Həşərat sinfi, daxili orqanlarının topoqrafiyası
HƏŞƏRAT SİNFİ — INSECTA
Heyvanat aləmi içərisində həşərat ən geniş yayılan qrupdur. Buğumayaqlılar içərisində həşərat daha yüksək quruluşlu formalar hesab olunur. Doğrudur, onların içərisində ilk qanadsızlar, gündəcə, iynəcə və s. kimi primitiv quruluşlu formalar olsa da, təkamül prosesində yüksək quruluşa çatan böcəklər, kəpənəklər, pərdəqanadlılar, ikiqanadlılar kimi formaları da vardır.
Həşəratın bədən ölçüləri müxtəlifdir. Onların 0,2 mm ölçüdə olan kiçik formaları ilə yanaşı 30 sm-ə qədər ölçüdə olan iri formaları da vardır.
Bütün buğumayaqlılardan fərqli olaraq həşəratda bədən bir-birindən aydın şəkildə seçilən üç hissədən ibarətdir: baş, döş, qarıncıq. Hər bir hissə müxtəlif miqdarda buğumlardan təşkil olunmuşdur ki, onlar da müxtəlif ətraf və çıxıntılara malikdir.
Baş hissə (cephalon) 5 buğumun (bəzi tədqiqatçıların fikrincə 6-8 buğumun) birləşməsindən əmələ gəlmişdir. Döş hissə (thorax) 3, qarıncıq hissə (abdomen) isə ən çoxu 12 buğumdan təşkil olunmuşdur. Ümumiyyətlə, həşəratın bədənində 20-yə qədər buğum vardır. Lakin bütün həşəratda bədən buğumlarının sayı eyni deyildir. Beləki, təkamül prosesi nəticəsində daha yüksək inkişaf etmiş formalarda (ikiqanadlılar və s.) qarın buğumlarının sayı xeyli azalmışdır.
Həşəratın baş, döş və qarıncıq hissələrinin hər biri müəyyən funksiyanı yerinə yetirir. Həşəratın bədənini xaricdən örtən kutikula qatı xitinləşmişdir. Xitinləşmiş kutikula qatı həşəratın həyatında mühüm rol oynayır. Hissələr və buğumlar arasında xitin nazik, yumşaq və elastikidir. Bu qat həşəratı xarici mühitin təsirindən qoruyur və ona müqavimət göstərir.
Dostları ilə paylaş: |