2. İqtisadi resursların növləri
İqtisadi resursların bütün növlərini müxtəlif yanaşmalar əsasında təsnifləşdirmək olar.Əsas yanaşmaya əsasən iqtisadi resurslar aşağıdakı növlərə bölünür:
maddi resurslar – torpaq və ya xammal materialları və kapital
insan resursları - əmək və sahibkarlıq qabiliyyəti
“Torpaq” anlayışına istehsal prosesində tətbiq edilən bütün təbii resurslar aiddir. Bu geniş kateqoriyaya yeraltı sərvətlər, torpaq, su, meşə və bioloji, iqlim və rekreativ resurslar aiddir. Bu resurslar istehsalatı müxtəlif növ məhsul və xidmətlərlə təmin edir.
Təbii resurslar təbiət tərəfindən müəyyən edilmiş həcmdə verilmişdir və insan onların həcmini öz istəklərinə uyğun şəkildə dəyişə bilmir. Deməli, bu resursları digər iqtisadi resurslardan fərqləndirən əsas cəhət onların məhdud xarakter daşımasıdır.
Təbii resursları təhlil edərkən iqtisadçılar onları iki qrupa ayırırlar. Bu təsnifatın əsaslandığı amil – bu resursları mənimsəməyin mümkün olması və ya olmamasıdır. Qeyd etmək yerinə düşərdi ki, məhsul o zaman mənimsənilmiş hesab olunur ki, istehlakçı məhsulun tam iqtisadi dəyərini əldə etmiş olsun. Bu qrup təbii resurslara misal göstərmək olar:
torpaq; fermer bu torpaqda yetişdirdiyi buğda və ya başqa məhsulu satmaqla torpağın məhsuldarlığından tam istifadə edir.
İkinci qrup resurslar isə mənimsənilməyən resurslardır. Bu tip resurslar bir sıra iqtisadi problem törədə bilər. Belə ki, onlar ayrı-ayrı şəxs və insan qrupları üçün qiymətsiz də ola bilər, ümumilikdə isə cəmiyyətə çox baha başa gələ bilər. Məsələn, firma zəhərli tullantıları axar çay yaxınlığına buraxır və suyu çirkləndirir. Yaxınlıqda yaşayan əhali bu sudan istifadə edir. Yəni, bu firma nadir resurs olan təmiz sudan çirklənməyə görə əhaliyə heç nə ödəmədən istifadə edir, bununla da, firma mənfi effekt yaradır.
Resursları mənimsəmək mümkün olmadıqda bu, əlavə effektlərin meydana çıxmasına gətirir və bazar yanlış siqnal verir. Nəticədə bazar mənfi effektə səbəb olan məhsullardan həddən artıq çox, müsbət effekt yaradan məhsullardan isə az istehsal edir.
“Kapital“ və ya “investisiya” resursu anlayışı əmtəə və xidmət istehsalı və onların son istehlakçıya çatdırılmasında istifadə olunan bütün istehsal vasitələrini əhatə edir. Yəni, bu kateqoriyaya hər növ avadanlıq, maşın, nəqliyyat vasitələri və s. aid edilir. Bu resurslar pul formasında (pul kapitalı) və istehsal vasitələri formasında (real kapital) ola bilərlər. İstehsalın genişləndirilməsi və həyata keçirilməsi məqsədilə kapital növlərindən istifadə prosesi isə kapital qoyuluşu adlanır.
Burada iki əsas cəhətə xüsusi diqqət yetirmək lazımdır. Birincisi, investisiya əmtəələri (istehsal vasitələri) istehlakçı əmtəələrindən onunla fərqlənir ki, sonuncular istehlakı bilavasitə ödəyirlər, halbuki istehsal vasitələri istehlakçı əmtəələrinin istehsalını təmin edərək bunu dolayı şəkildə həyata keçirirlər. İkincisi, göstərilən bölmədə “kapital” termini pulu ifadə etmir. Düzdür, menecer və iqtisadçılar maşın, avadanlıq və digər istehsal vasitələrinin buraxılışı üçün istifadə oluna biləcək pulu nəzərdə tutaraq tez-tez “pul kapitalı” haqqında danışırlar. Amma belə pullar heç nə istehsal etmir və deməli, onları iqtisadi resurs hesab etmək olmaz. Real kapital, yəni maşın və digər istehsal avadanlıqları iqtisadi resurslardır, pul və ya maliyyə kapitalı isə bu resursların tərkibinə daxil edilmir.
