İqtisadi resurslar mobildir, yəni hərəkət etmək qabiliyyətinə malikdirlər. Belə ki, onlar məkanca yerlərini dəyişə bilərlər. Lakin resursların mobillik dərəcələri fərqlidir. Məsələn, təbii resursların hərəkət səviyyəsi demək olar ki, sıfıra bərabərdir (torpağı bir yerdən başqa yerə köçürtmək olmaz). Əmək resursları daha çox hərəkətlidir ki, bu da dünyada işçi qüvvəsinin nəzərəçarpacaq miqyasda daxili və xarici miqrasiyasından görünür. Sahibkarlıq qabiliyyəti də mobildir, baxmayaraq ki, onlar özləri yox, əmək və kapital resursları vasitəsilə yer dəyişirlər. (Bu onunla bağlıdır ki, sahibkarlıq qabiliyyətinin daşıyıcıları ya muzdlu idarəçilər, ya da kapital sahibləridir). Son iki resurs – kapital (əsasən da pul) və bilik resursu daha çox mobildir.
Resursların əlaqəliliyi və mobilliyi qismən onların başqa xüsusiyyətini – qarşılıqlı əvəz oluna bilmələrini (alternativlik) əks etdirir. Məsələn, əgər fermerə taxıl istehsalını artırmaq lazımdırsa, onda o, aşağıdakı yollardan birini seçə bilər: əkin sahəsini genişləndirmək (əlavə təbii resursdan istifadə), əlavə işçi cəlb etmək (əlavə əmək resursundan istifadə), fermada əməyin təşkilini yaxşılaşdırmaq (sahibkarlıq qabiliyyətindən daha geniş istifadə), və ya yeni texnologiya növündən istifadə etmək (yeni elmi biliklərin tətbiqi). Fermerin ona görə bu qədər seçimi var ki, iqtisadi resurslar qarşılıqlı əvəz oluna biləndir.
Adətən bu alternativlik tam olmur. Məsələn, insan resursları kapitalı tamamilə əvəz edə bilmir, əks təqdirdə işçilər avadanlıqsız qalar. İqtisadi resurslar bir-birini əvvəlcə asan əvəz etsə da, sonradan müəyyən çətinlik yarada bilər. Məsələn, traktorların dəyişməz sayı şəraitində fermada işçilərin sayını onları iki növbədə işləməyə məcbur etməklə artırmaq olar. Lakin yenidən işçi tutmaq və üç növbədə sistematik iş təşkil etmək çətin olacaq, çünki əmək haqqları qəfildən qaldırılmalı olacaq.
Sahibkar daima iqtisadi resursların göstərilən xüsusiyyətləri ilə qarşılaşır və onlardan istifadə edir.
Cəmiyyətin sonsuz tələbatının ödənilməsində sərəncamda olan bütün iqtisadi resurslardan istifadənin əhəmiyyəti danılmazdır. Hər hansı bir dövlət, ayrı-ayrı iqtisadi subyektlər, fiziki və hüquqi şəxslər məhz iqtisadi resursları öz təsərrüfat fəaliyyətlərinə tətbiq etməklə can atdıqları mövqelərə malik ola bilirlər.
Dostları ilə paylaş: |