ISBN 978 9952 28 040 1
© K.Nəzirli, 2010
Dünya nəsri nümunələri
Kamran Nəzirlinin tərcüməsində
Kamran Nəzirli müasir orta yaşlı ədəbi nəslin istedadlı nümayəndələrindən biri kimi oxucular tərəfindən daima rəğbətlə qarşılanır. O, hərtərəfli və geniş yaradıcılıq diapazonuna malik yazıçıdır. Geniş ədəbi ictimaiyyət onu Qarabağ müharibəsi mövzusunu, xalqımıza qarşı yönəlmiş kütləvi qırğınların, erməni faşistləri tərəfindən dağıdılan və yandırlan ellərimizin və kəndlərimizin, ürəyinə dağ çəkilən insanlarımızın acı taleyini Azərbaycan və dünya oxucusuna obyektivcəsinə çatdırmağa çalışan müəllif kimi tanıyır. Biz dəfələrlə vurğulayır və ədəbiyyat adamlarımızı qınayırıq ki, onlar Qarabağ həqiqətlərini, kütləvi qırğın səhnələrini, bəşər övladının, Allahın yaratdığı bəndələrin və Azərbaycan deyilən məkanda dünyaya göz açmış insanların xəstə psixologiyaya malik və Yaradanın özü tərəfindən qarğanmış bədniyyət ermənilər tərəfindən təcavüzünü inandırıcılıq və çevikliklə dünyaya car çəkə bilməmişik. Təbii ki, hər işdə tələbkarlıq, skeptiklik, özünütənqid müsbət nəticələrə gətirir. Amma Kamran Nəzirli və onun kimi onlarla söz adamının bu mövzuda zəhmətinin üstündən xətt çəkmək ədalətsizlikdir. Onun Azərbaycan və ingilis mətnləri ilə tanış olduğum «Qoca uşaq» hekayəsi xalqımıza qarşı planlı şəkildə aparılan soyqırım siyasətini və ədalətsiz müharibəni canlı və olduqca inandırıcı şəkildə əks etdirən nəsr nümunəsidir.
İyirminci əsrdə, Avrasiyanın göbəyində, dünyaya demokratiya, qloballaşma, gender siyasəti, nüvə silahlarının coğrafiyasının genişlənməsi, terrorizm düşərgələrinin artması və nə bilim hansı problemləri car çəkən aparıcı dövlətlərin gözü qarşısında bir xalqın öz evinin içərisində 20 ildən artıq davam edən sürgünlük həyatını, buna aparan yolu, Azərbaycan insanının kütləvi halda məruz qaldığı mənəvi-psixoloji sarsıntıları görmək və duymaq üçün az iş görülmür. Məgər dünyanın başbilənləri informasiya-kommunikasiya əsrində kitab oxumurlarmı? İnternet saytlarındakı sənədli, elmi, bədii materiallara baxmırlarmı? Peyklərlə bütün qitələrə səsimizi çatdıran radio və televiziyalarımızın Qarabağ harayını və həqiqətini eşitmirlərmi? Əlbəttə, görürlər və eşidirlər. Onlar H.Mirələmovun, K.Nəzirlinin, E.Hüseynbəylinin rusca və ingiliscə çap olunmuş hekayə və povestlərini də oxuyurlar... Bu yerdə bir rus məsəlinin hərfi tərcüməsi yadıma düşür: «Suda boğulanların xilası onların öz əlindədir». Bəli, həm Qarabağ düyününün açılması, həm boşalmaqda olan kəndlərimizin qurtuluşu, orta və ali təhsilimizin ən qabaqcıl texnologiyalar və dəyərlər üzərində qurulması – bütün problemlərimizin həlli öz əlimizdədir. O cümlədən, övladlarımızın dünya söz xəzinəsinin ən gözəl nümunələrini öz dilində oxuması, texniki, elmi və tədris ədəbiyyatlarından şagird və