Azərbaycan Xarici Ticarət siyasətinin mahiyyəti, tənzimlənməsi və əsas prinsipləri Ölkənin xarici ticarət siyasəti bütövlükdə iqtisadi təhlükəsizlik konsepsiyasının tərkib elementi kimi nəzərdən keçirilməlidir. Xarici ticarətin strukturunda baş verən ən cüzi dəyişikliklər belə ölkənin maddi rifahına təsir göstərmək iqtidarındadır.
Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti dedikdə, beynəlxalq iqtisadi əlaqələrdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutulur. Xarici iqtisadi siyasət iqtisadi anlayış olub ümumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkənin sosial iqtisadi proqramı ilə bilavasitə əlaqədardır. Azərbaycan hökümətinin xarici iqtisadi fəaliyyət sahələrində qəbul etdiyi qərarlar iqtisadiyyatın bütün istiqamətlərinə təsirini göstərir. Azad bazar münasibətlərinə keçid şəraitində dövlətin daxili və xarici iqtisadi siyasətini bir-birindən təcrid etmək mümkün deyildir. Xarici ticarət siyasəti Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm hissəsi kimi çıxış edir ki, o da özündə iki yanaşmanı əks etdirir: dövlətin əmtəə mübadiləsi sferasına müdaxiləsi dərəcəsindən asılı olaraq azad ticarət və ya proteksionizm. Azərbaycanın müstəqilliyinin ilk illərində azad ticarət prinsipləri üstünlük təşkil etsədə, hazırda getdikcə hər iki yanaşmanın optimal nisbətindən istifadəyə çalışılır.
Azərbaycanın sosial-iqtisadi inkişaf proqramında xarici iqtisadi siyasət əsasən dörd istiqamətlərdə həyata keçirilir. Onlar aşağıdakılardan ibarətdir:
Xarici ticarət siyasət
Ödəniş balansı siyasəti
Xarici investisiya siyasəti
Xarici yardım siyasəti.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikaının xarici ticarət siyasəti yeni maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmət edir. Bu siyasətin əsas təsir vasitəsi tarif və qeyri-tarif tənzimləmələridir. Ölkə iqtisadiyyatının və əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində xarici ticarətin tarif tənzimlənməsinə istiqlaliyyət əldə edildikdən sonra böyük əhəmiyyət verilir. Real həyatda dövlətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər. Xarici ticarətə müdaxlə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir.
Azərbaycan xarici ticarət siyasətinin hüquqi təminatı “Azərbaycan Respublikasında xarici ticarət səmərəliliyinin artırılması tədbirləri haqqında” 1994-cü il tarixli prezident fərmanı ilə formalaşdırmağa başlamışdır. Fərmanın verilməsində əsas məqsəd keçid iqtisadiyyatı şəraitində ölkənin ixracat potensialından istifadə səmərəliliyinin artırılması, hesablaşmalar sisteminin qaydaya salınması və daxili bazarın mühafizəsinin gücləndirilməsindən ibarət olmuşdur.
10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında Gömrük Məcəlləsi qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş “Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu”qüvvəyə minmişdir. Bu qanun əsasən daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən malların rüsum tutulması qaydalarını müəyyən edir.
Xarici ticarət siyasətinin mühüm istiqamətlərindən biri də ixracın stimullaşdırılması siyasətidir. Azərbaycsnda fikrimcə, ixracın stimullaşdırılmasının bir neçə metodundan istifadə etmək məqsədəuyğun olardı:
Vergi və gömrük güzəştlərinin tətbiq edilməsi. Qısa müddət ərzində ixracdan maksimum effekt əldə etmək məqsədilə vergi güzəştlərinin həm mənfəətdən vergiyə, həm də dolayı vergilərə(ƏDV və aksizlər) tətbiq etmək olar. Ixracın inkişafında prioriter kəsb edən istehsal sahələrinə münasibətdə mənfəətdən vergiyə güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu cür güzəşt növü ixracyönümlü siyasət həyata keçirən ölkələr üçün daha münasibdir.
Xarici ticarət ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi. Bu proqramlar eyni zamanda, həm dövlət büdcəsindən, həm də bankların güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən biridə ödəniş balansı siyasətidir. Düzgün maliyyə və xarici ticarət siyasətini dəyərləndirmək, onu dəyişdirmək üçün dövri və əhatəli statistik məlumatlar öz əksini ödəniş balanslarında tapır. Ödəniş balansı bir ölkə sakinlərinin müəyyən dövr ərzində bütün başqa ölkələrin rezidentləri ilə apardığı xarici iqtisadi əməliyyatların cəmini balans formasında əks etdirən sənəddir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunda islahatlar həyata keçirdiyi üçün aparıcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi inkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın sabitliyinin təmin olunması, milli müdafiəyə ayrılan yardımlarla dəstəklənir.
Beləliklə, cari xarici iqtisadi siyasətin həyata keçirilməsi zamanı ölkənin dünya təsərrüfat sisteminə inteqrasiyasına önəm verilməli, mövcud ictimai əmək bölgüsü, ixtisaslaşma və kooperasiyalaşmadan çıxış edərək bu siyasəti yüksək texnoloji səviyyədə həyata keçirilməlidir.