***
Mavİ İtİn gözlərİ
O, baxışlarını mənə zilləmişdi; mən bu qızı hardasa görmüşdüm, amma yadıma sala bilmirdim. Onun həyəcan doğuran nəmli baxışları nöyüt lampasının titrəşən işığında parlayırıdı. Hə, yadıma düşdü – bu otaq və lampa hər gün mənim yuxuma girir və mən hər gün burda qızın həyəcanlı gözləriylə rastlaşıram. Hə, hə, bax hər dəfə elə həmin bu qızı görürəm, yuxugörmənin bu nəhayətsiz sərhədlərində görürəm onu. Mən siqaret çıxartdım və oturacağa söykənərək ağırlığımı onun arxa ayaqlarına saldım, siqaret çəkməyə başladım. Göz çıxaran tüstü havada dairəvi buludcuqlar yaratdı. Biz susurduq. Mən stulda yellənirdim, o isə zərif nazik barmaqlarını lampanın şüşəsinə tutub qızdırırdı.
Onun göz qapaqlarının üstündəki qatlar əsirdi. Mənə elə gəldi ki, nə isə deməliyəm, beləcə qeyri-ixtiyari, düşünmədən dilləndim:
-
Mavi itin gözləri...
-
Bəli... İndi bu sözlər heç vaxt bizim yadımızdan çıxmayacaq,-deyə qız kədərlə cavab verdi.
Qız lampa işığından kənara çəkildi və təkrar etdi:”Mavi itin gözləri. Mən bu sözləri hər yerdə yazmışam”.
Qız geriyə döndü və tualet stoluna tərəf yeridi. Güzgünün girdə müstəvisində onun sifəti və oxşarı göründü. Bu oxşar sima lampanın titrəyən işığında ərimək istəyirdi. Soyumuş kül rəngli qəmli gözlər kədərlə mənə baxdı və daha sonra yerə dikildi. Qız sədəfli kirşan qabının ağzını açdı, pudra yastığını götürüb burnuna və ağzına tutdu.
-
Mən elə qorxuram ki, - qız dedi,- qorxuram ki, bu otaq bir başqasının da yuxusuna girsin, o da burda hər şeyi dəyişik salsın...
Qız kirşan qabının qapağını örtdü, durub lampaya sarı gəldi.
-
Sənə soyuq olmur?-deyə soruşdu.
-
Hərdən olur...-dedim.
Qız üşüyən əllərini lampaya tutdu və barmaqlarının kölgəsi onün üzünə düşdü.
- Yəqin mən xəstələnəcəm, - şikayətləndi. - Sən buz şəhərində yaşayırsan...
Lampa işığı onun dərisinin ağ-qırmızı rənginə parlaqlıq gətirdi.
-Sənin tunc rəngli dərin var,-dedim,- Hərdən mənə elə gəlir ki, sən hansısa bir muzeyin küncündə qoyulmuş tunc heykəlsən.
-Yox,-qız dilləndi.- Lakin arabir mənə də elə gəlir ki, metaldanam. Mən sol böyrü üstə yatanda ürəyim sinəmdə elə bərkdən döyünür ki...
- Mən həmişə istəmişəm ki, sənin ürəyinin səsini eşidəm, o, necə döyünür görəsən?
-Əgər biz yuxuda yox, həyatda görüşsək...
Qız əlini lampanın şüşə divarlarına qoydu və pıcıldadı:
-
Mavi itin gözləri... Mən bu sözləri hər yerdə deyirəm...
Mavi itin gözləri. Bu sözlərin köməyi ilə o, məni real həyatda axtarmışdı; bu sözlər parol idi. Elə parola görə də biz biri-birimizi tanımalıydıq. Qız küçələri gəzir və hər yerdə təkrar edib deyirdi: ”Mavi itin gözləri”. O, restoranlara gedib sifariş verəndə, cavan qarsonlara pıçıldayırıd: ”Mavi itin gözləri”. O, tərləmiş şüşələrin üstündə, hotel və vağzalların pəncərələrində barmağıyla bu sözləri yazırdı: ”Mavi itin gözləri”. Adamlar təəccüblə yalnız çiyinlərini çəkir, ofisiantlar isə nəzakətli laqeydliklə təzim edib gedirdilər. Bir dəfə aptekdə onun burnuna bir qoxu dəydi, yuxuda gördüyü tanış qoxuydu. Qız əczaçıya dedi:
-
Mən yuxuda bir gənc görürəm. O, həmişə bu sözləri təkrarlayır:”Mavi itin gözləri”. Bəlkə siz onu tanıyırsınız?
