Layihənin əhəmiyyətini artıran digər mühüm məqamlardan biri isə kənd təsərrüfatının ölkəmizdə əsas məşğulluq təminatçısı rolunda çıxış etməsidir. Təəuusüflə qeyd etməliyik ki, bu sahədə çalışanların gəlir səviyyəsi kifayət qədər deyil və bir çox hallarda isə fərdi əkinçilik və ya maldarlıqla məşğul olan insanların marjinal zərəri olur. Yəni bu insanların əldə etdiyi gəlirlilik istehsal prosesində sərf etdikləri əmək nəzərə alınmadıqda mümkündür. Xüsusi ilə regionlarda sosial inkişafın və rifahın yüksəldilməsi böyük ölçüdə kənd təsərrüfatında gəlirliliyinin təmin edilməsi ilə mümkündür.
Beləliklə düşünürük ki, kənd təsərüfatının problemlərinin dərindən təhlili, beynəlxalq praktikaya uyğun aqroparkların yaradılması mexanizmlərinin hazırlanması, sahələr üzrə modelləşmə tətbiq edərək müqayisəli üstünlüyə malik sahələrin müəyyənləşdirilməsi “Kənd Təsərüfatı İlin”də ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərəcək.
Tədqiqatın məqsədi
Tədqiqatın məqsədi ölkədə sosial iqtisadi inkişafın təmin edilməsində başlıca sektorlardan sayılan kənd təsərrüfatında intensiv inkişafa nail olmaq və ölkə prezidentinin aqroparkların yaradılması haqqında fərmanından irəli gələn tələblərin icrasında aidiyyatı dövlət qurumlarına elmi-praktiki dəstək vermək, bəhs etdiyimiz sahədə mütərəqqi təcrübənin öyrənilməsi və Azərbaycan şəraitinə uyğunlaşdırılmasında iştirak etmək və aqroparkların əhəmiyyəti, bu prosesdə fermer təsərrüfatlarının iştirakçılığının ictimai təbliğinini həyata keçirməkdir. Hesab edirik ki, aqroparkların yaradılması və təkmilləşdirilməsi, fermer təsərrüfatları ilə səmərəli əməkdaşlığın təşkili, həqiqətəndə kənd təsərrüfatında elmi texniki tərəqqiyə xüsusi ilə də müqayisəli üstünlüyə malik olan sahələrin inkişafında əsas lokomotivinə çevriləcək. Bundan başqa layihənin başlıca məqsədi aqroparkların təşkili ilə aqrar sektorun inkişafı və bu sektorun ixracda payının dinamikası arasında müsbət korelyasiyanın təminidir.
Bəhs etdiyimiz məqsədlərə nail olmaq ücün İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) ilk növbədə aqrar sektorda mövcud vəziyyətin təhlili, zəif bəndlərin müəyyənləşdirilməsi, beynəlxalq təcrübəyə baxış və uğurlu təcrübələrin yerli şəraitə uyğunlaşdırılmasını da özündə birləşdirən hərtərəfli tədqiqatın aparılmasını, aqroparkların əhəmiyyətinin ictimailəşdirilməsi məqsədi Quba şəhərində fermerlərin və aidiyyatı icra orqanlarının iştirakı ilə elmi-praktiki konfransın təşkilini, tövsiyyələr poketinin hazırlanmasını vacib öhdəliklər olaraq müəyyən edir. Layihənin icrası müddətində aqrar sektorda problemlərin və aqroparkların əhəmiyyətinin daimi təmin etmək məqsədi ilə dövri mətbuatda elmi məqalələrin nəşr edilməsi də təşkilatın əsas vəzifələri sırasındadır.
Ümumiyyətlə isə layihənin məqsədlərini aşağıdakı kimi qruplaşdırılır:
1. Kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstək;
2. Ekstensiv inkişafdan intensiv inkişafa keçidin təmin edilməsinə dəstək;
3. Aqroparkların təşkili və səmərəli fəaliyyətinin sürətləndirilməsi;
4. Elm və texnikanın son nailliyyətinin istehsalata tətbiqinin təşviqi;
5. Müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi;
6. Aqrar sektorun azgəlirli sahədən yüksək gəlirli sahəyə transformasiyanın təmin edilməsi;
7. İqtisadiyyatın və ixracın diversifikasiyasının sürətləndirilməsi;
8. Ölkənin ərzaq təhlükəsizliyinin ən qısa müddətə təmin edilməsi.
Tədqiqatın sualları
Bu araşdırma tədqiqat qrupunun aşağıdakı suallara cavab tapması məqsədi ilə aparıır:
• Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının yeri və əhəmiyyətinin qiymətləndirilməsi;
• Ölkənin ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində aqrar sektorun əhəmiyyəti;
• Azərbaycanda aqrar sektorun faktiki inkişaf səviyyəsinin təhlili;
• Sektorda mövcud problemlər və inkişafı əngəlləyən əsas səbəblərin öyrənilməsi;
• Ekstensiv təsərrüfatçılıqdan intensiv inkişafa keçid mərhələsinin sürətləndirilməsi;
• Aqrar sahənin müasir inkişaf meyllərinin müəyyənləşdirilməsi;
• Aqrar sektorun modelləşdirilməsi, müqayisəli üstünlüyə malik olan sahələrin müəyyənləşdirilməsi;
• Beynəlxalq təcrübədə aqroparkların təsnifatı və təşkili qaydalarının müqayisəli şəkildə tədqiqi;
• Beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılması;
• Azərbaycanda mövcud aqroparkların təyinatı və sektora gətirəcəyi üstünlüklər
• Yeni aqroparkların yaradılması imkanları
• Aqroparkların daha təkmil fəaliyyətinin təşkilində mövcud imkanların dəyərləndirilməsi
Yuxarıdakı suallara cavab tapmaq düşünürük ki, aqrar sahənin inkişafı istiqamətində daha məqsədli və effektiv siyasətin həyata keçirilməsinə təkan verə bilər.
Tədqiqatın metodologiyası
Tədqiqat keyfiyyət və kəmiyyət metodlarının paralel olaraq tətbiq edilməsi üsulu ilə icra olunacaq. Hər iki metod aşağıdakı əsas səbəblər baxımından tədqiqatın daha effektli nəticələr əldə etməsi üçün əhəmiyyət daşıyır
1. Real vəziyyətin, son 10 il intervalında kənd təsərrüfatının inkişaf dinamikasının, mövcud bazanın, hökumət tərəfindən həyata keçirilən müxtəlif istiqamətli proqramların, dəyişən konyukturun qiymətləndirilməsi baxımından statistik təhlil mühüm əhəmiyyət daşıyır. Bu zaman məsələnin təsviri asanlaşır, analiz imkanları genişlənir və tədqiqatın nəticə və təkliflərinin izahı mümkünləşir.
2. Müasir tələblərə uyğun aqrar siyasətin icrası üçün hazırlanacaq tövsiyyələr paketinin daha dolğun şəkildə tərtibi məqsədi ilə müxtəlif maraq qrupları, ekspertlər, fermer və ailə təsərüfatılarını təmsil edən qruplar ilə müzakirələr aparılacaq və sorğular keçiriləcək ki, bu da nəticələrin keyfiyyətini təmin etmək baxımından mühüm amillərdən hesab edilir. Qrupları ilə müzakirələr və sorğular subyektiv tələblərin və obyektiv gerçəkliklərin kəsişməsini müəyyən etmək baxımında tədqiqat qrupu üçün mühüm əhəmiyyət daşıyır.