Ümumiyyətlə, “kapital” termini çoxmənalıdır. Kapital bir tərəfdən istehsal vasitələri ilə (D.Rikardo), digər tərəfdən yığılmış maddi nemətlərlə, pulla, yığılmış ictimai intellektlə eyniləşdirilir. A.Smit kapitala yığılmış əmək kimi baxırdı; K.Marks isə kapitala öz-özünə artan dəyər kimi, ictimai münasibət kimi yanaşırdı. Kapitala baxışlar müxtəlif olsa da, onların hamısı eyni bir mənaya gətirir: kapital bu və ya digər qiymətlilərin gəlir gətirmək qabiliyyəti ilə xarakterizə olunur. Hərəkətdən kənarda həm istehsal vasitələri, həm də pullar “ölü canlar” kimi çıxış edirlər.
“Əmək” geniş termindir. Əmək dedikdə təsərrüfat prosesi zamanı insanların tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mənəvi və əqli fəaliyyətinin məcmusu başa düşülür. Başqa cür desək, əmək – faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü fəaliyyətidir. A.Marşall qeyd edir: ”Hər bir əmək konkret məqsəd daşıyır.”
Əməyin əsas xarakteristikaları onun məhsuldarlığı və intensivliyidir.Məhsuldarlıq əməyin nəticəsidir və vaxt vahidi ərzində nə qədər məhsul istehsal olunduğunu göstərir.
İntensivlik isə əməyin gərginlik dərəcəsidir.Əməyin intensivliyi vaxt vahidi ərzində insanın sərf etdiyi fiziki, əqli və mənəvi enerjisinin miqdarı ilə xarakterizə olunur.
Əmək prosesi insanın təbiət predmetlərinə müxtəlif mexanizmlərlə, daha geniş desək, əmək vasitələrinin köməyilə təsiri yolu ilə həyata keçirilir. İqtisadi nəzəriyyədə və təsərrüfatçılıq praktikasında əmək vasitələri əsas kapital adını almışdır.
“Sahibkarlıq qabiliyyəti” anlayışı insanların istehsal prosesinin təşkilatçılıq qabiliyyətini müəyyən edir. Bu ad altında insan resursunun xüsusi – bütün istehsal vasitələrindən daha səmərəli istifadəsi qabiliyyəti ilə bağlı olan növü başa düşülür.
Sahibkarlıq qabiliyyətinə bütün digər amilləri əlaqələndirən və onların bilik, təşəbbüs, istehsalın təşkilində sahibkar riski vasitəsilə bir-birlərinə qarşılıqlı təsirlərini təmin edən spesifik istehsal amili kimi baxılır. Bu, insan kapitalının xüsusi növüdür. Öz miqyası və nəticələrinə görə sahibkarlıq qabiliyyəti yüksək ixtisaslaşdırılmış əmək sərfi ilə bərabərləşdirilir.
Sahibkar – bazar təsərrüfatının ayrılmaz atributudur. Sahibkar dedikdə iqtisadi, yaradıcı, təşkilati qabiliyyətə malik, düzgün qərar qəbul etməyə, ağıllı risk etməyə qadir olub iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insan başa düşülür. ”Sahibkar” anlayışı tez-tez “mülkiyyətçi” anlayışı ilə eyniləşdirilir. Kantilona görə (18-ci əsr) sahibkar – müəyyən edilməmiş, qeyri-fiktiv gəlirli şəxsdir. O,kənardan məhsulları məlum qiymətə alır və hələ özünə məlum olmayan qiymətə satacaqdır. A.Smit sahibkarı hər hansı kommersiya ideyasının reallaşdırılması və gəlir əldə edilməsi naminə riskə gedən mülkiyyətçi kimi xarakterizə edirdi. Sahibkar istehsal amillərini özünə sərf edən şəkildə kombinələşdirən vasitəçi kimi çıxış edir.
