3) İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi İnformasiya proseslərinin təhsil strukturuna daxil olması, tədris prosesinin informasiyalaşdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlər tələb edir. Bu isə öz növbəsində yeni bacarıq və vərdişlərə yiyələnməyi nəzərdə tutur. Təhsil sistemi işçilərinin İKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə ehtiva edir:
- Orta məktəblər üçün pedaqoji kadrlar hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması;
- Təhsil sistemi işçilərinin İKT sahəsində bilik və vərdişlərinin təkmilləşdirilməsi üçün idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin (ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaşmamalı, mövcud resursların tədris prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət yetirilməlidir;
- İKT-dən istifadə edən fənn müəllimlərinin və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması və motivasiyası sisteminin hazırlanması;
- İnformatika müəllimlərinin təkmilləşdirilməsi üçün daha çevik proqramın hazırlanması;
- Təkmilləşdirmə prosesini sürətləndirmək üçün trenerlərin hazırlanması;
- Regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün İnformasiya-Metodiki Mərkəzlərdə lazımi şəraitin yaradılması;
- Təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin və sistemliliyin təmin olunması;
- Ali təhsilli mütəxəssis hazırlanması sistemində təhsilin informasiyalaşdırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi.