Dil açan xatirələr
May ayının birində kollecin sonuncu kursunu bitirən Frənk Əşürst və tələbə dostu Robert Qarton piyada səyahətə çıxdı; onlar uzun yol qət etdilər, xeyli gəzib dolaşdılar və həmin gün Brentdən keçib Çaqforda çatmaq istədilər; lakin Əşürstün dizi futbol oynayanda əzilmişdi və bu da yolda onu incitməyə başladı. Gənclərin əlindəki xəritəyə görə mənzil başına çatmaq üçün hələ yeddi mil yol qət etməliydilər. Onlar yolun qırağında, meşəyə gedən çığırın başında dincəlmək üçün oturdular; adətən gənclər arasında gedən söhbətlər etdilər, dünyanın işlərindən danışmağa başladılar. Hər iki cavan arıq və boy-buxunlu idi, boyları bəlkə də altı futdan çox olardı. Əşürst ağbəniz, xəyalpərvər, dalğın bir cavan idi; Qarton dəliqanlı, coşqun, qıvrımsaç və əzələli bir oğlan idi, elə bil anadan vəhşi doğulmuşdu. Hər ikisi ədəbiyyatla maraqlanırdı. Hər ikisi papaqsız gəzirdi. Əşürstün açıq, yumşaq və dalğavari saçları alnına tökülmüşdü, elə bil kimsə onları əli ilə həmişə arxaya atırdı. Qartonun tünd, sözəbaxmayan qıvrım saçları isə hörüyə bənzəyirdi. Ətrafda ins-cins gözə dəymirdi. Qarton dedi:
-
Əzizim, mərhəmət və rəhmdillik sadəcə özünə qapılmağın nəticəsidir. Bu, son beş min ilin xəstəliyidir. Dünya mərhəmət hissini bilməmişdən qabaq daha çox xoşbəxt idi.
Əşürst səmadakı buludları dalğın-dalğın seyr edərək cavab verdi:
-
Hər halda mərhəmət və şəfqət hissi bəşəriyyətin mirvarisidir.
-
Yox, əziz dost, bizim bütün müasir bədbəxtliklərimizin səbəbi elə mərhəmət hissindən doğur. Götürək, məsələn, heyvanları, yaxud qırmızıdərili hinduları; onları yalnız öz dərdləri maraqlandırır. Amma biz daim özgənin dərdi ilə yaşayırıq. Özgə dərdləri bizə əzab verir. Daha bəsdir, gəl onun-bunun dərdini çəkməyək, ona-buna yazığımız gəlməsin. Gör onda necə xoşbəxt olarıq!
-
Sən belə hisslərdən məhrumsan!
Qarton düşüncəli halda qalın saçlarını qarışdırdı.
-
Həyatı olduğu kimi dərk etmək istəyən adam gərək çox da vasvası olmasın; öz emosional “mən”ini yorub əldən salmaq səhvdir. Hər hansı bir emosiya həyatı yalnız zənginləşdirir.
-
Düzdü, amma əgər o, sənin şərəf və ləyaqətinə ziddirsə, onda necə?
-
Ahh! Əsl ingilis xarakteri! Elə ki, emosiyadan, hisslərdən danışırsan, ingilislər dərhal düşünürlər ki, sən fiziki hissiyyat barədə danışırsan! Və bu da onlara dəhşətli dərəcədə toxunur! Onlar şəhvətdən yox, ehtiraslardan qorxurlar. İngilislər üçün hər şey gizli qalsa yaxşıdır!
Əşürst heç nə demədi; o, xırda, mavi bir çiçək qırdı və onu səma ilə müqayisə etməyə çalışdı. Ququ quşu qalın yaşıl budaqlar arasından quqquldamağa başladı; səma, çiçəklər, quşların səsi!.. Robert lap mənasız söz danışır. Əşürst dedi:
-
Gedək görək buralarda fermadan-zaddan tapa bilirikmi? Gecəni orda yatarıq..
Elə bu vaxt o, çığırla onlara sarı gələn bir qız gördü; bu qız sanki mavi göylərdən düşmüşdü; bir əlində səbət vardı; qızın qatdanmış qolunun arasından səmanın bir parçası görünürdü. Əşürst qeyri-ixtiyari, məqsədsiz-filansız bu gözəlliyə heyran oldu və dərhal düşündü: ”Necə füsunkar qızdır!”. Külək qızın ayaqlarını örtən tünd yun yubkasını və göy beretini yellədirdi. Qızın boz rəngli köynəyi nimdaş idi, ayaqqabıları cırılmışdı; xırda, kobud əlləri qızarmışdı; sinəsi möhkəm yanmışdı; əsmər sacları uzun alnına səliqəsiz tökülmüşdü; çənəsi yumruydu, üst dodaqları azca aralanmışdı, ağappağ dişlərini görmək olurdu. Bu gözəlin qara qalın kiprikləri vardı; nazik qaşları isə dümdüz burnu ilə demək olar ki, həmahəng idi. Lakin əsl möcüzə onun nəmli, məsum boz gözləriydi; qız elə bil ilk dəfə gözlərini dünyaya bu gün açmışdı. Qız Əşürstə baxdı; görünür, saçlarını dala atan bu qəribə axsayan, şlyapasız oğlan onu bir qədər təəccübləndirdi; oğlan iri gözlərini qıza zillədi; salamlaşmaq əlaməti kimi sadəcə əlini yuxarı qaldırıb dedi:
-
Bu yaxında fermadan-zaddan bir yer tanımırsız? Biz orda gecələmək istəyirik. Ayağım bərk ağrıyır...
-
Ser, bu yaxında yalnız bizim ferma var, – qız karıxmadan zərif və məlahətli gur səsiylə cavab verdi.
-
Hardadı?
-
Bax orda, bir az aralıda, ser.
-
Bizi bir gecəlik saxlaya bilərsinizmi?
-
Əlbəttə, məncə, mümkündür...
-
Yolu gösərərsiniz?
-
Bəli, ser.
Əşürst axsaya-axsaya dinməzcə qızın dalınca yeridi, Qarton isə sual-cavabı davam etdirirdi.
-
Siz Devonşirdənsiz?
-
Yox, ser.
-
Bəs haradansınız?
-
Uelsdənəm.
-
Hə, belə de. Mən də sizin Kelt olduğunuzu dərhal hiss etdim... Deməli, bu, sizin fermanız deyil, eləmi?
-
Yox, ser, o mənim xalamındır.
-
Yəqin ki, həm də dayınızındır?
-
Yox, o, ölüb.
-
Bəs indi fermaya kim baxır?
-
Xalam və üç xalam oğlu.
-
Amma dayınız Devonşirli olub, eləmi?
-
Elədir, ser.
-
Sis burda çoxdan yaşayırsız?
-
Yeddi il olar.
-
Bura yaxşıdı, yoxsa Uels?
-
Bilmirəm, ser.
-
Məncə, oralar sizin yadınızdan çıxıb!
-
Həəə... Amma orda nəsə başqa cürdür...
-
İnanıram.
Birdən Əşürst soruşdu:
-
Neçə yaşınız var?
-
On yeddi, ser.
-
Bəs adınız nədir?
-
Meqan Devid!
-
Bu Robert Qartondur, mənsə Frənk Əşürst. Biz Çaqforda getmək istəyirik.
-
Heyif ki ayağınız ağrayır, çox təəssüf!
Əşürst gülümsədi; o, gülümsəyəndə sifəti daha gözəl olurdu.
Xırda meşəlikdən bir qədər aralıda ferma göründü; ferma enli pəncərələri və geniş həyəti olan uzun, alçaq daş binadan ibarət idi; həyətdə toyuq-cücə, donuzlar və yaşlı bir madyan da vardı. Evin dalında, çox da iri olmayan təpəliyin arxasından nadir şotland küknarları görünürdü. Təzəcə çiçəkləməyə başlayan alma ağacları ilə dolu köhnə meyvə bağı düz çay qırağına qədər gedir və oradan da istifadəsiz geniş otlaqlara doğru uzanırdı. Qara çəpgözlü balaca bir oğlan uşağı donuz otarırdı. Həyətdən qonaqları qarşılamaq üçün bir qadın çıxdı. Qız dedi:
- Bu, Missis Narrakombedir, mənim xalam...
Xalanın qara iti gözləri vardı və qəribə də olsa, qadının uzun boynu onu çöl ördəyinə bənzədirdi.
- Biz bacınız qızıyla yolda rastlaşdıq, - deyə Əşürst qadına müraciət etdi. – O dedi ki, ola bilsin, bizə bir gecəlik yer verdiniz...
Missis Narrakombe gəncləri başdan ayağa süzdü, sonra dedi:
-
Mümkündü... Bir otaq sizi qane edərmi?... Meqan, o qonaq otağını hazırla, qaymaq bardağını da çıxart. Yəqin sizə çay da lazım olacaq...
Meqan qırağında iki həmişəyaşıl qaraçöhrə ağacı və çiçəkləyən qarağat kolları olan artırmayla evə sarı yüyürdü. Qızın yellənən göy bereti çəhrayı rəngli güllər arasında tünd yaşıl rəngə çalırdı.
-
Gəlin evə, dincəlin,- deyə ev sahibəsi gəncləri içəri dəvət etdi. – Siz yəqin kollec tələbələrisiz?
-
Bəli, kollecdə oxuyurduq; indi məzunuq...
Missis Narrakombe çoxbilmiş adamlar kimi başını tərpətdi.
Başdakı otaq qeyri-adi dərəcədə tərtəmiz idi; kərpic döşəmə, üstü boş olan mizin ətrafında pardaxlanmış stullar, möhkəm, iri bir divan... bunlar elə parıldayırdı ki, deyirdin bəs, burda heç vaxt heç kəs olmayıb. Əşürst dərhal divanda əyləşdi, ağrıyan dizini əlləri arasına aldı. Missis Narrakombe onu diqqətlə müşahidə etməyə başladı. Əşürst sadə kimya müəlliminin yeganə oğluydu; lakin kənardan baxana elə gəlirdi ki, o, təkəbbürlü və qaradinməzdir; yəqin bu, ona görəydi ki, Əşürst adamlara az diqqət yetirirdi.
-
Burda çimməyə yer varmı?
-
Var. Bizim bağın arxa tərəfində xırda bir nohur var... Dayazdı, çimmək olar...
-
Dərinliyi nə qədərdi ki?
-
Olar da, biryarım fut, təxminən...
-
Əladı ki... Kifayət edər... Bəs yol hayandandır?
-
Elə düz yolla gedin, ikinci qapıdan çıxarsız, sağ tərəfdə. Elə düz nohurun yanında iri bir alma ağacı da var, görəcəksiz; nohurda xırda farel balıqları da olur; onları hürküdərsiz ha...
-
Bəlkə elə biz özümüz qorxduq onlardan...
Missis Narrakombe gülümsədi və:
-
Siz qayıdanacan çay da hazır olar,-dedi.
Qaya daşlarından düzəldilmiş nohurun dibi əntiqə qumsallıq idi. İri alma ağacı lap nohurun böyründəydi, budaqları demək olar ki, suya dəyirdi. Alma ağacı yarpaqlamışdı; çiçəkləməyinə də lap az qalmışdı; artıq ağacın üstündə çəhrayı tumurcuqlar da görünürdü. Dar nohur bir nəfərlik idi; Əşürst öz növbəsini gözləməli oldu. O, otlara, daşlara baxa-baxa dizlərini ovxaladı; hər tərəfdə çöl gülləri, çaqqal gavalısı bitmişdi. Bir qədər aralıda, çox da hündür olmayan təpəlikdə fıstıq meşəliyi görünürdü. Xəfif külək ağacların budaqlarını tərpədir, günəş şüaları otların üstünü qızıla çaldırırdı; yaz quşlarının civiltisi aləmi başına götürmüşdü. Əşürst Feokriti düşündü, Çervell çayını yadına saldı, ay haqqında, birdə məsum gözlü qız barədə düşündü; o gözlər şeh kimiydi. Frənk Əşürstün beyni düşüncələrlə dolmuşdu; və ona elə gəldi ki, artıq heç nə barədə fikirləşmir; o, sadəcə dəli və məstedici xoşbəxtliyə düçar olub...
2.
Çay süfrəsi zəngin idi; süfrəyə təzə kənd yumurtasından tutmuş, qaymaq, mürəbbə, zəfəran ətri verən nazik ev peçenyelərinə kimi düzülmüşdü. Çay süfrəsi ətrafında söhbət uzandı və Qarton keltlər barədə öz mülahizələrini yürütməyə başladı. O, kelt mədəniyyətinin intibahı dövründən və özünün də kelt olmasından danışdı; ev sahiblərinin də əcdadlarının kelt olması xəbərindən vəcdə gəldiyini söylədi. Robert Qarton ağzında bürməli papiros yumşaq kresloya yayılıb altdan-altdan Əşürstü izləyir, soyuq, iynə kimi iti baxışlarını ona zilləmişdi; o, Uelslilərin zərifliyini göylərə qaldırırdı. Deyirdi ki, Uelsdən İngiltərəyə gəlmək çini qabı gildən düzəldilmiş boşqaba dəyişdirmək kimi bir şeydir. Amma bu Frənk, məlun ingilis, Uelsli qızın qeyri-adi gözəlliyinə və zərifliyinə diqqət yetirmədi. Qarton daha sonra qara yaş saçlarını pırtlaşdıraraq izah etməyə çalışırdı ki, on ikinci əsrdə yaşamış Uelsin el şairi Morqan-ap-Samfinqin əsərləri üçün bu qız gözəl təsvir obyekti ola bilərdi.
Frənk Əşürst ayaqlarını qatdayıb at hörüklərindən düzəldilmiş nimdarlı dar divana yerləşdirmişdi; tünd qəlyan çəkirdi, demək olar ki, heç nə eşitmirdi. O, əlində təzəcə bişmiş peçenye dolu boşqabla otağa girən qızı gördü. Onun üçün Meqana baxmaq gülə baxmaq, yaxud təbiətin başqa bir möcüzəsi ilə əylənmək kimi bir şey idi; Frənk gözlərini düz qıza tuşladı; qız gözlərini aşağı dikdi, kipriklərini səyirdi və otağı lap siçan səssizliyi ilə tərk etdi.
-
Gəl keçək mətbəxə, – Qarton təklif etdi, – qıza bir az da yaxından baxaq...
Tavanı çatma şalbanlardan ibarət mətbəx ağ rəngdə səliqə ilə boyanmışdı; tavandan qaxac edilmiş donuz budu asılmışdı; pəncərələrin qabağında gil dibçəklərdə güllər vardı; divarlardan silah, kraliça Viktoriyanın portretləri asılmışdı. Mətbəxin rəfləri qədim qab-qacaqlarla, içi bal dolu gil bardaqlarla doluydu. Balaca taxta mizin üstündə kasalar və xörək qaşıqları düzülmüşdü; soğan şalğamlarının uzun bağlamaları tavandan düz mizin üstünə qədər sallanmışdı. Döşəmədə iki çoban iti və üç pişik uzanmışdı. Ocaq başında iki nəfər oğlan uşağı dinməzcə və farağat oturmuşdu. Ocağın o biri tərəfində isə gözlərinin rəngi açıq olan, enlikürək bir gənc tüfəngin qundağını təmizləyirdi; onun saçlarının və kipriklərinin rəngi də tüfəngin qundağı rəngindəydi. Missis Narrakombe böyük bir qabda nəsə ləzzətli qoxu gələn horra hazırlayırdı. İçəridə onlardan başqa daha iki oğlan da vardı;sifətləri soğan rənginə çalan bu qaragöz oğlan uşaqları divarın bir küncünə qısılıb nədənsə astadan danışırdılar. Pəncərə qabağında bir yaşlı kişi də oturub köhnə jurnala baxırdı; üzü tərtəmiz qırxılmışdı, alçaqboylu idi və velvet gödəkçə geyinmişdi. Təkcə Meqan elə hey əlləşirdi; gah boşqabları düzür, çəlləkdən mizə, mizdən çəlləyə doğru çevik hərəkətlər edir, gah da parçlara alma şərabı süzürdü.
Qarton onların nahar edəcəklərini duyub dedi:
-
Bağışlayın... Siz naharınızı edin, biz sonra gələrik...
Hər ikisi cavab gözləmədən başdakı qonaq otağına qayıtdı; lakin gur işıqlı, ləzzətli və isti yemək ətri gələn adam dolu mətbəxdən sonra onların səliqə ilə ağardılmış otağı xeyli rahatsız və soyuq göründü; gənclər məyus halda kreslolarına yayındılar.
-
O balaca uşaqlar var ha, xalis qaraçıdırlar. Təkcə tüfəng təmizləyən oğlan əsl anqlosaksdır. Qız isə maraqlı psixoloji obyektdir.
Frənkin dodaqları əsdi. “Bu Qarton necə qanmaz adammış! Maraqlı obyektə bir bax! Qız sadəcə çöl çiçəyidir, ondan fərəhlə zövq alasan gərək! Obyektə bax bir!” düşündü.
Robert Qarton davam etdi:
-
Emosional baxımdan qızın misli yoxdu! Onu yalnız oyatmaq lazımdı; elə özü də adamı oyanışa səsləyir!
-
Nədir, sən onu oyatmaq istəyirsən?
Qarton dostuna sarı dönüb güldü. “Sən xalis kobud ingilissən!” – onun istehzalı və nifrətedici gülüşü sanki bu sözləri deyirdi. Frənk qəlyanını püflədi. “Qızı oyatmaq! Bu axmaq özü haqqında çox yüksək fikirdədir”.
Sonra o, pəncərəni açıb bağa baxdı. Qaş qaralırdı. Saray və tövlələrin divarları tutqunlaşırdı; bağ-bağat keçilməz cəngəllik kimi görünürdü. Mətbəxdən ətirli qoxu gəlirdi. Hansısa sərçə - görünür, hamıdan gec yatan bir quş idi- ürkək-ürkək cikkildəyirdi. Yəqin qaranlıqdan qorxmuşdu. Tövlədən tappıltı və atların fınxırtısı gəlirdi. Ondan o yana isə çöl-biyabanlıq idi; lap uzaqdan tünd-mavi rəngə çalan səma görünürdü, orda təzə çıxan nöqtə boyda ulduzların közərməsini sezmək olurdu.
Birdən bayquşun acıqlı ulartısı eşidildi. Frənk dərindən ah çəkdi. Belə bir gecədə gəzmək necə də gözəl olardı! Qarışıq nal səsləri gəldi, otlaqlarda üç qaraltı göründü; dayçaları gecə vaxtı qovurdular. Onların qara qıllı başları daş hasardan görünürdü.
Frənk tənbəki çubuğunu taqqıldatdı; ordan qığılcım topası yerə, çəmənliyə töküldü. Gecə quşu səssizcə havada oynadı və güclə eşidələcək bir səslə cüyüldədi. Frənk əlini uzadıb açdı, əlinin içi nəm oldu; bu, şeh nəmiydi. Birdən lap yaxından uşaq sıs-küyü gəldi; atılan ayaqqabı və bir də zərif, cingiltili qız səsi qulağına dəydi. Görünür, qız uşaqları yatızdırmaq istəyirdi. İçəridən apaydın səslər gəlirdi:
-
Yox, olmaz, Rik, dedim olmaz, vəssalam! Pişiyi yatağa salmaq olmaz!
Sonra yenə səs-küy, qaqqanaq, gülüş, zingilti, daha sonra yüngül şapalaq və gülüş səsləri bir-birinə qarışdı. Bütün bunlar o qədər aydın, ahəngdar gəlirdi ki, Frənk hətta yüngülcə səksəndi də. Kimsə nəyisə üfürdü; şam işığının nazik zolaqları pəncərə arxasından görünən qaranlıqda əriyib itdi; hər yan sükunətə qərq oldu. Frənk pəncərə önündən çəkilib kresloya oturdu. Dizi hələ də ağrıyırdı; qəlbində bir ölgünlük hiss etdi.
-
İstəyirsənsə, mətbəxə get,- deyə o, dostuna müraciət etdi,- mən yatacam...
Frənkə elə gəldi ki, sükunət dolu bu dinc ətrafın içində onu yuxu basıb; əslində isə o, mürgüləyirdi, Qartonun nə vaxt içəri girdiyini, çarpayısında uzandığını gördü. Qarton uzanan kimi gecənin bu səssiz qaranlığını zəif xorultusu ilə şərəfləndirdi. Bu vaxt Frənk bayquşun çığırtısını eşitdi. Dizinin ağrısını hesaba almasaq, o, özünü demək olar ki, əla hiss edirdi; həyat qayğıları onun gecə sayıqlığına mane olmurdu. Axı əslində onun bir elə qayğısı-filanı da yox idi; hüquqşünas diplomunu yenicə almışdı, bir qədər ədəbi istedada yiyələnmişdi, ailəsi yox idi, ailə qurmamışdı, ildə dörd yüz funt da onu tamamilə təmin edirdi. Üstəlik bütün dünya onun üzünə açıq idi. Kimin nəyinə gərəkdi Frənk hara getdi, nə vaxt getdi və nə etdi, hə?
