Baş hissə (caput) buğumların möhkəm birləşməsindən əmələ gələn kəllə qutusundan (epicranium) və ya baş kapsulundan ibarət olub, ağız orqanlarına və bığcıqlara malikdir. Kəllə qutusu başın xarici skeletini təşkil edir, bir cüt mürəkkəb və ya fasetli gözə və gözcüklərə malikdir. Başın səthi ayrı-ayrı hissələrə ayrılır, bəzən də bu hissələr arasında tikişlər olur. Tarakan və başqa ibtidai quruluşlu həşəratda başın ön hissəsində gözlərin arasında V şəkilli tikiş vardır ki, bu epikranial tikiş adlanır.
Başın ön səthində alın (frons), ondan yuxarıda əmgək (vertex), arxada isə peysər (occiput) yerləşir. Alından aşağı və ya öndə üzlük lövhə və ya klipeus (clypeus), ondan aşağıda isə ağız orqanlarını üst hissədən örtən hərəkətli lövhəcik şəklində olan üst dodaq (labrum) yerləşir. Başın yanlarında gözün alt və dal hissəsində yanaq (genae), onlardan arxada isə yanaqdalı (postgenae) vardır.
Bığcıqlar. Baş hissədə həşərat üçün xarakterik olan bir cüt bığcıq və ya antenna (antennae) vardır. Həşərat sinfində bığcıqsızlar dəstəsi (Protura) müstəsna olmaqla, həşəratın hamısında bığcıq inkişaf etmişdir. Bığcıqsızlarda isə bığcıq olmasa da onların itirilmiş izi qalmışdır. Bığcıqlar alının yanlarında, gözlərin arasında yerləşir. Adətən, bığcıqlar çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur. Bədənə birləşən birinci buğum saplaq və ya skapus (scapus), ikinci buğum ayaqcıq (pedicellus), qalan buğumlar isə qamçı (flagellum) adlanır.
Bəzən bığcıqlar qısa və buğumları az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq 3 buğumdan ibarətdir. Böcəklərdə bığcıqlar adətən 11, pərdəqanadlılarda 12-13 buğumlu olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur (şalalar, uzunbığ böcəklər).
Bığcıqlar lamisə və iybilmə orqanlarıdır. Bığcıqlar hərəkətlidir və onların hərəkət etməsinə səbəb xüsusi əzələlərdir.
Quruluşlarına görə aşağıdakı bığcıq tipləri vardır: qılşəkilli, sapşəkilli, sancaqşəkilli, mişarşəkilli, daraqşəkilli, dirsəkli, lövhəşəkilli, qılıncşəkilli, lələkşəkilli və s. Bəzən eyni növə aid olan dişi və erkək fərdlərdə bığcıqlar müxtəlif olur.
Dostları ilə paylaş: |