Sahibkar və mülkiyyətçinin eyni bir şəxsdə cəmləşdirilməsi kreditin meydana çıxması ilə dağılmağa və səhmdar cəmiyyətlərin inkişafı ilə özünü daha relyefli şəkildə büruzə verməyə başladı. Korporativ iqtisadiyyat şəraitində sahibkar hüquqi şəxs kimi özünün tənzimləyici funksiyalarını sərf edir. Sahibkarın rolu getdikcə daha da passivləşir. O, sadəcə olaraq kağız parçasına malik olur. Fəaliyyətin nəticəsinə görə məsuliyyəti isə menecer daşıyır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, fəaliyyətin idarə edilməsi prosesində sahibkarın dörd əsas funksiyası var:
1) Sahibkar vahid istehsal prosesində torpaq, kapital və əmək resurslarının birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür. Katalizator rolunu oynayan sahibkar eyni zamanda istehsal prosesinin hərəkətverici qüvvəsi və vasitəçi kimi çıxış edir. O, gəlirli olmağı vəd edən prosesin həyata keçirilməsi üçün digər resursları birləşdirir.
2) Sahibkar biznesin idarə edilməsi prosesində müəssisənin fəaliyyət kursunu müəyyənləşdirən qərarların qəbulunu öz öhdəsinə götürür.
3) Sahibkar yenilikçidir. Fəaliyyətinə yeni məhsul, yeni istehsal texnologiyası və hətta, biznes təşkilinin yeni formalarını gətirməyə can atır.
4) Sahibkar riskə gedən şəxsdir. Bu, digər üç funksiyanın hərtərəfli öyrənilməsindən meydana çıxır. Kapitalizm sistemində sahibkara mənfəət qarantiyası verilmir. Onun tərəfindən vaxt, qüvvə və qabiliyyət sərfi aldadıcı gəlirlər və itkilərlə və nəticədə iflasla üzləşə bilər. Qısa desək, sahibkar nəinki öz vaxtı, əməyi və iş təcrübəsi ilə, hətta özü tərəfindən, kompanyon və ya digər səhmdarlar tərəfindən qoyulan vasitələrlə də risk edir.
İqtisadi resursların istehsal prosesində əhəmiyyəti haqqında müxtəlif iqtisadi baxışlar mövcuddur. Hələ Aristotel və onun ardınca orta əsr mütəfəkkirləri əməyi əsas iqtisadi resurs kimi qəbul edirdilər. Eyni yanaşma ilə dünyada ilk iqtisadi məktəb – merkantalizm də çıxış edirdi. Fiziokratlar isə iqtisadi resurs kimi torpağa daha çox əhəmiyyət verirdilər.Adam Smit əmək, torpaq və kapital iqtisadi resurslarının geniş təhlilini vermişdir. Amma bu üç istehsal amili nəzəriyyəsini daha yaxşı tədqiq edən fransız iqtisadçısı Jan Batist Sey olmuşdur. İngilis iqtisadçısı A.Marşall isə dördüncü amili – sahibkarlıq qabiliyyətini əlavə etmək təklifini irəli sürdü.
Bir çox müasir iqtisadçılar belə qəbul edirlər ki, hal – hazırda iqtisadi artım amili kimi birinci yerə “bilik” faktoru çıxmışdır. Bu faktoru müxtəlif adlarla – elmi texniki tərəqqi (ETT), texnologiya, elm, informasiya və s. kimi adlandırırlar. Müasir istehsalat prosesini bilik faktoru olmadan təsəvvür etmək olmaz.
Dostları ilə paylaş: |