Onun yataq yeri də Robertinki kimi bərk idi və bu da rahat yatmaq demək idi; adam bərk yataqda rahat yatır. Frənk uzanmışdı; baş tərəfinə yaxın açıq pəncərədən içəri dolan gecənin qoxusunu çiyərlərinə çəkirdi. Qartonla bağlı içində nəsə bir qıcıq yaransa da – bu, olan şeydi, xüsusilə bir adamla üç gün dalbadal bir yerdə qalanda belə şeylər baş verir - bu yuxusuz gecədə Frənkin təəssüratları apaydın və mülayim idi; arzuları isə əyləncəli maraqla uçurdu. Amma bir şey onun üçün aydın olmadı: bayaq mətbəxdə gördüyü tüfəng təmizləyən gəncin qəribə siması; oğlanın təəccüb dolu zillənmiş baxışları yadından çıxmırdı. Frənk mətbəxə girəndə qapı ağzında birinci onu müşahidə etmişdi, sonra gördü ki, həmin oğlan bardaqdan şərab süzüb gətirən Meqana iti gözləriylə baxır. Həm bu qırmızısifət, göygöz, saçları üzünə tökülmüş oğlanın siması, həm də qızın təzətər çiçək çöhrəsi onun təəssüratları içində yuvalamışdı. Pərdəsiz pəncərədən zəif işıq gəldi. Uzaqda inəyin yuxulu movultusu eşidildi. Yenə hər yan susdu. Arabir qaratoyuqların ahəngdar cikkiltisi gecənin sükutunu pozurdu. Frənk işıq gələn pəncərədən gözlərini çəkdi və bərk yuxuya getdi.
Səhər Frənkin dizi əməlli-başlı şişmişdi. Görünür, onların səyahət gəzintisi burayacanmış. Qarton Londana qayıtmalıydı və o, günortaya yaxın Frənki istehza dolu təbəssümlə “cırmaqlayıb” getdi. Lakin bu “cırmaq yeri” Qarton yola çıxıb döngəni burulan kimi özünü büruzə verdi.
Frənk bütün günü dincəldi; ağrıyan ayağını çıxarıb çəmənliyin üstündəki taxta oturacağa uzatdı; burda günəşdən xumarlanan şəbbü çiçəklərinin və qızılgüllərin qoxusu onu məst etmişdi; qarağatların ləzzətli ətri də bir yandan aləmi başına götürmüşdü. Frənk bu dəstgahdan nəşələnə-nəşələnə qəlyanını tüstülədir, xəyallara dalır, ətrafa tamaşa edirdi.
Yazda fermada həyat qaynamağa başlayır;toyuqlar cücə çıxardır, ağaclar tumurcuqlayır, adamlar intizarla güllərin, çiçəklərin, bitkilərin təsə qönçələrini görməyə tələsir, mal-heyvanın təzə doğulan balalarına həvəslə qulluq edir, onlara nəvaziş göstərirlər. Frənk sakitcə oturmuşdu; dişi qazlardan biri yanlarını basa-basa altı dənə balasını düz onun ayaqları altına gətirdi; sarıdimdik boz qaz balaları təzətər otları xırda-xırda dimdikləməyə başladılar. Bu vaxt Missis Narrakombe və Meqan ona yaxınlaşıb soruşdular ki, ona bir şey lazımdır, ya yox. Frənk gülümsünə-gülümsünə cavab verdi:
-
Təşəkkür edirəm. Heç nə lazım deyil, burdan ləzzət alıram...
Çay süfrəsindən qabaq Meqan və xalası onun ayağının şişinə diqqətlə baxandan sonra ilıq suda isladılmış və hansısa tünd məhlula batırılmış sarğı ilə Frənkin şişmiş dizini bağladılar. Onlar çıxıb gedəndən sonra Frənk qız haqqında düşündü; qız onun dizinə baxarkən necə də təəssüf və mərhəmət hissi keçiriridi! Qızın gözləri şəfqət hissi ilə dolmuşdu; Meqanın qaşlarını necə çatması və astadan “oyyyyy, ufffff!” deyə mülayimcəsinə səs çıxartması oğlanın nəzərindən qaçmadı. Necə oldusa, Frənk yenidən gedən dostunu xatırladı, ürəyində onu qınamağa başladı; Qarton bu qız haqqında necə axmaqcasına danışırdı?!
Qız ona çay gətirəndə Frənk soruşdu:
-
Meqan, mənim dostum sizin xoşunuza gəldimi?
Qız üst dodağını dişlədi və gülümsəməyə çalışdı; görünür, o, bu sualı nəzakətdən kənar hesab etmişdi.
-
Məzəli centlmen idi, bizi xeyli güldürdü. Məncə, o, ağıllı adamdı.
-
O nə dedi ki, belə, sizi güldürdü?
-
O dedi ki, mən qədim el şairlərinin qızıyam. Axı onlar kimdi ki?
-
Yüz illər bundan qabaq yaşamış Uels şairləridi...
-
Axı mən niyə onların qızı olum, hə?
-
O demək istəyirdi ki, siz onların mədh etdiyi qızlara bənzəyirsiniz...
Qız qaşlarını çatdı.
-
Mənə elə gəlir ki, o, sadəcə zarafat etməyi xoşlayır. Düz demirəm? Mən heç onlara oxşayıram ki...
-
Bəs onda siz mənim dediklərimə necə, inanarsınız?
-
Əlbəttə, ser!
-
Məncə, o, zarafat eləmirdi, həqiqəti deyirdi...
Qız gülümsədi.
Frənk düşündü: “Bəli... sən ilahi bir məxluqsan!”
-
Sonra dostunuz dedi ki, Co sakson tayfalarına mənsubdur. Bu nə deməkdi axı?
-
Hansı Co, o mavigözlü, qırmızısifət oğlanımı deyirsiniz?
-
Hə, hə, mənim xalamın ərinin qardaşı oğludur...
-
Deməli, o, sizin dayınız oğlu deyil, hə?
-
Yox.
-
Görürsüz, dostum demək istəyirdi ki, Co o adamlara bənzəyir ki, həmin adamlar İngiltərəyə min dörd yüz il bundan qabaq gəliblər və buranı zəbt ediblər...
-
Həəə, belə de! Mən bunu bilirəm... Bəs Co? O, doğrudan onlara bənzəyir?
-
Qarton tarixi yaxşı bilir. Amma düzünə qalsa, Co əslində elə bir balaca qədim anqlo-saksonlara çəkir...
-
Elədir...
Qızın “hə, bəli, elədir, düzdür” sözləri Frənki çaşdırmışdı; o, necə mülayim, necə nəzakətli idi, ilahi! Meqan onun dediklərini tam anlamasa da, elə nəzakətlə təsdiqləyirdi ki, Frənk qıza heyran qalmaya bilmirdi.
-
Sizin dostunuz daha sonra dedi ki, o balaca uşaqların ikisi də qaraçıya oxşayır. Gərək belə deməyəydi. Xalam gülsə də, ürəyində əlbəttə, onu qınadı. Uşaqlar isə hirsləndilər. Xalamın əri fermer idi. Fermerlər qaraçıdı bəyəm? Adamların qəlbini qırmaq yaxşı iş deyil.
Frənk bütün qəlbi ilə istədi ki, qızın əlindən tutub sıxsın, amma yalnız bunu söyləyə bildi:
-
Əlbəttə, yaxşı iş deyil, Meqan! Yeri gəlmişkən, mən dünən gecə sizin o uşaqları necə yatızdırmağınızı eşidirdim...
Meqanın yanaqları yüngülcə qızardı.
-
Çayınızı için, xahiş edirəm. Lap soyudu... İstisini gətirimmi?
-
Meqan, sizin özünüzə heç vaxtınız qalırmı? Yəni, demək istəyirəm ki, özünüz üçün bir şey eləməyə vaxt tapa bilirsinizmi?
-
Oy, əlbəttə...
-
Amma mən dünəndən müşahidə edirəm... heç görmürəm...
Qız özünü itirdi və qaşlarını çatıb bir qədər də allandı, sonra çıxıb getdi. Frənk düşündü: “Bəlkə elə bilir mən ona sataşıram, ya da onu yoldan çıxarmaq istəyirəm? And içirəm ki, mənim belə bir niyyətim yoxdu!”
Frənk elə bir yaşdaydı ki, bu çağda şair demişkən, adama elə gəlir ki, “gözəllik bir çiçəkdir” və bu çiçək adamın yalnız nəcib hisslərini oyadır. Frənk yan-yörəsinə diqqət yetirmirdi və Robert Qartonun “anqlosakson” tipi adlandırdığı oğlanın tövlənin qapısı ağzında durduğunu görmədi. Oğlanın əynində bulanmış velvet şalvar, göy köynək vardı, çəkmələri çirkliydi; bu qiyafədə o, çox mənalı görünürdü. Sifəti, əlləri qızarmışdı və saçlarının rəngi gündən bozarmışdı. Oğlan uzaqdan hərəkətsiz durub baxırdı; o, küt baxışlarını Frənkə sarı tuşlamışdı, üzündə heç bir təbəssüm yox idi. Birdən oğlan da Frənkin ona baxdığını zənn etdi və dərhal utancaq, tipik kəndli yerişi ilə dönüb getdi, evin tinini burulub gözdən itdi. Frənkin qanı qaraldı. “Nə qanmaz adamdı?!” düşündü. Bu adamlar ona necə də yaddılar! Nə qədər xeyirxah məqsədlə onlara yanaşsan da yenə görürsən ki, onlar sənin tayın deyillər! Hələ o qıza bir bax! Çındır ayaqqabıları, kobud əlləri! Hə, noolsun axı! Bunlar şərtdimi? Qartonun dediyi kimi, bəlkə elə bunun səbəbi qızın qanında Kelt qanı olmasındadır? Amma axı deyəsən qız elə anadangəlmə ledi4 kimi görünür? Əsl mirvaridir! Bəlkə də heç oxumağı, yazmağı da bilmir?!
Dünən mətbəxdə gördüyü, üzü tərtəmiz qırxılmış adam həyətdəydi, itlə birlikdə o başa keçdi. O, inəkləri sağmaq üçün tövləyə qovurdu. Kişi axsayırdı.
-
Əla inəkləriniz var! – Frənk dedi.
-
Axsaq adamın sifətinə təbəssüm qondu. O, dünyagörmüş təcrübəli adamlar kimi oğlana altdan-altdan göz yetirdi. Sonra astadan dedi:
-
Əlbəttə... Onlar bizim sevimli mallarımızdı! Süd də çox verirlər!
-
Süd lap dadlıdır!
-
Ser, indi ayağınız necədi? Sağalırmı?
-
Çox sağ olun, deyəsən düzəlir...
Axsaq adam əlini öz yaralı ayağına vurdu.
-
Mən bilirəm ayaq ağrısı nə deməkdi... Özü də diz ola! Dəhşətdi! Mənimki də artıq onuncu ildi ağrıyır!
Frənk iqtisadi cəhətdən heç kəsdən asılı olmayan adamlar kimi yüngülcə təəssüflənib başını buladı. Axsaq adam gülümsədi, sözləri əzə-əzə dedi:
-
Amma.... axı... şikayət-filan eləmək mənimçün günahdı... Hələ allah üzümə baxdı ki, ayağımı kəsmədilər...
-
Yoxx a?!
-
Həəə, həə! Əvvəllər bilirsən necə möhkəm ağrıyırdı! Amma indi... indi yaxşıdı...
-
Bu gün mənimkini sarıdılar, özü də hansısa dərmanda isladıb sarıdılar... Deyəsən, otlardan idi, yaxşı dərmana oxşayır...
-
Hə, otları o qız yığıb gətirir... bütün otları tanıyır... Belə adamlar var də, başı çıxır hansı ot dərmandı, hansı yox. Mənim anamın da bu otlardan başı çıxırdı... Hə, yaxşı, tez sağalın, ser! Hey, gəl dalımca!
Frənk gülümsədi. Hə, deməli qızın otlardan başı çıxır! Elə özü də çöl gülü kimidi!
Axşam nahar elədi; bir qədər soyuq ördək əti və şor yedi, şərab içdi. Yeməkdən sonra Meqan içəri girib soruşdu:
-
Bağışlayın, ser, xalam xahiş edir ki, bizim bişirdiyimiz piroqdan da dadsın...
-
Mənə mətbəxə girməyə icazə verirlərsə, dadaram...
-
Hə, əlbəttə... Dostunuz üçün darıxırsız, deyəsən?
-
Yox, yox, qətiyyən! Mənim mətbəxə gəlməyimə etiraz etməzlər ki?
-
Kim edə bilər axı? Biz buna sevinərik...
Frənk tələsik ayağa durdu; o qədər tələsdi ki, ağrıyan ayağını unutdu və ilişib yıxıldı. Qız ürəkdən “uff” dedi və dərhal iki əlini də Frənkə uzatdı. Frənk qızın balaca, kobud, gündən yanmış əllərindən yapışdı; bu əlləri elə öpmək istədi ki! O, bu əllərin köməyilə ayağa qalxdı. Qız çiynini söykəyib Frənki qapıya qədər apardı. Frənk bu anlardan, hiss etdiyi canlı sipərin nəfəsini duyduğu anlardan aldığı ləzzəti dünyanın heç bir ləzzəti ilə müqayisə edə bilməzdi! Lakin o, vaxtında başa düşdü ki, çəliyi əlinə götürməlidir və mətbəxə girməmişdən qızın çiynindən əlini çəkməlidir!
O gecə Frənk daş kimi yatdı və səhər yuxudan duranda artıq dizinin şişi demək olar ki, çəkilmişdi. O, günortaya qədər yenə çəmənlikdəki skamyada oturdu və özü üçün xırda para şeirlər yazmağa başladı. Günortadan sonra o, artıq uşaqlarla – Nik və Riklə birlikdə gəzə bilirdi. Şənbə günüydü, uşaqlar məktəbdən tez qayıtmışdılar. Qarasaç, qaragöz balaca dəcəllərin birinin yeddi, o birinin isə altı yaşı vardı. Uşaqlar tezliklə Frənkə öyrəşdilər; daha çəkinib-eləmir, onunla çənə vurmağa başladılar. Frənk uşaqlarla danışmağı bacarırdı. Saat dördə kimi uşaqlar ona artıq bütün sirlərini açmışdılar; quşları necə vurduqlarını, harda ovladıqlarını açıb-tökmüşdülər. Uşaqlar bircə balıq tuta bilmirdilər. Onlar şalvarlarını çirmələyib çay qırağında qarnı üstə uzanıb balıqları əllə tutmaq istəyirdilər. Əlbəttə, onlar heç nə tuta bilmədilər, çünki onların səs-küyü və qışqırtısından balıqlar hürküb qaçırdı. Frənk sahildə yekə bir daşın üstündə oturub uşaqlara tamaşa edir, ququ quşunun quqqultusuna qulaq asırdı. Oğlanlardan böyüyü, daha diribaşı Nik onun yanına gəldi, dedi:
-
Bu daşın üstündə həmişə bilirsən kim oturur, qorxunc qaraçı!
-
Necə? O kimdir elə?
-
Bilmirəm. Heç vaxt görməmişəm. Meqan deyir ki, o qaraçı burda oturur və qoca Cim onu öz gözləriylə görüb. Atamın başını at əzən gecəsi də həmin o qorxunc adam burda oturubmuş. Qaraçı skripkada çalır.
-
Nə çalır belə?
-
Bilmirəm...
-
O necədir ki?
-
Qapqara bir adamdır. Qoca Cim deyir ki, onun uzun saçları var! Yaman qorxulu bədheybətdir! Özü də gecələr peyda olur!
Oğlanın tünd çəp gözləri qorxudan səyirməyə başladı, uşaq əlavə etdi:
-
O, məni apara bilər? Meqan ondan qorxur.
-
Meqan onu görübmü?
-
Yox! Amma yaxşı ki, Meqan sizdən qorxmur!
-
Hə, məndən qorxmur. Nəyə görə məndən qorxmalıdı ki?
-
Meqan axşamlar sizin üçün dua edir!
-
Hardan bilirsən, ay cüvəllağı?
-
Mən yatanda o pıçıldayırdı:”Allah, sən özün bizə və cənab Əşürstə kömək ol!”. Özüm eşitmişəm, vallah!
-
Ay səni, balaca satqın! Axı gizlində qulaq asdığın şeyi niyə deyirsən?
Oğlan susdu. Birdən acıqlı-acıqlı dilləndi:
-
Bilirsən, mən dovşanların dərisini soya bilirəm. Amma Meqan soya bilmir! O heç onların dərisini soyanda baxa bilmir! Mən qandan qorxmuram!
-
Sən balaca divsən də!
-
Div nədir, necə olur?
-
Div odur ki, başqalarına əzab verməyi, incitməyi xoşlayır.
Oğlan incidi.
-
Axı biz ölmüş dovşanları yeyirik!
-
Düzdü, sən haqlısan, Nik! Bağışla!
-
Mən qurbağaların da dərisini soya bilirəm...
Frənk daha eşitmirdi. “Allah, sən bizi və cənab Əşürstü hifz elə!” O, yalnız bu sözləri eşidirdi. Nik onun susduğunu görüb təəccübləndi, sonra geriyə, çay qırağına götürüldü; ordan yenə qışqırıq və şappıltı səsləri gəlməyə başladı.
Meqan çay gətirəndə Frənk soruşdu:
-
Meqan, o qorxulu qaraçı kimdi belə?
Meqan qorxdu və təşvişlə Frənkə baxıb dedi:
-
O, bədbəxtlik gətirir.
-
Axı siz qarabasmalara, kabusa-zada inanmırsız, elə deyil?
-
Allah eləməsin mən onu görüm!
-
Qorxmayın, görməzsiz! Heç bir qarabasma, kabus-filan yoxdu! Qoca Cim görünür, elə sadəcə at görüb!
-
Yox, yox! Dağlarda kabus var, o, gəzir. Vaxtilə burda yaşamış adamların ruhudur- çıxırlar, gözə görünürlər.
-
Axı burda qaraçılar ki yaşamayıb? Həmin adamlar ki, deyirsən burda məskən salıblar, onlar qaraçılardan əvvəl olublar axı...
-
Bütün qaraçılar zalımdılar...- deyə qız qısaca cavab verdi.
-
Niyə? Qaraçılar köçəri həyat yaşayırlar, lap vəhşi dovşanlar kimi... Təbiətdə də çoxlu çöl bitkisi və otu olur, məsələn, itburni çiçəyi. Onları heç kim əkməyib, özləri çıxır... Amma siz onlara zalım, yaxud əhəmiyyətsiz deyə bilməzsiniz ki... Hə, bura baxın, mən elə bu gecə gedəcəm ora, sizin o qorxunc qaraçını güdüb onunla görüşəcəm... Danışacam onunla....
-
Ahhhhh... yox, lazım deyil!
-
Mütləq gedəcəm və özü də onun daşının üstündə oturacağam!
Qız yalvarışla əllərini oynadıb yenə dedi:
-
Xahiş edirəm, getməyin! Lazım deyil...
-
Nə üçün? Axı sizin üçün nə fərqi? Mənim başıma iş gəldi-gəlmədi, bunun sizə nə dəxli var axı?
Qız cavab vermədi. Lakin Frənk birdən guya elə belə, sözgəlişi söz atdı:
-
Düzdü, mən bəlkə də onu görə bilmədim, çünki tezliklə mən burdan çıxıb gedəcəm...
-
Nə üçün tezliklə?
-
Sizin xalanız görünür məni çox saxlamaq istəməz...
-
Heç də yox! Yayda bizim həmişə müsafirlərimiz olur!
Frənk gözlərini qıza zillədi, sonra soruşdu:
-
Siz istərdinizmi mən qalım?
-
Həəə... – deyə qız pıçıldadı.
-
Yaxşı.... onda elə bu gecə mən sizin üçün dua oxuyacam!
Qızın yanaqları qızardı; o, bir qədər tutuldu və otaqdan çıxdı. Frənk ehtiyatsızlıq etdiyinə görə bütün günü özünü söydü. Onun qalın çəkmələri göy zəngçiçəyi kollarını tapdalayır və bu zaman Frənk özü-özünü qınayırdı: axı nə üçün o, qızla söhbət zamanı belə gic-gic ifadələr işlətdi? Axı onun o ədabaz və şit Qartondan nə fərqi oldu?
3.
Növbəti həftə ərzində Frənk bütün günü ağrıyan dizini ovxaladı, bir az həyət-bacada gəzdi. Builki bahar onun üçün əməlli-başlı bir kəşf oldu; Frənk heyrətedici duyğular içində fıstıq ağaclarının ağ-çəhrayı qönçələrinin açıldığını seyr etdi, şam ağaclarının günəşin zərrin şəfəqlərinin bozartdığı sarımtıl gövdələrini müşahidə etdi; təpələrin üstündəki qonur hörüklü ağacların əyildiyini gördü; küləyin yellətdiyi və xumarlandırdığı təzə otların nəfəsini, soyulmuş gövdələrdən ətrafa səpələnən qoxuları hiss etdi. O, çay qırağında uzanaraq tumurcuqlayan çiçəklərə tamaşa edə-edə bozarmış ayıdöşəyinin, adda-budda meşəliklər görünən yerlərdə böyürtkən kollarının çəhrayı rəngli meyvələrinə toxunarkən, ququ quşlarının quqqultusunu eşitdi; ağacdələnin taqqıltılarını və ətrafda uçuşan muncuq rəngli torağayların zəngulələrini dinlədi. O, ömründə belə bir yaz görməmişdi; bu yaz həm də onun içindəydi, bütün varlığına hopmuşdu.
