İran mədəniyyəti tarix qədər qədim olduğu üçün hali-ibtidailərini təyin və o zaman qadınlarının vəziyyətini aydınlaşdıra bilmirik. Firdovsi “Şahnamə”sində təmsil etdiyi bir neçə qadın tipləri istisna olursa, İranın epope dövrünə dair əlimizdə heç bir material yoxdur. Tarix İranın yüksək bir mədəniyyətə təsadüf edir. Şərq mədəniyyətlərinin qadın hürriyyətinə zidd olduğu bəlli: hər yerdə çoxarvadlılıq, hərəm həyatı, mülkiyyət hərisliyi. Bunlardan doğan istibdadi hərəkətlər də daima qadının başında çatlamış. Təqribən iki min üç yüz yıl əvvəl Herodot yazır[dı]: “Hər bir iraninin bir neçə şər’i qadını var. Bundan başqa, hərəsinin bir sürü də kənizləri olur”.1
Fars çoxlu çocuq atası olmasını bir məziyyət ədd edir. Əsgəri nöqteyi-nəzərdən hökümdarlar da xalqın çoxarvadlılığını təşviq edirmişlər.
Herodotun İran qadını haqqında verdiyi məlumata Strabon daha maraqlı əlavələr edir. Mağlar və bilümum midiyalılar tərzi-həyatları ilə daima farslara örnək olmuşlar. Farslar bunlardan iqtibas etdikləri bir çox şeyləri inkişafən çox vəqt ifrata belə vardırmışlar. Məsələn, Midiya qadını uzun paltar geyirmiş, farslar qadınlarının qısa və xəfif libaslarını uzun əlbəsəyə təhvil etmək ilə iktifada bulunmayıb, qadınların yüzlərini də qalın çarşaflar ilə qapamışlar.2
Deməli, çadra farsların ifratpərəstliklərindən doğma bir adət olduğunu Strabon aşkarca söyləyir.
Zikri keçən yunan müvərrixlərindən daha əvvəl hüsula gələn “Avesta” kitabı çoxarvadlılıq haqqında bir şey söyləmir. Zərdüştilik təbiəti təqdis etdiyi üçün evlənməni təşviq edir və iki tərəfin də qanuna riayət etməsini şərt qoyur. Qız cismani xətərdən uzaq və bakirə olmalı, yaşı on beşdən yuxarı, cehizi çox. Kişi zərdüşti dininə sadiq olmalı və öz bacısı və ya qızı ilə evlənməsi vacibdir.
Zərdüştilərdə vəfakar, ərinə sadiq, xoş düşüncəli, xoş sözlü, xoş hərəkətli qadınlar təqdir olunurlar. Böylə qadınların adları bütün zərdüşti ayinlərində zikr olunar və qadını nur allahı Ahuramazdaya mənsub bir məxluq ədd edirlər.
Dostları ilə paylaş: |