Əczaçı cavab vermək əvəzinə qərəzlə güldü və piştaxtanın o biri başına sarı getdi. Qız aptekin təzə kafel döşəməsinə baxdı və tanış iy ona yenə əzab verməyə başladı. Axırda dözə bilməyib dizi üstə çökdü və dodaq pomadası ilə ağ plitələrin üstündə yazdı: “Mavi itn gözləri”. Əczaçı onun üstünə çımxırdı:
-
Senyorita, siz döşəməni korladınız! Bu saat əski götürüb onu silin!
Qız bütün axşamı diz üstə çöküb gözlərindən yaş axıda-axıda, həmin hərfləri silib pıçıltıyla təkrar etdi: “Mavi itin gözləri. Mavi itin gözləri”. Əczaçı dükanının qapısı ağzına bu dəliyə tamaşa etmək üçün yığışan avaralar isə ona qəhqəhə çəkirdilər.
Qız ara vermədən danışırdı, mən isə stulda oturub yırğalanırdım.
-
Hər səhər, - dedim, - çalışıram ki, səni tapmaq üçün o sözləri yadıma salam. Mənə elə gəlir ki, o sözləri yuxuda əzbər bilirəm, amma oyanan kimi bir söz belə yadımda qalmır.
-
Axı onları sən özün düşünüb tapmısan!
-
Əlbəttə. Onlar mənim başıma ona görə girdi ki, sənin kül rəngli gözlərin var. Lakin səhərlər mən heç sənin simanı da yadıma sala bilmirəm.
Qız barmaqlarını ümidsizliklə biri-birinə sıxdı, dedi:
-
Ah, heç olmasa mənim şəhərimin adını bilsəydik!
Onun dodaqlarının qıraqlarında dərin qatlar göründü.
-
Mən cənə toxunmaq istəyirəm, -dedim. O, gözlərini qaldırıb mənə baxdı, göz bəbəklərində alovun dilləri oynayırdı.
-
Sən bunu heç vaxt deməmisən,-qız köks ötürdü.
-
İndi deyirəm.
O, gözlərini aşağı sallayıb siqaret istədi. Sonra:
-
Nə üçün deməmisən?-deyə təkrar etdi.- ...Mən öz şəhərimin adını heç cür yadıma sala bilmirəm.
-
Mən də bizim müqəddəs sözlərimizi yadıma sala bilmirəm...
Qız kədərli-kədərli gülümsədi.
-Bu otaq hər ikimizin yuxusuna girir...
Mən durub lampaya doğru yeridim, qız qorxudan geri çəkildi, ona elə gəldi ki, mən xətti keçə bilərəm, yəni bizim aramızdakı sərhədi aşa bilərəm. Ona uzatdığım siqareti götürərək lampanın alovuna sarı əyildi. Mən dedim:
-
Axı dünyanın hansı şəhərindəsə divarlarda “mavi itin gözləri” yazılıb?! Əgər mən səhər bu sözləri yadıma salsam, səni axtarmaq üçün bütün dünyanı dolaşacam.
Qızın sifəti siqaret közündə qırmızımtıl rəngə çaldı. O, siqareti dərindən sümürdü və sonra onun külünü nazik barmaqlarıyla çırparaq dedi:
-
Şükür Allaha! Deyəsən yavaş-yavaş qızınıram...- elə bil mahnı oxuyurdu. - Mən... başlayıram... - deyə sözləri uzada-uzada barmaqlarını hərəkətə gətirdi, sanki xırda bir kağız parçasında nəsə yazırdı və mən bu sözü də görüb oxudum:
-
”...qızmağa...” Elə bil kağız parçası qurtardı, sonra yerə düşdü. Bu bükülmüş xırda kağız parçası toz zərrəciyinə çevrildi.
-
Yaxşıdı, - dedim, - Sənin nə vaxtsa çirkin olacağın barədə düşünəndə həmişə dəhşətə gəlirəm...
Bax beləcə, biz onunla neçə illərdir ki, görüşürük. Lakin qarışıq yuxularımızın sərhədlərində biri-birimizi taparkən, kimsə çöldə qaşığı əlindən döşəməyə salır və biz dərhal ayılırıq. Yavaş-yavaş bu kədərli həqiqətlə barışmalı olduq – bizim dostluğumuz hardasa ani epizodik şeylərdən asılıdır. Səhər sübh hər hansı bir qaşıq bizim qısa görüşlərimizə son qoya bilər.
