(Böyük Britaniya)
Dünya şöhrətli dramaturq, şair və yazıçı Oskar Uayld (Oskar Finqal O”Flarti Uilz Uayld) 16 oktyabr 1854-cü ildə İrlandiyanın Dublin şəhərində anadan olmuşdur. Oskar Uilyam və Ceyn Françesko Uayldlar ailəsinin ikinci oğlu idi. Anası Ceyn “Speranza” (İtalyanca “ümid” deməkdir) təxəllüsü ilə İrlandiya azadlıq hərəkatı haqqında şeirlər yazırdı. Atası Uilyam Uayld İrlandiyanın tanınmış həkim –oftolmoloqu və tibb üzrə bir neçə elmi əsərin müəllifiydi. O, həm də arxeologiya və folklora dair kitablar yazmışdı. Beləliklə, hələ uşaqlıqdan Oskar Uayld poeziya və ədəbiyyat ruhunda böyüyürdü; ailədəki yaradıcı mühit onun gələcək taleyinə çox böyük təsir etdi.
Oskar 9 yaşına kimi evdə təhsil alıb. Sonralar orta təhsilini kollecdə davam etdirmiş, müəllimi Con Pentlənd Mahaffidən Yunan ədəbiyyatına dair bilgilər əldə etmişdir. O, məktəbi qızıl medalla bitirdikdən sonra təhsilini Oksfordun Maqdalen kollecində davam etdirir.
O. Uayld bir neçə il kollec təhsili alır, daha sonra Oksford Universitetinə daxil olur. O, burada ingilis yazıçıları Con Reskin və Volter Paterin təsiri altına düşür. Onlar sənətin həyatda əhəmiyyətli rolu ideyasını müdafiə edirdilər. Sonralar Oskar bu ideyaya güləcəkdi və özünün “Dorian Qreyin Portreti”əsərində yazacaqdı ki, “sənət əhəmiyyətsiz, boş bir şeydir”.
Oskar ilk şerlər toplusunu Oksford Birliyinə təqdim edir və debatlarda Oliver Elton adlı bir nəfər onu plagiatlıqda suçlayır və beləliklə, kitab əlyazma şəklində geri qaytarılır.
Təhsilini başa vurduqdan sonra Oskarın düşüncələri və fəlsəfi görüşləri tamamilə dəyişir; o, yeni-yeni əsərlər yazır və mədəniyyət tarixində ilk dəfə olaraq ritual və mərasimlərdə danışıq tərzinə və intonasiyasına yeni forma gətirir. Oskara görə, sənətkar, ədəbiyyat adamı həyata estetik bir akt kimi baxmalıdır.
Oskar Uayldın ilk poetik şerlər kitabı 1881-ci ildə işıq üzü görür. Elə ilk kitabda onun estetik dünyagörüşündəki pessimist notlar, fərdilik, mistik əhval- ruhiyyə sezilməyə başlayır. Bu onun dramaturgiyasına da təsir etdi. O, başqa janrlarda da – esse, nağıl, ədəbi-tənqidi manifestlər və s. qələmini sınadı və uğurlar qazandı.
Bir qədər sonra Oskar Uayld Nyu Yorka gedir və burada ədəbiyyatdan mühazirələr oxumağa başlayır. Burada o, ilk dəfə olaraq dekadent17 hərəkatının əsas prinsiplərini işləyib hazırlayır. O, sənətin sosial funksiyasını inkar edir; həqiqətə uyarlığını, solipsist18 konsepsiyanı rədd edir. Oskar sənətkar hüquqlarının tam formada müdafiəsini tələb edirdi. Əlbəttə, Oskarın böyüklər üçün nəzərdə tutulan əsərləri hələ də mübahisə doğurmaqdadır. Lakin sənətkarın uşaqlar üçün yazdığı nağılllar daha ibrətamiz və maraqlıdır. Onun gözəl və qəmli nağılları təsirli, cəlbedici və düşündürücüdür.
Oskar Uayld ömrünün sonlarına yaxın “Dorian Qreyin Portreti”(The Picture of Dorian Gray, 1890) romanını yazmaqla özünün bütün mövzu dairəsinin üstündən qara xətt çəkdi. Sonrakı komediyalarında o, yüksək təbəqəyə mənsub təmtəraqlı məclislərdə və salonlarda əxlaqsızlığın estetikləşdırılməsını, abırsız gedonizmi19, fahişəliyə birbaşa rəğbəti təsvir etdi. Lakin bütün bunlar istər-istəməz “Dorian Qreyin Portreti”ndəki paradoksal dialoqlarda yumordan daha çox satiraya çevrildi. Beləliklə, onun komediyaları sosial-ifşaedici xarakter daşıyaraq teatrların səhnəsinə yol açdı.
