Dəri-əzələ kisəsi kutikula, hipoderma və birqatlı uzununa əzələlərdən ibarətdir. Həm sərbəst yaşayan, həm də parazit nematodlarda kutikula yaxşı inkişaf etmişdir. Kutikulanın altında hipoderma yerləşmişdir. Əksər nematodlarda hipoderma iri epiteli hüceyrələrindən ibarətdir. Hipodermanın daxili səthində hipoderma valları adlanan qalınlaşmış dörd val (əzələ zolağı) əmələ gəlir. Bu vallar bədən boyu uzanır və onlardan ikisi yanlarda, biri bel, biri isə qarın tərəfdə yerləşir. Yan vallarla ifrazat kanalı, bel və qarın valları ilə əsas sinir sütunları keçir (şəkil 74).
Nematodlarda bədənboşluğu ilk boşluq olub protoselom (psevdosel) adlanır və boşluğun xüsusi divarı yoxdur.