Gündüzlər ev sahiblərini demək olar ki, görmürdü; Meqan ona yemək gətirəndə də çox məşğul görünürdü; qız gah ev işləriylə, gah da həyət-bacada körpə heyvanlarla əlləşirdi. Frənk onunla söhbət etməyə macal tapmırdı. Lakin o, axşamçağılar mətbəxin pəncərəsi önündə oturub qəlyan çəkir, qoca Cimlə, ya da Missis Narrakombeylə söhbət edirdi. Meqan isə mətbəxdə səssiz-səmirsiz gah nəsə toxuyur, gah haranısa yığışdırır, gah da ora-bura vurnuxurdu. Bəzən Frənk pişik sayıqlığı ilə Meqanı süzür, qızın nəmli ala gözlərinin hərdən ona tuşlandığını görürdü; o, qızın qəmli, həm də zərif baxışlarını müşahidə edir və bu zaman özünü qeyri-adi dərəcədə bəxtəvər sayırdı. Bir dəfə bazar günü axşam Frənk bağçada uzanıb qaratoyuqların zəngulələrini dinləyərək sevgi şerləri yazırdı. Birdən o, qapının çırpıldığını eşitdi və Meqanın kobud, qırmızısifət Codan qurtulub qaçdığını gördü. Frənkdən bir qədər aralıda, təxminən iyirmi addımlıqda onlar göz-gözə dayanmışdılar; Frənk qalın otluqda uzanmışdı, onu görmürdülər. O, qızın qəzəbli və tutqun sifətini gördü; Meqan Conun əlləri arasından canını qurtarmağa çalışırdı. Oğlan, həmin o qırmızısifət Co isə necə də ehtirasa gəlmişdi! Bu səhnə Frənki elə dəhşətə gətirdi ki, o, qəflətən ayağa durdu; onlar Frənki gördülər. Meqan əllərini aralayıb uzaqlaşdı və ağacın dalında gizləndi. Co nəsə acıqla donquldadı və çəpərdən tullanıb gözdən itdi. Frənk yavaş-yavaş qıza yaxınlaşdı; qız ağacın arxasında durub dodaqlarını çeynəyir, kipriklərini sallamışdı; Meqanın saçları dağılmışdı; o, qeyri-adi gözəl görünürdü. Frənk dedi:
Qız qaşqabaqlı bərələ gözləriylə oğlana baxdı, dərindən nəfəs aldı və dönüb getdi. Frənk onun dalınca yeridi.
Qız dayanmadı, lakin Frənk onun çiynindən yapışdı və yüngülcə qızı özünə sarı çəkdi.
-
Dayanın, gəlin bir az danışaq!
-
Siz nə üçün məndən üzr istədiniz? Mən də sizdən üzr istəməli deyiləm...
-
Deməli, Co üzr istəməlidir...
-
Axı o, nə cəsarətlə mənim dalımca qaçır?
-
Görünür, sizə vurulub.
Qız ayaqlarını yerə döyəclədi, Frənk bir qədər güldü.
-
İstəyirsiz ki, mən onun başını yarım?- deyə Meqan səsini ucaltı, sonra qəfil hirslə əlavə etdi,- Siz mənə gülürsüz? Siz bizim hamımıza gülürsüz, hə?
Frənk qızın əllərini tutdu, Meqan geri çəkildi və tamam qızardı. Onun qara telləri qoca alma ağacının tumurcuqlayan budaqlarına ilişdi. Frənk qızın əlini dodaqlarına apardı; o, özünü kütbeyin Co ilə müqayisədə əsl cəngavər kimi hiss elədi. Bəli, Frənk qızın o balaca, kobud əlinə dodaqları ilə azca toxundu. Birdən Meqan dayandı; elə bil titrədi və oğlana doğru qısındı. Frənkin canına istilik gəldi; o, zərif və ilıq bir nəfəs duydu. Doğrudanmı onun dodağının hərarəti belə bir gözəl, məsum, zərif və heyranedici qız üçün mənalıydı? Frənk ani və gözlənilməz ehtirasa uyaraq qızı qucaqlayıb özünə sarı çəkdi, onun alnından öpdü və dərhal da qorxdu. Meqanın rəngi qəflətən ağardı və qız gözlərini yumdu; uzun kipriklərinin qara kölgələri ağarmış yanaqlarına düşdü, qolları taqətsiz halda bədənindən sallandı. Qızın sütül sinəsinə toxunan Frənkin bütün vücudu gizildədi.
-
Meqan, – deyə oğlan pıçıldadı və qızı əlləri arasından buraxdı. Qaratoyuğun cikkiltisi gecənin sakitliyini pozdu. Birdən qız Frənkin əlini tutdu, onu yanağına apardı, sonra ürəyinin başına qoydu, daha sonra dodaqlarına çəkib ehtirasla öpdü; qız alma ağaclarının mamır basmış gövdələri arasınca qaçıb gözdən itdi.
Frənk ağacın lap yerə yapışan əyri gövdəsinin üstündə oturdu; oğlan özünü itirmiş kimiydi; canında gizilti və titrəyiş duydu; gözlərini indicə onun başına tac qoymuş alma ağaclarının budaqları arasına zillədi; orda, çəhrayı qönçələr arasında yalqız bir ulduz parlayırdı – orda bir tumurcuq çiçəkləyirdi...
Gör bir neylədi! Gözəlliyin onu ovsunlamasına necə yol verdi? Bəlkə günahkar yazdır, hə? O, özünü necə də xoşbəxt hiss etdi! Vicdanı incitsə belə, bəxtiyar idi; o, qalib gəlmişdi! Oğlanın bədəni yenə ehtirasdan gizildədi, içində ona bəlli olmayan, tanış gəlməyən duyğular baş qaldırdı. Bu nəyin başlanğıcıydı, hə? Ağcaqanadlar dişləyir, rəqs edən mığmığalar az qala onun ağzına girirdi; o, bunları hiss etmir, görmürdü; hər yan baharla nəfəs alır, baharla yaşayırdı. Ququ quşları daha bərkdən quqquldayır, qaratoyuqlar zəngulələrini gücləndirir, ağacdələnlərin taqqıltısı daha bərkdən gəlirdi; qızın saçları alma ağacının budaqları arasında görünməz olan kimi elə bil günəş də yox oldu.
Frənk ayağa durdu və bağdan çıxdı; o, açıqlığa, düzənliyə çıxmaq istəyirdi; o, istəyirdi ki, içində baş qaldıran yeni duyğulara öyrəşsin. Frınk çox uzaqlara, süpürgə kolluqlarına tərəf getdi və hündür fıstıq ağacından qopan sağsağanın onun qarşısında xoş xəbər gətirən quş kimi hoppanıb-düşdüyünü gördü.
Hələ dünyada heç bir kişi - beş yaşından bu yana - deyə bilməz ki, o, ömründə bircə dəfə də olsa sevməyib. Bir dəfə Frənk rəqs dərnəyində rəqqasə qızlara, daha sonra öz mürəbbiyəsinə vurulmuşdu; yay tətillərində müxtəlif qızları sevmişdi. Əslində o, heç vaxt sevgisiz, məhəbbətsiz yaşamamışdı; hər dəfə də az ya çox dərəcədə nəyəsə valeh olmuş, aldadıcı zərif hisslərlə yaşamışdı. Lakin indi, onu ağuşuna almış və bütün canını ofsunlamış bu duyğu yalançı deyildi; bu, tamam yeni bir hiss idi; bu hiss onun düşüncələrinə mükəmməl bir kişi gücü verirdi. Belə bir çöl gülünün əlindən tutub sıxmaq, onu dodaqlarına aparıb öpmək, hələ bu qızın zərif bədəninin titrəyişini yaxından duymaq – gör necə böyük bəxtəvərlikdir! Necə böyük həzzdir! Bəs indi neyləməli? Onunla necə görüşməli? Oğlanın ilk nəvazişləri ehtiyatlıydı; demək olar ki, bir qədər soyuq idi; lakin innən belə bu cür davam edə bilməz! O, duydu ki, qızın öpüşü onun əlini necə yandırdı; o, gördü və bildi ki, qız ona necə qısındı; onun əlini sinəsinə, ürəyinin üstünə qoydu! Qız onu sevir! Bəzilərini böyük sevgi azğınlaşdırır, amansız edir; bəzilərini isə, məsələn, Frənk kimilərini sevgi həlimləşdirir, mülayimləşdirir, ona heyrətamiz isti duyğular dalğası bəxş edir. İndi, bu anlarda qayaların arasında oturan Frənki də eynilə belə duyğular bürümüşdü; o, bir qədər əvvəl duyduğu yeni hissləri bir də yaşamaq istəyirdi; baharın onda oyatdığı duyğuları, qarışıq, lakin intizar dolu duyğuları yaşamaq istəyirdi. O, gah qürurlanır, gah da o alagöz, sadə, heyrətamiz kəndli qızının üzərində qələbə çaldığına sevinir, gah da ciddi və ayıq başla özü-özünə deyirdi: “Hər şey yaxşıdı, hər şey... Amma... sən heç bilirsən nə edirsən? Sən heç bilirsən bu işlərin axırı nə ilə qurtara bilər?..”
O, havanın nə vaxt toranlaşdığını hiss etmədi; toranlıqda qədim assuri tikililərinə bənzəyən qayalar qüssəli görünürdü. Təbiət sanki pıçıldaıyrdı:”Sənin qarşında yeni dünya açılır!”. Bəzən insan, yay vaxtı saat dörddə durub sübhün alatoranlığına çıxır; heyvanlar, ağaclar, quşlar – hər şey ona təəccüblə baxır və ona elə gəlir ki, bütün külli-aləm bax elə indicə yaradılıb...
Frənk daşların üstündə düz dörd saat, üşüyünə kimi oturmuşdu; sonra mamır basmış qayalardan aşağı düşdü, böyür-başında süpürgə kolları olan cığırla keçib çəmənliyə gəldi və yenə alma bağına qayıtdı; kibrit yandırdı və saatına baxdı. On ikiyə az qalırdı. Bağ zil qaranlıq idi və vahiməli görünürdü; bu qaranlıq onun cəmi altı saat bundan qabaq gördüyü axşam toranlığına, quşların civildəşdiyi və günün oxşayıb nazlandırdığı aləmin alatoranlığına bənzəmirdi. Frənk qəflətən burda keçən dinc həyatına özgə gözü ilə baxmağa başladı; ona elə gəldi ki, Missis Narrakombe o uzun ilanvari boğazını çıxarıb ətrafa iti nəzərləri ilə göz gəzdirir və narazı-narazı qaşqabağını tökür; o, təsəvvüründə Meqanın xalası oğlanlarının kobud, gülməli və etibarsız sifətlərini, qanmaz Conun hiddətlənmiş üzünü canlandırdı. Ona elə gəldi ki, bircə çolaq qoca Cim ondan şəfqətli baxışlarını əsirgəmir. Bəs kənd adamları! Tez-tez yanlarından ötdüyü qeybətcil qarılar və bir də onun öz dostları necə olsun bəs? O, dostu Robert Qartonun istehza dolu təbəssümünü xatırladı; Robert elə bu təbəssümlə onu cəmi on gün bundan qabaq tərk etmişdi. Rəzalətə bir bax! Frənk bir anlığa bu amansız və qansız dünyanı qarğıdı; o, istər-istəməz həmin bu dünyada yaşamağa məcbur olmuşdu! Bu vaxt onun söykəndiyi qapı bozardı; qapının üstündə nəsə parıldadı və dərhal da qaranlıqda itdi. Bu nədir, aydımı? Axı o, ayı çəpərin o başında görmüşdü, ay qıpqırmızıydı, bütöv idi, qəribə rəngdəydi! Frənk bağın içiylə addımladı; burda təzəcə yaşıllanan yarpaqların iyi gəlirdi; onun burnuna peyin və gecə rütubətinin qoxusu dəydi. Mal-qara saxlanan yerdə çoxlu inək gözə dəyirdi. Qaranlıqda onların əyri buynuzları ağaran xırda aypara şəklini xatırladırdı. Frənk ehtiyatla qapını açdı. Ev qaranlığa bələnmişdi. Frənk addımlarını səssizcə atmağa çalışdı və artırmaya girdi. Cavan qaraçöhrə ağacına söykənərək Meqanın pəncərəsinə baxmağa başladı; pəncərə açıq qalmışdı. Meqan yatmışdımı, ya bəlkə hələ oyaqdı, bəlkə elə Frənkin belə uzun müddətə qeyb olmasına açığı tutmuşdu? Meşədən bayquşun səsi gəldi; onun çığırtısı gecənin sakitliyini pozdu. Bayaqdan bağın arxa tərəfində axan çayın qıjıltısından başqa bir səs eşidilmirdi. Gündüzlər ququ quşlarının quqqultusu, gecə də bu bədheybət bayquşun qorxunc səsi... Çox qəribədir ki, bunlar hamısı Frənkin qəlbinin həyəcan və heyrətinə züy tutmuşdu. Və birdən Frənk pəncərədən qızı gördü; oğlan bir qədər yaxınlaşıb pıçıldadı:
Qız bir anlıq geri çəkildi və gizləndi, sonra yenə göründü və pəncərədən aşağı əyildi. Oğlan xəlvətcə otluğa yeridi və yaşıl taxta skamyaya qalxanda yıxıldı; bir anlıq nəfəsini içinə çəkib saxladı; səs-küy yaratmaqdan qorxdu. Qaranlıqdan qızın tutqun və hərəkətsiz sifəti ağarırdı; Meqan əllərini aşağı uzatmışdı. Oğlan sakitcə taxta oturacağı pəncərənin dibinə itələdi və üstünə çıxdı. Əlini qızın əlinə sarı uzatdı; qız giriş qapısının açarlarını əlində tutmuşdu. Oğlan iri, soyuq açarlara toxundu, sonra qızın isti əllərini bərk-bərk sıxdı. Frənk qızın azca aralanmış dodaqları arasından dişlərinə, dağılmış saçlarına və ağaran sifətinə baxdı. Qızın əynində paltar vardı – yazıq hələ yatmamışdı, şübhəsiz, onu gözləmişdi.
-
Meqan, əzizim... – deyə oğlan bir də pıçıldadı. Qızın isti, cod barmaqları onun əlinə dəydi. Meqanın üzü kədərliydi; o, fikirli görünürdü. Kaş onun üzünə toxunaydı!
Yenə bayquş səsi eşidildi, itburnu kollarının qoxusu gəldi. Hardasa it hürdü, qızın barmaqları aralandı və qız otağın qaranlığına çəkildi.
-
Gecən xeyrə qalsın, Meqan!
-
Gecən xeyrə qalsın, ser!
Qız daha görünmədi. Oğlan bir qədər nəfəsini dərib oturacaqdan tullandı, sonra əyləşib ayaqqabılarını çıxartdı. Oğlanın xəlvətcə yerinə keçib yatmaqdan başqa yolu yox idi. Lakin Frənk uzun müddət hərəkətsiz qaldı. Ayaqları şehçiçəyindən keyləşmişdi; o, heç nə hiss etmirdi. Frənk qızın həyəcanlı, hürkək və gülümsər simasından, isti barmaqlarının hərarətindən məst olmuşdu.
5.
Frənk səhər yuxudan duranda özünü bütün gecəni möhkəm yemiş bir adam kimi hiss etdi; əslində isə dilinə heç nə dəyməmişdi. Gecəki romantika ona uzaq, qeyri-real göründü. Lakin onun üçün başdan ayağa qızıl bir səhər açılmışdı; yaz birdən-birə bütün çiçəkləri ilə birlikdə fəğan edirdi. Bir gecənin içində qaymaqçiçəkləri, yaxud uşaqların “zər güllər” adlandırdığı çiçəklər bütün çəmənliyi başına götürmüşdü; pəncərədən isə alma ağaclarının ağ-çəhrayı rəngə boyanan tumurcuqlarını görmək olurdu.
Frənk otaqdan çıxıb ürkək hisslərlə aşağı düşdü; elə bil Meqanla rastlaşacağından qorxurdu. Lakin Missis Narrakombe ona səhər yeməyi gətirəndə dalağı sancdı, kefi pozuldu; qadının iti gözləri və uzun boynu bu səhər elə bil daha diriydi: görəsən qadın bir şey hiss edibmi?
-
Deməli, ötən gecə ay işığında gəzirdiniz, hə, mister Əşürst? Heç olmasa hardasa şam eləyə bildinizmi?
Frənk başını yellətdi.
-
Biz sizə yemək saxlamışdıq. Görünür, başınız nə iləsə qarışıb, hə?
Görəsən bu qadın onunla məzələnmir ki? Hələ ki onun səsində uelsli qadının mülayimliyi duyulur; hələ ki onun səsi qərb ölkəsinin kobud məzəmmətləri ilə korlanmayıb. Əgər o bilsəydi!.. Frənk dərhal qərara aldı: “Yox, yox! Nə qədər tezdi aradan çıxmaq lazımdı. İstəmirəm özümü axmaq bir vəziyyətə salım...”
Lakin səhər yeməyindən sonra o, Meqanı görmək istədi; bu istək hər dəqiqə şiddətlənirdi; bu istəyə bir balaca qorxu hissi qarışsa da (o, qorxurdu ki, Meqana söz desinlər, onu danlasınlar və bununla da hər şey korlansın) daha kəskin şəkildə artırdı. Meqanın gəlib çıxmaması, hətta bir dəqiqəlik də olsa görünməməsi heç yaxşı deyildi. Dünən nahardan sonra alma ağaclarının altında elə böyük şövqlə yazdığı sevgi şerləri indi ona urvatsız və miskin kimi göründü; o, yazdığı şer kağızlarına tütün büküb papiros düzəltdi və yandırdı. Axı o, sevgi haqqında nə bilirdi? Meqan onun əlini tutmasaydı, onun əlini öpməsəydi, sevginin nə demək olduğunu heç bilərdimi? İndi isə o, hər şeyi bilir, hər şeyi... Lakin bu haqda yazmaq, bu barədə nəsə bir şey təsvir etmək dadsız görünürdü. Frənk kitab götürmək üçün öz otağına keçdi; ürəyi gubbultu ilə döyünməyə başladı; qız otaqdaydı, onun yatağını düzəldirdi. Frənk qapının kandarında dayanıb Meqanın hərəkətlərinə tamaşa etdi və birdən onun qəlbində elə bir sevinc hissi baş qaldırdı ki, bunu sözlə demək çətindi; o, Meqanın onun baş qoyduğu yastığına sarı əyildiyini və balışı öpdüyünü gördü. Bax bunu, qıza necə bildirsin? Necə bildirsin ki, o, Frənk, bu hərəkəti gördü! İşdi birdən qız görsə ki, Frənk xəlvəti aradan çıxır, daha pis olar! Meqan balışı götürdü, istədi bir qədər çırpsın və birdən yerə saldı; qız nə hiss etdisə, qəflətən geri döndü.
Qız yanaqlarını əlləri arasına aldı; soyuqqanlı gözlərini düz zillədi oğlnın gözlərinə. Frənk heç vaxt belə təmiz, şəffaf və nəmli gözlər görməmişdi; elə bil bu sədaqət dolu gözləri jalə ilə yumuşdular. Frənk özündə güc tapıb qıza hələ bir minnətdarlıq da etdi:
-
Təşəkkür edirəm... sizə... dünənki gecəyə görə... sağ olun... məni gözləmişdiniz...
Qız bir söz demədi, Frənkın yenə dili kəkələdi:
-
Məəəə.... mənnn... dünən qayalıqlarda... avara-la-nır-dım... Elə gözəl gecəydi ki! Mən... mən indi... elə kitab götürməyə gəlmişdim...
Və birdən... qızın onun balışını necə öpməsi fikri beynini dumanlandırdı, başı gicəlləndi və o, Meqanın üstünə cumdu. Dodaqlarını qızın gözlərinə toxundurdu, beyninə qəribə bir fikir gəldi:”Hər şey qurtardı, mən bunu etdim... bitdi hər şey... dünən hər şey təsadüf idi... indi isə... mən bunu etdim...” Qız onun dodaqlarından imtina etmədi; oğlan qızın gözlərini öpə-öpə dodaqlarını yavaş-yavaş aşağı sürüşdürürdü. Və hər ikisinin dodaqları toqquşdu... Bu, əsl sevgi öpüşü idi; qeyri-adi, ecazkar, məsum öpüş. Görəsən bu öpüş onlardan hansının qəlbini daha çox məst edirdi?
-
Bu gecə hamı yatandan sonra iri alma ağacının altına gəl, Meqan.... söz verirsən, hə? - oğlan dedi.
-
Söz verirəm, - qız pıçıldadı.
Sonra Frənk qızın solğun bənizinə, ağarmış üzünə diqqətlə baxdı, bir anlıq hər şey, otağın içində baş verənlər onu səksəndirdi; qız otaqdan çıxandan sonra o, aşağı endi. Bəli, indi o, qalib ola bilər, hər şey onun xeyrinədir! O, qızın sevgisinə cavab verdi və bildirdi ki, o da qızı sevir!
Frənk yaşıl oturacağa doğru getdi; bu dəfə əlində kitab yox idi. O, bu oturacaqdan uzaqlara baxırdı, ətrafa göz gəzdirməkdən ləzzət alırdı; o heç fermada həyatın necə qaynadığını, işlərin necə qızğın getdiyini görə bilmirdi; fikri-zikri təbiətdə idi.
