Hal-hazırda Azərbaycanda təhsildə İKT-nin tətbiqi öz inkişafının başlanğıc dövrünü yaşayır. Bununla belə, artıq 1999-cu ildən etibarən ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə yönələn islahatlara təkan verilib və bu islahatların istiqamətlərindən biri də təhsildə informasiyalaşdırma olub. Eyni zamanda İKT-dən istifadə edilməsi sahəsində son bir neçə ildə bir sıra beynəlxalq və yerli qurumlar tərəfindən də bu istiqamətdə pilot səviyyəsində müxtəlif işlər görülüb. Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2007-ci illər) çərçivəsində təhsilin informasiyalaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.
Prezident İlham Əliyev tərəfindən 2004-cü ilin avqustunda imzalanan “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ilə bu proses sistemli olaraq başlanılıb. Hazırda ümumtəhsil məktəblərində informasiyalaşdırılma məhz bu proqrama uyğun şəkildə həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu proqram çərçivəsində təhsilin bütövlükdə informasiyalaşdırılmasından daha çox məktəblərin kompüterləşdirilməsinə diqqət yetirilib.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”nın icrası ilə bağlı aşağıdakı işlər görülmüşdür:
1.1. Məktəblərin İKT avadanlığı ilə təchizatı
2005-ci ildə respublikanın 228 ümumtəhsil məktəbi 5725 müasir kompüterlə, stol və stullarla, 402 printer və UPS ilə təchiz edilmiş, 402 şəbəkə qurulmuşdur.
2006-cı ildə 740 məktəbə (Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə) 10908 kompüter, stol və stul, 628 printer və UPS verilmiş və 628 sinifdə şəbəkə quraşdırılmışdır. Proqrama müvafiq olaraq, 2005-2006-cı illərdə Bakı və Sumqayıtın bütün məktəbləri, ümumilikdə isə respublikanın 1174 məktəbi 19000-ə qədər kompüter və digər İKT avadanlığı ilə təchiz olunub, 437 məktəbə noutbuk və proyektor verilib. 2007-ci ildə də 2000-dən artıq məktəbə 11000-ə qədər kompüterin, 400-ə qədər məktəbə noutbuk və proyektorların verilməsi nəzərdə tutulub.