Qız lampanın arxasında dayanıb mənə baxır. İlk gecədə baxdığı kimi baxır və mən həmin lampalı, güzgülü qəribə otaqda bir səhər ayılıb gördüm ki, gözü kül rəngində olan bir qız qarşımda dayanıb. Soruşdum:
-
Siz kimsiniz?
-
Bilmirəm, - qız dedi. - Amma elə bil biz artıq rastlaşmışıq?
-
Ola bilər.
-
Siz elə bu otaqda mənim yuxuma girmisiniz.
-
Əlbəttə, - dedim. - Mən sizi yuxuda görmüşəm...
-
Necə də məzəlidir, - qız güldü. - Deməli, biz yuxularda görüşürük.
Qız siqareti sümürdü, sonra diqqətlə siqaretin oduna baxdı. Və mənə yenə elə gəldi ki, o, misdəndir; soyuq və bərk misdən yox, isti və elastiki bir misdəndir.
-
Mən sənə toxunmaq istəyirəm, - deyə təkrar etdim.
-
Sən hər şeyi korlayarsan, - qız qorxdu. - Toxunmaq bizi ayıldar, yuxudan oyadar, biz bir daha görüşmərik...
-
Çətin, - dedim. - Sadəcə başımızı balışa qoysaq, biz yenə görüşərik...
Mən ona əlimi uzatdım; o, tərpənmirdi.
-
Sən hər şeyi korlayacaqsan, - deyə qız pıçıldadı. - Əgər biz sərhədi aşıb lampanın arxasına gəlsək ayılıb görəcəyik ki, hərəmiz dünyanın bir tərəfinə düşmüşük.
-
Olsun, qoy olsun, - deyə mən inadkarlıq göstərdim. Lakin qız yalnız qaşlarını çatıb gözlərini aşağı salladı.
-
Bu görüşlər bizim son şansımızdır. Sənin ki səhərlər heç nə yadına düşmür...
Mən geri çəkildim. O, əlini lampanın üstünə qoydu, şikayətləndi:
-
Bizim görüşümüzdən sonra heç vaxt yata bilmirəm. Gecənin bir yarısı ayılıram və daha gözümü yuma bilmirəm. Balış üzümü dağıdır, lakin bununla belə yenə təkrar-təkrar deyirəm: “Mavi itin gözləri. Mavi itin gözləri”.
-
Bir azdan dan yeri sökülür, - son dəfə dedim. - Mən saat ikidə durmuşam, o vaxtdan çox keçib.
Qapıya yaxınlaşıb qulpundan yapışdım.
- Ehtiyatlı ol, - deyə qız xəbərdarlıq etdi. - Qapının dalında ağır yuxular var.
- Hardan bilirsən?
- Bu yaxında oranı mən də açdım və getdim, sonra çox çətinliklə geri qayıtdım; yuxudan duranda gördüm ki, ürəyin üstündə oturmuşam...
Lakin buna baxmayaraq mən qapını açdım. İçəri yüngül yel gəldi;bu yel çöldən məhsuldar torpaq və taxıl qoxusu gətirdi. Mən qıza sarı dönüb dedim:
-
Burda heç dəhliz yoxdu ki!... Mən çöllərin iyini hiss edirəm...
-
Qapıdan o tərəfdə,-qız dedi,- bir qadın yatır; o qadın yuxuda çölləri görür. Qadın həmişə kənddə yaşamaq arzusunda olub, lakin heç vaxt şəhərdən çıxa bilməyib.
Qapıdan o tərəfdə hava işıqlanırdı, adamlar artıq yuxudan dururdular.
-Yəqin məni səhər yeməyində gözləyirlər, - dedim.
Çöldən gələn yel zəiflədi və daha sonra kəsdi. Otaqda yatan adamın nəfəsi aram-aram eşidilməyə başladı; yatan adam böyrü üstə çevrildi. Yel dayandı, onunla birgə qoxular da itib getdi.
-
Sabah mütləq bir-birimizi tapacağıq, - dedim. - Mən divarlarda “mavi itin gözləri” sözlərini yazan qadını axtaracağam.
Qız kədərlə gülümsədi və lampanın soyumuş şüşəsinə əlini qoyub pıçıldadı:
- Sən səhərlər heç nəyi xatırlamırsan...
Onun qəmli silueti sübh işığında əriməyə başladı.
-
Qəribə adamsan, - qız dedi. - Heç vaxt öz yuxularını xatırlamırsan...
Harold Pinter
Dostları ilə paylaş: |