Frənk burda nə qədər oturduğunun fərqinə varmadı və birdən gördü ki, Co onun arxasında durub. Görünür, oğlan çöl işlərini tamamlayıb qayıtmışdı. Co bərkdən fısıldayır, gah bir ayağını, gah da o biri ayağını qaldırırdı; batan günəş rəngində olan sifəti gərilmişdi; göy köynəyinin qollarını qatlamışdı; ərik qabığını xatırladan əzələləri görünürdü. Oğlanın qırmızı dodaqları yarımaçıq vəziyyətdəydi, kətan rəngli kiprikləri arasındakı mavi gözləri düz Frənkə tuşlanmışdı.
-
Co, sizin üçün nə edə bilərəm? Bəlkə bir şey lazımdır?- deyə Frənk istehza ilə soruşdu.
-
Həəə...
-
Nə hə? Noolub axı?
-
Çıxın gedin burdan! Siz bizə lazım deyilsiz!
Frənk Əşürstün həmişəki lovğa siması daha ötkəm ifadə aldı.
-
Sağ olun ki, mənə bunu deyirsiniz. Amma, bilirsiz, məncə bunları mənə başqaları desə yaxşıdı...
Co bir qədər də yaxına gəldi; Frənk onun işdən qızmış bədəninin qoxusunu duydu.
-
Burda niyə qalırsız?
-
Ürəyim belə istəyir...
-
Başını əzərəm, onda bilərsən burda qalmaq necədir...
-
Siz nə danışırsız? Doğurdan? Bunu nə vaxt edəcəksiz?
Co cavab vermədi və daha bərkdən fısıldamağa başladı. Onun gözləri qızmış öküz gözləri kimiydi, ordan od çıxırdı. Birdən sifəti qəzəbdən gərildi, dedi:
Bu yekəpər fısıldayan tərbiyəsizə qarşı şiddətli qısqanclıq, nifrət və hiddət hissi Frənki özündən çıxartdı. O, cəld yerindən qalxdı, ayağı ilə oturacağı itələdi.
Bu sözləri demişdi ki, Meqan əlində bapbalaca qəhvəyi küçük qapıda göründü; qız tələsik Frənkə yaxınlaşdı, dedi:
-
Bir bura baxın, heyvancığazın gömgöy gözləri var!
Co çıxıb getdi; onun peysəri pul kimi qızarmışdı. Frənk barmağını qızın qucağında büzüşən bu balaca, qəhvəyi varlığın ağzına toxundurdu. Oğlan qızın yanında özünü necə də rahat hiss edirdi!
-
Küçük artıq sizi sevir! Ahhh... Meqan, burda hamı sizi sevir!
-
Co sizə nə deyirdi, xahiş edirəm.... deyin...
-
O, mənə dedi ki, burdan gedim; çünki siz mənim burda qalmağımı istəmirsiz...
Qız ayaqlarını yerə döyəclədi, Frənkə baxdı. Bu şəfqətli və heyranedici baxışlardan oğlanın bütün damarları dondu; Frənk elə bil qanadlarını yandırmış bir kəpənək görürdü. Oğlan pıçıltıyla dadı:
-
Bu gecə! Unutmayın!
-
Yaxşı! – deyə qız üzünü küçüyün bədəninə sarı əyib evə qaçdı.
Frənk yola çıxdı. Hasarın o tərəfində, çəmənlikdə inəklərin yanında durmuş axsaq çobanı gördü.
-
Gözəl hava var, Cim!-dedi.
-
Hə, elədir! Otlağa xeyirdi! Bu il palıd ağacları göyrüşdən tez çiçəkləyəcək... Palıd tez çiçəkləyəndə....
Frənk onun sözünü kəsdi:
-
Cim, siz o qorxunc qaraçını harda görmüsünüz?
-
Orda... o iri alma ağacının altında... ordan keçəndə görmüşəm...
-
Siz doğrudan inanırsınız ki, onu orda görmüsüz?
Axsaq qoca dərhal cavab vermədi.
-
Necə deyim... heç özüm də bilmirəm, qaraçı ordaydı, ya yox... Mənə belə göründü... Allah bilir...
-
Sizcə, o qaraçı nə üçün peyda olub ki?
Çolaq səsini yavaşıtdı.
-
Sözdü də danışırlar.... Guya qoca Mister Narrakombe qaraçılardan olub. Bəlkə də elə nağıldı... Hə, qaraçılar bilirsiz də, elə xalqdl ki, bir-birlərinin arxasında möhkəm dururlar. Bəlkə də onlar biliblər ki, Mister Narrakombe ölür, buna görə də onun dalınca kabus göndəriblər... Mən belə düşünürəm...
-
O qaraçı necəydi?
-
Onun bütün sifətini tük basmışdı, bax belə gedirdi, əlində də deyəsən skripka vardı... Deyirlər ki, kabus-filan olmur... Axı mən gördüm... və gördüm ki, mənim itimin tükləri də biz-biz qalxdı. Hələ bir az pis görürəm...
-
Ay necə, çıxmışdı o vaxt?
-
Hə, demək olar ki, bütöv idi... Ay elə təzəcə qalxmışdı... birdən orda, ağacların dalında elə bil qızıla oxşar bir şey silkələndi...
-
Siz kabusun bədbəxtlik gətirməsinə inanırsınız?
Axsaq qoca papağını peysərinə doğru itələdi, iti baxışlarını Frənkə zillədi.
-
Biz bu barədə heç nə deyə bilmərik. Yalnız onu deyə bilərəm ki, bu kabusdan həmişə narahatçılıq olur. Elə şeylər var ki, biz onu başa düşmürük! Bax belə! Bəziləri onu görür, bəziləri görmür! Elə bizim Conu götürək! O, evdə heç burnunun altını görmür! Elə o biri uşaqlar da onun kimi heç nə qanmırlar! Amma bizim Meqan hər şeyi görür, anlayır; nə hardadır, necədir... hətta lazım olduğundan da artıq görür!
-
Düz deyirsiz, Meqan çox həssasdır...
-
Necə dediniz?
-
Həssasdır deyirəm, yəni ki, hər şeyi incəliyinə kimi başa düşür, duyur...
-
Həəəə, belə de... Elədir... Onun qəlbi də yumşaqdı, həlimdi... sevir...
Frənk hiss etdi ki, sifəti qızardı və pərtliyini örtmək üçün cibindən tənbəki kisəsini çıxartdı.
-
Çəkirsiz?
-
Təşəkkür edirəm, ser! Hə, deyirəm ki, Meqan kimi qız çətin tapılsın, yüzdən biri ola, ya olmaya...
-
Yəqin ki...- Frənk qısaca cavab verdi, sonra tütün kisəsinin ağzını bağlayıb uzaqlaşdı.
“Sevən qız ürəyi!..” Bəli, məhz belədir! Bəs o, nə edir? Onun niyyəti nədir, bu sevən qıza qarşı onun münasibəti necədir? Bu fikir onun beynini deşirdi. O, düzəndə, sarı qaymaqçiçəkləri arasında otlayan kürən toyuq-cücələrin gəzişdiyi sahədə veyllənərkən bu haqda düşünürdü. Göy üzündə qaranquşlar uçurdu; bəli, bu il palıdlar göyrüş ağaclarından tez çiçəkləyəcək. Artıq budaqlar qızılı-qəhvəyi rəngdədi, hər ağac bir rəngə çalır. Ququ quşunun quqqultusu gəldi, bağdan minlərlə quşun civiltisi, çayın şəffaf sularının qıjıltısı eşidildi. Qədimdə insanlar qızıl əsrə inanardılar, gecə ulduzlarına, bəxt ulduzlarına... inanardılar... Frənkin əlinə arı qondu, özü də ana arı; “əgər onu öldürsə, yayın axırınacan almaları oyub tökən iki min arı azalacaq...” Lakin belə bir gündə, qəlbin sevgiylə nəşələndiyi, aşıb-daşdığı bir gündə canlı bir varlığa kim qıyardı? Çəmənlikdə kürən bir çöngə otlayırdı. Frənkə elə gəldi ki, bu cöngə Conun bir tayıdır. Heyvan yad adama fikir vermədi; elə Frənkin özü də quşların civiltisindən, ayaqları altında əzilən qızılı çöl güllərindən məst olmuşdu. Frənk çay qırağına endi; ordan daşlı-çınqıllı qayalar uçalırdı; boz qayanın altından zınqrov otları göyərmişdi, cır alma ağaclarının budaqları isə tamam çiçəkləmişdi.
Frənk otların üstünə uzandı. Qayanın altındakı bu yer sakit, kölgəsiz bir guşəydi; çöllərin açıq parıltısı, palıd ağaclarının qızıla çalan ləçəkləri və nəhayət, günəşin zərrin şəfəqləri fonunda bu yerə sığınacaq demək olmazdı. Bayaqdan eşitdiyi ququ quşlarının harayı və çay sularının qıjıltı səsi hələ eşidilirdi. Frənk uzun müddət beləcə uzandı; günəşin üzündəki ləkələri seyr edə-edə düşündü. Frənk çır alma ağaclarının uzun kölgəsi zəngçiçəklərinin üstünə düşənə kimi burda qaldı. Ətrafda heç kim gözə dəymirdi, yalnız arılar vızıldayırdılar. Səhərki öpüş və iri alma ağacının altında onu gözləyən bu gecəki görüş onun başını gicəllətmişdi. Görünür, qədim favnlar5 və driadalar6 elə belə bir yerdə yaşamışlar. Məhz belə bir guşədə lap alma ağacının çiçəklərinə bənzəyən bəyaz nimfalar7 gizlənmişlər; bax beləcə, sivriqulaqlar, mamır bağlamış qəhvəyi daşlar kimi yaşayan favnlar, çəmənlikdə uzanaraq onları qorumuşlar...
Frənk yatmışdı; yuxudan duranda ququ quşları hələ quqquldayırdılar, çay sularının da şırıltısı gəlirdi. Günəş boz qayanın arxasına çəkilmişdi; sərin kölgə təpələri öz ağuşuna almışdı; dovşanlar çəmənlikdə qaçışırdılar. “Bu gecə...” deyə Frənk düşündü; içində nəsə titrədi, sonra həmin o “nəsə” açıldı, daha sonra isə canlandı; sanki təbiət də beləcə kiminsə gözəgörünməz əliylə cana gəldi və oyandı. Frənk ayağa qalxdı, cır alma budağından qırdı. Qönçələr lap Meqan kimiydi- nadir balıqqulağı tək çəhrayıydı, məsum və təzətər idi; onun kimi təmiz, bihuşedici və təbii idi. Oğlan qönçəli budağı cibinə qoydu; bəxtiyarcasına qalibanə bir nəfəs aldı və bu nəfəsdən yaz sevincinin ətri gəldi; dovşanlar hürküb qaçdılar.
6.
Təxminən saat on bir radələrində Frənk həyətə çıxıb bağa sarı yollandı. O, “Odissey”8 kitabını da götürmüşdü; oxumadı, düz bir saat əlində saxladı. Ay təpəliyin üstündən təzəcə boylanmışdı, qızıla çalırdı və sanki hökmlü səlahiyyət sahibi kimi göyrüş ağaclarının yarımçılpaq budaqları arasından bağa göz qoyurdu. Alma ağaclarının altı qaranlıq idi; Frənk dayandı, cığırı aradı, ayaqlarının altındakı otların hələ əzilmədiyini hiss etdi. Arxasında nəsə qaraltı tərpənirdi, sonra boğuq xortultu səsləri eşitdi; sonra gördü ki, üç yekə donuz çəpərin dibində yanaşı uzanıb. Frənk diqqətlə qulaq asdı. Külək yox idi, amma çayın sakit şırıltısı astadan apaydın eşidilirdi. Hansı bir quş idi, tanıya bilmədi, cikkildədi, elə bil qışqırırdı: “Pippip!”. “Pippip!”. Quşun ahəngdar və fasiləsiz çikkiltisi gəlirdi; o, çobanaldadının səsini, bayquşun ulamasını uzaqdan tanıya bilirdi. Frənk bir-iki addım geri çəkildi və dayandı; başının üstündəki donuq ağartını görüb heyrətləndi. Bu tutqun, tərpənməyən ağaclarda saysız-hesabsız gül ləçəklləri və gövdəciklər, zərif və açılmamış qönçələr ayın sehirli işığı altında xəlvəti oyanırdılar. Frənk onların canlı kimi qəribə oyanış səslərini hiss etdi; sanki milyonlarla ağ gecə kəpənəyi, yaxud bəyaz bir ruh uçub gəlmişdi bura, tutqun səmayla tutqun yer arasına qonmağa – onlar Frənkin gözləri qarşısında qanad açmağa gəlmişdilər... Bu səssiz, ətirsiz, ani gözəllikdən vəcdə gələn oğlan az qala bağa nə üçün gəldiyini unudacaqdı. Gündüzlər yeri başına götürmüş bu səbatsız heyranlıq, indi, axşam düşəndə, yox olmamışdı, sadəcə simasını dəyişmişdi. Bu canlı, bəyazlığa bələnmiş sıx budaq və gövdələr arasınca yeriyən Frənk hələ həmin o iri alma ağacına çatmamışdı. Hə, bax, odur, həmin ağacdır, hətta qaranlıqda belə onu başqa ağacla dəyişik salmaq olmaz; o biri ağaclardan iki dəfə qalın və hündürdür, ağac başını lap çayın üzünə və ətrafdakı çəmənliyə sallamışdı. Oğlan qalın budaqların altında dayanıb qulaq asdı; yuxulu donuzların zəif xortultuları yenə gəlirdi. O, əlini quru, demək olar ki, isti bir ağaca söykədi; kələ-kötür, nahamar, mamır bağlamış budaqdan zəif, təxminən rütubət iyi gəldi. Görəsən qız gələcəkmi? Və bu titrəşən, kölgə kimi görünən, qızılı ay şəfəqlərindən sehrlənən ağaclar arasında onun bütün canını həyəcanlı şübhələr bürüdü. Burdakı hər şey elə bil səmavi idi, yerüstü sevgililər üçün deyildi; burdakı hər şey elə bil favnlar və nimfalar üçün yaranmışdı, mələklər üçün yaradılmışdı. Buralar nə onun, nə də o gənc kəndli qızı üçün deyildi. Bəlkə elə qız gəlib çıxmasa onun üçün daha rahat olar? Lakin Frənkin qulaqları daim səsdəydi; yenə həmin naməlum quşun çikkiltisi eçidildi: “Pippip”, “Pippip!...” Bir-birinə sarınmış ağac budaqları arasından düşən ayın qızılı şəfəqlərinin tumarladığı çayın qayğılı şırıltısı da eşidilirdi, elə bil türmə pəncərəsindən işıq zolağı düşürdü. Onun üzünə, gözünə, başına lap yaxın olan çiçəklər elə bil hər dəqiqə sirli bir bəyaz gözəllik qucağında canlanırdı; elə bil onlar da oğlan kimi kimisə gözləyirdilər. O, budaqlardan birini qırdı, onu üzünə sıxdı. Budağın üstündə üç çiçək vardı... Üç çiçək - gərək nə qədər kafir olasan ki, belə cavan çiçəklərə qıyasan - bar verən ağacın sütül, əl dəyilməmiş, zərif çiçəkli budağını qırmaq kafirlikdir! Birdən o, doqqazdakı qapının çırıltısını eşitdi, sonra xışıltı səsi, daha sonra isə donuzların xortultusu gəldi; o, ağacın gövdəsinə söykənərək əlini mamır basmış ağac qabığına sıxdı və nəfəsini bir anlıq dərmədi. Qız səssizcə, sanki bir ruh kimi ağacların arasından sivişib çıxdı. Oğlan onu lap yaxından gördü. Qızın qaramtıl kölgəsi alma ağacının gövdəsi ilə birləşdi; ağ bənizi çiçəkləyən budaqlarla toqquşdu. Meqan tamam səssiz-səmirsiz durmuş, gözlərini oğlana dikmişdi. Oğlan əlini uzadıb pıçıldadı:
Qız birbaşa oğlanın sinəsinə sığındı. Frənk qızın ürəyinin döyüntüsünü lap yaxından eşitdi; onun ehtirasları elə həmin andaca coşdu. Meqan onun zümrəsindən deyildi, elə belə sadəcə cavan, düşüncəsiz, müdafiəsiz və sevgi atəşi ilə yanan bir qız idi; Frənk bu qaranlıqda onu necə müdafiə etməsin, hə? Bu qaranlıq gecədə onun müdafiəçisi Frənk olmasın, bəs kim olsun axı? Meqan təbiətin özü kimi təbii bir varlıq idi; sadə və gözəl, bahar gecəsinin bir parçasıydı, bax bu canlı ləçəklər kimiydi; axı nə üçün Frənk qızın ona verdiyi bütün hisslərə cavab verməsin, nə üçün həm o, həm də qız qəlblərində baharın gəlişini bayram etməsinlər? Bu ikili hissin tərəddüdləri onun bütün qəlbini bürüdü; oğlan elə bu hisslərlə qızı möhkəmcə qucaqladı, onun saçlarından öpdü. Onlar bu vəziyyətdə dinib-danışmadan uzun müddət beləcə qaldılar. Çay sularının şırıltısı davam edirdi, bayquşun hələ də çığırtısı gəlirdi; ay daha yüksəklərə qalxmışdı və daha da bəyazlaşmışdı. Onların ətrafında və başlarının üstündəki çiçəklər düşüncəli, canlı bir füsunkarlıqla açırdılar; oğlan və qızın dodaqları biri-birinə toxundu. Bu an nəsə danışsaydılar, bəlkə də hər şey pozulardı. Yazın dili yoxdu, yazın yalnız pıçıltısı və xışıltısı olur; yazın elə bir füsunkarlığı olur ki, o, bütün sözlərdən daha mənalı olur; açılan qönçələr və yarpaqlarda, tumurcuq axınlarında, zərif, yorulmaz doğuşa doğru cəhddə... nə qədər desən gözəllik var! Hərdən yaz həqiqətən gəlib gizli bir şahid sifətində çıxış edir, sevgililəri qucaqlayıb öz sehirli tozunu onların başına tökür; belə bir vaxtda cavan sevgililər ehtiraslı öpüşdən başqa hər şeyi unutmuşdular; qızın ürəyinin döyüntüsü daha da şiddətləndi, oğlanın dodaqlarına yapışan dodaqlar tirtədi. Frənk heç nə barədə düşünmürdü, yalnız göylərdə uçurdu. Bəli, tale qızı onun üçün gətirmişdi – sevgiylə zarafat etmək olmazdı! Sevgililərin dodaqları gah ayrılır, gah da yeni atəşlə birləşirdi. Ehtiraslar bütün cəngavərlik hisslərini alt-üst etmişdi. Birdən Frənk nəfəsini dərib dedi:
-
Ahhh! Meqan, sən nə üçün gəldin axı?
Bu sözlər elə bil qızın xətrinə dəydi və o, təəccüblə gözlərini oğlana zilləyib dedi:
-
Ser, axı siz xahiş elədiniz məndən?!
-
Mənə “seir” demə, mənim gözəlim!
-
Bəs sizi necə çağırım?
-
Sadəcə Frənk...
-
Yox, yox... bunu edə bilmərəm...
-
Axı sən məni sevirsən, elə deyil?
-
Sizi necə sevməyim? İstəyirəm ki, yalnız sizinlə olam, vəssalam...
-
Vəssalam...
Qız lap astadan pıçıldadı:
-
Sizinlə ola bilməsəm, ölərəm...
Frənk dərindən nəfəs aldı. Dedi:
-
Onda gəl mənimlə ol...
-
Ahhh!
Qızın heyranedici və fəxarətli həyəcanını duyan Frənk yenə pıçıldadı:
-
Biz Londona gedərik. Mən sənə dünyanı göstərərəm! Meqan, söz verirəm ki, mən sənin qayğına qalacam, sənə heç vaxt kobudluq etməyəcəm...
-
Mən sadəcə sizinlə olmaq istəyirəm. Yalnız sizi görmək istəyirəm...
Oğlan qızın saçlarını sığalladı, pıçıltıyla əlavə etdi:
-
Sabah mən Torqveyə gedəcəm, pul tapacam, sənə paltar alacam ki, geyinib o birilərindən seçilməyəsən; sonra da qaçarıq burdan. Londona çatan kimi, əgər məni həqiqətən sevirsənsə, biz orda evlənərik...
Qız qəfil başını tərpədib saçlarını yellətdi, dedi:
-
Yox, yox, mən bunu edə bilmərəm... Mən yalnız sizinlə olmaq istəyirəm... Mən sizə layiq deyiləm...
Frənk öz alicənablığından özü də keflənmişdi, daha çılğın bir səslə pıçıldadı:
-
Ahhh, Meqan, elə demə! Mən sənə layiq deyiləm! Əzizim, de görüm, məni nə vaxt sevdin?
-
Yolda... Sizi birinci dəfə görəndə. Onda siz mənə baxırdınız... Elə ilk gecədə mən sizə vuruldum. Amma heç bilməzdim ki, sizə lazım olacam...
Qız dizləri üstə çökdü, oğlanın ayaqlarını öpmək istədi, Frənk dəhşətə gəldi, qızı qaldırdı, onu bağrına basdı; o qədər özünü itirdi ki, dili söz tutmadı. Qız pıçıldadı:
-
Niyə qoymursuz?
-
Yox, Meqan, gərək mən sənin ayaqlarından öpüm...