Oskar Uayldın 1890-cı illərdə yazdığı demək olar ki, bütün əsərləri İngiltərədə ictimai qınaq və qalmaqallarla müşaiyyət olundu. Lakin onun həyatında əsas qalmaqal təkcə yaradıcılığı ilə deyil, şəxsi həyatı ilə də bağlı idi. Qeyd edək ki, hələ Oksford Universitetində oxuyarkən Oskar Uayld Mason Lojasına üzv olmuşdu və daha sonralar Masonların Usta dərəcəsini almışdı. Həyatının faciə ilə bitməsində də məhz bu amilin rolu oldu və yazıçı çox sonralar anlayacaqdı ki, masonların “toru”na düşmək nə deməkdir.
Məsələ bundadır ki, yazıçı Oksfordu bitirdikdən sonra Dublində Florens Balkomba adında bir qıza vurulur. Lakin Florens yazıçı Bram Stokerlə ailə həyatı qurduqda bu, Oskara pis təsir edir və o, Florensə İrlandiyanı birdəfəlik tərk edəcəyini bildirir. Belə də edir və 1878-ci ildə ölkəni tərk edir və öz doğma vətəninə yalnız ikicə dəfə qısa müddətə qayıdır. Oskar London və Paris şəhərlərində altı il yaşayır. Londonda olarkən varlı bir adamın Konstansa Lloyd adlı qızıyla tanış olur, ona evlənməyi təklif edir və onlar 29 may 1884-cü ildə Londonda evlənirlər. Onların iki oğlu olur: Siril və Vivyan.
1895-ci ildə Oskarı homoseksuallıqda suçladılar. O, buna görə yaxın dostu Alfred Duqlasın atasını məhkəməyə verdi. Lakin təxminən üç il Oskarın himayəsində olan və Oskarı ailəsindən ayıran Duqlas məhkəmədə ona qarşı şahid kimi çıxış etdi. Beləliklə, Oskar əxlaqsızlığa görə həbs edildi. Onun bütün pyesləri dərhal səhnədən yığışdırıldı, afişalar götürüldü. Onu müdafiə edən, lakin azad olunmasına nail ola bilməyən yeganə dostu Bernard Şou idi.
Oskar Uayldın mənəvi süqutundan sonra Konstansa özünün və oğlanlarının familyasını dəyişib Holland edir. Bu qadın 1898-ci ildə belindən cərrahiyyə olunduqdan sonra vəfat etmiş, İtaliyada dəfn olunmuşdur. 1897-ci ildə həbsdən çıxandan sonra Oskar Uayld Fransaya köçür, burada o, səfil, yoxsul və tənha bir həyat sürür; nəticədə 30 noyabr 1900-cü ildə Parisdə vəfat edir.
Oskarın birinci oğlu Siril Birinci dünya müharibəsində Fransada öldürülmüşdür. Vivyan da müharibədə iştirak edir və müharibədən sonra yazıçılıq və tərcüməçıiliklə məşğul olur. 1954-cü ildə Vivyanın “Oskar Uayldın oğlu” (Son of Oscar Wilde, 1954) adlı xatirələr kitabı çapdan çıxır. O, xatirələrində atasının həbsdə olduğu müddətdə ailələrinin necə əziyyətlər çəkdiyindən yazıb. Vivyanın oğlu, Merlin Holland da öz babası Oskar Uayld haqqında bir neçə kitab yazıb. Uayldın qardaşı qızı Dolli Uayld da lezbiyan idi və o, qadın yazıçı Natali Kliffordla evlənmişdi.
Oskar Uayldın bütün həyat və yaradıcılığında qəbul olunmayan məqamlar və dəyərlər olsa da, onun yaradıcılığı və sənətkarlıq xüsusiyyətləri 20-ci əsrin Avropa ədəbiyyatı üçün qiymətli idi və vaxitlə İngiltərənin qəbul etmədiyi dəyərləri (məsələn, Salvador Dalinin həyat tərzi kimi) bu gün Avropa müdafiə edir. Bütün bunlara baxmayaraq, Oskar Uayldın uşaqlar üçün yazdığı nağıllar bu gün də maraqla oxunur.
Dostları ilə paylaş: |