Rusiyanı sarsıtdı. Müasir Rusiyanı müfəssəl surətdə müttəhim etmək lazımdır. Bu bir xəstəlik tarixi olub, mahir əllə yazılmışdır. Qoqolun poeziyası güzgüdə öz düşgün çöhrəsini görən və çirkin həyatdan alçalmış olan bir şəxsin həyəcanını və eyiblərini meydana çıxarır”.
“Ölü nüfus”un tipləri bədii bir ümumiləşdirmə kibi yaşayışa girmişdir. Qoqol tərəfindən ifşa edilmiş sinfi psixologiya nümunələrinə hal-hazırda ziyalılar, işçilər və kəndlilər arasında rast gəlirik. Ona görədir ki, Lenin safdil xalqçılar haqqında yazırdı: “Hər bir xalqçıda bir Malinov görürük” (c.II səh.123). Stalin yoldaş da öz “Leninizm məsələləri”ndə revolyusion manilovşina haqqında danışır.
Yusif Vəzir
Dostları ilə paylaş: |