Qız elə gülümsədi ki, gözlərindən yaş gilələndi. Ayın bəyaz şəfəqləri onun üzünü yalayırdı; oğlan qızın bütün sifətini, yarımaçılı dodaqlarının çəhrayı rəngini bu işıqda apaydın görə bilirdi; bu füsunkar görünüş alma ağacının çiçəkləri fonunda daha möhtəşəm bir gözəllikdən xəbər verirdi. Birdən qızın gözləri bərəldi; o, sonsuz vahiməylə kənara boylandı və oğlanın ağuşundan qopub təşvişlə pıçıldadı:
Frənk çayın işıldayan sularını, ay işığının qızılı rəngə boyadığı çaqqal gavalısını, fıstıq ağaclarının nəmli parıltısını və onların arxasındakı ayın işıqlatdığı təpəliyin aydın olmayan qaraltısını gördü. Frənk qızın buza dönmüş pıçıltısını eşitdi:
-
Kabus.... Qorxunc qaraçı!
-
Hanı, hardadı?
-
Orda, daşlığın üstündə, ağacların altında...
Frənk qəzəblənərək çayı keçib ağaclara tərəf qaçdı. Qızılı Ay işığının oynamasıydı! Heç kim yox idi! Frənk qaçırdı, daşlara və çaqqal gavalısı kollarına ilişə-ilişə qaçırdı; bir balaca söyüş də söyürdü, həm də təlaş hissi keçirib söyürdü. Cəfəng bir şey! Necə də axmaqlıqdır! O, iri alma ağacının yanına qayıtdı. Lakin Meqan artıq getmişdi; Frənk yalnız xışıltı, donuzların xortultusunu, qapı cırıltısını eşidə bildi. Köhnə alma ağacı isə yerindəydi! O, əli ilə ağacın gövdəsindən yapışdı. Qızın bədəni ilə müqayisədə bu, bərk idi! İndi onun gözü qarşısında mamır bağlamış kələ-kötür gövdə durmuşdu; Meqanın zərif sinəsi və boynu əvəzinə o, meşə qoxusunu, ibtidai, bir qədər də qızın saçlarının ətrinə bənzəyən bir qoxunu duydu. Frənkin başı üstündə isə alma ağaclarının çiçəkləri daha da oyanmışdı; onlar ay işığında daha aydın görünür, sanki şəfəq saçır, cana gəlirdilər.
7.
Frənk Əşürst Torqveydə qatardan düşdü; Torqvey İngiltərənin ən yaxşı kurort şəhərlərindən biri olsa da, o, buranı tanımırdı və buna görə də nabələd adam kimi sahilboyu küçəylə addımladı. Frənk əyin-başı – kostyumu barədə tamam unutmuşdu; şəhər səliqəsi ilə geyinmiş adamlar arasında onun qalın kurtkası, tozlu ayaqqabıları və nimdaş şlyapası nəzər-diqqəti çəkirdi. O, London bankının filialını axtarıb tapdı, orda ilk maneə ilə rastlaşdı. Frənkdən Torqveydə onun şəxsiyyətini təsdiq edə biləcək adamın olub-olmadığını soruşdular; o, heç kəsi tanımırdı. Frənkə dedilər ki, gərək Londona, bankın baş ofisinə teleqram vursun; müsbət cavab aldıqları halda Torqveydəki filial ona xidmət göstərməyə hazırdır. Beləliklə, soyuq işgüzar dünyanın ehtiyatlılığı onun fərəhli arzularını bir qədər məyus etdi; bununla belə, o, Londona dərhal teleqram vurdu.
Frənk poçtun qarşısındakı mağazada çoxlu qadın geyimləri gördü və vitrindən çox qəribə bir maraqla onlara tamaşa etməyə başladı; bir kəndli gözəlçəsi üçün pal-paltar almaq onun üçün heç nə idi. O, həvəslə mağazaya daxil oldu; gənc satıcı qadın ona yaxınlaşdı. Frənk dinməzcə qadına baxdı; onun göy gözləri və bir qədər qayğılı siması vardı.
-
Buyurun ser, sizə nə lazımdır?-deyə satıcı qadın soruşdu.
-
Mənə cavan qız üçün paltar lazımdı...
Satıcı qadın gülümsədi; Frənk bir qədər tutuldu; bu xahişinin yersiz olması ona dəhşətli göründü. Satıcı qadın tələsik soruşdu:
-
Siz hansı biçimdə istəyirsiniz? Dəbdə olan bir şey olarmı?
-
Yox, adi...
-
Qızın boyu necədir?
-
Bilmirəm. Təxminən sizdən bir qədər balaca olar...
-
Belinin ölçüsünü deyə bilərsinizmi?
Meqanın beli....
-
Ohhh! Təxminən orta ölçüdə...
-
Oldu, ser, bu dəqiqə!
Satıcı qadın getdi; Frənk bir qədər narahat halda pəncərə qabağına düzülmüş modellərə baxdı və birdən ona elə gəldi ki, Meqan, onun Meqanı belə şeyləri geyinə bilməz; onun Meqanı Frənkin fermada görməyə adət etdiyi libaslar əvəzinə - qalın yun yubka, kətan köynək və göy beret- belə şeyləri geyə bilməz! Satıcı qadın qayıtdı; əlində bir neçə dəst don vardı və Frənk qadının donları bir-bir üstünə tutmasını izlədi. Libaslardan biri onun xoşuna gəldi; daha doğrusu, donun gümüşü-boz rəngi onu cəlb etmişdi. Lakin o, Meqanı bu donda təsəvvür edə bilmirdi. Satıcı qadın yenə çıxıb getdi, yenə də bir neçə dəst libasla qayıtdı. Frənk lap məəttəl qalmışdı: hansını seçsin? Axı Meqana həm də şlyapa lazım idi, ayaqqabı, əlcək lazım idi... Birdən bu qiyafədə Meqan biabırçı vəziyyətdə göründü? Gözəl geyinib-keçinmık hər zaman kənd camaatını şit göstərib! Meqan nə üçün öz geyimində gəlməsin axı? Yox! Bu, çox şübhə oyadar! Axı o, qızı həqiqətən də aparmaq, özü də gizli surətdə aparmaq istəyir?! Frənk satıcıya baxdı. “Görəsən satıcı bildimi mən bunu nədən ötrü edirəm? Görəsən mənim haqqımda pis fikirləşmir ki?” deyə düşündü.
-
Bu boz libası ayırıb mənim üçün bir tərəfə qoya bilərsinizmi? - deyə Frənk sıxıla-sıxıla xahiş etdi. - İndi qərara gələ bilmirəm, bu gün günortadan sonra gələrəm...
Satıcı qadın yüngülcə “ah” çəkdi, dedi:
-
Əlbəttə, ser! Bu çox gözəl kostymdur. Məncə, bundan yaxşısını tapa bilməzsiniz...
-
Doğrudur...- Frənk onun sözünü yavaşca təsdiq etdi və mağazadan çıxdı.
Frənk sanki yenidən ətrafdakıların soyuq şübhəsindən azad oldu, rahatca nəfəsini dərdi, yenə xəyallar aləminə düşdü; onun gözləri önünə sadəlövh ilahi bir varlıq gəlirdi və o, öz həyatını məhz bu varlıqla bağlayacaqdı. Frənk təsəvvürünə gətirirdi ki, gecə xəlvəti Meqanla evdən qaçıb aradan çıxacaqdır; Frənk bir əli ilə onun belindən yapışacaq, o biri əlində isə qızın təzə donunu tutub ay işığında evdən qaçacaqlar. Dan söküləndə onlar artıq meşənin dərin qatlarında olacaqlar; burda qız rahatca paltarlarını dəyişəcək, sonra da sübh qatarı onları bu kiçik stansiyadan bal ayı səyahətinə aparacaqdır; nəhayət, nəhəng London onları öz ağuşuna alıb udacaq, beləliklə də, onların məhəbbətli arzuları çin olacaq.
-
Frənk Əşürst! Hardan belə? Köhnə dost, axırıncı dəfə səninlə reqbi oyununda görüşmüşük!
Frənkin tutqun siması açıldı; o, qarşısında göygöz bir cavan gördü; oğlanın gözlərinin altı, üzü, sinəsi gündən qaralmışdı.
-
Fil Həllidey! Nə xoş bir təsadüf! - deyə Frənk sevindi.
-
Xeyir ola, burda nə işin var?
-
Əşşi, heçççç... Pul götürməyə gəlmişdim... Fermada yaşayıram...
-
Səhər yeməyini harda edirsən? Gəl gedək bizə, birlikdə səhər yeməyi edərik... Mən burda, yaxında qalıram, bacılarımla birgə... Onlar qızılca çıxarmışdılar, indi sağalıblar...
Frənk dostuyla mehribancasına salamlaşandan sonra onunla birlikdə təpəliyə qalxdı; sonra dostlar üzüaşağı endilər və şəhərdən kənara çıxdılar. Həllideyin üzündə həyat eşqi yanırdı; o, danışırdı ki, bu “kif basmış şəhərdə” üzgüçülükdən və avar çəkməkdən başqa heç nə ilə məşğul olmaq mümkün deyil. Onlar beləcə dəniz qırağında tikilmiş balaca kotteclərin yanına gəlib çıxdılar və Həllidey Frənki öz hotelinə apardı.
-
Gəl qalxaq mənim otağıma, orda yuyunarsan. Səhər yeməyi də tez hazır olacaq...
Frənk güzgüyə baxdı; fermada qaldığı otaqda bir daraq və cəmi iki dəyişəcək köynəyi vardı. Burda isə şotkalar, daraqlar, dəyişək paltarlar çox idi və bütün bunlar ona qeyri-adi dərəcədə dəbdəbəli göründü. “Qəribədi” düşündü, “heç özün-özünə hesabat belə vermirsən...” Lakin o, özünə nədə hesabat verməliydi axı, bunu deyə bilmədi.
O, Həllideylə birlikdə yemək otağına daxil oldu; üç alagözlü sarışın qız dərhal dönüb Frənkə baxdı. Həllidey ucadan və gur səslə Frənki bacılarına təqdim etdi:
-
Tanış olun, dostum Frənk Əşürstdür! Bunlar da mənim kiçik bacılarımdır...
Bacılardan ikisi doğrudan da balacaydı; birinin on bir, o birinin on yaşı, üçüncünün isə on yeddi yaşı olardı; sonuncusu nisbətən ucaboyluydu, açıq rəngdə saçları vardı. Qızın nazik qaşları saçlarından qara idi və yüngülcə tellərinə tərəf qalxmışdı; ağ-çəhrayı zərif dərisini azca gün yandırmışdı. Hər üçünün səsi qardaşlarınınkı kimi cingiltili və şaqraq idi. Hər üçü ayağa durdu və əllərini cəld Frənkə uzatdı. Onlar eyni zamanda oğlanı sınayıcı nəzərlərlə süzdülər, sonra dərhal gözlərini çəkib danışmağa başladılar; bü gün nə edəcəklərini müzakirə edirdilər. Əsl Dianadır, rəfiqələri - nimfalarla birlikdə! Fermadakı həyatdan sonra bu qızların belə canlı, şaqraq və açıq danışıqları, özü də tam sərbəst və incə rəftarlı söhbətləri ilk baxışdan Frənkə qəribə gəldi; sonra bu söhbətlər onu o qədər məst etdi ki, dərhal hər şeyi unutdu...
Balaca qızları Səbinə və Frida çağırırdılar. Böyük bacının adı isə Stella idi.
-
Bura baxın,- deyə birdən Səbinə çığırdı, - gedək bizimlə dəniz xərçəngi tutmağa, bilirsiz necə əntiqə məşğuliyyətdi!
Bu gözlənilməz dostluq tonu Frənki çaşdırdı.
-
Heyif ki, axşama yaxın qayıtmalıyam,- deyə o, dodaqaltı mızıldadı.
-
Ohh! Nə pis oldu! Çox heyif!
-
Yubanmaq olmaz ki?- bunu da Stella dedi. Frənk qıza baxıb təbəssümlə başını yellətdi. Qız necə də gözəl idi!
-
Noolar, qalın da! - deyə Səbinə yalvarışla bildirdi.
Sonra söhbət üzgüçülükdən düşdü.
-
Siz uzağa üzə bilirsiz?
-
İki mil üzə bilərəm.
-
Ohhhh!
-
Nə yaxşı!
-
Doğurdan üzə bilirsiz?
Bacıların üçü də bu xəbərdən vəcdə gələrək gözlərini ona dikdi və birdən Frənk özünü onlar üçün vacib və əhəmiyyətli adam kimi hiss etdi. Bu duyğu qeyri-adi dərəcədə xoş idi.
-
Bura bax, sən bizimlə qalmalısan və çimərliyə getməlisən, vəssalam... Burda da gecələyərsən, - Həllidey dedi.
-
Əlbəttə, əlbəttə! Qalın!
Lakin Frənk cavabında yalnız gülümsəyib başını tərpətdi. Ona yağış kimi suallar yağdırdılar, xüsusilə idmanda qazandığı nailiyyətləri ilə bağlı sorğu-sual çox oldu. Məlum oldu ki, Frənk Universitetdə oxuyarkən avarçəkmə yarışlarında iştirak edib, Universitetin futbol komandasında oynayıb, qaçış üzrə bir millik məsafəni birinci qət edib və birinci dərəcəli mükafat alıb. Frənk yemək stolu arxasından sanki qəhrəman kimi qalxdı və bundan sonra balaca qızcığazlar təkid etdilər ki, Frənk onların qayalıqdakı mağarasına da baxsın; beləliklə, hamı ora getdi, Frənk balacalarla qabaqda, Stella isə arxada, qardaşıyla birgə gəlirdi.
Yarımqaranlıq, rütubətli mağara başqa mağaralar kimiydi, amma orda xırda bir nohur da vardı; nohurda sirli varlıqlar üzürdü ki, onları tutub şüşələrə doldurmaq olardı. Səbinə və Fridanın biçimli və gündən yanmış ayaqlarında corab yox idi, buna görə də onlar cəld suya girdilər və Frənki dilə tutmağa çalışdılar ki, o da suya girib orda cürbəcür balıqlardan tutsun; Frənk də ayaqqabılarını və corablarını çıxartdı. Gözəlliyə aludə olanlar çox vaxt saata, vaxta belə baxmırlar; nohurun içindəki balaca qızların fərəhli qışqırtılarını, Dianaya bənzər o biri gözəlin isə qıraqda durub böyük həyəcanla nohurdan tutulan balıqları alması mənzərəsini seyr edən Frənk vaxtın nə vaxt uçduğunu belə bilmədi. O, təsadüfən saatını cibindən çıxartdı; gördü ki, artıq dördə işləyib, əlini yellədi. Deməli, bu gün o, bankdan pul götürə bilməyəcək; banka çatınca, o bağlanacaq. Qızlar onun üz cizgilərinin dəyişdiyini görüb sevincdən qışqırdılar:
-
Urraaa! Deməli, qalmalı olacaqsız!
Frənk heç nə demədi; o, Meqanı düşündü, onun siması gözləri önünə gəldi; səhər yeməyi zamanı Frənk Meqana pıçıldadı:
-
Əzizim, mən Torqveyə gedirəm, hər şey alacağam və axşama qayıdacağam. Əgər yaxşı hava olsa, elə bu gecə çıxıb gedərik. Gözlə məni!
O, Meqanın həyəcanla onu dinləməsini, onun ağzından çıxan hər sözündən asıldığını xatırladı. Bax, indi Meqan nə fikirləşəcək?! Bu vaxt Frənk hiss etdi ki, kimsə oğrun-oğrun ona baxır; nohurun qırağında Diana kimi biçimli, sarışın Stella gözlərini ona dikmiş, sınayıcı nəzərlərlə onu süzürdü. Bu ala gözlərin sahibi kaş onun fikirlərini oxuya biləydi! Kaş o, biləydi ki, Frənk bu gecə nə etməyi planlaşdırmışdı! Xırda bir haray, ya üsyankar çağırış olsaydı, o, elə mağarada təkcə qalardı! Frənk qəribə bir xəcalət, narazılıq və bəlli olmayan pərişanlıq hissi ilə saatını gizlətdi, qırıq-qırıq cavab verdi:
-
Həəə... Bu gün gecikdim, daha çata bilmərəm...
-
Urrra!! Deməli, bizimlə çimməyə gedəcəksiz!
Bu məsum uşaq nidaları qarşısında inadkarlıq göstərmək, onların sevincinə şərik olmamaq günahdır. Hələ Stellanın təbəssümü, Həllideyin şən və şaqraq dəvəti və gülərüzlə “Əla oldu, dostum! Bu gecə mən sənə lazım olan şeylərimdən verərəm” deməsi də yerinə düşdü. Lakin necə oldusa, Frənk bərk darıxdı və vicdan əzabı çəkməyə başladı, qaşlarını çatıb dedi:
-
Mən teleqram vurmalıyam...
Nohurda balıq tutma mərasimi yaddan çıxdı; hamı hotelə qayıtdı. Frənk Missis Narrakombenin adına bir teleqram vurdu: ”Bağışlayın, bu gün gələ bilməyəcəyəm. Sabah görüşərik”. Yəqin Meqan başa düşəcək ki, onun işləri çıxıb. Frənk bir qədər yüngülləşdi. Bu günkü hava gözəl idi, istiydi; dəniz sakit və maviydi. Frənk üzməyi xoşlayırdı. Uşaqların ona ümid bağlaması Frənki ruhlandırmışdı; o, qızlara fərəh hissiylə baxırdı; Stellanın, Həllideyin gülümsər çöhrəsini görmək ona ləzzət verirdi. Hər şey ona bir qədər yuxu kimi, bir qədər də təbii görünürdü: sanki Meqanla birlikdə qaçıb aradan çıxmamışdan əvvəlki normal həyatına sonuncu dəfə baş vururdu.
Həllidey ona çimərlik kostymu verdi və beləliklə, hamı dənizə getdi. Kişilər qayanın arxasında soyundular, qızlar o biri qayanın dalına keçdilər. Suya birinci Frənk baş vurdu və üzməyə başladı; o, yaxşı üzgüçü olduğunu sübut etməyə çalışdı. Geriyə baxanda sahilə doğru üzən Həllideyi, üç bacının isə dayazda atılıb-düşdüyünü, bir-birlərinə su çilədiklərini, sonra suya baş vurduqlarını gördü. Frənk dənizdə bu cür çimən adamları heç vaxt xoşlamazdı; amma indi, bu dəqiqələrdə qızların məsum köməksizliyi ona ləzzət verirdi. Frənk bir qədər də qürurlandı: qürurlandı ki, onların arasında yeganə və əsl üzgüçü odur. Frənk onlara yaxınlaşmaq istədi, lakin dərhal da düşündü ki, belə mehribancasına suda oynaşan dəstəyə cur olmaq bəlkə də yaxşı çıxmaz; arıq, sarışın qızcığaza sarı üzmək onun üçün naqolay hərəkət sayıla bilər. Lakin Səbinə onun yaxınlaşdığını görən kimi yalvardı ki, ona da üzməyi öyrətsin; beləliklə, hər iki qızcığaz Frənkin başını o qədər qatdı ki, o, hətta Stellaya tərəf dönüb belə baxmadı, bilmədi ki, qız ondan utanır ya yox. Qəflətən Stellanın təşvişli haray səsini eşitdi, geri döndü; Stellanın bədəni yarıya qədər suda idi və o, qorxmuş halda ağ zərif əllərini Frənkə uzadıb dedi:
-
Fil! Odur e, baxın, məncə, Fil boğulur... Eyyy, ora baxın...
Frənk dərhal gördü ki, doğurdan da Filin vəziyyəti yaxşı deyil; o, dərinə düşmüşdü, ordan çıxmağa çalışırdı, lakin bacarmırdı. Bu, sahildən təxminən yüz addım aralıda idi. Birdən Fil qışqırdı, əllərini havada yellətdi və suyun dibinə getdi. Frənk gördü ki, Stella qardaşına tərəf cumur, qışqırdı:
-
Stella, geri dön! Stella!
Frənk özü Həllideyin batdığı tərəfə sürət götürdü; o, hələ ömründə heç vaxt belə sürətlə üzməmişdi. Frənk Həllideyə çatanda gördü ki, o, ikinci dəfə suyun üzünə çıxdı. Görünür, Həllidey qıc olmuşdu; onu sudan çıxartmaq çətin olmadı, çünki Həllidey müqavimət göstərmədi. Stella Frənkin qışqırtısından dayandı; qardaşını çıxartmaqda Frənkə kömək elədi. Həllideyi sahildə qumun üstünə uzatdılar; Stella təşviş içində Frənklə birgə qardaşının hərəkətsiz bədənini ovxalamağa başladı. Balaca qızlar bu mənzərəni qorxa-qorxa seyr edirdilər. Bir azdan Həllidey gülümsədi və zəif səslə bildirdi ki, bu hadisə onun yaramazlığı ucbatından baş verdi. Əgər Frənk ona kömək eləsə, o, ayağa duracaq; belə də oldu, onlar qayaya tərəf, paltarlarını dəyişməyə getdilər.
Frənk Stellanın sudan və göz yaşlarından islanmış və qızarmış yanaqlarına baxdı; qızın üzündə əvvəlki həyəcandan əsər-əlamət belə qalmamaışdı. Frənk düşündü:”Mən onu sadəcə Stella çağırdım. Maraqlıdır, onun mənə acığı tutmaz ki?”
Onlar geyinəndə Həllidey yavaşdan dedi:
-
Dostum, sən məni xilas etdin!
-
Boş şeydi, canım!