tələbələrimizin qədərincə istifadə etmələri, gələcəkdə ana dilində İnternet resurslarının yaradılması üçün durmadan çalışmalıyıq. Azərbaycan insanına, ziyalısına, yazıçı və tərcüməçisinə önəm verilməsi, nüfuz sahibi kimi dəyərləndirilməsi milli ruhumuzun və insani duyğularımızın qurtuluşu üçün olduqca vacib məsələdir. Gəlin açığını deyək ki, bu cəhətlərin inteqrasiyasından, sosial, iqtisadi, mədəni və mənəvi-psixoloji sahələrin bir-birini tamamlamasından və harmonik olaraq həyat tərzimizə hopmasından hələ ki uzağıq. Əgər Prezident sərəncamı ilə nəşr olunan 150 cildlik «Dünya ədəbiyyatı seriyası»nın ilkin 1000 tirajına bir ildə ölkə üzrə cəmi 500-600 abunə yazılıbsa, bu, iqtisadi çiçəklənmə dövrünü yaşayan ölkə vətəndaşının mənəvi dəyərlər aurasına hələ ki qovuşmadığının göstəricisi deyilmi? Yəni bizlərə “Sevgi nağılı”(1991), “Doğmalar arasında” (1995), “Şeytan işığı”(2004), “Komada olan adam” (2007) və s. bədii nəsr kitablarının müəllifi kimi tanış olan yazıçı-tərcüməçi Kamran Nəzirlinin nəşriyyatın sifarişi ilə tərcümə etdiyi dünya ədəbiyyatı incilərinə adekvat oxucu marağı, tərcüməşünas və ədəbiyyatşünas yanaşmasının necə təzahür olunacağı barədə dumanlı təsəvvürlərə malikəm. Öz təcrübəmdən görürəm ki, bizdə bədii tərcümə kimi ağır yükün altına girmək də, kitabı nəşr etmək də, onun satış, marketinq və təbliği ilə məşğul olmaq da, kitabxanalara və kitab kollektoruna, təhsil müəssisələrinə yol tapmasına can yandırmaq da elə vətənpərvər naşir və tərcüməçinin üzərinə düşür.
Kitaba daxil edilmiş ingilisdilli ədəbiyyat nümunələri – Con Qolsuorsinin «Alma ağacı» romanı, Cek Londonun, Oskar Uayldın, Edqar Ponun, Somerset Moyemin, Qabriel Qarsia Markesin, Uilyam Folknerin və digər müəlliflərin hekayə və povestləri – Azərbaycan oxucusuna və dilimizin özünə böyük töhfədir. Axı bu əsərlərin qəhrəmanları ilk dəfə azərbaycanca düşünür və danışır; orijinaldan tərcümə etməklə biz bu müəlliflərə daha yaxın olur, onları asanlıqla anlayırıq.
Kamran Nəzirli öz tərcümə kitabında müəllifləri də müfəssəl şəkildə təqdim edib. İlk dəfə orijinaldan dilimizə
tərcümə etdiyi bu müəllif və əsərlərin seçiminə də öz münasibətini bildirib. Təbii ki, orijinalın dilini mükəmməl bilən, özü də ingilis dili üzrə filoloji elmi dərəcəyə malik tanınmış nasirin dilimizə çevirdiyi əsərlər, onlara məxsus orijinallığın, üslub və poetikanın, obraz və xarakterlərin, realilərin dilimizə necə ustalıqla və hansı prinsiplərlə ötürülməsindən danışmağa lüzüm yoxdur. Qoy oxucu ön sözü və tərcümə əsərlərinin özünü oxumaqla kifayətlənməsin; bir vaxtlar rusca, bəlkə də ingiliscə, tanış olduğu müəllifləri öz doğma dilində daha dərindən anlasın və bədii əsərlərin gözəlliyini duysun. Buna görə dostumuz yazıçı-tərcüməçi Kamran Nəzirliyə də «sağ ol!» desin.
Dostları ilə paylaş: |