BALIQLAR SİNİFÜSTLÜYÜ – PISCES
Balıqlar - əsl su onurğalılarıdır. Bütün ömrü boyu tənəffüsləri dəri qəlsəmələri vasitəsilədir. Qəlsəmələr qəlsəmə qövslərinin xarici hissəsində yerləşir, qəlsəmə vərəqləri ektodermal mənşəlidir. Dəyirmiağızlılardan fərqli olaraq, ağızları hərəkətli çənələrlə təchiz olunmuşdur. Cüt döş və qarın üzgəclərinə malikdir. Qoxu dəlikləri cütdür. Bədənləri isə adətən pulcuqlarla örtülüdür.
Balıqlar bioloji cəhətdən dəyirmiağızlılara nisbətən daha yüksəkdə dururlar. Bu xüsusiyyət onların hərəkətlərində, qidalarını fəal surətdə axtarıb tapmasında, müxtəlif davranışlarında və s.özünü göstərir. Göstərilən əlamətlər bilavasitə sinir sistemi, hiss orqanları və skeletin inkişafı ilə əlaqədardır.
Kəllə qutusu onurğa ilə hərəkətsiz birləşmişdir, skeleti qığırdaqdan, ya da sümükdən təşkil olunmuşdur. Ürək iki hissədən - qulaqcıq və mədəcikdən ibarətdir, bir qan dövranı vardır. Venoz qan ilə arterial qan bir-birinə qarışmır. Ürəkdə venoz qan olur. Eşitmə orqanı əsl su onurğalılarında olduğu kimi daxili qulaqdan ibarətdir.
Balıqlar kürütökməklə çoxalırlar, mayalanmaları xaricdə gedir.
Bədənin yanları ilə uzanan yan xətt orqanı da yaxşı inkişaf etmişdir. Yan xətt pulcuqlarının sayı əksər balıqlarda eyni olmadığından onlardan balıqların növünü təyin etmək üçün istifadə olunur.
Döş və qarın üzgəcləri cüt, bel, quyruq və anal üzgəcləri təkdir. Sümüklü balıqlarda üzgəclər şaxəli və ya şaxəsiz sümük şüalardan ibarət olur. Şaxəli və şaxəsiz şüaların sayına görə balığın növünü təyin etmək mümkündür.
Balıqlar xüsusi təyinetmə cədvəlləri vasitəsilə təyin edilib, sistemləşdirilir və adlar verilir. Təyinat zamanı fərqlər meydana çıxarsa, fərqlənmə dərəcəsini müəyyənləşdirmək üçün balıqları biometrik üsullarla işləmək tələb olunur (şəkil 155).
Biometriya üsulu ilə tədqiq olunan əlamətlər iki qrupa bölünür: sayılan (meristik) əlamətlər – pulcuqlar, üzgəc şüaları, qəlsəmə dişcikləri, fəqərələr və s.; ölçülən (plastik) əlamətlər – bədənin ayrı-ayrı hissələrinin uzunluğu, bu hissələrin bədən uzunluğuna və ya başın uzunluğuna görə nisbəti götürülür. Balıqlar ştangen-pərgarla ölçülür. Balıqları təyin etdikdə istifadə edilən əsas əlamətlər aşağıdakılardır:
Dostları ilə paylaş: |