Dostlar geyinib hotelə qayıtdılar, lakin narahatçılıq hələ tam ötməmişdi. Çay süfrəsinə əyləşdilər. Həllidey öz otağına keçib uzandı. Səbinə çörəklə mürəbbəsini yeyib qəflətən bildirdi:
-
Bura baxın, siz əsl qəhrəmanlıq göstərdiniz!
-
Hə, hə də, əlbəttə!-deyə Frida təsdiq etdi.
Frənk gördü ki, Stella gözlərini aşağı dikdi; durdu və dalğın-dalğın pəncərəyə yaxınlaşdı; arxadan Səbinənin pıçıltılarını eşitdi: “Bilirsiz, gəlin qan ittifaqı yaradaq... Frida, sənin bıçağın hardadı?” Frənk gözünün ucuyla görürdü ki, hər üç bacı təntənəli surətdə barmaqlarını kəsib öz qanlarından kağız parçasının üstünə damçıladırlar. Frənk dönüb qapıya tərəf getdi, lakin onu dərhal tutub saxladılar.
-
Ay sizi, tərs adam! Qaçıb aradan çıxa bilməzsiz!
Balaca qızcığazlar onun əlindən tutub stola dartdılar. Kağızın üstündə qanla hansısa fiqur çəkilmişdi və orda üç ad yazılmışdı: Stella Həllidey, Səbinə Həllidey və Frida Həllidey. Ulduza oxşar fiqurun içinə salınmış adlar qanla yazılmışdı və Səbinə şəstlə başa salmağa çalışdı:
-
Bax bu fiqur sizsiniz, biz hələ sizi öpməliyik!
-
Müüütləq!-deyə balaca Frida ciddi görkəm aldı.
Frənk ayılınca gördü ki, onun sinəsi və boynuna yaş saçlar toxundu. Kimsə onun burnundan dişlədi, kimsə sol əlini yaraladı, xırda dişlər yüngülcə onun yanaqlarına dəydi. Sonra onu buraxdılar və balaca Frida qışqırdı:
Frənk qızardı, özünü itirdi və gözucu çaşqın qalmış və üzü allanmış Stellaya baxdı. Səbinə çımxırdı.
-
Hə, di tez elə, Stella,- deyə Frida yenə təkid etdi.- Yoxsa bizim bütün işimizi korlayarsız!
Frənkin canını qəribə bir utancaqlıq dalğası bürüdü, lakin o, demək olar ki, sakit tərzdə dilləndi:
-
Kəsin səsinizi, balaca şeytanlar!
Səbinə yenə çımxırdı:
Frənkin təəccübünə səbəb olsa da, Stella öz əlini öpdü, sonra ona uzatdı; o, təntənəli surətdə bu zərif və soyuq əli tutdu və onu öz yanağına qoydu. Balaca qızcığazlar əl çaldılar.
-
İndi biz sizin həyatınızı xilas etməyə həmişə borcluyuq!
Frida əmr etdi:
- Stella, mənə bir fincan da çay ver, amma açıq olmasın a...
Hamı çay süfrəsinə qayıtdı. Frənk qanlı kağız parçasını büküb cibinə qoydu. Söhbət qızılcadan və onun müalicə üsullarından düşdü; bol apelsin, bal yemək, məktəbə getməmək... Frənk qızların söhbətlərinə sakitcə qulaq asırdı və bəzən Stella ilə baxışları dostcasına toqquşurdu. Qızın çöhrəsi yenə əvvəlki halına qayıtmışdı; aydın, bəyaz idi, yüngülcə gün yandırmış qızılı-çəhrayı rənginə çalırdı. Frənk bu mehriban ailənin onu qəbul etdiyindən son dərəcə məmnun qalmışdı və o, nəşəli-nəşəli qızların gözəl çöhrələrinə baxırdı.
Çaydan sonra balaca qızlar bitki kolleksiyası ilə məşğul olmağa başladılar. Frənk pəncərə qabağında kresloda oturan Stellaya yaxınlaşdı və onunla söhbət edə-edə qızın sulu boya ilə çəkdiyi şəkillərinə tamaşa etdi. Hər şey ona yuxu kimi gəlirdi. Zaman dayanmışdı, hər şey yaddan çıxmışdı, hər şey! Bu günə aid olmayan hər bir şey öz mənasını itirmişdi! Sabah o, Meqanın yanına qayıdacaq və bu möhtəşəm yuxudan yalnız o qanlı kağız parçası - qızcığazların adlarının qanla həkk olunduğu kağız parçası yadda qalacaq. O uşaqlardan!.. Bəs Stella? Stella artıq uşaq deyildi - Meqanla yaşıd idi...
Qızın utancaq, təmkinli və kəsik-kəsik danışığında mehriban dostluq tonu vardı və Frənk susanda elə bil Stella rahat danışırdı. Qızın içində sanki əxlaqlı, bakirə və soyuq, yatmış bir gözəlçə gizlənmişdi...
Dəniz suyundan xeyli udmuş Həllidey nahar yeməyinə gəlmədi. Səbinə gözlənilmədən bildirdi:
-
Mən sizi sadəcə Frənk çağıracam...
-
Frənk... Frənk... Frənki!- deyə Frida şən səslə oxudu.
Frənk Əşürst güldü və təzim etdi.
-
Hər dəfə Stella sizə “Mister Əşürst” deyəndə cərimə verəcək! Necə də süni və axmaq nəzakətdir!
Frənk Stellaya baxdı; qızın qırmızı ənliyi üzünə yayılırdı. Səbinə şaqqanaq çəkdi, Frida isə qışqırdı:
-
Ora bax! Ona bax! Üzünə rəng tökülür! Haaaa,haaa, haaa! Üzü qızarır, elə bil yanğındı, yanğın!
Frənk sarışının saçlarından ikiəlli yapışdı, dedi:
-
Bura baxın, ay şeytanlar! Stellanı rahat buraxın! Yoxsa bax, ikinizi də bir-birinizə bağlayacam!
Frida vəcdə gələrək cingiltili səslə qışqırdı:
-
Ay-hayyy! Sənin heç qılığın yoxdu ki?!
Səbinə də az aşın dəni deyildi, dərhal tutdu:
-
Siz ki onu Stella çağırdınız!?
-
Niyə, olmaz ki? Gözəl addır!
-
Əlbəttə, buyurun! Biz sizə icazə veririk!
Frənk sarışın hörükləri buraxdı. Stella! Bu zarafatdan sonra o, qızı belə çağıracaq! Amma Stella ona adıyla müraciət etmirdi, bir azdan, hamı yatmağa hazırlaşanda, Frənk qıza qəsdən beləcə müraciət etdi:
-
Gecən xeyrə qalsın, Stella!
-
Gecəniz xeyrə, Mist...- Gecən xeyrə, Frənk! Hər halda, halal olsun sizə... çox sağ olun!
-
Boş şeydir!
Qızın Frənkin əlini möhkəmcə sıxdı və dərhal da buraxdı.
Frənk kimsəsiz yemək otağında tənha və hərəkətsiz qaldı. Ötən gecə o, alma ağacının altında Meqanı bağrına basmışdı; gözlərini, dodaqlarını öpürdü. Frənk oyanan xatirələr içindəcə dərindən bir ah çəkdi. Bu gecə onun Meqanla yeni həyatı başlamalıydı; o Meqanla ki, yalnız Frənki istəyirdi, Frənklə olmağı arzu edirdi! İndi isə... hələ bir gün də keçəcək, bəlkə bir qədər artıq da oldu! Axı nə üçün o, bu təmiz qızlarla dostlaşdı? Axı o, öz bakirə, təmiz həyatıyla vidalaşmağa hazırlaşırdı? “Axı mən Meqanla evlənmək istəyirəm?”-deyə düşündü, - mən ona söz vermişəm...”
Frənk şam yandırdı və yataq otağına qalxdı. Həllideyin otağını ötüb keçəndə oğlan onu çağırdı:
-
Sənsən, Frənk? Bir dəqiqə gəl bura...
Həllidey çarpayısında oturmuşdu, qəlyan çəkirdi və nəsə oxuyurdu, dedi:
Frənk açıq pəncərənin yanındakı kresloda oturdu. Fil dedi:
-
Bilirsən, mən hələ də o hadisə barədə düşünürəm... Deyirlər, insan boğulanda, onun gözləri qarşısında bütün həyatı canlanır... Amma məndə bu baş vermədi. Görünür, mən hələ tam boğulmamışdım...
-
Bəs nə barədə düşünürdün ki?
Həllidey bir anlıq susdu, sonra təmkinlə davam etdi:
-
Çox qəribə şeylər barədə düşünürdüm... Kembricdəki bir qız yadıma düşdü, onunla evlənə bilərdim... Özün bilirsən də... Və mən şükür etdim ki, o qızın yanında vicdanım təmizdi. Hər halda, əziz dostum, bax bu gün burda olmağıma səbəb sənsən. Sənə borcluyam... Əgər boğulsaydım, nə bu yataq, nə bu qəlyan... heç bir şey olmayacaqdı. Qulaq as, gör nə deyirəm... Görəsən öləndən sonra nə baş verir?
-
Şam kimi sönüb qurtatırırıq, vəssalam...- Frənk mızıldadı.
-
Tfuuu!
-
Ola bilsin ki, biz yavaş-yavaş sönürük, közəririk, sonra da kül olub gedirik!
-
Belə de... Bilirsən, bütün bunlar dəhşətdi, dəhşət!.. Həəə, yeri gəlmişkən, mənim bacılarım səni incitmədi ki?
-
Nə danışırsan? Onlar qeyri-adi dərəcədə mehriban idilər...
Həllidey qəlyanı qoyub əllərini başının arxasında qatdadı və pəncərəyə sarı döndü.
-
Hə, yaxşı qızlardı!-dedi.
Frənk dostunun şam işığında görünən gülümsər çöhrəsinə baxdı və birdən xoflandı: hə, o düz deyir, o, boğula bilərdi, dənizin dibində qala bilərdi və o gülümsər çöhrəsi də əbədi olaraq onu tərk edə bilərdi. Onu dəniz uda bilərdi...
Və Həllideyin təbəssümü Frənkə möcüzə kimi gəldi; elə bil ona əyan oldu ki, həyatla ölümü bir-birindən nə fərqləndirir: xırda bir canlı alov! Frənk durdu və astadan dedi:
-
Hər halda, yatsan, yaxşıdı... Şamı söndürümmü?
Həllidey onun qolundan tutdu, dedi:
-
Qulaq as, dostum, bilmirəm necə ifadə edim, yəqin ölü kimi olmaq, meyit olmaq, dəhşətdi! Gecən xeyrə, əziz dost!
Frənk mütəəssir oldu və həyəcanla dostunun əlini sıxdı, sonra yenə aşağı düşdü. Giriş qapısı hələ açıq idi; Frənk evin qabağındakı çəmənliyə çıxdı.Tünd göy səmada ulduzlar sayrışırdı və onların əlçatmaz işığında yasəmən çiçəkləri hansısa qeyri-adi, təsvirəgəlməz çalar almışdı. Frənk üzünü ətirli budağa yaxınlaşdırdı və onun gözləri qarşısında əlində qəhvəyi rəngli pişik tutmuş Meqan canlandı. O, Həllideyin sözlərini xatırladı: “...Mən bir qız barədə düşünürdüm... bilirsən də... və sevindim ki, ona qarşı münasibətdə mənim vicdanım təmizdir...” Frənk yasəmən budağını götürüb cəmənlikdə gəzməyə başladı. Arxa tərəfdən işıq düşən boz kölgəsi də onu izləyirdi; Frənk elə bil yenidən alma ağaclarının çiçəklərinin üstünə qonan o canlı bəyaz gecədə oldu, çay şırıltısını eşitdi; ay işığının parıldatdığı o göy nohurun yanında oldu; yenə onun bütün canını Meqanın öpüşlərinin sehri bürüdü, qızın ona tuşlanan çöhrəsi, o çöhrədəki ehtiraslı sevgi, sədaqətli məhəbbət işartıları yenə yadına düşdü və o, yenidən həmin bütpərəst gecənin gözəlliyini və həyəcanını yaşadı.Frənk yasəmən güllərinin kölgəsində ayaq saxladı; burda Gecə çay sularının şırıltısıyla danışmırdı; burda Gecə dənizin güclü uğultusuyla dil açmışdı. Burda quşların çiviltisi eşidilmirdi, bayquşların çığırtısı gəlmirdi, cırcıramaların vızıltısı, çobanaldadanın hayqırtısı yox idi. Amma hardasa uzaqda royal çalırdılar, ağ kotteclər tünd mavi səmanın rənginə bələnmişdilər. Havadan yasəmən ətri gəlirdi. Hotelin yuxarı mərtəbəsindəki pəncərələrin birindən işıq gəlirdi. Pərdə arxasından kiminsə kölgəsi o tərəf bu tərəfə gedirdi. Frənkin içində də bax belə bir qarışıqlıq, belə bir anlaşılmaz və qatışıq duyğular əmələ gəlmişdi. Sanki yeni yaşantılarla üzləşən sevgi və bahar çalışırdılar ki, onun qəlbinə yenidən yol açsınlar; onun yeni yaşantılarını tamamilə alt-üst etsinlər. Bu qız, onu Frənk çağıran qız, onun əlini elə çoşğunluqla sıxdı ki! Bu sakit və saf qəlbli qız onun dəli və qeyri-qanuni məhəbbəti haqqında bilsə nə düşünər görəsən? Frənk çəmənliyin üstündə oturdu, ayaqlarını çarpazlayıb beləcə arxası kottecə xeyli qaldı. Doğrudanmı o, şərəf və ləyaqəti, bakirəliyi oğurlamağa hazırlaşırdı? O çöl gülünün ətrini içinə çəkib.... daha sonra... bəlkə elə onu tullasın? “Kembricdəki bir qızı xatırladım... mən onunla evlənə... - özün bilirsən də...” Frənk çəmənliyə dirsəkləndi; çəmənlik hələ istiydi, bir azca nəmlik vardı; həm bərk, həm yumşaq idi, adama xoş təsir bağışlayırdı. “Mən nə etməliyəm?”- Frənk düşündü. Yəqin Meqan indi pəncərə qabağında onu gözləyir; çiçəkləyən alma ağacına baxıb onun barəsində düşünür. Yazıq qız! Axı mən onu sevirəm! Mən onu həqiqətənmi sevirəm, yoxsa sadəcə, o, məni sevdiyinə, gözəl olduğuna görə özünə çəkir? Nə etməli?..” Pianonun səsi gurlaşdı, ulduzlar sayrışmağa başladı; Frənk sanki heyranedici nəzərlərlə qarşısındakı qaranlıq dənizə baxdı. Ayağa duranda hiss etdi ki, bədəni tamam quruyub. Bütün pəncərələrdə işıqlar sönmüşdü; o, geri qayıdıb yatağına girdi.
8.
Qapının bərkdən döyülməsi və cingiltili bir səs Frənki dərin yuxudan oyatdı.
-
Heyy, salam! Səhər yeməyi hazırdı!
Frənk dik yerindən qalxdı. O, hardaydı? – Ahhh!..
Aşağı düşəndə gördü ki, hamı mürəbbəli çörəklərini yeyib qurtarıb. Onun üçün Səbinə ilə Stellanın arasında yer saxlamışdılar. Səbinə gözünün ucuyla ona nəzər yetirirdi; qızcığaz tələm-tələsik dilləndi:
-
Bura baxın, gəlin yeməyimizi tez yeyək... Axı onun yarısında çıxıb getməliyik...
-
Dostum, biz Berri Hedə gedirik, sən də təbii ki bizimlə gedirsən!
“Necə? Getmək? Yox, bu mümkün deyil! Mən hələ alış-veriş edib geri dönməliyəm...” Frənk düşündü. O, Stellaya göz qoydu; qız dərhal dilləndi:
-
Nolar, gedək bizimlə!
-
Sizsiz maraqsız olacaq!- Səbinə səsləndi, balaca Frida isə yerindən hoppanıb düz Frənkin stulunun arxa tərəfinə gəldi, dedi:
-
Gedək bizimlə, yoxsa mən sizin saçlarınızı dartacam...
“Bircə günlüyə... - yalnız bircə günlüyə...- artıq yox... Gərək götür-qoy edəm... yalnız bircə günlüyə...” Frənk bir anlıq düşündü, sonra hökmlə bildirdi:
-
Yaxşı, gedirəm! Ay şeytan, mənim saçlarımı dartma!
-
Urrraaa!..
Frənk stansiyadan fermaya ikinci bir teleqram göndərmək istədi, sonra fikrindən vaz keçib onu cırdı; heç özü də bilmədi nə üçün cırdı. Briksamdan çıxanda onlar çox dar bir vaqonda getdilər. Səbinə ilə Fridanın arasında oturan Frənkin dizləri hərdənbir Stellanın dizlərinə dəyirdi. Qızlar oyun oynayırdılar və bu ümumi gülüş, səs-küy və zarafatlar içinə düşən Frənkin əhvalı tamam dəyişdi; o, özünü rahat və ovqatlı hiss etməyə başladı. Həmin gün demək olar ki, heç nə barədə düşünmədi, hətta düşünmək belə istəmədi. Onlar bir-birlərini qova-qova qaçışır, suya baş vurur, lakin dünənki hadisədən sonra heç kəs üzmək istəmirdi; gah birlikdə xorla mahnı oxuyur, gah da müxtəlif oyunlar oynayırdılar. Onlar özləriylə gətirdikləri yeməkləri tamam yeyib qurtardılar. Qayıdan baş balaca qızlar başlarını Frənkin çiyninə söykəyərək yuxuladılar. Oğlanın dizləri isə yenə Stellanınkıyla toqquşurdu. Hər şey Frənkə yuxu kimi gəlirdi; cəmi otuz saat bundan əvvəl o, bu sarışın qızların heç birini tanımırdı. Frənk qatarda Stella ilə poeziyadan danışdı, onun sevimli şairləri barədə məlumat aldı, sonra öz sevimli müəllifləri haqqında məmnunluqla danışdı. Birdən Stella yavaşca dedi:
-
Fil deyir ki, siz axirət dünyasına inanmırsız, Frənk. Bu dəhşətdi!
-
İnanım, ya inanmayım: axı sadəcə, mən heç bilmirəm orda nə var...- Frənk cavab verdi.
-
Mən buna dözə bilməzdim...-Stella dərhal söhbəti davam etdirdi. - Onda həyatın nə mənası var?
Frənk qızın nazik, zərif qaşlarının çatıldığını gördü.
-
Özünə təskinlik vermək xətrinə inanmaq olmaz,- deyə iltifatla qeyd etdi.
-
Əgər həqiqətən axirət yoxdusa, axı nə üçün insan orda ikinci dəfə yaşamaq istəyir?... – deyə Stella gözlərini Frənkə zillədi. Frənk onun xətrinə dəymək istəmirdi, lakin özünün ağılca qızdan üstün olduğunu sübut etmək istəyi onu cavab verməyə məcbur etdi:
-
İnsan yaşadıqca elə yaşamaq istəyir, onun yaşamaq istəyi sonsuzdur... – bu elə həyatın mənasıdır. Lakin, görünür, elə əsl həqiqət budur...
-
Deməli, siz İncilə də inanmırsız?
“Bax indi mən onun əməlli-başlı xətrinə dəyəcəm!” Frənk düşündü.
-
İncilin bir xütbəsi9 var, mən onu çox sevirəm, çünki həmin moizə zamanın sınağından yaxşı çıxıb, - Frənk cavab verdi.
-
Axı siz xaçpərəstliyin ilahi mahiyyətinə inanmırsız?
Frənk başını yellətdi, qız pəncərəyə sarı dönəndə Frənk Meqanın dualarını xatırladı, bunu ona Nik çatdırmışdı: ”İlahi, bizim hamımızı və Mister Əşürstü hifz elə!”
İndi onun üçün kim belə dua edəcək, kim? Meqandan - yəqin onun yolunu hələ də gözləyir- savayı kim dua edəcək, hə? Mən necə də əclafam! –düşündü. O, bu ifadəni bütün gecə ərzində bir neçə dəfə təkrar etdi, nəhayət, özü də bu fikrə alışdı ki, o, həqiqətən əclaf adamdır (adətən insanda belə hallar olur). Və çox qəribəydi ki, o, nə üçün əclaf olduğunu izah edə bilmirdi: Meqanın yanına qayıtmaqdan vaz keçmək istədiyinə görəmi, ya da elə onun yanına dönmək istədiyi üçün?
Axşamçağı kart oynadılar; sonra uşaqlar yatmağa getdi. Stella royalın arxasına keçdi, Frənk pəncərə qabağında əyləşib qızın şam işığında görünən dümdüz boynuna və başına, daha sonra onun pianonun dillərində gəzişən barmaqlarının hərəkətinə göz qoydu. Stella çevik çalırdı, lakin onun çalğısı çox da təsirli deyildi. Əntiqə bir mənzərə yaranmışdı; füsunkar! Qızın başını qızılı sarışın saçları örtmüşdü – lap əsl məlakəydi! Bu serafimə-mələyə bənzəyən işıqlı qızın əhatəsində dəli, ehtiraslı istək və fikirlərdən kim yanıb kül olmaz ki? Stella Şumannın “Nə üçün?” romansını çalırdı; sonra Həllidey fleyta gətirdi və füsunkarlıq pozuldu. Onlar Frənki Şumanın mahnılarından oxumağa məcbur etdilər; Stella onu pianoda müşaiyyət etdi və o, oxumağa başlayanda qapı ağzında mavi xalatda iki balaca kölgə göründü; onlar royala yaxınlaşmağa çalışırdılar. Gecənin musiqili hissəsi qəhqəhə, qaçdı-tutdu ilə başa çatdı və Səbinənin dediyi kimi “möhtəşəm bir gecə” keçdi.
Həmin gecə Frənk demək olar ki, yatmadı; o, gah böyrü üstə çevrilir, gah düşünür, gah da durub yerində oturur, beynindəki fikirləri tez-tez dəyişir, beləliklə də, özünə yer tapa bilmirdi. Son iki gündə o, rahat ev şəraitində yaşamışdı, üstəlik ev sahiblərinin mehriban və lətif əhatəsi onu tamam ovsunlamışdı. Fermadakı həyat, ordakı adamlar, hətta Meqan da ona yuixu kimi görünürdü. Nə olsun ki, o, Meqana ürəyini açıb, onu sevdiyini deyib? Nə olsun ki, onu fermadan aparacağını, onunla yaşayacağını demişdi? Görünür, onun beynini həmin bahar gecəsi dumanlamışdı və həmin o alma ağacının çiçəkləri yoldan çıxartmışdı... Lakin bu May çılğınlığı onların hər ikisini məhv edə bilərdi! Bu sadə və gözəgəlimli, demək olar ki, uşaq məsumluğunu itirməmiş bir qızı özünə məşuqə etməsi fikri onu indi dəhşətə gətirmişdi. Amma onun haqqında düşünəndə bədənindəki qan belə qaynayır, çoşurdu. “Mən neylədim, aman allah, necə dəhşətli iş gördüm?!” deyə dodaqucu mızıldadı. Sonra nədənsə həmin o Şumannın melodiyasından fraqmentlər yadına düşdü, gözləri önünə yenə işıqlı siması olan sarışın saçlı Stella, onun ağ donda olan zərif bədəni, mələk gözləri və dümdüz boynuna sallanan qızılı saçları gəldi. “Yox, deyəsən, mən həqiqətən dəli olmuşam.... vallah mən dəliyəm...” deyə düşündü. “Yazıq Meqan - balaca qızcığaz!” “İlahi, bizi və cənab Əşürstü hifz elə!” “Mən yalnız sizinlə olmaq istəyirəm, həmişə təkcə sizinlə...”. Üzünü yastığa qoyan Frənk birdən-birəcə göz yaşlarını saxlaya bilmədi. Onun yanına qayıtmasam- dəhşət olacaq! Qayıtsam – ondan da pis olacaq!..
Gəncliyə xas olan xüsusiyyətdir – emosiyalarını üzə çıxartdınsa, onlar sənin iztirablarına yavaş-yavaş son qoyur, daha əzab çəkmirsən. Frənk yatmaq istəyəndə bir fikir də beyninə girdi: “Əslində axı Meqanla onun arasında nə baş verib ki? Bir neçə dəfə öpüşüblər... vəssalam. Bir aydan sonra bunlar da yaddan çıxıb gedəcək!”
Növbəti gün səhər Frənk pul çeki aldı və heç pal-paltar mağazası tərəfə də baxmadı. Bunun əvəzində o, özünə lazım olan bir neçə vacib şeylər aldı. Bütün günü ovqatı yaxşı olmadı, elə bil özünə acığı tuturdu, öz-özünə əsəbiləşirdi. Son iki günün ehtiraslı yorğunluğundan sonra nəsə bir boşluq hiss etdi, sanki bütün intizar və həsrət göz yaşlarında boğulmuşdu.
Çay süfrəsindən sonra Stella ona yaxınlaşdı, hansısa kitabı ona uzadıb ürkək bir səslə soruşdu:
-
Frənk, siz bunu oxumusuz?
Bu, Farrarın “İsanın həyatı” kitabıydı. Frənk gülümsədi və qızın onun qəlbinin qeydinə qalması ona gülünc göründü. Lakin bu, həm həssaslıq, həm də sirayətedici bir şey idi; bir halda ki, qızı öz inancından döndərmək olmur, Frənk istəyirdi ki, heç olmasa özünə bəraət qazandırsın. Axşam balaca qızcığazlar qardaşlarıyla birgə tilov ləvazimatlarını düzəldərkən Frənk dedi:
-
Hər hansı bir rəsmi dinin əsasında, mənim başa düşdüyümə görə, həmişə ya mükafat, ya da cəza haqqında ideya durur. Yəni, əgər yaxşı olsan, mükafat alacaqsan. Elə bil sən özünə mərhəmət diləyir, yaxud da bağışlanmağını yalvarırsan. Məncə, bütün bunlar insanın qorxu hissindən yaranır. Stella divanda oturub yelkən qaytanlarına düyün vurmağı öyrənirdi. O, gözlərini qaldırıb baxdı və dedi:
-
Məncə, bütün bunların mənası ondan daha dərindir...
Frənk yenə istədi ki, öz üstünlüyünü göstərsin.
-
Sizə elə gəlir...- dedi.- lakin bizdə hər şeydən güclü o istəkdir ki, nəyinsə qat-qat əvəzini alaq. Ümumiyyətlə, bundan baş çıxarmaq çətindi!
Qız düşüncəli-düşüncəli qaşlarını çatdı.
-
Mən sizi yaxşı başa düşmürəm...
Frənk inadkarlıqla davam etdi:
-
Siz bir qədər düşünün; başa düşərsiniz ki, ən dindar adamlar həyatın onlara arzu etdikləri bütün şeyləri vermədiyini düşünən adamlardır. Mən ona inanıram ki, məsələn, gərək insan xeyirxah işlər görsün, çünki xeyirxahlıq özü-özlüyündə gözəl bir əməldir.
-
Deməli, hər halda, siz xeyirxahlıq etmək lazım olduğuna, yaxşı adam olmaq lazımdır ideyasına inanırsınız, hə?
Bu dəqiqələrdə Stella necə də gözəl idi! Bəli, onun kimi gözəlçənin yanında olmaqla yaxşı adam olmaq asandı. Frənk başını razılıqla tərpətdi və söhbətin mövzusunu dəyişdi.
-
Yaxşı olar ki, siz mənə o dəniz yelkəninin kəndirini necə düyünləməyi öyrədəsiz... Göstərin görüm bunu necə edirsiz?
Qızın zərif barmaqlarına toxunarkən Frənk nəsə içində bir rahtlıq hiss etdi, hətta fərəhləndi də; və yatmamışdan qabaq da o, yalnız bu qız haqqında düşünürdü; elə bil bununla da özünü hər şeydən qoruyurdu. O, qızın sakit, nəvazişli bacı diqqətində özünə bir sığınacaq axtarırdı.
Növbəti gün Frənk öyrəndi ki, onlar qatarla Totnesə gedirlər və Berri Pomeroy Qəsrinin yanında piknik düzəldəcəklər. Frənkin içində hələ də ötən günlərin nigarançılığı vardı və çalışırdı ki, onu unutsun; faytonda arxası atlara tərəf Həllideylə yanaşı oturdu; birdən sahildə, təxminən vağzal döngəsində az qala ürəyi yerindən qopdu: o, Meqanı gördü, hə, özüydü, Meqan idi, həminki nimdaş yubka, bluz, göy beret... Meqan yolla gedir, ötüb-keçənlərin üzünə baxırdı. Frənk qeyri-ixtiyari əlini qaldırıb üzünü örtmək istədi. Özünü elə göstərmək istədi ki, guya gözünə nəsə düşüb, onu çıxarır. Lakin barmaqları arasından Meqanı görürdü, onun inamsız addımlarını seyr edirdi; bu addımlar heç ona, onun yüngül adi yerişinə yaraşmırdı. Qızın üzündə narazı, üzücü bir ifadə vardı; sanki küçük sahibini itirmişdi, bilmirdi, arxaya, ya qabağa qaçsın, hara atsın özünü... Meqan bura necə gəlib çıxmışdı? O, nəyə ümid bəsləmişdi? Fayton hər dəfə dönəndə və hər dəfə Frənki Meqandan uzaqlaşdıranda oğlanın qəlbi daha möhkəm sıxılırdı; onun içində bir təlatüm qaynadı, faytonu saxlatdırmaq, sonra düşüb qızın dalınca qaçmaq istədi. Fayton döngəyə çatıb vağzala tərəf burulanda Frənk qəfil dik atıldı və qapını açıb nəsə kəkələyə-kəkələyə dedi:
-
Bağışla...yınnn... mən... mən..nəsə unutmuşam. Məni gözləməyin, siz gedin! O biri qatarla gələrəm...
O, faytondan tullandı, ayağı ilişdi, az qala yıxılacaqdı, lakin özünü saxlaya bildi və yola çıxmağa tələsdi. Fayton özünü itirən və təəccüb içində qalan Həllideyləri apardı.
Frənk döngəni burulub tində Meqanı gördü; qız artıq xeyli uzaqlaşmışdı. Frənk əvvəlcə qaçdı, sonra dayandı və öz adi yerişiylə addımladı. Meqana yaxınlaşdıqca Həllideylərdən uzaqlaşırdı və o, addımlarını daha da yavaşıtdı. Məgər Meqanı görəndən sonra bir şey dəyişəcəkmi? Necə edim ki, bizim görüşümüz və mənim sonrakı izahatım ağrısız olsun? Axı gizlətməyə də bir şey yoxdu – Həllideylərlə görüşəndən bəri o, hiss edirdi ki, Meqanla heç vaxt evlənməyəcək. Sadəcə şiddətli ehtiras, həyəcan dolu, ağır vicdan əzabı çəkəcək... sonra da... sonra da qızın qurban olması onu təngə gətirəcək, qızın sübh şehi kimi təmiz olan sadəlövhlüyü və məsumluğu... onu bezdirəcək. Vəssalam. Axı şeh də quruyur!
Qabaqda Meqanın bereti işıldayırdı; qız yoldan ötüb-keçənlərə baxa-baxa gedirdi, hərdənbir gözlərini qaldırıb pəncərələrə də baxırdı. Görəsən bu sarsıntılı dəqiqələri yaşayanlar olubmu? Frənk düşünürdü ki, o, necə hərəkət edir-etsin, yaramazdır. Frənk qəflətən zarıdı və elə zarıdı ki, qabağında gedən bir qadın dönüb təəccüblə ona baxdı. Gördü ki, sahilin məhəccəri önündə Meqan da dayandı və dənizə baxmağa başladı. Frənk də dayandı. Bəlkə elə Meqan heç vaxt dəniz görməyib, hətta indi dərdini uda-uda bu nəhəng su gölməçəsinə baxıb heyrət edir. “Hə, hə, Meqan heç nə görməyib...” deyə düşündü. “Hələ onun bütün həyatı qabaqdadır; və mən bir neçə həftəlik ötəri əyləncə xatirinə bu qızın həyatını məhv etmək istəyirəm! Yox, özümü asaram, bunu etmərəm!” Birdən Stellanın sakit gözlərini xatırladı, onun küləyin yellətdiyi açıq, yumşaq saçları yadına düşdü. Yox, bu, lap axmaqlıq olardı! Bu o deməkdir ki, o, dəyər verdiyi bütün hər şeydən imtina etməlidir, özünə hörmətsizlik etməlidir! Birdən Frənk dayandı və cəld hərəkətlərlə geriyə, vağzala doğru addımladı; lakin o balaca vücud barədə, ötüb-keçənlərə qorxu və intizar dolu gözləriylə baxan o narahat qız barədə düşüncələr beynini deşirdi; Frənk yenə sahilə, geriyə qayıtdı. Meqanın bereti daha görünmürdü. Frənkin bütün canını əzab və həsrət hissi bürüdü; o, doğma, əziz adamını itirəcəyindən qorxan adamlar kimi izdihamın içinə cumdu: qız yox idi, onu tapa bilmədi. Düz yarım saat Meqanı axtardı, sonra sahilə tərəf getdi, üzüqoylu isti qumun üstünə uzandı. O bilirdi ki, Meqanı tapmaq asandı - vağzala gedib gözləsə, qız harda olsa, gəlib çıxacaq. Ya da özü qatara oturub fermaya getsin, qoy elə qız qayıdanda onu fermada görsün. Lakin Frənk qumun üstündə hərəkətsiz uzanmışdı; ətrafında uşaqlar xırda vedrə və bellə qumda eşələnirdilər. Frənkin içi od tutub yanırdı; nigaran-nigaran axtarışlar aparan balaca varlığa – Meqana olan rəhmi bir andaca onun canını bürüyən vəhşi, qarşısıalınmaz istəkləri içində boğuldu; qıza qarşı bütün alicənab münasibətləri yox oldu. Frənk yenidən qızı ağuşunda görmək üçün ehtiraslandı, onun zərif bədənini hiss etmək üçün yandı, qızın öpüşləri, çılğın və ibtidai itaətkarlığını arzuladı. O, yenə müqayisəolunmaz hissləri yaşamaq istədi; bu hissləri alma ağacının çiçəkləri altında, ay işığının düşdüyü o tumurcuqlar altında yaşamaışdı. Və bu ehtiraslı istək elə şiddətləndi ki, elə çoşub-daşdı ki, deyirdin bəs, favna nimfanı qovub tutmaq, altına basmaq istəyir. Çayın şəffaf sularının iti şırıltısı, qaymaqçiçəklərinin qızıl ləçəkləri, qorxunc qaraçıların gizləndiyi qayalar, ququ quşlarının quqqultusu, ağacdələnin taqqıltıları, bayquşun ulartısı, lətif gecənin qaranlığından boylanan qırmızı ay, çiçəklərin canlı oyanışı və məsum bəyazlıq... daha sonra Meqanın pəncərədən görünən üzü, sevimli, utancaq gözləri, dodaqları, öpüşləri, ürək döyüntüləri, iri alma ağaçının altındakı o görüşlər... bütün bu xatirələr onu sanki mühasirəyə almışdı, lakin Frənk tərpənmirdi. Onun içində nələr baş verirdi, hansı mübarizələr gedirdi? İçindəki mərhəmət və qızğın istəklərini nə boğurdu, onu bu isti qumun üstündə yıxılıb qalmağa nə məcbur edirdi?.. Üç sarışın qızın mehriban, məsum çöhrələri, ala, mavi qarışıq gözləri, onun əlini tutan zərif əllər, nəhayət, ondan amiranə soruşan bir səs: “ Deməli, siz “yaxşı adam olmaq lazımdır” ideyasına inanırsınız, hə?”. Bəli, bütün bunlar və həmin mühit – o hündür hasarlı qədim ingilis bağının içindəki mühit, qərənfillər, qızılgüllər, göy rəngli çöl çiçəkləri, ətirli yasəmənlərin, səliqə-səhman, rahatlıq, təmizlik və sakitliyin hökm sürdüyü o ingilis bağının içindəki mühit yadına düşdü. O bu mühitə öyrəşmişdi və uşaqlıqdan onu işıqlı və yaxşı bir mühit kimi qəbul etməyə öyrənmişdi.
“Birdən qayıdıb məni burda görər!” deyə düşündü, yerindən dik qalxdı və sahil boyu uzaq qayaya sarı addımladı. O, lap suyun qırağında, ləpədöyəndə oturdu, sahilə çırpılan xırda ləpələrin qoynu daha sakit yer idi; hər halda, burda daha rahat oturmaq olar. Fermaya qayıtmaq, Meqanı sevmək, qayaların içində, meşədə yaşamaq – Frənk bilirdi ki, bütün bunlar onun üçün deyil, qətiyyən mümkünsüzdü! Meqanı böyük şəhərə gətirmək və bu təbii, vəhşi gülü hansısa balaca bir evdə, yaxud mebelli otaqlarda saxlamaq isə.... yox... bu, mümkün deyil! Onun bütün poetik qəlbi hiddətlə döyünürdü. Ehtirasları tezliklə sönəcək, necə ki, bütün ötəri hisslər ötüb gedir. Londonda qızın sadəliyi və ibtidai ağlı Meqanı oğlan üçün xəlvəti kef məşuqəsi edə bilərdi, başqa heç nə! O, uzun müddət qayanın yanında əyləşib dənizin onun ayaqlarını döyəcləyən yaşılımtıl ləpələrini seyr etdi; suları seyr etdikcə onun fikirləri də durulurdu. Ona elə gəlirdi ki, Meqanın əlləri və bədəni yavaş-yavaş ondan ayrılır, sürüşüb dənizə qovuşur və ləpələr onu qoynuna alıb harasa, dərinliklərə aparıb atır. Və qızın yazıq siması, təşviş dolu sifəti, yalvarışlı gözləri, islanmış qara hörükləri ona əzab verdi, onu təqib etdi, onu təngə gətirdi. Frənk ayağa durub arasında xırda məsafələr olan daşların üstüylə tullanıb bir qədər də aşağılara, balaca bir buxtaya sarı getdi. Bəlkə də dəniz ona özünə gəlmək üçün kömək elədi; bəlkə də onun çoşmuş sayıqlamalarını sərinlətdi! Paltarını soyunub suya tullandı, üzdü. İstəyirdi ki. yorulanadək, lap huşunu itirənədək üzsün. Təki heç nə barədə düşünməsin, təki heç nə hiss eləməsin. O, xeyli üzdü, geriyə baxmadan üzdü, iti sürətlə üzdü, sonra birdən vahimələndi. Birdən sahilə qayıda bilmədi, birdən onu axın alıb apardı lap dərinə, ya da Həllidey kimi qıc oldu, neyləyəcək? Frənk geri üzməyə başladı. Qırmızı qayalıqlar uzaqdan dəhşət kimi göründü. Əgər o, boğulsa, sahildə onun paltarlarını taparlar. Həllideylər biləcəklər, amma Meqan heç vaxt bilməyəcək! Fermada qəzet oxumurlar. O Fil Həllideyin sözlərini artıq yüzüncü dəfə yadına saldı:”Kembricdən olan qız... sevinirəm ki, ona qarşı münasibətdə mənim vicdanım təmizdir...” Və bu anda, bu dəhşətli ixtiyarsız vahimənin təsiri altında Frənk and içdi. And içdi ki, Meqanın həyatına görə, o, vicdan əzabı çəkməyəcək. Və dərhal da yüngülləşdi, özünü yaxşı hiss elədi. Frənk üzüb qayalara çatdı. Günün altında qalıb qurulandı, sonra geyindi. Ürəyindəki kəskin ağrılar qarışıq, dumanlı bir qüssəylə əvəz olundu; daha sonra sərin bir gümrahlıq duydu.
İnsan gənc olanda onun içindəki kədər və təəssüf hissi uzunömürlü olmur, tez də sovuşub gedir. Frənk hotelə qayıdanda acgözlüklə çay içdi, elə bil uzun sürən xəstəlikdən təzəcə sağalıb ayağa durmuşdu. Bu saat onun üçün hər şey təptəzə və cəlbedici görünürdü; çay, yağ-çörək, mürəbbə heç vaxt belə dadlı olmamışdı, heç vaxt! Hələ tütün! - heç vaxt belə ləzzət verməmişdi ona! Frənk otaqda gəzişdi, şeylərə əl vurdu, ətrafa göz gəzdirdi. O, Stellanın iş səbətini götürdü, yumşaq ipək saplarının toxucu çarxlarını fırlatdı, quru otlar yığılmış balaca torbanı iylədi, sonra royala yaxınlaşdı və bir barmağı ilə hansısa musiqini çaldı. “Bu gecə Stella çalacaq, mən də ona baxacam. Ona baxanda qəlbim dincəlir!” Frənk qızın onun üçün qoyduğu kitabı əlinə aldı, çalışdı ki, oxusun, lakin Meqanın qəmli çöhrəsi yenə gəlib durdu onun gözləri qarşısında. Frənk durub pəncərə qabağına gəldi. Parkda qaratoyuqlar oxuyurdular, ağacların yarpaqları bir-birinə dəyirdi; o tərəfdə isə yuxulu mavi dəniz görünürdü. Hotel xidmətçisi içəri girdi və stolun üstünü yığışdırdı. Frənk isə hələ də pəncərə önündəydi; axşam çağının havasını udur, heç nə barədə düşünməməyə çalışırdı. O, darvazadan içəri girən Həllideyləri gördü. Stella qabaqda, Fil və balaca bacıları isə əllərində səbət arxadan gəlirdilər. Frənk ixtiyarsız olaraq cəld pəncərədən aralandı. O bərk dilxor olmuşdu; dostlarıyla görüşdən həm qorxurdu, həm də bu görüşü səbirsizliklə arzulayırdı. Hətta onlara qarşı bir qədər də hiddətlənmişdi, buna baxmayaraq, Frənk onları görmək istəyirdi, onların məsum dincliyi, fərəhi onu özünə çəkirdi; o, Stellanın gözlərinin içinə məmnuniyyətlə baxmaq istəyirdi.
Stella içəri girəndə Frənk royalın yanında durmuşdu. Qız çaşqın-çaşqın boylanıb baxdı; bir qədər pərt görünürdü. Frənki görüb gülümsədi; onun təbəssümü canlıydı, təbii və istiydi, lakin hər halda, bu, Frənki hirsləndirdi.
-
Siz nə üçün gəlmədiniz, Frənk?-qız soruşdu.
-
Gələ bilmədim...
-
Görün biz necə təzə-tər bənövşələr gətirmişik?!
Stella bənövşə buketini Frənkə uzatdı; oğlan onu burnuna apardı, onun içində dumanlı bir istək baş qaldırdı; elə bil birdən-birə bədəninə sopsoyuq su çilədilər və o, Meqanın adamlar arasında axtaran intizar dolu gözlərini xatırladı. Frənk:
-
Çox gözəldir!- deyib otaqdan çıxdı.
Frənk pilləkənlərlə çıxan balaca bacıların gözünə görünməmək üçün öz otağına qalxdı və yatağına sərələndi, üzünü əlləri ilə örtdü. İndi o, daha qətiyyətlə hiss edirdi ki, Meqanı birdəfəlik itirib; buna görə özünə nifrət edirdi və təxminən Həllideylərə də ona təsir göstərdikləri üçün eyni dərəcədə nifrət edirdi; bu sağlam, dinc, xoşbəxt və xalis ingilis ev mühitinə görə nifrət edirdi onlara. Axı onlar nə üçün bura gəldilər, nə üçün onun ilk məhəbbətini alt-üst etdilər, nə üçün? Onlar özləri də dərk etmədən ona göstərdilər ki, o, Frənk, özünü şit bir arvadbaz kimi aparır. Stellanın nə ixtiyarı var ki, öz təmiz, ürkək gözəlliyi ilə onu inandırsın ki, Meqana evlənmək olmaz?! Onun axı nə ixtiyarı çatır ki, Frənkin hisslərini öldürsün? Onun içində acı qüssə, təəssüf və peşimançılıq oyatsın? İndi Meqan artıq evdədir. Yazıq qız nəticəsiz axtarışlarından əzab çəkir! Bəlkə də ümid edibmiş ki, Frənki fermada görəcək? Frənk dişlərini qıcırtdı, sonra bir-birinə elə möhkəm sıxdı ki, səsi çıxmasın; onun vicdan əzabı və qəm çəkdiyini heç kəs duymasın. Nahara gələndə kədərliydi, dinib-danışmırdı. Hətta balaca qızlar da sakitcə durmuşdular, bir qədər də pərişan görünürdülər. Gecə çox cansıxıcı keçdi, balacalar yorulmuşdular; Frənkin dilxorçuluğu onlara da sirayət etmişdi. O, Stellanın incik və çaşqın baxışlarını bit neçə dəfə sezdi və hətta bu, onun korlanmış ovqatına bir qədər məzə də qatdı. Frənk gecəni çox pis yatdı, sübh tezdən durub evdən bayıra çıxdı. O, dənizə tərəf düşdü və orada aydın, mavi, günəşli səma altında tənha qaldığı üçün bir qədər yüngülləşdi. O necə də özündənrazı səfehdir! Axı nə üçün elə düşünür ki, Meqan bunu qəlbinə dərd edəcək? Bir-iki həftəyə o, şübhəsiz, hər şeyi unudacaq, əlbəttə ki, elə onun özünü də yaddan çıxaracaq! Amma o.... ay səni! Hə, o da xeyirxahlıq etdiyinə görə mükafatlanacaq! Ləyaqətli cavan oğlan! Əgər Stella bilsəydi, yəqin ki, o, şeytana uymadığı üçün Frənkə xeyir-dua verərdi. Stella axı belə şeylərə inanır! Frənk acı-acı güldü. Səmanın və dənizin sakit gözəlliyi, yalqız qağayıların uçuşu onu bir qədər yumşaltdı və bundan sonra o, xəcalət hissi yaşadı. Frənk dənizdə çimdi və dərhal evə qayıtdı.
Stella bağda oturmuşdu və şəkil çəkirdi. Frənk sakitcə, oğrun-oğrun qıza yaxınlaşdı. Bu qız necə də lətafətliydi; başını rəsm taxtasına əyib, əlindəki fırçayla ölçüləri çızır, qaşqabağını sallamışdı. Frənk astadan və yumşaq səslə dedi:
-
Dünən özümü donuz kimi apardığıma görə məni bağışlayın, Stella!
Qız cəld döndü, qızardı və tələsik cavab verdi:
-
Boş şeydi... Mən başa düşdüm ki, nəsə olub! Dostlardan incimək olmaz, düzdümü?
-
Dostlardan?- Frənk sualedici nəzərlərlə onu süzdü.- Biz sizinlə dostuq, elə deyilmi?
Stella oğlana gözucu nəzər salıb tələsik başını tərpətdi və onun çöhrəsinə yenə xəfif bir təbəssüm qondu.
Üç gündən sonra Frənk Həllideylərlə birlikdə Londona qayıtdı. O, fermaya heç nə yazmadı; nə yaza bilərdi axı?
Növbəti il aprelin sonunda o, Stella ilə evləndi...
Frənk Əşürst öz “gümüş toyu” günü bax bu xatirələrlə yaşadı; o, köhnə çəpərin yanında sarıçiçək kolluğunun üstündə oturub yaddaşıyla dost olmuşdu. Elə bax, burda, səhər yeməyi süfrəsini açdığı yerdə, göy səmanın fonunda ilk dəfə Meqanı görmüşdü. Qəribə təsadüflər olur həyatda. Frənk fermaya getmək istədi; yenə o bağı, çəmənliyi görmək istədi, yenə o “qorxunc qaraçının” dolaşdığı yerlərə baxmaq istədi. Yəqin Stella bir saata qayıdar, o bu vaxtacan gedib-gələr. Nə yaxşı, hər şey onun yadında qalıb; şam meşəliyi və təpələr, süpürgə kolları!
O, fermanın qapısı ağzında dayandı; alçaq daş ev, artırmanın qıraqları boyu qaraçöhrə kolları, çiçəkləyən yulgünlər- aman allah, heç nə dəyişməyib! Hətta köhnə yaşıl skamya da ordadı, çəmənliyin üstündə, düz pəncərənin qabağında. Elə bil onu dünən qoyub orda; o, skamyanı pəncərədən qapının açarını almaq üçün ora qoymuşdu! Frənk Əşürst həyətə girdi və bağın hasarına söykəndi – bu elə həmin boz hasar idi. Qara donuz ağacların altında gəzirdi. O vaxtkı kimi... Doğrudanmı iyirmi altı il keçib? Yoxsa bu, yuxudur? Və indi o, yuxudan ayılıb; yenə Meqan onu yaşlı, o iri alma ağacının altında gözləyir, hə? İxtiyarsız olaraq o, ağarmış saqqalına toxundu və illəri yadına saldı. Qapını açıb bağa girdi; kolların arasınca yaşlı alma ağacına doğru yeridi. Həminki kimiydi... Yalnız gövdənin qabığı üstündə boz-yaşıl mamırlar çoxalmışdı və bir də iki-üç qurumuş budaq vardı. Ondan qalan hər şey... hər şey... əvvəlki kimiydi... Elə bil o, burda dünən olmuşdu, dünən gecə o, bu yumşaq, ləçəkli budaqları qucaqlamışdı; Meqan sivişib gedəndən sonra meşənin qoxusunu içinə çəkmişdi; başının üstündə isə ay işığında nazlanan alma ağacının ağ ləçəkləri nəfəs alır, oyanırdı. İndi də bahar tez gəlib, tumurcuqlar tez açıb, qaratoyuqlar oxuyur, ququ quşları quqquldayır, günəş daha əzəmətlə işıq saçırdı. Möcüzədi – hər şey olduğu kimi qalmışdı; çayın şırıltılı suları, dar nohur - o nohurda Frənk hər səhər arxası üstə uzanardı, bədənini, başını şəffaf suyla yuyardı. O tərəfdə, çəmənlik başlanan yerdə, yenə fıstıq ağacları görünür, daha sonra o yekə daş da durur orda; həmin daşın üstündə guya gecələr qorxunc kabus oturardı... Ötən gəncliyi üçün, əbədi itirdiyi məhəbbəti üçün, sönən ilahi gözəllik üçün heyfslənən Frənk Əşürstün boğazı qurudu. Bəli, burda həyat, ibtidai həyat gözəl idi; gərək o, xoşbəxtliyi tutub saxlayaydı; gərək o, gözəlliyi qaçmağa qoymayaydı, onları səma və torpaq necə qoruyursa, necə saxlayırsa, o da elə saxlayaydı! Amma o... saxlaya bilmədi!
Frənk Əşürst çaya sarı düşdü, qaralan nohura baxanda öz-özünə pıçıldadı: “Bahar və gənclik... Bəs görəsən onlardan nə qalır?” Birdən adamlarla qarşılaşacağından qorxdu; qorxdu ki, onlar onun xatirələrini darmadağın edərlər; tələsik çığırla yolayrıcına çıxdı.
Maşının yanında ağsaqqal bir qoca kəndli sürücüylə söhbət edirdi. Qoca Frənki görən kimi susdu və elə bil günahkarcasına şlyapasına əl atıb axsaya-axsaya yoluna davam etmək istədi.
Frənk Əşürst balaca yaşıl təpəyə əlini uzadıb soruşdu:
-
Deyə bilərsinizmi, o nədir belə?
Qoca ayaq saxladı; üzündə elə bir ifadə yarandı ki, sanki bununla denək istəyirdi: ”Cənab, siz düz ünvana gəlib çıxmısız!”
-
Bu qəbirdi, cənab!-deyə cavab verdi.
-
Nə üçün burdadı?
Qoca gülümsündü.
-
Bu, uzun əhvalatdı. Təəssüf ki, birinci dəfə deyil bunu söyləyirəm... Bura çox adam gəlib-gedir. Hamı da soruşur. Biz bu qəbrə “Qızcığaz məzarı” deyirik...
Frənk tənbəki kisəsini çıxarıb qocaya uzatdı:
Qoca yenə şlyapasına yüngülcə toxundu və asta-asta öz köhnə gil qəlyanını doldurmağa başladı. Onun ağarmış əyri qaşları altındakı gözləri qırışlarla əhatələnmişdi, lakin hələ parlaq idi, lap cavan adamların gözləri kimi yanırdı.
-
Etiraz etmirsinizsə, qoy oturum, ser, ayağım bərk ağrıyır... - dedi və məzar təpəciyin yanında oturdu.- Bu məzarın üstündə daim güllər olur, bura elə də darıxdırıcı yer deyil; xeyirxah insanlar gəlib-gedir, maşınlar, hər cürəsi gəlir... əski illərdəki kimi deyil. İndi o qızcığaz o qədər də incimir... Özü-özünə elədi, bədbəxt qız!
-
Hə, belə de,- Frənk başını tərpətdi.- Elə buna görə onu dəfn ediblər burda hə, yol ayrıcında? Mən heç bilmirdim bu adət indiyə kimi saxlanılıb...
-
Bu əhvalat çoxdan olub. O vaxt bizim keşiş çox ciddiydi! Mənim indi yetmiş altı yaşım var, o vaxt cəmi əlliydi! Pah atonnan! Və mənim bildiklərimi də heç kəs bilmir! Bu qızcığaz buralıydı; o fermadan idi! Orda mən də işləyirdim. Missis Narrakombe ilə birlikdə işləyirdim. İndi ferma keçib Nik Narrakombenin adına. Və mən indi də ara-sıra onun üçün nəsə edirəm...
Frənk Əşürst qəlyanını yandırdı, kibrit çöpünü elə tutdu ki, külək söndürməsin; sönmüş çöpü hələ də əlində saxlamışdı, elə bil dondu, səsi xırıldadı, dedi:
-
Doğurdan?
-
Onun kimi təmiz qızcığazlar dünyaya nadir hallarda gəlir. Həmişə onun məzarı üstünə çiçəklər qoyuram. Çox gözəl və xeyirxah bir qız idi- icazə vermədilər onu kilsənin yanında dəfn edək!- Qoca susdu və damarları görünən tüklü əlləri ilə məzar-təpəciyin ayaq tərəfini tumarladı; orda zəngçiçəyi otları bitmişdi.
-
Eləmi?-Frənk yenə xırıldadı. Qoca sözünə davam etdi:
-
Düzü, məncə burda bir sevgi əhvalatı vardı; onun ölümünə də səbəb bu oldu; doğrudur, bu barədə heç kim bilmir. Qızın nə düşündüyünü kim bilə bilər ki? Amma mənə elə gəlir ki, bu, məhəbbət məsələsiydi.- Qoca yenə əlini təpəciyin üstündə gəzdirdi.- Mən bu qızın xətrini çox istəyirdim. Onu kim istəməzdi ki? Qızın ürəyi sevgiylə doluydu, o, sevən bir qız idi- və buna görə də bu bədbəxtlik onun başına gəldi...- Qoca gözlərini qaldırdı.
-
Doğurdan? - Frənk yenə kəkələdi; onun dodaqları titrəyirdi.
-
Əhvalat yazda baş verdi. Elə bu vaxtlar idi. Yox, bəlkə də bir qədər gec, ağaclar çiçəkləyən vaxt idi gərək ki. O vaxt bizdə bir tələbə qalırdı. Qəşəng oğlan idi, bir az yelbeyin idi, hərdənxəyal idi... Mənim əlbəttə, xoşuma gəlirdi... Və mən o cavanların arasında nəsə bir şey, münasibət olduğunu da müşahidə etməmişdim... Amma görünür, o cavan oğlan yazıq qızcığazı yoldan çıxara bilmişdi, başını əməlli-başlı gicəlləndirmişdi, - qoca qəlyanı ağzından çıxarıb yerə tüpürdü və sözünə davam etdi. - Bilirsiz, o cavan oğlan qəfil çıxıb getdi və bir də buralara qayıtmadı... Fermada, onlarda indiyə kimi oğlanın bəzi şeyləri də qalır, yol çantası da durur. Elə bu da məni təəccübləndirmişdi. Həmin cavan oğlan heç şeylərinin dalınca adam da göndərmədi. Onun adı Əşez idi, ya da buna oxşar bir ad idi...
-
Eləmi?- Frənk artıq dördüncü dəfəydi ki, bu sözü təkrar edirdi. Qoca dodaqlarını bir-birinə sıxdı.
-
Qız heç nə danışmırdı... yalnız həmin gündən etibarən qızın kefi pisləşdi, elə bil ki, özündə deyildi. Hələ mən ömrümdə görməmişdim ki, insanlar beləcə qəfil dəyişsinlər. Onların fermasında bir cavan oğlan işləyirdi- Co Biddaford adında, bax o oğlan qızı dəli kimi sevirdi. Görünür, onun da rolu oldu, qızı təngə gətirdi... Və həmin o qızcığaz tamam elə bil ki dəli oldu... Mən hərdən o qızı axşamlar görürdüm, mal-qaranı örüşdən gətirəndə. Orda iri alma ağacı var e, bax onu tez-tez orda görərdim, oturardı ağacın altında. Eh, heç kəs bilmir, başına nə gələcək! Adamın lap yazığı gəlirdi ona!
Qoca yenə qəlyanını doldurdu və düşüncəli-düşüncəli tüstülətdi.
-
Bəs sonra?- Frənk pıçıldadı.
-
Bir dəfə mən qızdan soruşdum ki, axı sənə nolub, Meqan? Hə, onun adı Meqan Devid idi, Uelsdən gəlmişdi, elə onun yaşlı xalası xanım Narrakombe də ordan idi. Hə,soruşdum ki, Meqan, sən nəyinsə dərdini çəkirsən həmişə... noolub axı? Dedi ki, yox, Cim, heç nəyin dərdini çəkmirəm... Dedim, çəkirsən... Yenə dedi, yox, heç nəyin dərdini çəkmirəm... Mən deyirəm, o deyir, mən deyirəm, o deyir... Axırda, görürəm, ağlayır. Soruşuram ki, niyə ağlayırsan. Deyir, Cim, bax buram ağrıyır, ürəyini göstərir mənə. Sonra deyir ki, Cim, əgər mənə bir şey olsa, qoy məni o iri alma ağacının altında basdırsınlar. Mən də gülürəm, deyirəm ki, ay səfeh, sənə nolacaq axı... Deyir, yox, mən axmaq deyiləm... Hə, mən axı bilirəm, bu qızların xasiyyətini, onlar hərdən sarsaq-sarsaq danışırlar. Ona görə də bu barədə heç düşünmək belə istəmədim. Lakin sən saydığını say... iki gün keçmişdi ki, təxminən axşam saat altı olardı, mal-qaranı çaya aparırdım, gördüm ki, çayın qırağında, həmin alma ağacının düz yanında nəsə bir qaraltı var. Dedim bəlkə də donuzdu, uzanıb. Gör hara gedib çıxıb! Ürəyimdə deyirdim bunu. Yaxınlaşıb nə görsəm yaxşıdı – orda...
Qoca susdu; gözləri dolmuşdu, parıldayırdı. Davam etdi:
-
Qız idi... balaca nohur vardı, qayaların altında, düz üzüqoylu qalmışdı onun içində... Deyirlər, həmin cavan tələbə də orda bir neçə dəfə çimibmiş... Qız üzüstə suyun içindəydi... Onun başının üstündə qaymaqçiçəklərinin kolları vardı. Elə bil birbaşa daşdan asılmışdılar. Mən qızı qaldırdım, üzünə baxdım, uşaq sifətiydi lap; dinc, sakit, məsum. Elə gözəl idi ki, bilmirəm necə deyim... Həkim gəlib baxdı, dedi ki, qız belə balaca yerdə boğula bilməz; o, suda özündən getmişdi. Doğrudan onun sifətinə baxanda dərhal görmək olurdu ki, qız özündə deyildi. Mən göz yaşlarımı saxlaya bilmədim. O balaca qızcığaz mələk kimi uzanıb yatmışdı. İyun ayı idi, qız hardasa alma ağacı çiçəyindən dərib saçına da taxmışdı. Bax mən də fikirləşirəm ki, düzdü, qızın ürəkkeçməsi olsa da, o, ölümə doğru özü şən əhval ruhiyyədə gedib, ləçək də taxıb saçına. Axı nohurun dərinliyi də çox deyildi- təxminən bir yarım, çox olmaz... İndi mən bilirəm ki, o yer təmiz yer deyil... bunu qız bilirmiş... indi heç kəs deyə bilməz ki, o yer təmizdi... Lakin bircə şeyi nahaq elədim... Nahaq yerə o vaxt hamıya dedim ki, qız mənə vəsiyyət eləyib ki, onu həmin iri alma ağacının altında dəfn eləsinlər... Vəssalam... Camaatın ağzına söz düşdü: deməli, qız özünə qəsd edib... Buna görə də onu gətirib burda basdırdıq... Bizim keşiş belə şeylərdə güzəşt-zad bilmir.
Qoca məzar-təpəciyi yenə sığalladı.
-
Görün qız sevgidən ötrü nələr edir! Sizə deyim ki, onun ürəyi sevgi ilə doluydu... Və mənə elə gəlir ki, onun qəlbini qırmışdılar. Eh... kim bilir, nə olmuşdu... necə olmuşdu...
Qoca Frənk Əşürstə baxdı, elə bil ondan nəsə təsəlliverici bir söz gözləyirdi; amma Frənk qocanın yanından ötüb keçmişdi, sanki onu heç görməmişdi...
Frənk təpələrin üstünə qalxdı, səhər yeməyi süfrəsinin yanından da ötüb keçdi, aşağılara endi; burda heç kim yox idi; o üzüqoylu otluğa sərələndi. Bax, onun comərdliyi beləcə mükafatlandırılmışdı; qəddar Afrodita - Məhəbbət İlahəsi beləcə ondan intiqam almışdı. Onun nəmli gözləri qarşısında Meqanın çöhrəsi çanlandı; qızın islanmış zülflərində alma ağacının çiçəkləyən bir budağı sancılmışdı. “Mənim günahım nədir?” düşündü.”Axı mən nəyi səhv etdim?” Frənk Əşürst bu suallara cavab tapa bilmədi.
Yaz gəlmişdi, ehtiraslar çoşmuşdu; güllər, quşların nəğməsi... onun içində və Meqanın balaca qəlbində bahar nəğmə oxuyurdu!.. Bəlkə elə sadəcə Məhəbbət öz qurbanını axtarırmış! Deməli, o yunan şairi elə düz yazıb; və bu gün elə bu balaca şerində şair İppolitin sözləriylə həmin həqiqəti təsdiqləyir:
...Dəlilik üçündü əsl məhəbbət,
Qızıl qanadı var - havadar kimi.
Bəlkə dünyanı da ovsunlayıbdı,
Özü də gül açıb bir bahar kimi.
Bütün dəliqanlı cavanlar kimi,
Baharda çaylarda su aşıb-daşır.
Yerin üzü gülür uşaqlar kimi,
Günəş nəfəsinə sevgi yaraşır!
Ey bəşər övladı, sən də sev, sevin,
Başına tac qoysun Afroditalar!
Bəli, o yunan şairi düz yazıb! Meqan, yazıq, balaca Meqan! Təpəliyə gəlmiş, onu o iri alma ağaçının altında gözləmiş Meqan! Hətta öləndə belə öz məsum gözəlliyini itirməyən Meqan!..
-
Ay səni, deməli, sən burdaymışsan?! Bura bir bax!- deyə Stellanın qəfil səsi gəldi.
Frənk ayağa durdu, Stellanın ona uzatdığı cizgilərə sakitcə nəzər yetirdi.
-
Frənk, nə deyirsən, ön Plan necədi, yaxşıdımı?
-
Hə, yaxşıdı.
-
Amma nəsə çatmır elə bil, hə?
Frənk başı ilə təsdiqlədi. Bəs nə çatmır? Hə, hə, alma ağacının çiçəkləri və nəğməli baharın zəri... daha yox idi!
O, kədərli-kədərli, bir qədər də ciddi şəkildə arvadının alnından öpdü: bu gün onun “gümüş toyu” idi...
Dostları ilə paylaş: |